Ağcabədi rayon İcra Hakimiyyəti başçısının hesabat yığıncağı iştirakçılarının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına

 

MÜRACİƏTİ

 

Möhtərəm cənab Prezident!

Biz, Ağcabədi rayonunun bütün ictimaiyyəti müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndərimiz Heydər Əliyevin layiqli davamçısı kimi Sizə böyük minnətdarlıq hissi ilə müraciət etməkdən şərəf duyduğumuzu bəyan edir, xalqımızın xoşbəxt gələcəyi, ölkəmizin dinamik inkişafı və firavanlığı üçün irimiqyaslı layihələrin həyata keçirilməsində Sizə uğurlar arzu edirik.

Ulu Öndər Heydər Əliyevin mükəmməl elmi konsepsiyalara əsaslanan siyasi kursu son 5 ildə Sizin rəhbərliyinizlə uğurla davam etmiş, ölkəmizdə həyat canlanmış, sahibkarlıq fəaliyyəti güclənmiş, özəl sektor inkişaf etmiş, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı uğurla həyata keçirilmiş, yoxsulluğun səviyyəsi 49 faizdən 13,2 faizə enmiş, 766 mindən çox yeni iş yerləri yaradılmışdır. Ölkəmizdə aparılan uğurlu iqtisadi islahatlar nəticəsində 2003-cü illə müqayisədə iqtisadiyyatımız 2,6 dəfə, sənaye istehsalı 25 dəfə, ümumi daxili məhsulun adambaşına düşən hissəsi 5 dəfə, minimum əmək haqqı 8 dəfə, orta aylıq əmək haqqı 3,6 dəfə, minimum pensiyaların məbləği 4 dəfə artmışdır.  

Azərbaycanda son illər ərzində aparılan uğurlu iqtisadi islahatlar 2008-ci ilin yekunlarında da özünü göstərmiş, dünyanı bürüyən maliyyə böhranı nəticəsində bir çox ölkələrdə iqtisadiyyatın tənəzzül etdiyi, müəssisələrin iş fəaliyyətinin dayandığı, işsizliyin artdığı bir vaxtda ötən il ərzində iqtisadiyyatımız 11 faiz, sənaye istehsalı 7 faiz artmış, yeni müəssisələr açılmış, ölkə üzrə 20 faiz təşkil edən inflyasiyanı əhalinin pul gəlirləri 36 faiz təşkil etməklə ötüb keçmişdir. Bütün bunların nəticəsi olaraq Azərbaycanda aparılan dinamik iqtisadi islahatlar nüfuzlu beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilmiş, 2008-ci ildə Dünya Bankı Azərbaycanı bir nömrəli islahatçı ölkə kimi tanıdığını bəyan etmişdir.  

Çox hörmətli cənab Prezident! 

Sizin regionlara etdiyiniz səfərləriniz, əhali ilə görüşləriniz, çoxsaylı müəssisələrin, yaşayış binalarının açılışı və təməlqoyma mərasimlərində iştirakınız sübut edir ki, Ümummilli Liderimiz Heydər Əliyevin dövlətçilik siyasəti uğurla davam etdirilir. 

"Ağcabədidə son bir neçə il ərzində böyük işlər görülübdür" sözləriniz bizdə qürur, daha böyük ruh yüksəkliyi və işgüzarlıq hissi yaratmışdır.  

Ağcabədililər Sizin 17 yanvar 2008-ci il tarixdə rayonumuza gəlişinizi böyük məhəbbətlə xatırlayır. Siz qışın soyuq, şaxtalı bir günündə son dərəcə qiymətli olan vaxtınızın bir hissəsini ağcabədililərlə görüşə həsr etdiniz. Uzun illər təbii qaz yanacağından məhrum olan rayonumuza qaz nəqlinin bərpasının ilk məşəlini Siz alovlandırdınız. Siz bizim həm ocağımıza, həm qəlbimizə hərarət bəxş etdiniz.

