Bayat

 

Bir boş çəllək üstən  

Yubiley nitqi   

Yetmişə yetişdim

    

Həyatın bir-iki həqiqətini, sahillərdəki çopur daşlar kimi bütün sərtliyi ilə görə bildim. Başa düşdüm ki, bu məmləkətin doğma ögey övladları varmış. Əfsus, onun əsl ögeyləri tərəfindən mən ikincilər sırasına qarışmışam. Belə olmasaydı ad günüm münasibətilə televiziya kanalları təqvimdəsə adımı çəkər, kəpənək ömürlü qanadlı bəzi qəzetlər xala-xətrim qalmasın deyə bir-iki cümlə yazardı.  

Düzünü deyim ki, sələflərimin başına gələnlərdən xəbərdar bir yazıçı, həyatın hər üzünü görmüş bir insan kimi bunlardan çox da darılmadım. Az-maz giley-güzərımı arağın acısında qərq eləyib ağzımı şirinlətdim. Şükür elədim ki, canım sağ, qələm əlimdədir. Yaradıcılıq, özü canla çıxan, sözü yadigar qalan bir ehtiyacdı, xalqa təmənnasız bir xidmət, onunla ürəkdən ünsiyyətdir. Burda da gərək onun hüsnü-rəğbətindən, məhəbbətindən başqa bir şey ummayasan.  

 ... İkinci dərk etdiyim həqiqət hamının hər zaman bu göy qübbəsi altında tənhalığı oldu. Ünlü bir türk şairinin misralarının şimşəkvari işığında:

     

   Ağlayın aşinasız,  

   dostsuz can verənlərə,  

   otel odalarında  

   otel odalarında...

    

   Təsəlli üçün dostları başıma toplamaq istədim. Süfrəyə dörd qızardılmış toyuq düzmüşdüm. Cəmi dörd həyanım yetişdi. Bir musiqisiz kvartetlə yetmiş illiyimin alqışlarına, çiçəklərinə qovuşdum.  

  Yetmişdən üzü o yanki bir ömrə başlayıram. Hamıya, bu hüdudlu ömür özünütəsdiq, özünü tanıtım üçün verilir. Dünyanın divarları üstə imzasını atıb, cümlə bəşərin yaddaşına həkk olunmuşların sayı azdır.  

  Ən dəhşətli gerçəklərimdən birisi irisi bu səadətin Nəsibə nəsib olmamasıdı. Amma necə deyərlər, çıxmayan cana ümid çoxdur. Çiynimdə, yerdə qalan möhlətin aşırılmış heybəm, üzü xalqa yeni, dərvişanə səfərə başlayıram. Gözümün önünə uzunömürlülərimizi gətirə-gətirə. Qulaqlarımda, ömrünün hər günündə şerlə güllələnmiş, mavi gözlü dev Nazim Hikmətin sözlərini səsləndirə-səsləndirə:

    

   Yəni bu göy qübbəsi altda  

   Səsimizin qalacağına  

   Zərrəcə ümid yoxmu?

    

   Son arzum şərxahların acığına Mahmud Eyvazovlar qədər yaşımı başımı buludlara dəydirib ürəyi son damlasına qədər boşaltmaq... son ümid, acı günlərimi şirinləşdirən, haqsızlıqlarımı adilləşdirən, ömrü el üçün xeyirxahların köməyiylə səsi göy qübbəsi altda yaşatmaq...

  

 

   BƏLKƏ DƏ SON AVTOQRAF

      

   Varlığı   

   at kimi yüyən çeynəyir,  

   it kimi mırıldayır.  

   Darlığı   

   buz suvaqlı, qar duvaqlı

  

   Antraktida kimi göynəyir,  

   ikiyüz doxsan doqquz yaşlı  

   qarğa kimi qarıldayır.  

   Əlində gah badə, gah lələk, -   

   atdığını atıb, yazdığını yazıb.

     

   ***

  

   Bitməyində   

   bir ara, ezamiyyət, -  

   gəldiyə, getdiyə imza atılıb.  

