Professor Rafiq Əliyev: "Mən hansı məsuliyyətin
altına girdiyimi dərk edirəm"
Azərbaycanlı alimin yeni nəzəriyyəsi ABŞ-da
müzakirə olunur
Tanıtma: Rafiq Əliyev namizədlik
və doktorluq dissertasiyasını SSRİ EA-nın İdarəetmə
Problemləri İnstitutunda (Moskva) 1967 və 1974-cü illərdə
yerinə yetirib. O, Azərbaycan Dövlət Neft
Akademiyasının Avtomatlaşdırılmış İdarəetmə
Sistemləri kafedrasının müdiridir. Almaniyanın Zigen Universitetinin, Quzey
Kıbrıs Yaxın Doğu Universitetinin, ABŞ-ın Corciya
Dövlət Universitetinin, Təbriz Universitetinin professorudur.
R.Əliyevin tədqiqat
maraqları müasir idarəetmə nəzəriyyəsi, Soft
Kompütinq, multiagent paylanmış süni intellekt və
sözlə hesablama nəzəriyyəsini əhatə edir.
Onun cari tədqiqatları ümumiləşdirilmiş
dayanıqlıq nəzəriyyəsi, rekurent qeyri səlis
neyron şəbəkələri, II tip qeyri-səlis sistemlər,
təkamül hesablama, qeyri-müəyyənlik şəraitində
qərar qəbuletmənin təhlili və qeyri-səlis
iqtisadiyyat ilə əlaqədardır.
Prof. R.Əliyev müntəzəm
olaraq keçirilən "Qeyri-səlis sistemlərin və
soft kompütinqin tətbiqi" (International Conference on
Applications of Fuzzy Systems and Soft Computing), "Sistemli təhlil,
qərar qəbuletmə və idarəetmədə soft
kompütinq, söz və persepsiya ilə hesablamalar"
(International Conference on Soft Computing and Computing with Words in System
Analysis, Decision and Control) və "İstehsalın
avtomatlaşdırılması üçün intellektual
sistemlər" (World Conference on Intelligent Systems for Industrial
Automation) beynəlxalq konfranslarının sədridir. O,
Yaponiyada nəşr olunan "Journal of Advanced Computational
Intelligence and Intelligent Informatics" beynəlxalq jurnalın
redaktoru, Hollandiyada nəşr olunan "Journal of Web-based
Communities", İranın "Iranian Journal of Fuzzy
Systems", İtaliyada çap olunan "International Journal of
Advances in Fuzzy Mathematics", ABŞ-da çap olunan beynalxalq
"Intelligent Automation and Soft Computing" jurnalların
redaksiya heyətinin üzvüdür. R.Əliyev elm sahəsində
SSRİ Dövlət Mükafatı (1983) və ABŞ-ın
Fullbright Mükafatı laureatıdır (1997).
Professor R.Əliyev bu günlərdə
ABŞ-dan qayıdıb. O, Berklidəki Kaliforniya Universitetində,
Sinsinati Universitetində və başqa universitetlərdə
seminarlar keçirib və mühazirələr oxuyub. Alim səfərin
yekunları ilə bağlı fikirlərini Lent.az-a
açıqlayıb.
- ABŞ-a bu dəfəki səfəriniz
kimlərin dəvəti ilə baş tutdu?
- Bu səfərim əsasən
ABŞ-ın iki universitetinin dəvəti və xahişi ilə
səbəblənmişdi. Əvvəla, Berkli Universitetinin
BISC (Berkeley Initiative in Soft Computing) qurumunda seminar keçirmək
üçün professor L.Zadə tərəfindən dəvət
olunmuşdum. Bu dəvətin başqa bir məqsədi Berkli
Universiteti ilə olan elmi kontraktımız üzrə
apardığımız tədqiqatların nəticələrini
təhlil etmək, gələcək elmi
araşdırmalarımızı müzakirə etmək idi.
Başqa bir dəvət isə
Sinsinati Universiteti tərəfindən idi. İyun
ayının 14-17-də bu universitetdə NAFIPS-2009 (North
American Fuzzy Information Processing Society) keçirilirdi.
