ORDA DARIXMIRSAN Kİ, QƏDİR? – 4
"QOBUSTAN" toplusu - 40 (1969-2009)
"Qobustan"
toplusunun 40 illiyi ilə bağlı şəxsi təşəbbüsümlə
belə bir proyekt həyata keçirirəm. ƏDALƏT
qəzetinin mənə verdiyi imkandan istifadə edib
QOBUSTANın keçmiş oxucularına "SİZ O DƏRGİDƏN
HANSI YAZINI YENİDƏN OXUMAQ İSTƏRDİNİZ sualı
ilə müraciət edib həmin yazıları
vaxtaşırı çap edəcəyəm. Sizin istəklərinizi gözləyirəm.
E-mail adresim yazının əvvəlində. Öncədən
təşəkkürlərimi bildirirəm. İlk yazımız: ORDA DARIXMIRSAN Kİ, QƏDİR?"
yazısı olacaq və həmin yazı haqqında mübahisə
doğuran bir söhbət də qələm alınacaq.
... YETMİŞİNCİ İLLƏRİN sonuna
gedirdik və mənim müğənnni QƏDİR RÜSTƏMOV
haqqındakı yazım Mərkəzi Komitədə bir məsul
şəxsin əlinə keçmişdi. Daha doğrusu, yəqin ki, tələb etmişdilər
nömrəyə baxaq və Anar da məcbur olub həmin
nömrəni göndərmişdi.
Təsadüf elə gətirmişdi
ki, belə məqamlardan birində mən Anar müəllimin
otağında idim, telefon səsləndi (tam təsadüf bir
məqamdır bu) və hal-əhvaldan sonra (təbii bir giriş)
yavaş-yavaş danışığın tonu dəyişdi
və mən Anar müəllimin sifətinin çizgilərindən
nəsə ağrılı bir şey baş verdiyini
gördüm. Mən yalnız Anar müəllimdən
eşitdiklərimin şahidiyəm. Sonradan
məlum olacaq ki, bu danışıq mənim ORDA DARIXMIRSAN
Kİ, QƏDİR yazım haqqındaymış. Uzun
bir göstərişdən və nə bilim daha nələrdən
sonra Anar müəllimin səsinin tonu bir az
da dəyişir və məndə də təəccüb
doğuracaq bir əsəbiliklə: Hələlik bu
jurnalın baş redaktoru mənəm və burada gedən
yazılara mən cavabdehəm və kimin haqqında nə
böyüklükdə yazı verilməsini mən həll
edirəm. Nə zaman siz burada otursanız, o zaman
dediyiniz şeyləri eləyərsiniz. Başqa
sözünüz yoxdur ki...
Proyektimiz çərçivəsində
indicə oxuyacağınız həmin yazım, bəzi dəyişikliklərlə
(o variant məndə yoxdur) toplunun səhifələrində
yer aldı.
Zaman dəyişir və insanlar da dəyişən
zamanı yaşamaq məcburiyyətində. Ona görə də bir çox şeylər
eroziyaya uğradı, bir çox şeylər unuduldu, amma biz
nə qədər yaddaşsız millət olsaq da, unudulmayan
şeylər var. Bunu da danmaq olmaz.
(əvvəli
qəzetimizin 07, 14, 21 fevral 2009-cu il saylarında)
"İnan, Tofiq, bunların heç biri
doğru deyil, kimlərsə mənim adıma
çıxır. Bəzən elə olur
ki, kimlərsə toyu gur keçsin deyə mənim
adımı yazdırır dəvətnaməyə, əlbəttə,
məndən razılıq alandan sonra. Razılıq
alırlar və deyirlər ki, ayın filanında gələcəyik.
Gözləyirəm, gəlmirlər. Görünür, bax, sənin dediyin o söhbətlərdən
qorxurlar. Sonra gedib danışırlar ki,
guya mən etiraz eləmişəm, istəməmişəm.
Bax, əsl söz belə olur. Axı, bizim elimizin min illik adətinə hansı xanəndə
xor baxa bilər? Bu, nanəciblikdir".
Mən də inanmırdım, inana
bilmirdim. Bu qədər sadə, mehriban, oturuşunu,
duruşunu, hərəkətini, sözünü,
sözünün yerini (toy aparan müğənni
üçün bütün bunlar çox vacibdir) bilən və
torpağa, kəndə, el-obaya bu qədər bağlı olan
bir müğənni, bir adam belə eləyə
bilər.
İnanmırdım!
Yaxşı ki, inanmırdım!
Hələ o zaman Qədir Rüstəmov
Bakıda yaşadığı vaxtlarda, mənimlə
qonşu olduğu günlərdə onunla kiçik bir
"sorğu" keçirmişdim. Əlbəttə,
bu, hamımızın başa düşdüyü mənada
geniş sorğu deyil. Günlərlə
apardığımız söhbətlər arasında
soruşulan şeylərdir. Ona görə
də bir qədər qırıq səslənir, tam deyil, bəlkə
də qurudur, rəsmidir.
