Xəzərin içərisində...

 

Bir azdan buralara maşınla gedəcəyik

 

Dünyanın ən böyük gölündə dünyanın üçüncü ən böyük layihəsi həyata keçə bilər

 

Yaxın vaxtlarda koreyalı ekspertlər "Bakı Körfəzi Dəniz Körpüsü" layihəsi üzrə bəzi detalları dəqiqləşdirmək üçün Azərbaycana gələcək. Nəqliyyat Nazirliyi nəqliyyat siyasəti və iqtisadiyyat şöbəsinin müdiri Sədrəddin Məmmədovun "APA-Economics"ə bildirdiyinə görə, Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOİCA) ayırdığı qrant hesabına layihə üzrə texniki tapşırıq və texniki-iqtisadi əsaslandırma layihəsi hazırlanacaq.  

"Bizim layihə ilə bağlı bəzi təkliflərimiz var. KOİCA-ya bildirmişik və yaxın vaxtlarda "Dong Sung Engineering" şirkətinin mütəxəssislərinin Azərbaycana səfəri təşkil olunacaq", - deyə nazirlik rəsmisi vurğulayıb.  

Onun sözlərinə görə, layihənin üç mərhələdə həyata keçirilməsi planlaşdırılır. Layihələndirmə işləri, texniki-iqtisadi əsaslandırmanın hazırlanması və konsorsiumun yaradılması ən azı 3 il çəkəcək. "Biz istəyirik ki, bu layihə tez bir zamanda reallaşsın. Bu layihəyə maraq böyükdür", - deyə S.Məmmədov vurğulayıb. O, körpüdən Zirə (keçmiş Nargin) adasında yaradılacaq şəhərciyə yol olacağını da vurğulayıb.   

Hazırda "Eurocity" Şirkətlər Qrupu tərəfindən Xəzər dənizində yerləşən Zirə adasında ekoloji kurort kompleksinin yaradılmasını nəzərdə tutan "Zirə Sıfır İxrac Adası" layihəsi üzrə iş aparılır.  

Qeyd edək ki, Şıx qəsəbəsindən Zığ qəsəbəsinə qədər dəniz (Bakı buxtası) üzərindən salınacaq körpünün əsas hissəsinin (dənizin üzərindəki hissə) uzunluğu 13,5-15 km təşkil edəcək. Bakını əhatə edən dairəvi yola birləşəcək körpünün kommunikasiyaları ilə birlikdə uzunluğu 20 km-dən çox olacaq.  

Dəniz körpüsü gəmilərin hərəkətinə mane olmamaq üçün hündür dayaqlar üzərində inşa olunacaq. Körpünün dayanıqlığını və elastikliyini təmin etmək məqsədi ilə kanatlardan istifadə ediləcək. Körpünün altından 40 min tona qədər dedveydi olan gəmilər keçə biləcək. Koreya tərəfi bu körpünün tikintisinə təxminən 1 mlrd. dollar həcmində vəsait ayıracaq.  

Ələt qəsəbəsi yaxınlığında inşa olunacaq yeni Bakı Beynəlxalq Dəniz Limanında isə regionda analoqu olmayan Logistika Mərkəzinin yaradılması nəzərdə tutulur. "Limanın baş planı oktyabr ayına hazır olacaq. Mərkəz barədə qərar qəbul olunsa, bu, limanın baş planına uyğunlaşdırılacaq", - deyə S.Məmmədov bildirib.  

Onun sözlərinə görə, Logistika Mərkəzi yük axınlarının idarə olunması, malların dəstləşdirilməsi, çeşidlənməsi və s. fəaliyyətləri yerinə yetirəcək. 

 

Xəzər adalar gölünə çevrilir  

 

Payızda Xəzərdə süni adaların yaradılması ilə bağlı olaraq layihələndirmə işlərinə başlanacaq.  

Bakıdan çox da uzaqda yerləşməyəcək bu adalar ölkə paytaxtı ilə avtomobil yolları vasitəsilə birləşəcək. Bundan başqa, adalara gəmi-bərə və kater marşrutları da açılacaq. Layihədə 4 adanın yaradılması nəzərdə tutulub.  