Konfransın sədri ABŞ-da və ümumiyyətlə
dünya elmində yaxşı tanınan professor A.Ralesku plenar
məruzə ilə çıxış etmək
üçün mənə dəvət göndərmişdi.
O, yazırdı:
"Hörmətli professor
R.Əliyev, Sizi "Qeyri-səlis iqtisadiyyatda qərarların
təhlili və dayanıqlılığın tədqiqi"
mövzusunda plenar məruzə etməyə dəvət
edirik. Sizin çıxışınız konfransın
müvəffəqiyyət və keyfiyyəti üçün
böyük əhəmiyyət kəsb edəcək.
Hörmətlə, NAFIPS
2009-un baş rəhbəri professor A.Ralesku".
Əlbəttə, bu cür
mötəbər bir ümumdünya elmi forumunda plenar məruzə
ilə çıxış etmək hər bir elmi
işçi üçün şərəfdir və nadir
hadisədir. Buna görə də mən bu dəvəti qəbul
etdim.
- Berkli Universitetindəki
seminarınız barədə daha müfəssəl informasiya
verə bilərsinizmi?
- Bir neçə kəlmə
ABŞ-ın Berklidəki Kaliforniya Universiteti barədə demək
istərdim. Bu universitet dünyanın ən məşhur bir
neçə elm və təhsil mərkəzlərindən
biridir. Şanxay Universitetinin reytinq üsuluna görə Berkli
Universiteti dünyanın 10 top universiteti içərisində
2-3-cü yerlərdə durur. Bu universitet 37 Nobel
mükafatçısı ilə fəxr edir. Dahi L.Zadə də
1959-cu ildən bu universitetdə çalışır. Onun rəhbərlik
etdiyi BISC beynəlxalq mərkəzi yeni texnologiyalar, intellektual
sistemlər üzrə dünya alimlərinin Məkkəsinə
çevrilib. Mən keçən il də bu mərkəzdə
"Fuzzy Decision analysis and control in multi-agent behavioral economic
systems" mövzusunda seminar keçirmişdim. Bu ilki
seminarımın elmi məğzindən əlavə,
yaddaşıma həmişəlik həkk olunan bir emosional tərəfi
də var idi. Həm internetdəki anonslarda, həm də nəhəng
Berkli Universitetinin Soda Hall binasındakı elan lövhəsində
aşağıdakı elanları oxuyanda qürur hissimin sərhədi
yox idi:
BISC Seminar, 11 iyun, 2009, 1600 -
1700, 373 Soda Hall
Mühazirəçi:
Professor Lotfi A. Zadeh
Genişləndirilmiş
qeyri-səlis məntiq (Toward Extended Fuzzy Logic)
BISC Seminar, 12 iyun, 2009, 1600 -
1700, 373 Soda Hall
Mühazirəçi:
Professor Rafiq Əliyev
Dəqiq olmayan ehtimallı
mühitdə qərarların təhlili (Decision Analysis with
imprecise probabilities)
Bu qürur hissi vətənimdən,
millətimdən, Azərbaycandan qaynaqlanırdı.
Seminarın məzmununa gəlincə, burada əsas məsələ
iki tərtibli qeyri-müəyyənliklə, başqa sözlə,
mövcud qeyri-müəyyənlik haqqında qeyri-müəyyən
informasiya ilə səciyyələnən mühitdə, məsələn
iqtisadiyyatda, sosial-iqtisadi sistemlərdə yeni qərar qəbul
etmə nəzəriyyəsinin yaradılmasıdır.
- Söhbət ikiqat
qeyri-müəyyənlikdən gedir? Bu barədə APA bir
müddət öncə məlumat vermişdi.
- Yadımdadır. Bu
sualı mənə "Exo" qəzetində iştirak
etdiyim İnternet forumunda da vermişdilər. İndi söhbət
ideyadan yox, formalaşmış yeni bir nəzəriyyədən,
özü də mövcud klassik qərar qəbul etmə nəzəriyyəsini
müəyyən mənada inkar edən nəzəriyyədən
gedir.
