"QOBUSTAN" toplusu - 40 (1969-2009)
ORDA DARIXMIRSAN Kİ, QƏDİR? – 3
QƏDİR RÜSTƏMOV: "Çıxıb
gedəcəyəm rayona.
Yaşaya bilmirəm burda"
DANÜZÜ YAZILARI
"QOBUSTAN"
TOPLUSUNUN 40 İLLİYİ ilə bağlı şəxsi təşəbbüsümlə belə bir proyekt
həyata keçirirəm. ƏDALƏT qəzetinin mənə verdiyi imkandan istifadə edib QOBUSTANın keçmiş
oxucularına "SİZ O DƏRGİDƏN
HANSI YAZINI YENİDƏN OXUMAQ İSTƏRDİNİZ?" sualı ilə müraciət edib, həmin yazıları vaxtaşırı çap
edəcəyəm. Sizin istəklərinizi
gözləyirəm. E-mail adresim yazının əvvəlində. Öncədən təşəkkürlərimi bildirirəm.
İlk yazımız:
"ORDA DARIXMIRSAN Kİ, QƏDİR?"dir və həmin yazı haqqında mübahisə doğuran bir söhbət də qələmə alınır.
... YETMİŞİNCİ
İLLƏRİN sonuna gedirdik
və mənim müğənni QƏDİR RÜSTƏMOV haqqındakı yazım Mərkəzi Komitədə
bir məsul şəxsin əlinə keçmişdi. Daha doğrusu,
yəqin ki, tələb etmişdilər
ki, nömrəyə baxaq və Anar
da məcbur olub həmin nömrəni göndərmişdi.
Təsadüf elə gətirmişdi ki, belə məqamlardan
birində mən Anar müəllimin otağında idim, telefon səsləndi (tam təsadüfdür vallah)
və hal-əhvaldan sonra (təbii bir giriş) yavaş-yavaş danışığın
tonu dəyişir və mən Anar müəllimin sifətinin cizgilərindən
nəsə ağrılı
bir şey baş verdiyini görürəm. Mən yalnız Anar
müəllimdən eşitdiklərimin
şahidiyəm. Sonradan məlum
olacaq ki, bu danışıq mənim ORDA DARIXMIRSAN Kİ, QƏDİR?
yazım haqqındaymış. Uzun
bir göstərişdən
və nə bilim daha nələrdən
sonra Anar müəllimin səsinin tonu bir az da dəyişir
və məndə təəccüb doğuracaq
bir əsəbiliklə:
Hələlik bu jurnalın baş redaktoru mənəm və burada gedən yazılara mən cavabdehəm və kimin haqqında
nə böyüklükdə
yazı verilməsini mən həll edirəm. Nə zaman siz burada otursanız, o zaman dediyiniz şeyləri eləyərsiniz.
Başqa sözünüz
yoxdur ki...
Proyektimiz çərçivəsində indicə oxuyacağınız
həmin yazım, bəzi dəyişikliklərlə
(o variant məndə yoxdur)
toplunun səhifələrində
yer aldı.
Zaman dəyişir və
insanlar da dəyişən zamanı
yaşamaq məcburiyyətində.
Ona görə də bir çox şeylər eroziyaya uğradı, bir çox şeylər unuduldu, amma biz nə qədər yaddaşsız millət olsaq da, unudulmayan
şeylər var. Bunu da danmaq olmaz.
QƏDİR RÜSTƏMOV "Mən özümü, səsimi hazırlayırdım.
Deyirdilər ki, bax, filan vaxtı "zapis" (səsyazma) olacaq. Hazır gəlirdim. Heç bir şey alınmırdı.
Təzədən üstündən aylar keçirdi. Unudurdular.
Yaddan çıxırdım".
... O, gözlərini
yumub oxuyardı. Oxuyur. Və güman eləyirəm ki, Qədir Rüstəmov məhz ürəyinin gözləriylə
görür, duyur, sevir.
Başqa bir məktubda isə dinləyici yazırdı:
"Açığını deyək ki, Qədir Rüstəmovun heç bir müğənninin ifasına
bənzəməyən səsi
bizim qəlbimizdə riqqət doğurur. Biz onun gözəl
səsinin dəyərini
verəcək bir tutarlı söz tapa bilmirik. Biz onun səsini
niyə sevirik? Bəlkə ona görə ki, bu səsdə
ululuq var. Ən təəccüblüsü budur
ki, bilmirik fikir vermisiniz, ya yox, Qədir
oxuyanda onu müşayiət edən
musiqi alətlərinin
ahəngi, səsi də tamamilə dəyişir, şirinləşir,
doğmalaşır. Canlı olur.
Axı,
tar həmin tardır.
Kamança həmin kamançadır.
Bəs nədir dəyişən?
Oxuyarkən fikir verin ona. Onun sifət cizgilərinə.
O qədər əziyyət
çəkir ki, (səs azlığından
yox, ifa kasadlığından yox,
texniki çatışmazlıqdan
yox) az
qalırsan deyəsən:
bəsdir, oxuma! Axı, bu, sonuncu gün
deyil.
Ancaq qulaq asırsan. Və hər
şey sənə əziz gəlir.