Qədir sorğu verməyi sevmirdi,
çox danışmaqla arası yox idi (o vaxt biz bir yerdə
olanda).
Beləydi həmin söhbət:
MƏN: - İlk dəfə və hansı mahnını
lentə yazdırmısan? Bu işdə sənə kim kömək eləyib? Bələdçin kim olub?
O: - Bu olub altmış səkkizinci ildə. Əhsən müəllim məni ansambla dəvət
elədi və açığını deyim ki, Əhsən
müəllim çox əziyyət çəkdi, çox məşğul
oldu. İlk dəfəydi ki, mən belə
bir çətin işə düşürdüm. Televiziyada heç vaxt çıxış eləməmişdim,
heç bir şey yazdırmamışdım. Bir az kəmhövsələyəm. Əhsən müəllim məni dilə tutdu və
onun ağır zəhməti sayəsində səsimi lentə
yazdırdım.
- Qədir, təhsilin var, bir yeri qurtarmısan?
- Asəf Zeynallı adına musiqi məktəbindən
qovulmuşam (!).
- Niyə məhz xalq mahnıları oxuyursan?
- Bilirsən, bəlkə Qarabağın torpağı
belədir, mən torpaqdan uzağa düşə bilmirəm.
- Bilirsən də Qədir, mən radioda
"Melodiya" klubunu aparıram. Bu klubun
ünvanına gələn məktublarda sənə xüsusi
sevgi var.
- Vallah, sağ olsunlar! Mənə məktub
yazanlar da sağ olsun, məktub yazmayanlar da. Bizim muğam
və mahnılara dərin hiss və həyəcan var. Mən
də mahnı oxuyarkən bu hissi, bu həyəcanı camaata
çatdırmaq istəyirəm.
- Ən çox sevdiyin və qulaq asmaq istədiyin
müğənni?
- Seyid Mirbabayev, Cabbar Qaryağdıoğlu, Yaqub Məmmədov.
Qəribəydi, Qədir ürəyinin lap
dərinliyində, bəlkə də populyar olmaq, tanınmaq,
başqa müğənnilər kimi ad-san qazanmaq (əlbəttə,
rəsmi ad-sandan söhbət gedir) istəyirdi. Və bilirdi ki, bunları hansı yollarla əldə
eləmək olar. Bilirdi və buna can
atmırdı.
O bilirdi ki, hər hansı bir adlı-sanlı bəstəkarın
mahnısı onu tanıda bilər, populyar eləyər. Və yaxud uzaq getməyək, həmin bəstəkar
hardasa ona əl tuta bilər, onun adını haralardasa çəkə
bilər.
Bunları bilirdi və heç bir bəstəkarın
mahnısını oxumurdu.
Bunları bilirdi və dava-dalaşla vaxt
alıb "Sona bülbüllər"i, "Apardı Sellər
Saranı", "Gül açdı kimi" xalq
mahnılarını lentə aldırırdı.
Özü də nə əziyyətlə, nə çətinliklə!
Sonra biz onu dinləyirdik.
Sonra xalq onu dinləyirdi.
Sonra biz ona "bəh-bəh" deyirdik.
Sonra xalq ona "bəh-bəh", "əhsən"
deyirdi.
Deyirdik. Deyirdilər!
Ancaq təsəvvür edin! İndi
artıq neçə vaxtdır Qədir Rüstəmov yoxdur.
Bakıdan uzaqdadır. Heç
kəs onunla maraqlanmır.
Heç kəs ondan ötrü heç kəsə,
heç yana bir şey yazmır.
Niyə?
Niyə biz bu qədər soyuğuq? Niyə biz bu qədər laqeydik? Niyə biz bu qədər insafsızıq?!
Niyə biz itirdiyimiz adamları
çox-çox illərdən sonra sevməyə
başlayırıq? Nədi bu xəstəlik,
nədi bu azar?
Müğənni Qədir Rüstəmovun
musiqiyə gəlişi o qədər qəfil, o qədər
gözlənilməz oldu ki, bu gəliş illərdən bəri
yaranmış durğunluğu silkələdi.
İndi mənə elə gəlir ki, o, qəfil gəldiyi
kimi, qəfil də getdi!
Onun səsi xalq havaları
üçün biçilmişdi. Bəlkə
də heç bu havaları seçməyində Qədir
Rüstəmov elə bir qəhrəmanlıq-zad da eləməyib.
Havalar onun səsinə uyar olub. Bu səs o havaları çağırıb sanki.
Bunlar həqiqətdi və bir də o həqiqətdi
ki, Qədir Rüstəmov öz sənətinin, öz səsinin
yerini bilib.
Sadəcə olaraq, Qədir Rüstəmov
başa düşüb ki, o, bu dünyaya ona görə gəlib
ki, öz səsilə kiməsə xoşbəxtlik gətirə
bilər, onun səsi kimin üçünsə təsəllidir.
Onun səsində ümid qoxusu var. Adamın
içindəki ayrılıq, həsrət onun
mahnılarını dinləyəndə yumşalır, onu
eşidən bir qədər öz dərdindən, öz sərindən
yüngülləşir.