- Olarmı ki, bu nəzəriyyənizin
mahiyyətini bir az populyar tərzdə açasınız,
onun üstün tərəflərini göstərəsiniz.
- Qərar qəbuletmə nəzəriyyəsi
tək iqtisadi nəzəriyyənin deyil, gündəlik həyatımızda
rastlaşdığımız və seçim tələb
olunan fəaliyyətimizin əsasıdır. Qərar qəbuletmə
mövcud alternativlər (variantlar) içərisindən
müəyyən meyarlara görə ən əlverişlisinin
seçilməsidir. Əgər qərar qəbul olunan
mühit tam müəyyəndirsə, hər bir alternativin nəticəsi
tam məlumdursa, yəni mühit perfektdirsə, seçim
çox asandır, nəticələrin
üstünlüyünə, ranqına görə qərar qəbul
etmək olar.
Mühit inperfektdirsə, yəni
hər bir alternativin nəticəsi qeyri-müəyyəndirsə,
seçim etmək üçün mükəmməl nəzəriyyəyə
ehtiyac var.
İlk belə nəzəriyyə
von Neumann və Morgenstern tərəfindən təklif
olunmuş gözlənilən faydalılıq nəzəriyyəsidir.
Burada əsas mülahizə odur ki, hər bir alternativin (qərarın)
verdiyi nəticənin ehtimalı tam məlumdur və əvvəlcədən
verilib. Bu müəlliflər Nobel mükafatına layiq
görülüblər. Bu nəzəriyyəni tənqid edən
Savage obyektiv ehtimalın əldə olunmasının çətinliyini
(çox zaman mümkünsüzlüyünü) göstərərək
subyektiv ehtimaldan, yəni bu və ya digər hadisənin
baş verməsinin əminlik dərəcəsindən istifadə
etməyi təklif etdi. İqtisadiyyatın bu klassik qərar qəbuletmə
nəzəriyyələri real həyatda çox zaman
özünü doğrultmur. Əvvəla ona görə ki,
bu nəzəriyyənin kökündə çox da real olmayan
seçim üstünlüyünün asılı
olmaması mülahizəsi, obyektiv ehtimalla insanın əminlik
səviyyəsinin identiklik hipotezi və s. durur.
Buna görə də
başqa alternativ - gözlənilməyən faydalılıq
(non-expected utility) nəzəriyyələri yarandı. Bu
gün bunların içində ən önəmlisi Nobel
mükafatçısı professor Kahneman və onun həmkarı
professor Tverskynin təklif etdiyi Prospekt nəzəriyyəsidir.
İqtisadiyyata psixologiyadan gəlmiş bu alimlər hadisələrin
ehtimallarının insan tərəfindən
qavranmasının qeyri-xəttiliyini, iqtisadi agentlərin, məsələn
qərar qəbul edən şəxsin qazancdan çox itkiyə
həssas olması və başqa cəhətləri nəzərə
alıblar.
Sadaladığımız və
bəzi sadalamadığımız klassik alternativ
faydalılıq nəzəriyyələrinin əsas
çatışmayan cəhətləri odur ki, onlarda nəticələrin
faydalılıq funksiyasının ehtimallarının dəqiq
məlum olması nəzərdə tutulur. Bunun əksinə
olaraq, real həyatda insanın seçim üstünlükləri
və nəticələrin ehtimalları əslində qeyri-dəqiq
olur və təbii dildə ifadə olunur. Xüsusi halda ən
məşhur nəzəriyyələrdən biri - Kahneman -
Tversky nəzəriyyəsi çox vacib psixoloji aspektləri əks
etdirdiyinə baxmayaraq, bu çatışmazlıqdan azad ola
bilmir. Bu nəzəriyyənin digər
çatışmazlığı ciddi aksiomatik əsasların
olmamasıdır. Bunları nəzərə alaraq biz ikinci tərtib
qeyri-müəyyənlik şəraitində qərar qəbul
etmənin yeni nəzəriyyəsinin əsaslarını, daha
doğrusu qeyri-dəqiq ehtimallı qərarların qəbul
edilməsini təklif edirik. Bu nəzəriyyədə qeyri-səlis
inteqrala əsaslanan qeyri-səlis faydalılıq funksiyası
qeyri-səlis qiymətli additiv olmayan ölçüdən
istifadə edilərək verilir. Berkli Universitetində
keçirdiyim seminarın əsas məqsədi dünya alimlərini
bu yeni nəzəriyyə ilə tanış etmək, tənqid
və təkliflərini eşitmək, nəticələrimizə
qıraqdan baxa bilmək imkanı qazanmaq idi.