   İtməyində  

   ağ-qara bir həyat, -  

   şəninə gah təpik, gah qəmzə atılıb.  

   Ötməyində   

   qır eşşəyə dönmüş Qır at, -   

   Üstəlik üstə  

   keçəl Həmzə atılıb.  

   Üzündə, gah üzü,  

   gah ələk, -   

   Varlığa, yoxluğa  

   gecikib, tələsib;  

   Sarıhüseynoğlu   

   Vaqif Nəsib.  

   Məkan:  

   Sonsuzluğun bir kürəsi,  

   Zaman:  

   Sonsuzluğun bir sürəsi.

    

   ***

  Tütəklənməyində qarğılar,  

   Dəliklərindən do-re-mi-lər  

   qaynamağında.  

   Ağlı, qaralı adamlar,  

   Ala-qarğa qarğalar  

   Süzə-süzə oynamağında,  

   Süzülməyində bulaqlar üzü çaya,  

   Düzülməyində irmaqlar  

   Üzü dəryaya  

   pullu-pulsuz balıqlar  

   başqa canlı qalıqlar  

   üzə-üzə oynamağında.  

   Gizli bir tütək hey ötməyində  

   ahənglər hey şanı,  

   mum olmağında,  

   zərrələr damlaya qayıtmağında,  

   damlalar odlanıb  

   qum olmağında, -  

   özlərini ritmə  

   düzə-düzə oynamağında.  

   Fatehlərdən gor qalıb

  

   boyları, boyda  

   məzarlarının da   

   qırılıb quluncu.  

   Meydan sulasa da,  

   dastanda, boyda  

   muzeylərdə həbs olunub qılıncı  

   görünməz tütəyin sehriylə

   quzular qurd, canavarlar  

   quzu çıxır,  

   neçə-neçə İsgəndərin  

   dişi şaqqıldayır, buynuzu çıxır  

   onlar da əllərində  

   kuzə oynamağında...

     

 

   NƏSİHƏT

  

   Qəfəsdə pələngə bax,  

   Daşdəmirliyi burax  

   dünyaya diş qıcama,  

   dişə üzlük taxarsan.  

   dünyaya göz ağartma,  

   şüşə gözlük taxarsan  

   qanına zəhər qatma,  

   bu dünya acın olar.  

   Pirinə təpik atma, -  

   Qoltuq ağacın olar.

    

   Günün günortasıyla,  

   dünyanın ortasyıla  

   çeşməkli, - gözü qırıq,  

   üzlüklü, - dişi mırıq,  

   qoltuğunda ağacı,  

   qansız, - insan qaxacı  

   yol keçən bir səngə bax,  

   Vaqif Nəsib, - ləngə bax,  

   Daşdəmirliyi burax...

     

 

   BİR DOSTUN QULAĞINA

    

   Bu dünyanın başı yoxdu,  

   Dürüst məhək daşı yoxdu,  

   Haqqın gözü, qaşı yoxdu, -   

   Qaş çatma Elçin Səlcuğum.

  

  

   Bir küçə iti görəndə,  

   Tamahı iti görəndə,  

   Başın yarılar,  

   baş qatma,  

   daş atma  

   Elçin Səlcuğum.

     

  

   Dünyanı basıb çantana,  

   Özünü asıb çantana  

   Quzeyində itib qalma,  

   Güneyində bitib qalma  

   Quşlar səndə yuva salar.

    

   Atmağına yüzün olsun,  

   Udmağına üzün olsun  

   vərəqlər düzün olsun  

   Qələminlə şumla-şumla,  

   Yoxsa xalın güvə salar.  

   İçində bir gücsüz Elçin  

   Yaşatma, Elçin Səlcuğu  

   Yazıçısan ətəyindən  

   daş atma  

   Elçin Səlcuğum...

    

   ***

  

   Gidi Qazax yaddaşımda  

   Kökdən düşməyir,  

   Saz qalır.  