Bizim başqa
müğənnilərdən bir xahişimiz var: onlar "Sona bülbüllər"ə
toxunmasınlar. Axı, Qədir
bu mahnını o qədər gözəl ifa eləyir ki, başqaları necə oxusalar da kölgədə qalarlar".
"Mən təkcə bu mahnını oxumuram. Kimsə bunu mənim
ünvanıma yazır.
Axı, məni nə vaxtadək "Sona bülbüllər"i oxuyan
müğənni kimi
tanıyacaqlar. Dostlar,
tanışlar da məni qınayır: O nədi, həmişə elə eyni mahnını
oxuyursan. Mən nə deyə
bilərəm?"
Doğrudan da Qədir Rüstəmov nə deyə bilərdi?
Bu narahatlıq dolu sualı bir qədər açaq:
Ona görə ki,
indi artıq belə bir gözəl
müğənni baş
götürüb, bəli,
məhz baş götürüb rayona köçəndən sonra
bu sualı açmağa bizim cürətimiz çatar.
Doğrudan da Qədir hardan biləydi?
O, dəfələrlə
mənim yanıma gileyli gələrdi. (Artıq bilirdi
ki, mən hörmətli jurnalda işləyirəm. Radioda veriliş
aparıram. Ona elə
gəlirdi ki, bizi də haradasa
eşidirlər. Qədir o qədər
sadəlövh, o qədər
insani həssaslığa
malik bir adamdı ki, başqa cür fikirləşə də bilməzdi).
Heç kim onunla
maraqlanmırdı.
Onun səsini, mahnılarını
lentə almaq heç kəsin yadına düşmürdü.
Yada düşəndə də məhz elə vaxt düşürdü
ki, ona da
nəsə mane olurdu.
O, günlərlə
qapını kəsdirən
müğənnilərdən deyildi.
Ancaq əziyyətə dözən
idi!
"Mən
özümü, səsimi
hazırlayırdım. Deyirdilər ki, bax, filan
vaxtı "zapis"
(səsyazma) olacaq.
Hazır
gəlirdim. Heç bir
şey alınmırdı.
Təzədən üstündən aylar keçirdi. Unudurdular.
Yaddan çıxırdım".
Müğənni Qədir Rüstəmov
bunları mənə
deyirdi.
Mənim əlimdən nə gəlirdi...
Bəlkə o bilirdi ki, nə vaxtsa mən onun haqqında,
heç olmasa, bir yazı yazmalıyam.
O, heç kəsdən şikayət
eləmirdi. Gileylənmirdi. Sadəcə olaraq mənə
danışırdı. Danışdıqca yüngülləşirdi.
Sakitləşirdi. Və bir
də uzun qış gecələrini
nəylə yormaq olardı...
O, qəlyan çəkirdi, danışırdı.
Mən də onunla hərdənbir Avropa estradası haqqında söhbət eləyirdim.
Və görürdüm ki, Qədir mənim sevdiyim gözəl estradaçıların hamısını
tanıyır və onları çox-çox
eşidib.
"Çıxıb
gedəcəyəm rayona.
Yaşaya bilmirəm burda".
Qərəz üçün demirdi. Acıqla demirdi. Kimnənsə qisas üçün söyləmirdi.
Ürək tələb edirdi
bunu.
O, çox nadir hallarda filarmoniyanın bağında toplaşan
toy müştərisi gözləyən
müğənnilərin yanına
gələrdi. Ancaq onu
da toylara dəvət edirdilər, onu axtarıb tapırdılar. Mən hər
dəfə görürdüm
ki, onun evində yad adamlar var. Onun həmişə qonağı
olardı. Respublikanın müxtəlif rayonlarından,
kəndlərindən. Ünvanı
çox çətin
tapılan, daha doğrusu, ünvanı olmayan (evi olan)
bu müğənnini
axtarıb tapırdılar.
Onu el məclislərinə - toylara
dəvət eləyirdilər.
Başqalarını bilmirəm, Qədir
çox səxavətlə
yanaşardı onu toya dəvət eləyənlərə. Kimin gücü
nəyə çatır,
ona da razı
olurdu.
Bir vaxtlar mən
hələ onu tanımırdım. Başqaları kimi mən də
onun haqqında orda-burda danışılanları
eşidirdim. Deyirdilər ki,
guya Qədir Rüstəmov dəfələrlə
toy sahiblərini dar ayaqda qoyub. Deyirdilər ki, guya toyun şirin
yerində bir də görürdün ki, Qədir qalxır ayağa, qavalı alır əlinə və deyir ki, mən
getdim, xudahafiz!
Biz toy adətlərimizi
məhv edə bilmərik və bu işə həmişə müqəddəs
yanaşmalıyıq. Bu məsələdə hay-küy,
ucuz müzakirəyə
yol vermək olmaz və doğrudan
da bir el müğənnisi (əgər
o, bu ada layiqsə) hər hansı bir adamın toyunda bu cür hərəkət
eləyirsə (yəni
Qədirin adına
çıxılan hərəkəti
nəzərdə tuturam)
bu, qəbahətdir, günahdır. Açığını deyim ki, mən bu sözləri
dəfələrlə eşitsəm
də, inanmırdım.
Və
Mən öz kofemi
içərdim.
O, başını
bulayardı.
(davam edəcək)
Ədalət.- 2009.- 21 fevral.- S. 15.