"AXI, DÜNYA FIRLANIR"
(Xalq şairi ustad Bəxtiyar
Vahabzadənin xatirəsinə)
Neçə gündür ki, içimdə gəzdirdiyim bir yazını necə başlayacağımı dəqiqləşdirə bilmirdim. Elə bil dolaşıq bir kələfin ucunu tapmaq qədər zülmlü bir işlə məşğul idim. Nə qədər ciddi-cəhd etsəm də ipucunu ələ keçirmək mümkün olmurdu. Nəhayət ki, köməyimə xatirələr gəldi. Və neçə gündən bəri dəfələrlə vərəqlədiyim həmin xatirələrin biri bu yazının girişinə çevrildi...
... İş gününün sonuna az qalmışdı. Mərhum jurnalist dostum Pərviz Əliyevlə oturub dağdan-arandan söhbət edirdik. Qayğılarımızdan, problemlərimizdən danışırdıq. Belə bir məqamda telefonuma zəng gəldi. Baxdım və məndə təəccüb doğurdu. Çünki bu nömrə Bəxtiyar Vahabzadənin ev telefonuna aid idi. Telefonu açan kimi ustadın ilk sözü bu oldu:
- Ay Əbülfət, ay oğul, Aqili tapa bilmirəm,
ürəyim doludu, dur gəl bizə.
Dəvət təbii ki, dərhal qəbul olundu və
özü də böyük ustadın mənə olan bu ərki,
səmimiyyəti əslində mənim üçün ən
böyük mükafat idi. Və bir neçə dəfə
olduğum evinə getmək, üstəlik, xüsusi bir ehtiram
idi. Özü də Bəxtiyar müəllimin şəxsən
telefon açıb məni nəyləsə bağlı
çağırmağı, açığını deyim
ki, mənə xüsusi ləzzət verdi. Və hətta həmkarım
Pərvizin yanında ədalı bir şəkildə:
- Bəxtiyar müəllim məni çağırır,
mən getdim, - dedim.
- Hansı Bəxtiyar müəllim? - deyə Pərviz
sual verdi.
- Bəxtiyar Vahabzadə. Məgər başqa Bəxtiyar
var bizim üçün? - deyib onu bir balaca sancdım da.
Və o da bildi ki, mən daşı hara atıram.
Çünki ondan öncə müəyyən söhbətlərimiz
olmuşdu. Və beləcə Pərvizi işdə qoyub Bəxtiyar
müəllimgilə getdim.
Həmişə gəldiyim mərtəbəyə
qalxıb qapının zəngini çaldım. İçəri
keçdim. Bəxtiyar müəllim öz iş
otağında əyləşib qarşısına
tökdüyü qəzetləri, yazı-pozuları nəzərdən
keçirirdi. Ustadın əlindən, üzündən
öpdüm:
- Keç otur, ay Əbülfət, - dedi.
Üzbəüz əyləşdim. Fikrim, diqqətim Bəxtiyar
müəllimin əl hərəkətlərinin,
baxışlarının yanında olsa da, amma ürəyimdə
onun nə deyəcəyini gözləyirdim. Elə bir
narahatlığımı duydu və səsində hiss etdiyim
nisgilli bir təlaşla ustad söhbətə
başladı:
- Aqili çox axtardım, tapa bilmədim, ona görə
sənə zəng vurdum. Bu gün sizin qəzetdə bir
yazı oxudum, Aqil yazmışdı. Ağdamdakı
Atçılıq zavoduyla, onun taleyi ilə, atlarla bağlı
idi. İki gün öncə də televizorda Moskva kanalı ilə
gördüm ki, İngiltərədə at
yarışmasında Qarabağ cinsli at irəlidə gedib,
qalib olub. Elə bil bu iki məlumat ürəyimin
yarasının qaysağını qopartdı. Hələ
çox-çox illər bundan əvvəl Qarabağ
atları barəsində şer yazmışam. İndi onu sənə
oxuyacam, apararsan, xoşunuza gəlsə çap da edərsən,
- dedi.