- Özünüzə
qıraqdan baxa bildinizmi?
- Seminarda ABŞ, Almaniya,
Koreya, Kanada, Türkiyə və başqa ölkələrdən
çoxsaylı seçilmiş alimlər iştirak edirdilər.
Onların fikirləri bizim üçün (həm professor Zadənin,
həm də mənim tədqiqat qruplarım üçün)
çox vacib oldu. Bütövlükdə isə bu nəzəriyyə
haqqında yaxşı yekdil fikir formalaşdı. Professor
L.Zadə bu barədə mənə göndərdiyi
ismarıcında yazır:
"Sizi Berklidə görmək,
qarşılıqlı maraqlarımıza əsasən fikirlərimizi
və ideyalarımızı bölüşmək çox
xoş idi. Qeyri-dəqiq ehtimallar mühitində qərar qəbuletmə
nəzəriyyənizin dərinliyinə həqiqətən
heyran olmuşam. Bu həm nəzəri, həm də praktiki tərəfdən
yeni bir elmi istiqamət olaraq böyük maraq doğurur. Sizin
BISC seminarında və NAFIPS-2009-un plenar iclasındakı
mühazirələriniz hər nöqteyi-nəzərdən
böyük təəssürat yaradır. Sizi tezliklə yenidən
Berklidə görməyi arzulayıram. Hörmətlə,
Lütfi".
- Bu nəzəriyyənin tətbiqi
barədə nə deyə bilərsiniz?
- Əvvəla onu deyək
ki, nəzəri müddəalar əsasında lazımı
kompüter hesablamaları aparmaq üçün müasir C
dilində universal proqramlar paketi yaradılıb. Bu proqramlar
paketi bəzi universitetlərin xahişini nəzərə
alaraq ABŞ və başqa ölkələrə göndərilib.
Bundan əlavə seminarda təklif olunmuş qərar qəbuletmə
nəzəriyyəsinin 3 müxtəlif sahələrə tətbiqi
müzakirə olunub. 1-ci: potensial neft ehtiyatlarına malik
regionda neft çıxarma sahəsində qeyri-səlis ehtimal
şəraitində qərar qəbuletmə məsələsi.
2-ci: elektron firmanın strateji inkişafı barədə
biznes mühitinin vəziyyətindən asılı olaraq,
optimal qərarların seçilməsi. 3-cü isə neft
emalı müəssisələrində gəlir, məhsulun
keyfiyyəti və işçilərin öz vəziyyətlərindən
razılıq dərəcəsi (bu, davranış
iqtisadiyyatı baxımından çox önəmlidir)
meyarlarına və informasiyanın mövcudluğu və
tamlığına görə çoxmeyarlı optimal qərarların
qəbulu.
- Bir qədər Sinsinati
universitetində keçirilən NAFIPS-2009 və sizin
çıxışlarınız barədə məlumat
verin.
- Zadə ilə birlikdə
Berklidən Sinsinatiyə getdik və NAFIPS-2009-un işində
iştirak etdik. NAFIPS-in əsas məqsədi bəşəriyyətin
rifahı naminə qeyri-səlis çoxluqlar nəzəriyyəsinin
inkişafı və uyğun yeni texnologiyaların dəstəklənməsidir.
Bu məqsədlə NAFIPS
müxtəlif milli və beynəlxalq təşkilatlar ilə
əməkdaşlıq və texnologiyaların mübadiləsini
həyata keçirməyə çalışır.
