Elmira Süleymanova: "Heç bir ölkədə
qısa zaman çərçivəsində 45 əfv fərmanı
verilməyib"
Dünən Bakıda
İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli
Fəaliyyət Planının 2008-ci ildə tətbiq
olunması vəziyyətinə həsr olunan konfrans
keçirilib. APA-nın məlumatına görə, konfransda
çıxış edən Ombudsman Elmira Süleymanova deyib
ki, 2006-cı ilin 28 dekabrında təsdiq olunan Milli Fəaliyyət
Planının icrasına 31 dövlət orqanı cavabdehdir.
Ötən müddət ərzində bununla bağlı 54
dinləmə keçirilib, planın həyata keçməsi
üçün İşçi Qrup yaradılıb. Son illər
Azərbaycanda insan hüquqları sahəsində vəziyyətin
Avropa standartlarına
uyğunlaşdırıldığını qeyd edən E.Süleymanova
cəzaçəkmə müəssisələrinin şəraiti
və məhkumların insan hüquqlarının qorunması
vəziyyətinin də
yaxşılaşdığını deyib. Ombudsman deyib ki,
dünyanın heç bir ölkəsində qısa zaman ərzində
8 amnistiya aktı, 45 əfv fərmanı verilməyib.
Hazırda Azərbaycanda əhalinin hər yüz min nəfərinə
200-dən də az məhbus düşdüyünü qeyd edən
E. Süleymanova bunun aparılan islahatların nəticəsi
olduğunu söyləyib.
Prezident Aparatının
hüquq-mühafizə orqanları ilə iş şöbəsinin
müdiri Fuad Ələsgərov isə deyib ki, hazırda Azərbaycan
vətəndaşları öz hüquqlarını qorumaq
üçün həm daxili, həm də beynəlxalq
hüquq normalarından istifadə edirlər. O, ötən il
Azərbaycanın bir sıra əhəmiyyətli beynəlxalq
konvensiyalara qoşulduğunu deyib. Azərbaycanın işgəncələr
və insan ləyaqətini alçaldan digər cəzaları
qadağan edən protokolu və əlillərin
hüquqları haqqında konvensiyanı ratifikasiya etdiyini
xatırladan şöbə müdiri ölkədə məcburi
köçkünlərin hüquqlarının qorunması
istiqamətində atılan addımlardan
danışıb.
F.Ələsgərov 17
min məcburi köçkün ailəsi üçün 61
yeni qəsəbə tikildiyini, 1000-dən çox
qaçqın və məcburi köçkünün
hüquqlarının müdafiəsi ilə bağlı Avropa
İnsan Hüquqları Məhkəməsinə müraciət
edildiyini bildirib. Onun sözlərinə görə, şikayətlərə
baxılması nəticəsində onların
hüquqlarının Ermənistan tərəfindən bərpa
olunmasına beynəlxalq nəzarətin həyata keçirilməsi
gözlənilir.
BMT-nin Azərbaycandakı
rezident əlaqələndirici Bruno Poeza
çıxışında Azərbaycanın BMT-nin İnsan
Hüquqları Şurası qarşısında
götürdüyü öhdəlikləri tam yerinə yetirəcəyinə
əmin olduğunu deyib. B.Poeza Azərbaycandakı
qeyri-hökumət təşkilatlarını BMT ilə
sıx əməkdaşlıq etməyə
çağırıb. O, həmişə Azərbaycanın
arxasında dayandıqlarını qeyd edərək ölkədə
2009-2010-cu illər üzrə insan alverinə qarşı
Milli Fəaliyyət Planının qəbul olunmasını
yüksək dəyərləndirib.
Ədalət.- 2009.- 21 fevral.- S. 22.