   Çörəkxananın başında  

   Aşıq Abuzər saz çalır.

    

   İlk məhəbbətim o yerdə  

   Hər boylananda yaz çalır  

   Sinələr pərdə-pərdə  

   Ömürlük işvə-naz salır,  

   Kimsə verib nəmərini  

   Aşıq Abuzər saz çalır.  

     

   Bir dünyaya, bir təşrifə  

   Dəyər, dəyməz, -   

   Sisli qalır.  

   Suç, savabı neçə dəfə 

   Əyər, əyməz, -   

   Gizli çalır.  

   Savab səsdə,  

   Günah üstə  

   Aşıq Abuzər saz çalır.

     

   Bu dünyamız daşlı qala,  

   Adamından yaşlı qala  

   Damcılının dağ-daşları,  

   İnciləri ləl tək salır,  

   Sahildə çaylıq daşları, -  

   Sular daşdan lələk salır  

   Sinəsinə basıb Kürü   

   Aşıq Abuzər saz çalır.

      

   ***

  

   Varlıqlar ölməyir, itməyir,  

   Yox olub tükənmir, bitməyir  

   Gözəllik köç edəb getməyir,  

   Güllərlə qayıdır qəmzəsi.

     

   Sənətin o dədə Osmanı,   

   sevmədi saxtanı, yosmanı,  

   Oxqayla uzanıb Şıxlıda  

   Qulağı torpağa dirəsən  

   Duyular həm sazı, həm səsi.

    

   Çatıbdı qəhərli bir zaman,  

   Hər tərəf zəhərli bir duman,  

   Atomla işləyir dəyirman  

   Qalxmada bir əcəl zümzüməsi  

   Alimlər keçəl həmzəsi.

     

   Pusquda başqa qəsd,  

   hər qəsdə,  

   ölümcül zərrələr nəfəsdə,  

   ildırım Bəyazid qəfəsdə  

   bu dəfə atomla atılır, -  

   səmada ildırım imzası .

  

  

  

   ***

  

   Adamları lal eləyir  

   Ehtiyacdan kiri-kirilər  

   Pişiklər quş qarmalamır  

   Quşlara da yarmalamır,  

   Buğdaları kirkirələr.

  

   **

  

   Ölü quşlar, quş qaxacı,  

   Çöl almasından qax acı  

   Dəhnələr arx çökərləri.

   Dəyirmanların daşları  

   Xapan qalmış təkərləri.

      

   ***

  

   Maşınlar zəhər tuluğu,  

   Havalarda qaz qalağı.  

   Bir ikicə yol yoluğu  

   Yada salır qazalağı.

     

   ***

  

   Təbiət şakər dəyişir,  

   Balları şəkər dəyişir,  

   varsa təkər dəyişir,  

   Hər şeyin surəti çıxmada,  

   Hər şeyi sürəti yıxmada  

   Əsli Kərəmi yaxmada...

  

  

  

   ***

  

   Evlərin altında qalıb  

   Qazaxda gördüyüm düzən,  

   Hansı gizli əllə olub,  

   Bu boya, bu qurluş, bu düzən   

   O səs mənim səsim deyil -  

   Qarıldayan mən deyiləm.

     

   Dərdlərim ulaya bilər.  

   Əlim dərd bulaya bilər,  

   Qarnım quruldaya bilər,  

   Su quşuluq bəsim deyil, -   

   Quruldayan mən deyiləm.

     

   Əslim, köküm tərəkəmə  

   Qarışmışam mərəkəmə,  

   Çalınanda "Tərəkəmə"  

   Candan, qandan kəsim deyil, -   

   Hırıldayan mən deyiləm.

    

   Kim dəyişib bu düzgünü,  

   Bu baxışı, bu süzgünü,  

   Xarab edib bu güzgünü, -   

   Ordakı mən özüm deyil, -  

   Mırıldayan mən deyiləm.

 

 

   Vaqif Nəsib Sarıhüseynoğlu

 

   Ədalət.- 2009.- 28 fevral.- S.20.