NAFIPS-in növbəti illik
konfransı-NAFIPS 2009 bu ilin iyun ayının 14-dən 17-nə
kimi ABŞ-ın Ohayo ştatının Sinsinati Universitetində
keçirilirdi. Konfransın vəzifəsi intellektual sistemlər
və texnologiyalar sahəsində perspektiv ideyaların və tədqiqatların
müzakirəsi, bu sahədə elmin və texnologiyaların gələcək
istiqamətinin müəyyənləşdirilməsi, qeyri-səlis
informasiya emalı sahəsində innovasiyaların və nailiyyətlərin
müzakirəsi məqsədilə tədqiqatçıların,
mühəndislərin və praktiklərin bir yerə toplamaqdır.
Konfransa qatılarkən bayaq
söylədiyim qürur hissi birə-beş
artmışdı. Hər şeydən əvvəl ona görə
ki, ilk dəfə idi görürdüm ki, Azərbaycan
bayrağı belə mötəbər bir elmi forumun təqdim
səhifəsinə çıxarılıb. İkinci məqam
da bu idi ki, ABŞ-da Sinsinati universitetində keçirilən
bu ümumdünya elmi forumunda yüzlərlə
çıxışlar içərisində cəmi 5 plenar məruzə
var idi, onun da 1-ci və 2-ci məruzələri belə idi:
L.A.Zadə: "Klassik qeyri-səlis
məntiqdən genişlənmiş qeyri-səlis məntiqə
- 1-ci mərhələ" (From Fuzzy Logic to Extended Fuzzy Logic-A
First Step).
R.Ə.Əliyev: "Qeyri səlis
iqtisadiyyatda qərarların təhlili və
dayanıqlılığın tədqiqi" (Decision and
Stability Analysis in Fuzzy Economics).
3-cü-5-ci məruzələr
isə ABŞ, Fransa və Kanadadan idi.
- Bu bir xoş təsadüfdür,
yoxsa qanunauyğunluq? Həm Berkli universitetində, həm bir
neçə gündən sonra Sinsinati universitetində siz və
Zadə dalbadal seminar və plenar məruzələr
keçirirsiniz?
- Düşünmürəm
ki, təsadüfdür. Bunlardan hər ikisi bizim arzu və
xahişimizlə olmayıb. Bizi israrlı dəvət ediblər.
- Plenar məruzəniz nə
haqda idi? Necə qarşılandı?
- Biz son bir neçə ildir
ki, ABŞ-ın Corciya Dövlət Universiteti və Berkli
Universiteti ilə birlikdə qeyri-səlis iqtisadi nəzəriyyə,
inperfekt iqtisadi sistemlər ilə məşğul oluruq. Niyə?
Ona görə ki, XIX əsrdən
bəri iqtisad elminin inkişafını izləyəndə
görürük ki, onun əsasında dəqiq və riyazi əsaslandırılmış
aksiomatik nəzəriyyə durmasına baxmayaraq iqtisadi
reallıqlarla iqtisadi nəzəriyyə əsasında
verilmiş hesablamaların, proqnozların arasında bir
uçurum var. Bunun əsas səbəbi iqtisadi
reallıqların modelləşdirilməsinin (hər bir nəzəriyyə
reallığın modelini özündə təcəssüm
etdirir) klassik riyaziyyata əsaslanmasıdır.
Müasir görkəmli
dünya iqtisadçı alimlər, Nobel mükafatı
laureatları G. Akerlof, D. Kahneman və başqalarına istinadən
biz göstərmişik ki, klassik və neoklassik iqtisadi nəzəriyyələrin
əsasında duran standart elmi fərziyyələr -
bütün insanlar rasionaldırlar və ancaq öz məqsədlərini
güdəndirlər - qənaətbəxş deyil.
Real həyata yaxın olan,
yuxarıda göstərilən uçurumu aradan qaldıra bilən
yeni iqtisadi nəzəriyyə, mərkəzində insan duran
sistem kimi baxılmalı olan iqtisadiyyatda iştirak edən
agentlərin (institutların, təşkilatların, qərar qəbul
edən insanların) motivasiyalarını,
intuisiyalarını, sosial normalarını,
emosiyalarını, başqa sözlə davranış
normalarını nəzərə almalıdır.
