İSLAM MƏDƏNİYYƏTİNİN MƏRKƏZİ

 

İlham Əliyev: "Bütün tarixi abidələrimizi torpaqlarımız işğal altından çıxandan sonra bərpa edəcəyik"

 

"Bakı-İslam mədəniyyətinin paytaxtı-2009" mədəniyyət ilinin təntənəli açılış mərasimi dünən Heydər Əliyev Sarayında baş tutdu. Mərasimdə Azərbaycan prezidenti İlham Əliyev və xanımı, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun Prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyeva da iştirak edib. Tədbirdə, həmçinin, İslam və Avropa ölkələrindən yüksək vəzifəli şəxslər, habelə İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri də iştirak edib.  

Azərbaycan prezidenti İlham Əliyev təntənəli açılış mərasimində çıxışı zamanı Azərbaycanda bütün tarixi abidələrin bərpa olunduğunu, teatrların və digər mədəniyyət ocaqlarının təmir edildiyini, bundan sonra da bu siyasətin davam etdiriləcəyini xüsusi olaraq vurğulayıb. İlham Əliyev bütün bunlarla yanaşı, Ermənistanın Azərbaycan ərazilərini işğalı etməsi nəticəsində öz tarixi irsimizi tam qoruya bilmədiyimizi söyləyib. Torpaqlarımızın 20 faizinin hələ işğal altında olduğunu qeyd edən dövlət başçısı 1 milyondan artıq soydaşımızın qaçqın köçkün vəziyyətinə düşdüyünü vurğulayıb. O, bununla yanaşı, işğal altındakı torpaqlardakı bütün tarixi abidələrin ermənilər tərəfindən dağıdıldığını, muzeylərin talan edildiyini, bütün məscidlərin, məbədlərin yerlə yeksan olunduğunu söyləyib: "Bunu beynəlxalq müşahidəçilər vurğulayır. 2005-ci ildə ATƏT-in faktaraşdırıcı missiyasının Dağlıq Qarabağa işğal olunmuş digər ərazilərə səfərinin nəticələri əsasında hazırlanan məruzədə göstərilib ki, Ermənistan tərəfi hər şeyi dağıdıb. Budur erməni vandallığının nəticəsi, budur Ermənistanın işğalçılıq siyasəti. Şübhə yoxdur ki, biz bütün tarixi abidələrimizi torpaqlarımız işğal altından çıxandan sonra bərpa edəcəyik. Bütün şəhərləri, binaları yenidən tikib, təmir edəcəyik. Amma bunun üçün münaqişəyə son qoyulmalı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bitməli, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalı, vətəndaşlarımız öz doğma torpaqlarına qayıtmalıdırlar".   

Mədəniyyət ilinin açılış mərasimində iştirak etmək üçün Bakıya gələn İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman Əl-Tuveycri də jurnalistlərə açıqlama verib. O, açıqlamasında qeyd edib ki, Bakının İslam mədəniyyətinin paytaxtı elan olunması təsadüfi deyil: "Bu tədbirlərin keçirilməsi üçün Bakının seçilməsi əhəmiyyətli hadisədir. Bakı sivilizasiyaları bir-birinə qovuşdurur".   

İSESCO-nun baş direktoru çıxışında Dağlıq Qarabağ məsələsinə də toxunub və Azərbaycanın işğala məruz qalmış torpaqlarının qayıtmasını arzulayıb. Bakının gözəl, tarixi şəhər olduğunu bildirən baş direktor deyib ki, bu tədbirlərin keçirilməsi Azərbaycanın mədəniyyət sahəsində yeni uğurlara imza atması üçün zəmin olacaq. Qonaq sonda tədbirlərin keçirilməsi üçün yaradılan şəraitə görə Azərbaycan prezidentinə minnətdar olduqlarını da qeyd edib. 

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev də tədbirdə çıxışı zamanı Bakının islam mədəniyyətinin paytaxtı elan edilməsini mühim hadisə kimi qiymətləndirib: "Azərbaycan Qərbin və Şərqin qovuşduğu bir nöqtədə yerləşir. Ölkəmizin, xüsusən paytaxtımızın günü-gündən inkişaf etməsi ölkəmizdə gələcəkdə önəmli tədbirlərin keçirilməsinə zəmin yaradacaq". Açılış tədbiri xüsusi hazırlanmış konsert proqramı ilə davam etdirilib.

 

 

V.Məmmədli

 

Ədalət.- 2009.- 19 fevral.- S. 1-2.