ÇOXDAN GÖZLƏNƏN
"CAVAB"
Məlum olduğu kimi bir müddət öncə "Azadlıq" radiosunun erməni bürosu Türkiyə Ermənistanla münasibətlərini normallaşdırmaq, sərhədləri açmaq məsələsində daim irəli sürdüyü şərtlədən birindən - Azərbaycanın işğal olunduğu torpaqların azad edilməsi tələbindən geri çəkildiyi haqda məlumat vermişdi. Təbii ki, bundan sonra Azərbaycan ictimaiyyətində çox böyük narahatlıqlar, hətta narazılıqlar yaşanmağa başladı. Artıq ölkə mətbuatı neçə gündür sürəkli olaraq bu məsələ ilə bağlı tənqidi materiallar dərc etməkdədir.
Çox qəribədir ki, bu məsələ qardaş ölkə saydığımız Türkiyə mətbuatında və cəmiyyətində eyni cür qarşılanmadı. Azərbaycandan fərqli olaraq bəzi siyasiləri və müxalifət məbuatını istisna etməklə Türkiyədəki qardaşlarımız və türk mediası ortaya çıxmış bu məsələlərə çox susqunluqla reaksiya verdi və verir. Amma çox utandırıcı haldır ki, türk mediası Azərbaycanın narahatçılığından bir kəlmə danışmadığı halda, dünyanın türkə, Türkiyəyə dəxli olmayan istənilən yerindən məlumatlar yayınlayır. Əcaba, bizim qardaşlarımız sayılan Anadolu türkləri Azərbaycan türklərinin işğalda yaşadıqlarını, Moskva-İrəvan silahlı birləşmələrinin Qarabağda törətdikləri faciələri unutdularmı? Hanı biz qardaş idik, bir millət iki dövlət idik?
Düzdür, ürəyində Azərbaycan sevgisi olan insanlar bu haqda
demək olar ki, fikir bildirirlər, amma təəssüf ki,
Türkiyənin rəsmi mövqeyi
hələ indiyədək də
bildirilməmişdi. Və biz səbrlə
həmin mövqenin bəyan ediləcəyini gözləməkdəydik. Dünən
informasiya qaynaqlarının
məlumatlarından aydın
oldu ki, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan məsələ ilə bağlı Ankaranın rəsmi münasibətini
açıqlayıb. Lakin
AKP-çi baş nazir kifayət qədər açıq danışsa da niyəsə bizim media hələ də Türkiyə rəhbərliyindən daha
konkret açıqlama
gözləməkdədir. Amma, bəylər, boşuna gözləməyin,
çünki Ərdoğan
sözünü dedi.
"Qarabağ məsələsi ilə bağlı bizim mövqeyimizdə Azərbaycanın rəsmi mövqeyindən fərqli hər hansı dəyişiklik yoxdur. Biz mövqeyimizi bərabər müəyyənləşdirmişik və bu günədək eyni istiqamətdə davam etdirməkdəyik. Belə bir şey söhbət mövzusu deyil. Biz Azərbaycanın rəsmi mövqeyini bölüşən ölkəyik və indiyə qədər də bu mövqenin arxasında dayanmışıq. Qarabağ məsələsində Azərbaycanın haqlılığı bəllidir və bu, BMT-nin qərarlarında da öz əksini tapıb".
Doğrudanmı
qosqoca Türkiyə
dövlətinin baş
naziri
özü bu cür söz oynu ilə ondan konkret cavab gözləyən insanlara cavab verdiyini düşünə bilirmi? Bu ümumi sözləri,
terminləri biz hər kəsdən, hətta baş nazir olmayanlardan da illərlədir eşidirik. Qardaş ölkənin baş nazirinin bəyan etdiyi kəlmələr Azərbaycana qardaş olmayan, hətta Azərbaycanın tərəqqi
etməsini arzulamayan ölkələrin hər
biri tərəfindən
bir az fərqli
də olsa dəfələrlə səsləndirilib.
Yəni Azərbaycanla
yanaşı Türkiyənin
də ərazi bütövlüyünü tanımayan
Ermənistandan başqa
dünyanın bütün
ölkələri Azərbaycanın
ərazi bütövlüyünü
dəstəkləyir. Ona görə
də Ərdoğanın
özünə bu qədər əziyyət
verib "mövqeyimizdə
dəyişiklik yoxdu",
"mövqeyimizi bərabər
müəyyənləşdirmişik",
"mövqeyi bölüşən
ölkəyik", "Azərbaycanın
haqlılığı bəllidir
(guya bunu kimsə bilmir), kimi dolayısı sözlər işlətmək
əvəzinə, bircə
kəlmə ilə baş nazir kimi Türkiyənin üçüncü şərtinin
dəyişmədiyini bildirsəydi
hər şey qaydasına düşərdi.
O bunu dilə gətirməməklə əslində
"Azadlıq" radiosunun
erməni xidmətinin
yaydığı xəbərlərin
doğruluğunu təsdiqləyib.
Çünki bir ölkənin uzun illər ortaya qoyduğu şərti təkrarlamaqdan vaz keçməyin başqa adı yoxdur. Bəlkə var?
Nə təhər
olur, Ankara türkə
həmişə həqarət
edən Dinkin öldürüldüyü yerə
göyərçin heykəli
qoya bilir, Ermənistanla sərhəddə
ermənilərlə dostluq
rəmzi olan 30 metrlik heykəl yapdırır, ölkədə
"ermənilərdən üzr
istəmə" kampaniyası
sürdürür, ötən
əsrin əvvəllərində
ermənilərin türkləri
kütləvi şəkildə
qırdıqlarını unudur,
uzun illər Türkiyəyə qarşı
düşmənçilik siyasətini,
türk diplomatlarının
erməni terrorçuları
tərəfindən qətlini
yaddan çıxarır...
amma Türkiyənin Qarabağın işğaldan
azad edilməsi şərtindən keçmədiyini
təkrarlamaq istəmir.
Məgər bu həmin üzdəniraq məlumatların təsdiqi
deyilmi? Yeri gəlmişkən, AKP hakimiyyətinə çatdırım
ki, 1990-cı ildən bir neçə hakimiyyət dəyişsə də Moskva heç vaxt nə sözdə,
nə də əməldə ermənilərin
ziyanına hərəkət
etməyib, heç etməyə də hazırlaşmır. Bu
onların dostluğu,
bu da biz.
Biz cavabımızı aldıq və bundan sonra həmin cavaba rəğmən işlərimizi qurmalıyıq ki, bir daha gözləmədiyimiz addımın şahidi olanda mat vəziyyətinə düşməyək. Həm də heç kim düşünməsin ki, AKP və onların yürütdüyü siyasət əbədidir. Xeyr, onların hakimiyyəti də gəlib keçəcək. Bu dünyada Tanrıdan qeyri heç nə əbədi deyil, ola da bilməz.
Bəlkə Ərdoğan fərqinə varmır, amma mən xatırlatmaq istəyirəm ki, tarix bu cür yanlış addımları heç vaxt unutmur. Azərbaycan onsuz da öz torpaqlarını işğaldan ya elə, ya da belə azad edəcək. Əzəli və əbədi türk torpaqlarını erməni dığalarında qoymayacaq. Amma tarixin bu dönəmində qardaşlarının yanında olanların da adları da hər yerə yazılacaq, olmayanların da. Hər kəs də öz layiq olduğu cavabı alacaq.
BABƏK YUSİFOĞLU
Ədalət.- 2009.- 20 fevral.- S. 4.