Bəxtiyar müəllim özünəməxsus bir
şəkildə hər hecanı, hər vurğunu
canına-qanına hopdurmaqla Qarabağ atları barəsində
yazdığı şerini oxudu. Elə bil qanadlanıb
özümdən xəbərim olmadan uçub getmişdim
Qarabağa. Və o yerlər, ordakı günüm-güzəranım
hamısı durmuşdu gözümün önündə. Təsirləndiyimi
hiss edib "fikir eləmə, - dedi, - yaman günün
ömrü az olar". Və ardınca da əlavə etdi ki,
"Aqilə denən Qarabağdan, oranın o qiymətli sərvətlərindən
yazmaqdan yorulmasın. Biz bir az unutqanıq, elə sən də.
Çalış tez-tez xatırladasan Qarabağı
oxucularımıza".
Bir saatdan artıq qonağı oldum Bəxtiyar müəllimin.
Yazı-pozumla maraqlandı. Onun üçün utana-utana
bir-iki şer də oxudum. Bəyəndiyi də oldu, düzəliş,
məsləhət verdiyi də. Təbii ki, mənim həyatımın,
yazı-pozumun ən önəmli qiymətini Bəxtiyar
Vahabzadə barəmdə yazdığı şirin, isti kəlmələrlə
artıq çoxdan vermişdi. Və mən hər dəfə
böyük ustadın haqqımda yazdığı sözləri
təkrar-təkrar oxuyanda onun boynuma qoyduğu haqqın məsuliyyətini
daha çox dərk edirəm. Bu, ustad haqqıdı və həmin
haqq da birmənalı olaraq qələmə, sözə sədaqətli,
etibarlı və təmənnasız xidmət tələb
edir.
Xalq şairi böyük söz ustadı Seyran Səxavətin
dediyi kimi, Azərbaycan ədəbiyyatının buzqıran gəmisi
olan Bəxtiyar Vahabzadənin ölüm xəbəri hamı
kimi məni də sarsıtdı. Və əvvəldə
yazdığım həmin o xatirənin
işığında ustadın öz avtoqrafı ilə mənə
bağışladığı "İstiqlal"
kitabını açıb qoymuşam qarşıma. Diqqətimi
çəkən ilk şer "Çöldən
işıq düşmür" adlanır:
Büdrədim, yıxıldım mən neçə kərə,
Bu yoxuş yollarda neçə yaram var.
Könlümdə dünənə yüz-yüz pəncərə,
Sabaha açılan bir pəncərəm var.
Ulu ustad ömür boyu hər kəsin üzünə
qapı açdı, hər kəsə yol göstərdi.
Sözü ilə, misraları ilə, auditoriyada söylədiyi
mühazirələrlə. Hamı kimi mən də imkan
düşdükcə qaçıb onun mühazirələrinə
qulaq asdım. Şerlərindən tanıdığım Bəxtiyar
Vahabzadəni auditoriyalarda, tələbələrin
arasında, böyük şer gecələrində, televiziya
kanallarında gördüm və içimdən bir dəli
arzu keçdi. Bəxtiyar müəllimlə əl verib
görüşmək, onunla həmsöhbət olmaq. Zaman istəyimi
çin etdi. Dəfələrlə Bəxtiyar Vahabzadədən
müxtəlif mövzularda müsahibələr
götürdüm, ayrı-ayrı məsələlərə
münasibətini öyrəndim. Və bir də baxıb
gördüm ki, mən böyük şairin şerlərindən,
söz boxçasından mənimsədiyim, az qala
özümünküləşdirdiyim fikirlərini bəzən
özümü unudub elə öz sözlərim kimi
yazıb, deyirəm. Və hətta bir dəfə "Ədalət"
qəzetinin qonağı olan Bəxtiyar müəllim bunu
etiraf da etdi. Ustad özünəməxsus təbəssümlə
dedi ki, burda qorxulu bir şey yoxdu. Sən öyrənirsən və
öyrəndiyini də təkrarlayırsan. Qorxulu
orasıdır ki, öyrəndiyini gizlədəsən və
yaxud da bunu oğurluq səviyyəsinə çıxarasan. Hər
yerdə başqasının fikirlərini istinadsız
adına çıxasan. Bax, bundan özünü gözlə.
