Rəbiyyət Aslanova Avropada erməni deputatı susdurdu

 

"İnsan haqlarından canfəşanlıqla dəm vuran erməni deputat tarixi saxtalaşdırmaqdansa, öz ölkəsinin yaxın keçmişdə törətdiyi soyqırımına görə xəcalət çəkməlidir"

 

Beynəlxalq tədbirlərdə iştirak edən Azərbaycanlı nümayəndələrinin ermənilərə qarşı sərt reaksiyalarının tez-tez şahidi oluruq. Elə bir tədbir yoxdur ki, arqumentlərimizlə işğalçı ölkənin təmsilçilərini susdurmayaq. Vyanada ATƏT Parlament Assambleyasının 8-ci qış sessiyasında da bu ənənə davam etdirilib. Sessiyanın ümumi iclası ilə yanaşı, üç baş komitənin (Siyasi məsələlər və təhlükəsizlik, Demokratiya və insan hüquqları, İqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit) ayrı-ayrılıqda iclasları keçirilib.  

Qaynar.info-nun verdiyi xəbərə görə, Demokratiya və İnsan Hüquqları Baş Komitəsinin iclasında Ermənistan nümayəndə heyətinin üzvü Larisa Alaverdyan başdan-ayağa yalan və iftiralarla dolu çıxış edib.

 Erməni deputat bildirib ki, hazırkı durumda Azərbaycanın ərazi bütövlüyü prinsipi təqdir oluna bilməz, çünki Dağlıq Qarabağ ərazisi nə indi, nə də tarixən Azərbaycana aid olmayıb və hətta ötən əsrin əvvəllərində Millətlər Liqası həmin ərazini mübahisəli ərazi elan edib. Daha sonra deputat qeyd edib ki, həmin ərazidə və Azərbaycanın digər bölgələrində həmişə ermənilərin insan haqları pozulub, onlara qarşı daim təqiblər olub. Avropalı həmkarları üçün "tarixə ekskursiyanı" başa vuran L.Alaverdyan Cənubi Qafqazda gələcək əməkdaşlıq imkanlarından da dəm vurmağı unutmayıb. O, "3+3" formatında (Azərbaycan, Gürcüstan və Ermənistan + Cənubi Osetiya, Abxaziya və Dağlıq Qarabağ) Qafqaz Xalqlarının Forumunun yaradılmasını təklif edib.  

ATƏT PA-da Azərbaycan nümayəndə heyətinin üzvü, Milli Məclisin insan hüquqları daimi komissiyasının sədri Rəbiyyət Aslanova isə çıxışında erməni deputatın fikirlərinin həqiqətdən uzaq olduğunu ortaya qoyub. R.Aslanova bildirib ki, bir neçə gündən sonra Azərbaycan xalqı Ermənistan tərəfindən Azərbaycanın dinc əhalisinə qarşı xüsusi amansızlıq və vəhşiliklə törədilmiş Xocalı soyqırımının 17-ci ildönümünü qeyd edəcək: "XX əsrin ən dəhşətli faciələrindən biri olan Xocalı soyqırımı barədə deputat həmkarlarına məlumat verən R.Aslanova qeyd edib ki, əsl soyqırımı və insan haqlarının pozulması Ermənistan tərəfindən baş verib və erməni deputatın insan haqlarından danışmağa heç bir haqqı yoxdur. İnsan haqlarından canfəşanlıqla dəm vuran erməni deputat tarixi saxtalaşdırmaqdansa, öz ölkəsinin yaxın keçmişdə törətdiyi soyqırımına görə xəcalət çəkməlidir. Bu gün Avropada təhlükəsizlik arxitekturasından bəhs ediriksə, münaqişələrin həllinə səy göstərmək də həmin proqramın tərkib hissəsi olmalıdır. İndiyədək danışıqlar masası üzərinə gələn həll təkliflərini rədd etməklə və hazırkı "status-kvo"nu hər bir vəchlə uzatmaqla Ermənistan təcavüzkarlığını və münaqişənin həllinə səy göstərmədiyini bir daha sübut edir."  

Ötən əsrin əvvəllərində baş vermiş hadisələrə toxunan R.Aslanova bildirib ki, tarixi faktları təhrif etmək və avropalı həmkarlara saxta məlumatlar ötürmək yolverilməzdir: "Nəinki Dağlıq Qarabağ, hətta bu gün Ermənistan dövlətinin paytaxtı Yerevan şəhəri tarixi Azərbaycan torpağı olub və ermənilərin öz dövlətlərini yarada bilmələri üçün İrəvan quberniyası onlara verilib. Dağlıq Qarabağ Azərbaycan ərazisidir, olub və olacaqdır. Ermənilərin bu barədə danışmağa hüquqi, siyasi və mənəvi haqları yoxdur.  

Bu gün dünya birliyində münaqişələrin həll olunması üçün müxtəlif yollar arandığı bir vaxtda Ermənistan tərəfi yalan və iftiralarla əsas mövzudan yayındırmaq strategiyası həyata keçirir və münaqişənin uzanmasına çalışır. Bunun özü Avropanın təhlükəsizliyinə ağır zərbədir."

  

 

Anar

 

Ədalət.- 2009.- 24 fevral.- S. 5.