Və nəhayət, inanırsan ki, bu gün sənin
üçün çox ağır və yaşanılmaz
olsa da, hələ "yaşamağa dəyər bir az da...". Hələ həyatın
sonu deyil.
Qədir Rüstəmovun
hıçqırıqlarındakı, harayındakı,
çağırışındakı ürək
döyüntüsünü, ürək
yanğısını duyursan və bu, ən azı sənin
qəlbindəki boşluğu doldurur. Qədirin həyat
dolu, yaşarılıq dolu -
Elə yar, yar deyirlər,
Heç məni demirlər...
- naləsindəki nidalar, kimsəsizlik
harayı səni kiməsə qovuşdurur, birdən-birə sənətin
bu qədər böyük, oxumanın bu qədər həyan
olmağına inanırsan.
Necə oldusa bir dəfə söhbət vaxtı mən
bilə-bilə dedim: axı, hardandı, hə,
hardandı Qədirin məhz xalq mahnılarını
seçməsi? Niyə gedib bəstəkar
mahnılarına əl atmır, başını girləmir,
pul qazanmır?
Dostlardan biri o saat dedi:
- Hardan olacaq?! Bu adam istedaddı, vəssəlam!
Mənə elə gəlir ki, bax, bu bircə kəlmədə
çox böyük həqiqət var. Bilmirəm, kimsə
deyib: "İstedad elin varıdır. Bir nəfərin
"yox". Əgər elin
varıdırsa, el də onun qayğısına
qalmalıdır.
Qədir Rüstəmov istedaddır. Bunu danmayaq. Özü də elə
bir istedaddır ki, illərlə onu gözləməli oluruq.
Deyək ki, Qədir Rüstəmov operada
çıxış eləyə bilmədi. Deyək ki, Rəşid Behbudov kimi geniş diapozonlu
səsə malik deyil.
Ancaq mən onun səsinin bir muğamda
neçə çalarını eşitmişəm. Hər misrada, hətta hər sözdə Qədir
Rüstəmov neçə-neçə səs
çalarından istifadə edə bildiyini sübut eləyib.
Açığını deyək: onun oxuduğu el
havaları bizim operalarımız kimi, operalardan ariyalar kimi əziz
və qiymətli deyilmi?
(Deyirlər ki, Cabbar Qaryağdıoğlu
bir dəfə Parisdə bir muğamı səkkiz saat oxuyub.
Ancaq bir opera cəmisi üç saat davam eləyir).
Biz etiraz etmirik. Qoy nəyinsə
hesabına (heyf səsinin yox, istedadının yox, irəli
çıxıb) ad-san qazananlar da olsun. Bunu
əlacsızlıqdan deyirik. Olmasa daha
yaxşıdır.
Ancaq gəlin əziz
adamlarımızın da qədrini bilək.
Gəlin düşünək: axı, nə gedir bizdən
gedir, xalqdan gedir.
Məşhur rus şairi Lev Ozerovun bir fikrini tərcüməsiz
çatdırmaq istəyirəm:
Talantam nado pomaqat,
Bezdarnıye probyutsya sami
Müğənni Qədir Rüstəmov
Bakıda yaşayırdı. Ev-eşiyi
vardı. Çətinliklə də olsa,
dolanırdı. Ancaq o, şəhərdən
getdi. İndi şəhərə gələnlərin
sayı gündən-günə artdığı bir vaxtda bu
bir qədər qəribə səslənmirmi?!
Getdi və qayıdıb-qayıtmayacağını
heç kəs bilmir!
Mən hələ də inana bilmirəm
ki, o, kimdənsə inciyib şəhərdən getdi. Yox, onun yeri məhz oralardır - Ağdamdır.
Ağdamın geniş eyvanlı evləridir, ata
yurdudur.
Ancaq gəlin açıq deyək: o, buradan köçəndən
kimin yadına düşüb? Onu da
böyük muğam ustası Ağabala Abdullayevin taleyi (!)
gözləmirmi?
Bilmirəm.
Soruşmaq istəyirəm: oralarda günlər necə
keçir, Qədir Rüstəmov?
Oralarda darıxmırsan ki?..
Bu suallara və başqa bir neçə suala cavab almaq
üçün bilmirəm nə vaxt, haçan, mütləq
Qarabağa gedəcəyəm, Qədir Rüstəmovu
tapacağam, onun haqqında ikinci məqaləmi yazacağam.
Təki sağlıq olsun!
1978
QƏDİR RÜSTƏMOV: "Mən özümü,
səsimi hazırlayırdım. Deyirdilər ki,
bax, filan vaxtı "zapis" (səsyazma) olacaq. Hazır gəlirdim. Heç bir
şey alınmırdı. Təzədən
üstündən aylar keçirdi. Unudurdular.
Yaddan çıxırdım"
QƏDİR RÜSTƏMOV:
"Çıxıb gedəcəyəm
rayona. Yaşaya bilmirəm burda"
Ədalət.- 2009.- 28 fevral.- S. 15.