Kitabın daha bir vərəqini çevirirəm. Bu da
"Utanıram" şeridir.
Şəhidlərin, qaçqınların
Üstümüzdə min ahı var.
Çatdığımız bu nöqtədə
Hamımızın günahı var...
... Düzü budur: Bu dünyada
Gücün varsa, sözün haqqdır
Gücün yoxsa, son əlacın
Xəcalətdir, utanmaqdır.
Bilmirəm, kimlər necə qəbul edir-etsin, amma bu
misraların hər birində bizi həqiqətən
utandıracaq, düşündürəcək, loru dildə
desəm, lap silkələyəcək, ayağa qaldıracaq
hökm var, məntiq var. Və mən də həmin o fikirlərin
qoynunda yol azmış və axtardığı o yola
qayıtmaq istəyən dərviş kimi gəlib "Ya Rəbbim"
şerinə çatıram.
Bitib şikayətim, sözüm-söhbətim,
Bir addım yol imiş xeyirdən şərə.
Ya Rəbbim, özün de, mənim millətim,
Layiqmi bu qədər müsibətlərə?
Qaçqına çevrilib öz ölkəsində
Halal torpağından qovulan da biz.
Dünyanın "ədalət" məhkəməsində,
Günahkar sayılıb xar olan da biz...
Bəli, biz haqlı ola-ola haqqımızı sübut
etmək üçün bu günə qədər
vuruşduğumuz, çarpışdığımız nədirsə,
dəfələrlə ondan artıq hələ
vuruşmalıyıq, çarpışmalıyıq. Amma bir
məqam da var. onu da ustad vurğulayıb. Özünün
"Əsarət-Azadlıq" şerində
yazdığı kimi:
Əsarət odunda bişdi nəslimiz,
Azadlıq eşqinə yandıq, yaxıldıq.
Çatıb azadlığa bu məbəddə biz,
Şükür namazını qibləsiz
qıldıq...
... İndi azadlığım mənə qənimdir,
Bu gizlin oyundan baş açmır fələk.
Məni kor quyudan çıxaran kəndir,
İndi boğazıma keçib halqa tək.
Doğrudan da, ustadın bu haqlı iradı
özü-özlüyündə hər birimizin görüb
üzləşdiyi və etiraza səsini
qaldırdığı nöqsanların, rüşvətxorluğun,
qanunsuzluğun, riyakarlığın,
harınlığın, özbaşınalıqların və
daha nələrin, nələrin diqtəsi idi. Elə həmin
o arzuladıqlarını gerçək azadlıqda görə
bilməyən ustad özünəməxsus şəkildə
öz arzularından geri çəkilmədən
"Danışmaq yasaqdı..." şeirində
yazırdı:
Çatdıq istiqlala... Elə o gündən
Mən endim xitabət kürsülərindən.
Masama əyilmiş o vaxtdan başım,
Sözümü qələmə vermişəm bu
gün.
İstiqlal üçündür mənim
savaşım
Sizin savaşınız iqtidar üçün.
Şeirin yazılma tarixinə baxıram: 1996. Şəki.
Şerin başlığının altında isə
yazılıb - Özünü müxalif hesab edən oxucu
Qiyasəddin Qayıbovun məktubuna cavab.