İqtisadi və
sosial-iqtisadi aləm elə mürəkkəbdir ki, onu klassik
riyaziyyatın və bivalent Aristotel məntiqinin dilində təsvir
etmək mümkün deyil. İqtisadi reallıqları
düzgün, adekvat nəzərə ala bilməyimiz
üçün bizim daha səmərəli modelləşmə
dilinə ehtiyacımız var. Biz belə qənaətə gəlirik
ki, iqtisadi, sosial və siyasi sistemlərin modelləşdirilməsi
dili qeyri-səlis məntiqə əsaslanan dil olmalıdır
(bu dil təbii dilə çox yaxındır).
Bu baxımdan tədqiqatlarımızda
iqtisadi sistem insan yönümlü (human centric) və
informasiyanın mövcudluğu baxımından yüksək
qeyri-müəyyənliklə səciyyələnən
realistik çox-agentli sistem kimi baxılır və iqtisadi
agentlərin davranışının modelləşdirilməsi
qeyri-səlis məntiqi dilə əsaslanır.
Belə sistemlərdə
adekvat qərarlar analizi və inperfekt sistemlər olaraq
onların dayanıqlıq problemlərinin həlli çox
vacib elmi problemlərdir. Bu problemlərin tədqiqi üzrə
araşdırmalarımızın nəticələri bu plenar
məruzədə əhatə olunub.
Məruzə ətrafında
qeyri-səlis məntiqin və intellektual texnologiyaların
klassikləri professorlar L.Zadə, M.Gupta, R.Yaqer, A.Ralesku və
başqaları məruzədə təklif olunan nəzəri
müddəaları və əksər nəticələri
yüksək qiymətləndirdilər. Amerikalı,
rusiyalı və başqa ölkələrdən olan mütəxəssislər
təklif olunan nəzəriyyələrin tətbiq edilməsi
üçün birgə işlərin aparılması barədə
təşəbbüs göstərdilər. Bir faktı qeyd
etmək istərdim. NAFIPS-2009-da dünyanın müxtəlif
ölkələrindən çoxsaylı alimlər və
praktiklər iştirak edirdilər. Təvazökarlıqdan
qıraq olmasın, bu məruzə xüsusi qiymət aldı,
tam yeni bir elmi istiqamət kimi qiymətləndirildi. Bu uğura
çox sevinən, təəssübkeşlik göstərənlər
içərisində Rusiyadan olan alimləri xüsusi qeyd etmək
istərdim (onlardan yalnız ikisi Lomonosov adına Moskva Dövlət
Universitetinin prorektoru və bu universitetin bir professoru Rusiyadan gəlmişdilər,
qalanları isə ABŞ-ın San-Fransisko Universiteti, Texas
Universiteti, Çexiyanın Ostrava Universiteti və başqa
ölkələrdən gəlmişdilər). Bu plenar məruzə
haqqında alınan bir neçə rəy belə olub.
"Hörmətli professor
R.Əliyev,
Mən NAFIPS konfransında
Sizin məruzədən sonra təklif etdiyiniz nəzəriyyənin
maliyyə sahəsinə tətbiq etmək məqsədi ilə
bizim elmi tədqiqat işlərində istifadə etməyimizə
icazə verməyinizi xahiş edirəm. Siz mənə öz
məqalənizi göndərsəniz bu bizim gələcək
birgə tədqiqatlarımız üçün bir
başlanğıc olar. Bu əlaqələr bizim
maraqlarımızı əhatə edir.
Hörmətlə, professor
Yan Smolyarski, Texas Universiteti."
"Əzizim Rafiq,
Çıxışınıza
görə təşəkkür edirəm. Mən qeyri-səlis
üsulları təkmilləşdirərək iqtisadiyyatda tətbiq
etmək istəyirəm. Sizin Sensinatidəki məruzəniz məndə
xoş təsurat yaratdı və mən əminəm ki, Sizin
məqaləniz mənim gələcək tədqiqatlarımda
mənə çox kömək edəcək.
