BÖYÜK MÜƏLLİM

 

Quşqonmaz zirvələr, yalçın qayalar, min bir dərdin dərmanı olan bulaqlar, dağların hirsini-havasını özü ilə üzü aşağı - Araza doğru aparan çaylar, təbiətin gözəllik şahı olan sıx meşələr ruhumuzu oxşayıb, qəlbimizi fərəh hissi ilə doldurubdur. UCA YARADANIN bu nemətləri laçınlıların bir insan kimi formalaşmasında öz müsbət rolunu oynamışdır. Məhz azərbaycanlılara məxsus mərdlik, etibar, sədaqət və qürur bizim hər birimizin iliyinə qədər işləmişdir. Laçınlılar bulaqlarımız kimi saf, dağlarımız kimi qürurlu və mətindirlər.   

   Köçkünlük həyatı ilə barışa bilməyən laçınlılar dağların, bulaqların, çayların, meşələrin, bir sözlə o gözəl təbiətin xiffətini çəkməyə məcbur edilmişlər. Əslində biz məcburi köçkün yox, məcburən köçkün edilmişlərik. Hər birimiz köksümüzdə 1992 ci ilin may ayında atılmış bir mərmi gülləsi gəzdiririk. Vaxtlı - vaxtsız ölənlərimiz o vaxtı atılan güllənin təsirindən dünyalarını dəyişirlər.  

   Bu çoxmu çəkəcək? Vaxtını bilmirən. Ancaq inamımız ölməyib, bizi yaşadır. İnanırıq ki, haqq bizim tərəfimizdə olduğundan biz geriyə - dağma ocağa qayıdacağıq. Azərbaycan torpaqlarının işğaldan azad edilməsi sahəsində ölkə Prezidenti, möhtərəm İlham Əliyevin qətiyyətli, haqla yoğrulmuş olduğu qədər də sərt mövqeyi inamımı qat-qat artırır.   

   Bu yaxınlarda Laçın şəhərinin təşkil edilməsinin 85 illik yubileyinin qeyd olunması xəbərini eşidəndə xəyal məni 35 il əvvələ - 1974 cü ilə apardı. Həmin il dağalar gözəli olan şəhərimizin 50 illik yubileyi böyük təntənə ilə qeyd edildi.  

   Laçın şəhərinin o vaxtkı Azərbaycanda ilk sovet şəhəri kimi 50 illik yubileyinin hazırlanması və böyük təntənə ilə qeyd edilməsi şəxsən Ümummilli Liderimiz Heydər Əliyevin böyük diqqət və qayğısının təzahürü idi. Bu yubiley ərəfəsində bütünlükdə rayonun maddi-texniki bazası xeyli möhkəmləndirildi, yollar əsaslı təmir edildi, şəhərimiz tanınmaz dərəcədə abadlaşdırıldı.   

   Laçın haqqında düşünərək (o, heç yaddan çıxarmı?) rayonda görülən işləri göz önünə gətirəndə elimizin ağsaqqalı, ömrünün uzun illərini doğma diyarın inkişafına həsr edən Muradxan müəllim Cabbarovu xatırlamamq mümkün deyil. O, "Mənim Laçınım" kitabçasında yazdığı kimi qismətinə düşən narahat, qayğılarla dolu, əzablı həyat yoluna mərdlik və cəsarətlə sinə gərməyi bacarmış, bütün qabiliyyətini, ürəyinin hərarətini, dizinin taqətini, qolunun gücünü, gözlərinin nurunu ali bir məqsəd naminə, doğulub, boya-başa çatdığı Laçının inkişafına həsr etmişdir.   

