DANIŞMAQ MƏSLƏHƏT DEYİL...

 

("Rəmiş" hekayəsinin müəllifinə)

 

..Bir İtin bir gündə dediklərini,

On adam on ildə demədi mənə...

... qədər etinasız əliaçıq olmalısan ki, az qala bir ömrə bəs edə biləcək düşüncələri beş-on vərəqədə "əridə" biləsən...

...Min hektarın toxumunu bir sot əkin yerinə necə səpdin, qardaş?..

...Qonşu qəsəbədən dəvət olunmuş ovçu qoşalüləni sakitcə, soyuqqanlılıqla doldurub əyilə-əyilə, çəpərin dibi ilə arxın qırağında cərgələnmiş söyüd ağaclarına tərəf getdi. Qəsəbədə yaşayanların artıq canını boğazına yığmış sahibsiz itlərin sürüsü ağacların kölgəliyində idi. İtlər hələ tüfəngi görməsələr , amma elə bil iyini aldılar. Dərhal hərəsi bir yana götürüldü... Bir it qaçmadı. Ağır-ağır yerindən qalxıb dayandı ovçu ilə üz-üzə.

...İt düz alnına uçub gələn qırmanın önündə heç gözlərini qırpmadı...

...Bütün it ovçularının gözlərinin ağı qıpqırmızı olur...

...Sonra, çay içə-içə gözlərimdən keçirtdiyim bu yazını başdan-ayağa diqqətlə oxudum... Elə həmin andaca qərara gəldim ki, bu yazını da yığıb saxladığım, qiymətli yazılar kolleksiyama əlavə edim. Etdim . lakin etməmişdən qabaq bir oxudum...

...Bu yazını ağlı başında cəm olan adam yazmayıb. Bu yazı adamın anasını gözlərinin qabağındaca ağladır dilini tərpədib soruşa bilmirsən ki, ay anna, kim dəyib sənin xətrinə?..

...İki ildi dilimə araq dəymir. İki gün kefli kimi gəzdim. Demə bir damcı içmədən keflənmək olurmuş... Arvad şübhələndi:

- İçmisən, Əşi? tez yadından çıxdı həkimlərin dedikləri?..

...Əbülfətin səsi, Aqil Abbas demişkən, molla səsinə oxşayır:

- Beyləqandayam. Yasa gəlmişəm. Axşam üstü görüşərik...

 Bizim görüşlərimizin təqvimi:

 - Üç, yeddi, qırx, il... Sonra başqalarının üçü, yeddisi, qırxı, ili... Bu Adamı toyda oynayan vəziyyətdə heç cür təsəvvür edə bilmirəm...

... Kənddə bir Rəhim kişi var idi. Adına "Dəli Rəhim" deyirdilər. Söhbət etdiyi, hal-əhval tutduğu kəndin itləyirdi. Hətta evləri itlərin adıyla "nömrələmişdi"... Alabaşın evi, Bozdarın evi, Xallının evi...

Deyirdi ki, adamlar mənə dəli deyir, itlər Rəhim kişi... Bu sözü itlərə deyirdi...

... Kənddən çıxanda itimizi gətirmişdik. Bir ay qaldı çadırda. Dilinə sudan başqa heç vurmadı... üzüldü, üzüldü acından öldü...

 

   ... Dünyanın bozarmış göyün tanımır,

   Heç bilmir dünyanın nəyin tanımır.

   İyləyir, çadırın iyin tanımır,

   Gəzir çadır-çadır bu didərgin it.

 

...Doğma itlər hürür kənd yaddaşında,

Yiyə əlləri var ip yaddaşında.

Xoşbəxt küçük qalıb it yaddaşında,

Gəzir çadır-çadır bu didərgin it.

   

... Qaçdığı cığırlar tələ, dünyada,

İnanır qismətə hələ, dünyada.

İt olmayasan belə dünyada,

Gəzir çadır-çadır bu didərgin it...

 

... Onu it dilində itlər çağırır,

Gəldiyi yerləri görüb ölməyə.

Bir ağrı içini söküb dağıdır,

Bu it razı deyil qərib ölməyə...

 

... Uşaqlarla küçüklərlə "danışmaq" daha asandı...

... 93-cü ilin avqust ayında Füzulinin kəndlərində qədər it varıdısa qaçıb doluşmuşdular Beyləqana. Bir həftə sonra Quruçayın, Köndələnin yatağı doluydu it sürüləriynən. Gündə neçə dəfə "hücum" edirdilər cəbhə xəttinə. O tərəfə keçmək istəyirdilər. O tərəfdən, bu tərəfdən gülləyə tuş gələnləri oldu, minaya düşənləri ... Amma o tərəfə keçənləri oldu...

...Adam iti əhliləşdirdi, özünə dost, yoldaş elədi. İt adama isinişdikcə vəhşililiyini, ov etmə qabiliyyətini itirməyə başladı...

...Bu xüsusiyyətlər tədricən keçdi qarşı tərəfə... İt sahibinə baxıb hürdü... Susanların itləri susdu... Adamın iti, İtin adamı... İtin, İtin...

 ... "Bizdən bir az aralıda doqquz nəfər var idi, dördü adam idi, beşi it"...

