Əsrin faciəsi - Xocalı

 

Mənə hərdən elə gəlir ki, onu yüz illərdir tanıyıram. Ətrafında daim müxtəlif adamlar olsa da qələm əhlinə xüsusi hörmət rəğbəti var. Prokuror işləyəndə qonaq-qarası daha çox olardı, hamısına da vaxt diqqət ayırmağa macal tapardı. O vaxtdan illər keçsə əvvəlki coşquluqla çalışır, baxmayaraq ki, zaman öz sözünü deyib, saçları demək olar ki, tamam ağarıb. çox qəribədir ki, hər görüşümüzdə o dəhşətli gecə haqqında nəsə deməliyik, nəsə bölüşməliyik. Hazırda Cəlilabad Rayon Prokurorluğunun əməkdaşı olan baş ədliyyə müşaviri Hacı Atakişi İmran oğlu Atakişiyev 26 fevral 1992-ci ildə indi ancaq adı qalan şəhid Xocalının prokuroru olub.   

Heç şübhəsiz ki, mən mənim kimi yüzlərlə qəzetçi o anların bütün dəhşətlərini, amansızlıqlarını Hacı Atakişi kimi yaşaya, duya bilmərik. Çünki Xocalı faciəsinin demək olar ki, bütün epizodları onun gözləri qarşısında baş verib. bu yeganə mövzudur ki, Atakişi İmran oğlunun qamətinin kiçildiyini, səsinin titrədiyini, gözlərinin dolduğunu görürəm. Ağır da olsa yenidən o illərə qayıdırıq:   

- Atakişi müəllim, Ulu Öndər Heydər Əliyevin "XX əsrdə ermənilər tərəfindən Azərbaycan xalqına qarşı dəfələrlə təcavüz edilib, soyqırımı törədilibdir. Onlardan ən dəhşətlisi Xocalıda baş vermişdir" ifadəsi hadisəni çox dəqiq xarakterizə edir. Siz Xocalı soyqırımının canlı şahidlərindən birisiniz. O anları xatırlamaq şübhəsiz çox ağırdır...  

- Əvvəl onu deyim ki, böyük hadisələrə böyük kişilər daha dəqiq qiymət verə bilirlər. Çox böyük şəxsiyyət siyasi rəhbər olan Heydər Əliyev məhz belə deməli idi. Onları mən görmüşəm ağlıma gəlmirdi ki, o hadisələrdən sonra mən bu qədər yaşaya bilərəm. O qanlı gecədə 7 minlik Xocalı sakinindən 613 nəfəri qətlə yetirildi. Onlardan 106 nəfəri qadın, 63 nəfəri uşaq idi. 25 uşaq valideynlərinin hər ikisini o məşum gecə itirdi. 56 nəfər soydaşımız isə xüsusi qəddarlıqla öldürüldü. Xocalı faciəsinin şahidi olmuş sağ qalan bir nəfər qadın sonra hüquq-mühafizə orqanlarına yazdığı məlumatda qeyd edirdi ki, ruslar tankları küçələrdəki meyidlərin üzərindən sürürdülər. Dəhşətdir, gərək dəmirdən, yaxud ağıldan kəm olasan ki, bunu bacarasan. Ermənilər Qarabağı almaq üçün Xocalını aradan götürməyi çoxdan planlaşdırırdılar. Ancaq belə faciəni heç kəs ağlına gətirmirdi. Ürəyimdə Xocalının, Şuşanın, Ağdamın - bütün Qarabağın həsrət yükü var. Bu yük günahsız qurbanların qınağı, məzəmmətidir. Biz o zaman şax gəzəcəyik ki, düşmən tapdağında bir qarış torpağımız qalmasın.  

- Hacı, Xocalı kimi strateji əhəmiyyəti olan bir şəhərin, oradakı insanların taleyi, doğrudanmı, o vaxtkı Azərbaycan rəhbərlərini düşündürmür, narahat etmirdi? Axı, dörd tərəfdən erməni qəsbkarları tərəfindən mühasirəyə alınmış bu şəhər daim təhlükədə idi...  

- Mən bu barədə çox danışmışam, hər dəfə eyni hissləri, eyni ağrıları yaşamışam. Xocalı son dörd ayında quru yollarını tamam itirdi, fevralda isə hava yolları da bağlandı. Heç bir yerlə əlaqəmiz yox idi, ərzaq, dava-dərman çatışmırdı. Xocalı ayrı-ayrı rayonların, insanların hesabına yaşayırdı, ancaq dözürdü. Təhlükənin hər an yaxınlaşdığını hiss edirdik. Heç bir cavab gəlmədi, heç kim kömək əlini uzatmadı. Başları başqa işə qarışmışdı, bir qrup hakimiyyətdə qalmaq istəyirdi, bir qrup da hakimiyyətə gəlmək istəyirdi. Xocalını fikirləşən yox idi. Axşam isə başımıza o müsibət gəldi, ermənilər rusların köməyi ilə Xocalını qan gölünə qərq etdilər. Fevralın 26-dan 29-dək dağlardan yaralıları, meyidləri yığırdıq.   

- Atakişi müəllim, heç şübhəsiz ki, Xocalı faciəsini biz zaman-zaman xatırlamaqla, həm ondan ibrət götürməli, bu ləkəni üstümüzdən öz qanımızla yumalıyıq. Ancaq hadisələrin içində olmuş vəzifəli bir şəxs kimi fikriniz maraqlı olardı: Xocalı soyqırımı olmaya bilərdimi?

- Bəli, olmaya bilərdi. Ölkəsini, dövlətini, xalqını sevən bir kişi hakimiyyətdə olsaydı bu faciə başımıza gəlməzdi. Nəinki bu faciəni görməzdik, hətta son 20 ildə başımıza gətirilən müsibətlərin heç biri ilə rastlaşmazdıq, əgər hakimiyyəti Ulu Öndər Heydər Əlirza oğlu Əliyev təmsil etsəydi. Məhz Heydər Əliyev hakimiyyətə gələndən sonra Azərbaycanı parçalanmaqdan, tamam məhv olmaqdan qurtardı. Ölkəni dirçəltdi, ən müxtəlif təhlükələrdən qorudu, xalqına verdi. Çünki bugünkü Azərbaycanın müəllifi məhz odur. Xalq da ölkənin taleyini layiqli davamçısı İlham Əliyevə etibar edib qəti yanılmayıb.   

 ... Xocalı soyqırımını hər il, yaxud müxtəlif vaxtlarda ürək ağrısı ilə yad edənlərdən fərqli olaraq mən həmin günü hər an xatırlayıram. Çox istərdim ki, xalqımız belə bir müsibəti bir daha heç zaman yaşamasın.

 

 

   

Söhbətləşdi: Səxavət Musaoğlu

 

Ədalət.- 2009.- 26 fevral.- S. 2.