Qarabağ atı
1956-cı ildə
İngiltərə Kraliçasına Qarabağ atı-
"Zaman" hədiyyə göndərilmişdi.
Cıdır düzü...
Sinəsində at oynaqlar,
Cıdır düzü-
İgidliyin arayışı-
Üstündə də nal ləpiri
möhür bağlar.
Qarabağın cins atları-
hünərimin kişnərtisi,
Toppuzların gurultusu,
Qılıncların
parıltısı,
Neştər səsi!
Qarabağın kürən
atı-
Döyüşlərdə
arxasıdır
Koroğlunun,
Bayandurun.
Cilovunu gəmirdimi,
hünəriniz varsa əgər o
qızmışı,
Qamçıların hədəsinə
dayandırın!
Kişnədimi o uçacaq.
Kişnərtisi- qanadları!
Qamçı vurma!
Qamçı yola gətirərmi
cins atları?
Zaman keçdi,
Zəmanəmdə
"Qırat", "Dürat", "Zaman " oldu
İgidliyi kitablara
köçürüldü.
Yaddaşlarda unuduldu.
"Zaman" atım, aman
atım!
Keçmişimdən bu
günümə amanatım!
Avtomobil zamanında
Niyə axı sənin adın
"Zaman" oldu?
Geriyəmi döndü zaman,
Məgər raket-kaman oldu?
"Qırat",
"Dürat"
İndi nədir?
Ekzotika, eksponat!
Dövrümüzdə nə deməkdir
Kral, ya da kraliça?
Öz əvvəlki hökmündəmi
bu gün yenə
Britaniyada kraliça?
Kraliça Yelizaveta
Yelləndikcə
Arasında göyün, yerin,
Nəfəs alır havasıyla
Ötüb keçən təmtəraqlı
əsrlərin.
O bəyənmir
Asfalt üstə quştək
süzən maşınları,
Göydə gəzən
maşınları.
İstəyir ki,
Əsrin dəli sürətini
unuda o,
Keçən əsrin duyğulara
sığal çəkən
Ahənginə dəm tuta o.
Karetada seyrə
çıxır,
At saxlayır.
O, dünənin
ölüsünü
kəfənləmək əvəzinə
Sabahının körpəsitək
qundaqlayır.
Öz kökünə
qayıtmaqla
güman edir
Öz əsrini qabaqlayır.
Ekzotika vurğunudur
Kraliça Yelizaveta.
Səyahətə çıxan
zaman
qamçı vurmaz o hər
ata!
Meyl salıb Qarabağdan
Töhfə kimi gətirilən
Kəhər ata!
"Zaman" yatmır ipə,
sapa,
Dirək olub kişnərtisi yerə,
göyə.
Nə qamçıya boyun əyir,
nə hədəyə.
O gəmirir cilovunu,
Kraliça seyr eləyir gendən
onu,
Ayaqları eşir yeri,
Yaxın qoymur həndəvərə
mehtərləri.
Nə etməli?
Gəlir bir-bir
Cıdırlarda ad qazanan,
Rekord vuran minicilər.
Nə faydası,
O, ram olmur.
Kraliça aram olmur,
Qəzəblənir:
- Britaniyada yoxmu məgər
bircə kişi,-
Ram eyləyə bu
ölmüşü?
Kraliça yana-yana
baxır ona-
Ceyran kimi duruşuna,
Hirslə yeri eşməsinə,
Heyran qalır
Kişnəyəndə gur səsinə.
At duyur ki,
Gözəlliyi heyran qoyub
Maddım-maddım baxanları,
Neçə-neçə
yarışlardan
Qələbəylə
çıxanları.
Belə heyran baxışlardan
O iyrənir,
İstəyir ki,
belindəki
Onun ceyran hüsnünə yox,
Qaçışına,
Yürüşünə heyran
qala.
İstəyir ki,
ayağının
altındakı
Böyüdüyü torpaq
ola-
İstəyir ki,
belindəki
Yarışlarda nəmər alan
jokey deyil,
Vuruşlarda zəfər
çalan
igid olsun!
İstəyir ki,
yüyənini gəmirəndə
Cilovunu çəkib
yığan
igid olsun.
İstəyir ki,
sahibi də
Atılmayan beldən-belə.
kişnəyəndə
sahibi də
Kişnərtiyə cavab verə
Koroğlunun nərəsilə.
O, belində kraliça qəbzəsi
yox,
Vuruş istər, hünər istər.
O, belində
aynalılı Həcər istər.
Günlər keçdi, aylar
ötdü,
Qarabağın köhləninə
Qışda kişmiş,
Yazda yaşıl ot verdilər.
Səhər-səhər
Çəmənlərdə gəzdirdilər,
O, yemədi, o, içmədi.
Qızıl yüyən
laqqıldadı çənəsində,
Dolandıqca yad torpağın sinəsində
Arıqladı o, günbəgün.
Xiffətini çəkirdi at
Şahbulağın,
Cıdır düzün.
Ürəyində
Sarı dağdan enən
daşın
səsi dindi,
Gözlərində
Daşaltının ağ suları gilləndi.
O dözmədi,
yox, dözmədi,
Bu xiffətdə çox hikmət
var.
Yad iqlimə dözə bilməz
Öz-özünü
tanıyanlar!
Şəki, avqust 1976.
Ədalət.- 2009.- 21 fevral.- S. 13.