Planlaşdırma, smeta, texniki-iqtisadi əsaslandırma işləri ilə bağlı tender keçirilməsə də, artıq potensial icraçılar var. Onlar Böyük Britaniya, Hollandiya və Cənubi Koreya şirkətləridir. Bununla yanaşı, Birləşmiş Ərəb Əmirlikləri və Rusiyadan olan şirkətlər də prosesə qatılmaq istədiklərini bildiriblər.  

Rəsmi qurumlar süni adalarla bağlı məlumatı açıqlamaq istəmirlər və şərh də vermirlər.  

Lakin bəlli olan budur ki, Bakı buxtasından 10-15 km aralıda yerləşəcək həmin adaların inşasının yeganə məqsədi onları turizm obyektlərinə döndərməkdir.  

Adaların hər birində hotellər, ticarət mərkəzləri, əyləncə məkanları ilə yanaşı, "resort" və villa tipli evlərin də inşası nəzərdə tutulub.

 

("Ekspress")  

 

"Eurocity" şirkətlər qrupunun Xəzərdəki Zirə adasında ekoloji kurort kompleksinin yaradılmasını nəzərdə tutan layihəsi ilə paralel "4 ada"nın da işə salınması perspektivinə münasibət isə birmənalı deyil.  

Birləşmiş Ərəb Əmirliklərinin sahilləri yaxınlığında yeni süni adalar qrupunun yaradılmasını nəzərdə tutan "Marine Conservation Park and Resort" layihəsinin müəllifi "World Dive Centres"in analitiki Devid Suorsts hesab edir ki, Bakı yaxınlığında dənizdə süni adalar qrupu yaradılacaqsa, bu layihənin təxmini konturlarını cızmaq çətin deyil.  

"Orada ticarət və əyləncə məqsədli obyektlər, hotellər, infrastruktur tikililəri və yaşayış binaları olacaq. Məncə, hər adanın sahəsi 250 min kvadrat metrdən artıq olmaz. Bütün bunlar pis deyil. Amma məsləhət görərdim ki, Xəzərdə, Bakı sahillərinin yaxınlığında süni adalar yaradılarkən Birləşmiş Ərəb Əmirliklərinin təcrübəsi nəzərə alınsın.  

Çünki belə adalar dənizdəki flora və faunaya mənfi təsir göstərə bilər. Sualtı axınlar, dəniz canlılarının ov və miqrasiya marşrutları, sualtı relyefin özəllikləri - bir sözlə, mümkün olan hər şey hesablanmalıdır", - D.Suorsts bildirib.

 

Yaponiya və BƏƏ-dən sonra üçüncü layihə 

 

Onun dediyinə görə, çox yəqin ki, süni adaların salınmasında neft-qazçıxarma platformasının prinsipi əsas götürüləcək, tikintidə isə ekoloji baxımdan təhlükəsiz sement növlərindən istifadə ediləcək.  

İndiyədək dünyada süni adaların yaradılması sahəsində liderlər Yaponiya və Birləşmiş Ərəb Əmirlikləridir. Əgər yaponlar ərazi çatışmazlığından dolayı belə adaları yaranmış ehtiyacdan dolayı tikirsə, BƏƏ üçün süni adalar yalnız investorları cəlb etmək vasitəsidir.  

Rusiyadakı "Blackwood" şirkətinin icraçı direktoru Mariya Litinetskayanın dediyinə görə, Birləşmiş Ərəb Əmirliklərindəki dünyaca məşhur, palma formasında olan "Palm Jumeirah" və konturları dünya xəritəsini təkrarlayan "The World" süni adalarının tikintisi ilə bağlı təcrübədən Bakı da yararlana bilər.  

