DƏLİ BİR AĞLAMAQ...
Mərhum telejurnalist Alı Mustafayevin ruhuna
Yəqin ki, başlığı oxudunuz. Və yəqin ki, məni qınadınız da. Çünki başlığın sonuncu kəlməsini yazmamışam. Yəni cümləni tamamlamamışam. Amma nolar, məni qınamayın, məni suçlamayın. Mən bilərəkdən bu addımı atdım və bilərəkdən də könlümdən keçəni yazmaq qərarını verdim, ağlamaq qərarını yox. Çünki həmin o dəli ağlamaq bir neçə gündür ki, məni girinc eləyib və mən də onsuz da sığınmağa yer tapa bilmədiyim ölkənin baş kəndində heç olmasa bir dəfə də ürəyimə qulaq asmaq istədim. İstədim ki, neçə gündü səması toz-dumana bürünmüş bu Bakıda həqiqi bir duman, çən təsəvvürünü özüm üçün yarada bilim və...
Hə, insan özü-özüylə tək qalanda əgər dam altındadısa mütqəl gözlərini tavana zilləyir. Yox, açıq havadadısa ulduzlara üz tutur. Əllərini başının altına qoyub, sayır ulduzları. Daha doğrusu saymaq istədiyi ulduzlara qədər bir xəyali körpü qurur. O körpüdən də özündən başqa heç kim keçib gedə bilmir... özü demişkən... söhbət insanın cismani hərəkətindən yox, ruhən getməyindən, o körüdən keçməyindən, o ulduzlara qovuşmağından və o ulduzların işığı altında ona qaranlıq olanları işığı çıxartmaqdan gedir...
Bəzən məni qınayırlar. Əvvəl-əvvəl düşünrəm ki, bunun səbəbi nədi? ?mumiyyətlə niyə qınanmalıyam? Amma sonra baxıb görürəm ki, qınayanlar haqlıdı. Çünki "beşgünlük" deyilən dünyada 5 qəpiklik faydaya malik deyiləm. İstər özüm üçün. İstər ətrafım üçün, istərsə də məmləkət üçün. Və bunu bildiyimdən də o "beşgünlükün" özünü belə bəzən mənasız sayıram. Bu heç də ruh düşkünlüyü, hislərə qapımaq deyil. Sadəcə, çılpaq bir həqiqətdir və elə bir həqiqətdir ki, onun gözlərinin içinə baxanda istər-istəməz özünün faydalılıq əmsalını ağlın ucundan gətirib keçirirsən və görürsən ki, sən demə insanın gərəkliyi, lazımlı olması onun iş görmək qabiliyyəti və onun ətrafına, yaşadığı məkana verdiyi töhvələrlə ölçülür. Mən isə istər qələmimlə, istər həyat tərzimlə, olsa-olsa beş-üç oxucu könlünə yol tapa bilərəm (bəlkə də tapmışam!!). Bu gün isə oxucu qəlbinə gedən yol da o qədər dolanbac, o qədər ağrılı-acılıdı ki, bəzən o yala çıxmağa da ürək eləmirsən. Çünki təkcə öz dərdlərinlə yox, həm də oxucunun dərdələriylə yaşamalısan, onun da qayğılarını çiynində daşımalısan. Elə etməlisən ki, sənin çəkdiyin yükün həm dəyərini, həm qədərini, həm də mahiyyətini oxucu öz içində, öz çiynində görə bilsin. Bax, bu məqamda həmin o dediyim yol məsələsi öz-özlüyündə həllini tapır.
Təəssüf ki, mənim göy üzüylə və yaxud da tavanla etdiyim söhbətlər bəlkə də zaman və mahiyyəti baxımından çoxlarını razı salmır. Çünki bu söhbətlərin içində daha çox hiss var, duyğu var, düşüncə var və ümumiyyətlə orada maddiyətə yer yoxdur. İndiki məqamda isə maddiyyat mənəviyyatı üstələdiyindən bazar düşüncəsi daha böyük səsə, daha böyük təsir gücünə malikdir. Neyləyim ki, nə bazar Adamı ola bilmişəm, nə də bazar düşüncəsinin daşıyıcısı. Olsa-olsa ən yaxşı halda bazar da öz daxilimdədi, onun alıcı da, satıcısı da. Mən isə bu açar-kilidi özümə məxsus olan bazarın indiki halda gözətçisiyəm.
Bütün söhbətlərimin mayasında yurd niskili, şəhid olmuş doğmalar və ən vacibi isə yaşla, o bilsin ki, hətta ağrı-acılarımla, bağlı olaraq içimdən keçirtdiyim uşaqlıq illərimin bənzərsiz günləri dayanır. O günlər ki, mən sadəcə olaraq, onların geri qayıtması üçün gələn günlərimi yox, özümü qurban verməyə hazıram. Nə isə... kövrək notlar bütün halarda hərlənib-fırlanıb çevrəmdən uzaqlaşmaq istəmir. Və mən də həm daxili pıçıltıların, həm də qələmin gücü ilə yazmaq istəyirəm:
təzə ayın
ikinci günündə
o qədər halsız
və yorğunam ki,
dünyanın yükü var
çiynimdə sanki...
nə dil tərpətmək,
nə də kiprikləri
qovuşdurmaq gücüm yox,
inan ki...
təzə ayın
ikinci günündə
elə istəyirəm ki,
qalam
səninlə birgə
bizi
bu dünyadan ayıran
dünəndə...
və elə
o dünənin
odudu
sabahlara
ümid alışdıran
hələ ki,
məndə...
Bəli, mən içimdə keçən o dəli ağlamağın boğulmasının nə demək olduğunu yaşaya-yaşaya düşündüm ki, bəlkə bir az ümid işığı közərən bir ünvan axtarıb tapım, döyüm qapısını. Amma baxıb gördüm ki, mənim axtardığım ünvana yol elə mənim özümdən keçib gedir. Və o yolun yolçusu olan mən də getdiyim ünvanın mənə doğru uzanan əllərini sıxmaq üçün sadəcə, yerimdən tərpənməli idim. Bilmirəm, tərpənə bildimmi?..
mən qəfil
bulud kimi
eləcə ağlayıb getsəm
sənə açdığım ürəyin
qapı pəncərəsini
çırpıb,
bağlayıb getsəm
və bütün olanlara
hətta gözucu belə
dayanıb
baxmayıb
getsəm
və yaxud da hər şeyi
yerində
saxlayıb getsəm
onda
bu viranə dünyada
görən nə dəyişəcək...
Əbülfət Mədətoğlu
Ədalət.- 2009.- 4 iyul.-
S. 16.