Avropada "Xocalıya Ədalət" Beynəlxalq Kampaniyası

 

"Xocalıya Ədalət" Beynəlxalq məlumat-təşviqat kampaniyası çərçivəsində www.justiceforkhojaly.org internet saytının dünyanın aparıcı mərkəzlərində təqdimatı keçirilir. Artıq bir neçə gündür ki, dünyanın müxtəlif şəhərlərində bu kampaniya və onun internet saytı vasitəsilə Xocalı faciəsinin gerçəkliyi, ermənilərin Xocalıda həyata keçirdiyi qətliam barədə geniş məlumatlar yayılır.  

Fevralın 24-də Londonun İmperiyal Hərbi Muzeyində Britaniya Parlamentinin üzvü Mayk Henkokun, habelə, Xarici İşlər Nazirliyinin rəsmilərinin, Londonda akkreditə olunmuş səfirliklərin nümayəndələrinin, Qafqaz regionu üzrə ixtisaslaşmış tədqiqat mərkəzlərinin təmsilçilərinin, media nümayəndələrinin, Azərbaycan və Türk icmalarının üzvlərinin iştirakı ilə Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumu (DƏİKGF) www.justiceforkhojaly.org internet saytının təqdimatını keçirib. Mərasimdə kampaniyanın Böyük Britaniya üzrə yerli kordinatoru Britt Montimer Xocalı həqiqətləri barədə iştirakçılara məlumat verib.  

Həmin gün DƏİKGF Mədəniyyətlərarası Dialoq üzrə baş kordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə elan edilmiş "Xocalıya Ədalət" beynəlxalq kampaniyasının startı çərçivəsində ABŞ-ın Hyuston şəhərində də müvafiq tədbirlər keçirilib. Bu tədbirdə yerli ictimaiyyətlə yanaşı Azərbaycan və Türk diaspor nümayəndələri də iştirak edib. Fevralın 25-də isə www.justiceforkhojaly.org saytının təqdimat mərasimi Bern şəhərində Isveçrənin Federal hökumətinə məxsus olan "Politforum"da baş tutub. Kampaniyanın təqdimatında İsveçrə hökumətinin nümayəndələri, parlament üzvləri, QHT, Berndə akkreditə olunan Diplomatik Missiyalar və KIV nümayəndələri iştirak ediblər. Mərasimdə Heydər Əliyev Fondu tərəfindən hazırlanmış "War Against Azerbaijan - Targeting Cultural Heritage" ("Azərbaycana qarşı müharibə") adlı kitabın təqdimatı və fond tərəfindən xaricdə yayınlanan fotoşəkillərin sərgisi təşkil olunub. Tədbirdə Xocalı haqqında film nümayiş etdirilib. Sonda "Xocalıya Ədalət" kampaniyasını dəstəkləyən bəyanat imzalanıb.  

Nəhayət, bu tədbirlərin davamı dünən Səudiyyə Ərəbistanında ictimai-siyasi dairələrin, beynəlxalq təşkilatların, Riyadda akkreditə olunmuş nümayəndəlik və səfirliklərin təmsilçiləri və KİV-lərin iştirakı ilə Ər-Riyadda təşkil olunub. Burada da Xocalı faciəsi ilə bağlı fotosərgiyə və filmə baxış keçirilib.

 

 

VÜSAL

 

Ədalət.- 2009.- 27 fevral.- S. 4.