 "...Allahın ayağının altına dirənəndə duyuq duşurlər ki, elə hər şeyin sahibi Allah imiş"...

 "...Beş itdən dördü stol arxasında oturanlar qədər fəal idilər. Stol arxasındakı fəalların atdığı sümükləri göydə qapırdılar. Bir it isə yoldaşlarının sümükləri göydə necə qapmalarına çox diqqətlə səliqə ilə tamaşa eləyirdi, cəvcilərindən su axırdı"...

   "...Rəmiş əlini atıb qabırğa kababını götürdü, ağzının suyu axan itə baxıb muşqurdu. İt ona baxsa da yerindən tərpənmədi. Rəmiş ayağa durub itə tərəf bir addım atdı, it ona tərəf gəldi"...

"... İtlər gülümsəyirdi"... ?zünü onun çəkməsinə sürtsə quyruğunu bulamadı"...

 ... Əti it kimi yeyən Adam, itə Adam kimi sümük yeməyi öyrətdi... İçinin iliyi son giləsinə qədər sümürülmüş sümüyə şükr edən it ətdən doymayan Adama it kimi baxırdı...

 

...Hər ağrının üstündə göz yaşı var,

Selbəsi var, təpiyi var, daşı var.

Bağlamağa boğazı var, başı var,

Kim bağlayıb quyruğundan bu iti?

 

Nəyi yesin, axı nəyi yalasın,

Bir kimsə yox üzün tutub ulasın.

İstəyir ki, quyruğunu bulasın,

Kim bağlayıb quyruğundan bu iti?

 

Qudurduqca bu dünyanın söz iti,

Qənim olar yiyəsinə öz iti.

Quyruq var ki, dolandırar yüz iti,

Kim bağlayıb quyruğundan bu iti...

  

... Zülümmüş zəncirə ad olanda da,

Doğma qapılarda yad olanda da.

Quyruqsuz olasan, it olanda da,

Kim bağlayıb quyruğundan bu iti?..

 

... "Rəmiş gitarası ilə qucaqlaşıb getdi "Segahı" qarşılamağa... Məni bağışlayın, onun necə çaldığını yazmağa mənim kişiliyim çatmaz...

 ... "Həmin o tənha it əvvəlcə qulaqlarını şəklədi, sonra yuxulu bir görkəmdə Rəmişin qarşısında şonqudu"...

... Bomboz, bir damcı həyat nişanəsi olmayan təpənin döşündən buz kimi, dupduru su axıb tökülür. Ağzını söykəyib yüz il içəsən doymazsan. Göz işlədikcə baxasan ətrafda dağ var, çay. Otsuz, ağacsız qum, çınqıl təpələridi... Bu suyun, bu təpənin döşündən niyə, səbəbə axıb töküldüyünü, bu sehri, bu möcüzəni izah etməyə mənim kişiliyim çatmaz... Bu Allaha məxsus olan işdi. Bəndəlik deyil... Rəmişin gitarası da elə belə bir şeydi, vəssəlam...

... Xarici maşın dayandı. Adam maşından düşüb çətinliklə, tövşüyə-tövşüyə yendi aşağı. Yol yuxarıdadı. Elə bil yeriyib gəlmədi, yumalana-yumalana gəldi. Gödək, toppuş əlləri irəli çıxmış qarnından arxada sümüksüz ət kimi sallanır. Bədəninə uyğun gəlməyən cır səsinən:

- Qardaş, o sudan mənə bir stəkan ver - dedi.

Suyu içmədi, it kimi yaladı elə bil soruşdu:

- Buralısan?

- .

- Mən buralıyam. Odey, o kənddən, Seyidəhmədlidən...

Əlini uzatdığı istiqamətə baxdım. Alıxanlı kəndini göstərirdi...- Yox, ora Alıxanlıdı. Seyidəhmədli bax, bu görükən kənddi- dedim.

Gülümsədi:

- On altı ildi burlara yolum düşmür. Yadırğamışam...

... Mən orda, Yeni Yasamaldakı darvazasız, qapısız həyətdə olmamışam. Amma

Rəmişin çaldığını eşitmişəm, o iti görmüşəm. Bu çoxdan olub, lap çoxdan...

...Kitabın girişindəki avtoqrafdan aşağıda telefon nömrəsi var. nömrəni yığdım. Araşdırma başa çatmamış söndürdüm. Axı deyəsiyəm ki? Deməyə söz var ki? Adamın anasını ağlatmışa düşür? Təşəkkür?..

...İt kimi susmaqla hər şeyi çatdırmaq mümkündürsə, danışmaq məsləhət deyil...

...Sabah, yenə əlimi, qolumu yanıma salıb, sallana-sallana çıxıb gedəcəyəm Əhmədbəyli dördyolundakı çayxanaya... On altıncı ilin neçə mininci gününüsə "öldürməyə"...

... yüz faiz əminəm ki, məni o çayxanadan harasa dəvət edən, çağıran olmayacaq...

Düzdü, burdada darvazasız, qapısız həyətlər var. Öz sənətinin sənətkarları yiyəsiz itlər az deyil... Burda Rəmiş yoxdu...

  

 

Vahid ƏLİFOĞLU

 

Ədalət.- 2009.- 4 iyul.- S. 21.