Bəli, müdrik, dahi, uzaqgörən, nəhayət, əsl
xalqın təmsilçisi, övladı o kəsdi ki, o, hər
şeyi olduğu kimi bütün
çılpaqlığı ilə heç kimdən,
heç nədən çəkinmədən deyir, yazır,
göstərə bilir. Həm zamanını qabaqlayır, həm
zamanının sükançısı olur, həm də
tarixə öz imzasının möhürünü həkk
edir. Bax, elə Bəxtiyar Vahabzadə müdrikliyi də,
dahiliyi də həmin o sadaladığım və
sadalamadığım xüsusiyyətləri özündə
ehtiva etməsindəydi. Ustad istər ayrı-ayrı şeirlərində,
istərsə də poema və dram əsərlərində, o
cümlədən məqalələrində hər şeyi o
qədər səmimi və könül yanğısıyla
xalqın istək və arzusunu əks etdirməklə qələmə
alırdı ki, biz də onu oxuyanda elə bilirdik bu sözləri
biz deyirik, bu sözləri biz yazırıq. Onda şerlə,
qələmlə oxucu qovuşurdu, birləşirdi və bir də
baxıb görürdün ki, əvvəldə dediyim kimi,
şeir də səninlə eyniləşib,
özününküləşib, sən də şeirin
olmusan. Bax, bu dediklərimi Bəxtiyar müəllim
"Özüm olmalıyam" şeirində görün
necə ifadə edib:
... Nəyəmsə, mən oyam, qarayam, ya ağ
Niyə özgəsinə küsənməliyəm?
Özüm olmalıyam, mən özüm ancaq.
Özüm deyiləmsə, demək heç nəyəm.
Doğrudan da, niyə axı özümüz olmuruq? Mən
də, sən də nə vaxt hamılıqla
özümüz olacağıq? O cümlədən
iqtidarımız da, müxalifətimiz də nə vaxt
özümüzü ortaya qoyacağıq, bir olacağıq,
birlik olacağıq, nə vaxt?.. Çətindir hə, bu
sualın cavabı. Elə çətin olduğundan da
azadlıq uğrunda mübarizə aparan azadlıq şairi
böyük Bəxtiyar Vahabzadə xəyalında qurduğu həyatı
bütünlüklə müstəqil Azərbaycanda görə
bilmədiyinə təəssüfləndi, amma ümidini,
inamını itirmədi. Bildi ki, bu da keçəridi,
keçib gedəcək. Zamana ehtiyacı var. Özünün
də dediyi kimi, hər şeyə birdən-birə
qovuşmaq, nail olmaq mümkün deyil.
Bəli, mən xalq şairi böyük Bəxtiyar
Vahabzadə haqqında onun haqqa qovuşduğu gündən
sonra yazdığım bu sətirləri onun adına, ruhuna
bağışlamaqla azacıq da olsa bir tələbə,
şagird borcunu ödəməyə
çalışıram. Təbii ki, bu mümkün deyil. Bircə
onu bilirəm ki, ulu ustadın ruhu həmişə bu torpaqla,
bu xalqla bir yerdə olacaq. Çünki o, xalq
üçün, bu torpaq üçün Tanrı qisməti,
Tanrı payı idi və elə bu xalqın da, bu
torpağın da uğrunda özünün dediyi şam kimi
yana-yana cismini bu torpağa qatdı. Ruhu isə bu
torpağın səması üstündə zaman-zaman
dolaşacaq və hər yerdə köməyimizə
çatacaqdır. Çünki Bəxtiyar Vahabzadə
sağlığında özünə heykəl qoymuş,
abidə ucaltmış xalqın şairi idi. Və
yazırdı ki:
Ürək yaşar həmişə,
Ümidiylə qol-boyun.
Ümid yaşadar bizi,
Ümidə heykəl qoyun.
Və Bəxtiyar müəllim bir də onu təkrar-təkrar
hər birimiz üçün az qala əmr şəklində
deyirdi:
Vətən oğlu, maya tutmuş sənin qanın,
Bu torpaqdan, bu Vətəndən.
Qalx ayağa,
İmdad umur Vətən səndən.
Sinəmizlə od-alovu biz yarmasaq,
İtirilmiş torpaqları qaytarmasaq,
Vətən bizi bağışlamaz, torpaq bizi
bağışlamaz.
... Ruhun şad olsun, böyük ustad. Sən hələ bu millətin üçün neçə nəsil oxuyub öyrənə biləcək bir ədəbi məktəb qoyub getdin. Kaş, o məktəbdə hamımız heç olmasa bircə damla özümüz üçün əxz edə bilək. Onda sizin arzuladığınız o Azərbaycan dünyaya meydan oxuyacaq.
Əbülfət MƏDƏTOĞLU
Ədalət.- 2009.- 21 fevral.- S. 12-13.