"Rusiyadakı developerlər də bu təcrübədən bəhrələnmək istədi. Lakin belə ideyalara bizdə kəskin ehtiyac duyulmur, çünki Rusiyanın kontinental ərazisi yetərincə geniş, təbii adaları da çoxdur. Doğrudur, Sankt-Peterburq sahilləri yaxınlığında, Fin Körfəzində "Dəniz Fasadı" adlı 476,7 hektar ərazili süni adanın yaradılması layihəsi mövcuddur. Lakin o adada yeni sərnişin dəniz limanının inşası nəhərdə tutulur. Adada kommersiya daşınmaz əmlakı və yaşayış binaları da olacaq, fəqət əsas məqsəd Sankt-Peterburq limanını indiki yükdən bir qədər azad etməkdir", - M. Litinetskaya bildirib. Xarici dövlətlərin təcrübəsi göstərir ki, sahil yaxınlığında, dənizdə süni adaların inşası zamanı hər hektar $50-60 milyona və ya hər sot $500 min-600 minə başa gəlir.  

"Süni adaların inşasının maya dəyəri ilə bağlı vahid norma yoxdu. Bu isə ilk növbədə adaların inşa şəraitindəki fərqlər - hidrogeoloji şərtlər, temperatur rejimi və dənizdəki dalğa təzahürləri ilə bağlıdır. Smeta hər konkret hal, hər layihə üçün əlahiddə şəkildə hesablanmalıdır", - inşaatçı-ekspert Murad Qarayev deyir.  

   Onun dediyinə görə, Xəzərdəki süni adaların inşa edilməsinin məqsədini anlamır. Əgər bu işlər turizm infrastrukturunu gücləndirib normal hala gətirmək və ölkəyə yeni investisiyalar cəlb etmək üçün həyata keçiriləcəksə - həmin sərmayəni yatırmağa "quru"da xeyli məkan var.

 

...Və digər ulduz-layihələr 

 

Ekoloqlar isə Bakı buxtasında və ya buxtanın yaxınlığında süni adaların yaradılmasını məqsədəuyğun layihə hesab etmirlər. Onların fikrincə, dənizdə belə süni obyektlərin yaradılması dənizdəki ekoloji tarazlığı pozaraq flora və faunaya zərər vura bilər. Amma bu harasıdır. Yadınızdadırmı bir qədər əvvəl Zirə adasında layihə çərçivəsində 4 və 5 ulduzlu otellər, 300 lüks villa, əhali üçün yaşayış binaları inşa olunacaq. Bakıdan adaya taksi gəmilər və vertolyotlar vasitəsi ilə gəlmək mümkün olacaq. Adada benzin və qazla işləyən avtomobilləri elektriklə işləyən minik maşınları əvəz edəcək.  

Layihədə "Yeddi zirvə" konsepsiyası həyata keçirilir. "Yeddi zirvə"dən hər biri Azərbaycanın məşhur dağlarından birini simvollaşdırır. Hər bir zirvədə xüsusi və ictimai funksiyalar birləşir. Birlikdə dağlar adanın təbii topoqrafiyası ilə ahənglə qovuşan üfüqü formalaşdırır. Sıx və parlaq şəhər cəmiyyəti xüsusi kurortlar, qolf meydanları və çimərlikləri olan mərkəzi ictimai vadi ilə birləşir.   

Layihənin ilkin məbləği 4-4,5 mlrd. ABŞ dolları dəyərində qiymətləndirilir. Lakin gələcəkdə məbləğin dəyişməsi mümkündür. Layihənin mütəxəssisləri maliyyə böhranının işlərə təsir göstərməyəcəyini qeyd ediblər.   

Layihə müəllifləri 1918-20-ci illərdə burada bolşeviklər və ermənilər tərəfindən qətlə yetirilmiş türk və Azərbaycan əsgərlərinin xatirəsinə abidə də yaradacaqlar. Bu möhtəşəm abidə adanın mərkəzi istirahət parkında quraşdırılacaq. Adada ötən əsrin 30-cu illərində qətlə yetirilmiş insanların qalıqları isə başqa yerlərə köçürüləcək. Nargindəki şəhərciyin proqnozlaşdırılan qiyməti altı milyard dollardır, ərazinin həcmi 1 kv. km-dir. Bu da o deməkdir ki, hər kv. metrə altı min dollar vəsait qoymaq lazım gələcək. 60 ilə yaxındır ki, tikinti üzrə mühəndis işləmiş Nazim Muradasilov deyir ki, bu, fantastik göstəricidir və təcrübədə belə şeyə rast gəlinmir.  