   1962 ci ildən 1979 cu ilə kimi Laçın rayon partiya komitəsinin birinci katibi çalışarkən rayonun sosial-iqtisadi inkişafı naminə var qüvvəsini sərf edərək, ucqar və geridə qalmış dağ rayonunun müasir, abad, varlı bir rayona çevrilməsinə nail olmuşdu. Laçının 120-dən çox kəndini özündə birləşdirən kollektiv təsərrüfatların inkişafı, şəhərin və kəndlərin abadlaşdirilması, çətin şəraitli dağ kəndlərinə yolların çəkilməsi, elektrikləşdirilmə, telefonlaşdırılma, qazlaşdırılma, maarif, mədəniyyət, səhiyyə, rabitə, nəqliyyat və s. sənaye və sosial təyinatlı obyektlərin inşa edilməsi bilavasitə onun adı ilə bağlıdır.   

   Laçının sosial-iqtisadi inkişafı Ümummilli Liderimiz Heydər Əliyevin 1969 cu ildə respublika rəhbərliyinə seçilməsindən sonra daha geniş vüsət almışdı. Onun şəxsi təşəbbüsü ilə dağ rayonlarının, xüsusən də Laçının inkişafı üçün bir neçə mühüm dövlət qərarları qəbul edilmiş, iri miqyaslı layihələr həyata keçirilmişdi.   

   Tale üzümə gülmüşdü, ali təhsil alıb rayona qayıdan vaxtdan M. Cabbarovun rəhbərliyi altında çalışmış, rayon komsomol komitəsinin birinci katibi vəzifəsinə irəli çəkilmişdim. Onun tələbkarlığı, böyük həyat və əmək təcrübəsi bizim üçün böyük bir məktəb idi. Sözün əsl mənasında o, böyük bir MÜƏLLİM idi.   

   Mən həmişə təhsilimlə maraqlananlara deyirəm: əvvəl Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu, sonra isə MCU - nu bitirmişəm. Soruşanda ki, MCU hansı təhsil ocağıdır? Cavab verirəm: MCU - Muradaxan Cabbarov Universitetidir, Laçında bitirmişəm. Düz 9 il olduqca tələbkar bir MÜƏLLİMİN tələbəsi olmuşam. Daha sonralar başa düşdüm ki, o tələbkar olduğu kimi, həm də qayğıkeş bir MÜƏLLİMDİR. Onun bütün yetirmələri - onunla birlikdə çalışanların hamısı mənim bu sözümün ciddiliyini sözsüz ki, təsdiq edərlər.  

   Muradxan müəllim necə deyərlər bir igidin ömrü qədər - düz 28 il Laçinimiza rəhbərlik etmişdir. Onun Laçina olan övlad məhəbbəti, vətəninə, xalqına xidməti bir örnək idi. Bu gün Laçın uğrunda gedən ölüm-dirim döyüşlərində şəhid olanlarımızın ruhu ilə birlikdə onun ruhu da narahatdır. Bu dərd ölümüzün də, dirimizin də dərdidir. Ancaq ömrünün 50 ildən çoxunu həsr etdiyi, balası qədər sevdiyi, bəslədiyi, tikib-qurduğu müqəddəs bir ocağı itirmək onun üçün daha ağır bir dərd idi.  

   Onun həyatı, əmək fəaliyyəti mənim kimi qeyri peşəkar birisinin qəzet məqaləsinə sığmaz. O, yorulmaz, tələbkar və qayğıkeş, el-obasına bitib tükənməyən məhəbbət bəsləyən bir şəxsiyyət idi. Mən sadəcə olaraq Laçının 85 illik yubileyinin qeyd edildiyi günlərdə nə qədər kədərli, sarsıntılı olsa da öz MÜƏLLİMİMİ xatırlamaq üçün bu yazını qələmə aldım. Ancaq bu kədər işıqlı bir kədərdir! Ümidli bir sarsıntıdır! Çünkü sabaha tam və qəti bir inam var! Laçına qayıtmaq inamı! Amma mənim üçün Laçında yaşamağa yox, müqəddəs torpağımımıza qarışmaq ümidi və inamı var! Amin!

    

 

Qəzənfər Hüseynov

 

Ədalət.- 2009.- 28 fevral.- S. 10.