Sizin əməyimizə verdiyiniz yüksək qiymətdən ruhlanaraq bildiririk ki, məhz Sizin diqqət və qayğınızın sayəsində rayonumuz günü-gündən inikşaf etmiş və regionun abad rayonlarından birinə çevrilmişdir. Rayonumuzda yolların təmiri, prospekt, küçə meydanların yenidən qurulması, Heydər Əliyev muzeyi, 82 saylı Ağcabədi Dairə Seçki Komissiyası, rayon Maliyyə İdarəsi, Dövlət Sosial Müdafiə Fondu Ağcabədi rayon şöbəsi, Su Kanal İdarəsi Torpaq, bitki, su analizi laboratoriyası üçün binalar tikilib istifadəyə verilmişdir. Şəhid ailələri Qarabağ əlilləri üçün 24 16 mənzilli binaların tikilib istifadəyə verilməsi, rayon İcra Hakimiyyətinin binası qarşısında Ulu Öndər Heydər Əliyev adına Üzeyir Hacıbəyov adına mədəniyyət istirahət parklarının yenidən qurulması, Heydər Əliyev parkında Ağcabədi Pedaqoji Texnikumunda Ulu Öndərin büstünün ucaldılması, Ü.Hacıbəyov adına parkda Qarabağ Muğam Mərkəzinin inşa edilməsi, son 5 ildə 25 yeni məktəbin tikilməsi, təhsil müəssisələrinin yeni inventarlarla təmin edilməsi bu kimi digər işlər Sizin rayonumuza göstərdiyiniz diqqət qayğınızın bariz nümunəsidir.  

Cənab Prezident!  

Ağcabədi rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncamınızla 70 ildən yuxarı məskunlaşma tarixi, 11 min nəfərdən çox əhalisi olan Kəbirli, Mehrablı, Qaradolaq, Yeni Qaradolaq, Aran kəndlərinin içməli suya olan tələbatı artıq həllini tapmış, rayon mədəniyyət evi əsaslı təmir edilmişdir. Rayonumuzun bütün əhalisi adından Sizə sonsuz təşəkkür və minnətdarlığımızı bildiririk. 

Möhtərəm Prezident!

Ötən 5 ildə dünyada gedən mürəkkəb, ziddiyyətli proseslər fonunda respublikamızın müstəqilliyi və milli təhlükəsizliyi daha da möhkəmlənmiş, fəal və çevik diplomatiya sayəsində ölkəmizin beynəlxalq aləmdə mövqeyi daha da güclənmişdir. Sizin əzmkarlıqla apardığınız şərəfli işin nəticəsi olaraq Azərbaycan qüdrətlənir, güclənir, inkişaf edir. Beynəlxalq qurumların bizim haqq işimizin dəstəklənməsi, iqtisadi gücümüzün artması, ordumuzun güclənməsi işğalçı qüvvələri bizimlə hesablaşmağa məcbur edir. Sizin bildirdiyiniz kimi hərbi üstünlük, iqtisadi inkişaf, beynəlxalq hüququn bizim tərəfimizdə olması Dağlıq Qarabağ münaqişəsinin tezliklə bizim xeyirimizə həll olunacağından xəbər verir. Bu, Sizin siyasi iradənizin nəticəsidir. İnanırıq ki, tezliklə Qarabağımıza sahib olacağıq. 

Hörmətli cənab Prezident!  

2008-ci ilin oktyabr ayında Prezident seçkilərində respublikamızın bütün əhalisi ilə birlikdə Sizi dəstəkləməklə, biz bir daha Ulu Öndərimiz Heydər Əliyev siyasətinə olan sədaqətimizi sübut etdik və öz xoşbəxt gələcəyimizə səs verdik.  

Ulu Öndərin siyasi varisi, layiqli davamçısı və ölkəmizin rəhbəri kimi Sizə olan sonsuz sevgi və ehtiramımızı bildirir və Sizi əmin edirik ki, bundan sonra da Sizin göstəriş və tapşırıqlarınızı həyata keçirmək üçün daha böyük əzmlə çalışacaq, 2008-ci ilin Prezident seçkilərində olduğu kimi, 18 mart 2009-cu il tarixdə keçiriləcək ümumxalq səsverməsi-referendum günündə də fəallıq nümayiş etdirəcəyik.  

Ulu Tanrı Sizə yar olsun.

     

Müraciət 17 fevral 2009-cu il tarixdə keçirilən

yığıncaq iştirakçıları adından qəbul edildi.

 

 

Ədalət.- 2009.- 21 fevral.- S.22.