 

Təcrübəyə baxaq:   

 

Dubaydakı məşhur üç palma adasından biri - "Palma Jumeyrah" adasına dünyanın 8-ci möcüzəsi də deyirlər. Bu, dünyada insanın yaratdığı ilk süni adadır. Səmadan baxanda ada palma ağacını xatırladır. Ərazicə Nargindən 5 dəfə böyükdür. Adadakı tikinti xərcləri bir neçə dəfə artsa da, nəticədə "Palm Jumeirah"ın büdcəsi Nargin üçün nəzərdə tutulan büdcədən 2 dəfədən bir az böyükdür - təqribən 14 milyard dollardır. Amma bir iş də var ki, xərcin böyük hissəsi adanı yaratmağa sərf olunub. "Palm Jumeirah"ı yaratmaq üçün Dubay sahillərinə 9 milyon kubmetr qum və 7 milyon ton qaya materialı tökülüb. Nargin isə təbii adadır, ərazisi qayalıqdır.   

İqtisadçılar elə büdcəsinin böyüklüyünə görə, Nargin layihəsindən şübhələnirlər. Aurositi Holdingin nümayəndəsi Oğuz Erkan "Azadlıq" Radiosuna deyir ki, layihəni investorlara təklif edəcəklər. Amma iqtisadçı ekspert Vüqar Bayramlı "Azdalıq" radiosuna bildirir ki, bu layihənin iqtisadi səmərəliliyi azdır, üstəlik, dünyada maliyyə böhranı hələ də davam edir, belə bir layihəyə indi investorların maliyyə ayıracağı inandırıcı görünmür:

"Dünya təcrübəsində bu cür layihələrin həyata keçirilməsində həm çirkli pulların yuyulmasına, həm də başqa neqativ hallara rast gəlinir. Nargin adası layihəsi ilə bağlı bunu hələlik demək çətindir. Amma bütün hallarda görünən odur ki, bu layihənin iqtisadi səmərəsini əsaslandırmaq çətindir".   

Məsləhətləşdiyim ekspertlər istisna etmirlər ki, layihə yarıyolda qalarsa və onu maliyyələşdirmək üçün pul çatışmazsa, dövlət büdcəsindən ona pul ayrıla bilər.      

 

Gölə su çəkilir...  

 

Artıq hökumət Narginə investisiya qoymağa başlayıb. Dövlət Neft Şirkəti Narginə Şıxov xəttilə 10 düyümlük su kəməri çəkib. Təbii qaz isə artıq adada var. Sual yaranır: Nargində yaşayış yoxdur, bura investisiya qoyulacaqsa, hökumət adada infrastruktur yaratmağa niyə pul xərcləməli idi?.   

 

Adanın icarə hüququ kimdədir? Narginə yiyə duran yoxdur 

 

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi deyir ki, Nargin adası dövlət torpağıdır. 1999-cu ilin 17 mart tarixli "Torpaq icarəsi haqda" qanuna görə, dövlət torpaqları üç yolla icarəyə verilə bilər. Ya bilavasitə, yəni, mülkiyyətçinin qərarı ilə, ya torpaq müsabiqəsi, ya da ki, hərracla.  

"Hüquqi Dövlət" Araşdırmalar Mərkəzinin prezidenti Müzəffər Baxışov deyir ki, Narginin icarəyə verilməsi həm təzə qanundan əvvəl, həm də sonra ancaq ya hərrac, ya da müsabiqə ilə icarəyə verilə bilərdi:   

"Topraq icarəsi haqqında qanunun 10-cu maddəsinin dördüncü bəndinə əsasən, əgər dövlət torpağı xüsusi şəhərsalma əhəmiyyətinə malikdirsə, onun icarəsi yalnız hərrac və müsabiqələr vasitəsilə mümkündür. Yəni, 2008-ci ilin 28 oktyabrından əvvəl də, sonra da, indiki halda da Narginin icarəyə verilməsi üçün hərrac və müsabiqənin keçirilməsi qanunla tələb olunur".   

Bəs belə hərrac keçirilibmi?  

 

 

Səbuhi

 

Ədalət.- 2009.- 11 iyul.- S. 10.