Hörmətlə, Olqa,
Moskva Dövlət Universiteti."
"Hörmətli professor
R.Əliyev
Berklidə Sizinlə
görüşmək və NAFIPS konfransında məruzənizi
dinləmək mənim üçün çox xoş oldu.
Sizinlə tanış olmaq mənim üçün şərəfdir.
Sizinlə NAFIPS-də və Berklidə yenidən
görüşəcəyimizə ümid bəsləyirəm.
Təklif etdiyiniz nəzəriyyənin tətbiqinə imkan verən
proqram təminatını mənə göndərdiyiniz
üçün sizə çox minnətdaram.
Hörmətlə, Əsli
Çeyikyılmaz, Koliforniya Universiteti, Berkli."
- 2 il öncə
Almaniyanın Zigen Universitetində dinamik sistemlərin
ümumiləşdirilmiş dayanıqlıq nəzəriyyəsinə
imza atdınız. Cəmi 2 ildən sonra ABŞ-ın Sinsinati
universitetində dəqiq olmayan ehtimallar şəraitində qərarların
təhlili nəzəriyyəsinə imza atdınız. Bu
qısa müddət üçün çox deyilmi?
- Mötəbər məlumatınız
üçün təşəkkür edirəm. Ancaq
sualınız çətin sualdır. Ömrümün
üfüqünə baxanda görürəm ki, axı orada
çox qalmayıb (düzdür, Tanrı mütləq və
şəriksizdir, onun işinə qarışmaq olmaz). Bəlkə
buna görə tələsmək lazımdır. Bir şeyi də
qeyd etmək istərdim. Hər iki nəzəriyyədə
müəlliflik mənimlə bərabər həm də
professor L.Zadəyə məxsusdur. Bu iki nəzəriyyə
birgə gərgin fəaliyyətimizin nəticəsidir.
- Sizin elmi maneranızda,
yaradıcılıq fəaliyyətinizdə bir cəhət
seçilir. Hər bir yeni nəzəriyyələrinizdə
klassikləri inkar edirsiniz. Məsələn deyirsiz ki, von
Neumann, Morgenstern və başqalarının (bunların
çoxu Nobel mükafatı laureatlarıdır) iqtisadi qərar
qəbuletmə nəzəriyyələri çox zaman həyatda
özünü doğrultmur və ya ümumiləşdirilmiş
dayanıqlıq nəzəriyyənizin əsaslandırılmasında
deyirsiniz ki, dünyanın 200 ildən çox istifadə
etdiyi klassik Lyapunov və Lipşits dayanıqlıq nəzəriyyələrinin
çatışmayan cəhətləri var, bəzən tətbiq
oluna bilmir. 2001-ci ildə "World Scientific" nəşriyyatında
dərc olunmuş kitabınızda Aristotelin ikili məntiqinə,
hətta müəlliminiz L.Zadənin bəzi qeyri-səlis məntiqlərinə
tənqidi yanaşırsınız. 1976-cı ildə Moskvada
"Radio i Sivyaz" nəşriyyatında çap olunmuş
kitabınızda yazırsınız ki, klassik Dantzig-Wolfe nəzəriyyəsi
sizin təklif etdiyiniz koordinasiya nəzəriyyəsinin
xüsusi halıdır. Bu bir tədqiqat tərzidir, ya fərdi
xarakterdən gələn bir xüsusiyyətdir?
- Mən elmin
inkişafını bu inkarlarda görürəm. Fundamental nəticələr
köklü elmi təhlilə və tənqidə əsaslanır,
kosmetik elmi nəticələr təqlidə və tərifə
söykənir. İkinci yol mənim yolum deyil. Mən Sinsinatidə
məruzəmə başlayanda qeyd etdim ki, mən hansı məsuliyyətin
altına girdiyimi dərk edirəm. Axı nəticələrini
müqayisə etdiyim alimlərin bir qismi sağdırlar,
gümrahdırlar, gərgin işləyirlər, Nobel
mükafatçılarıdırlar. Ancaq bir təsəllim
var ki, onlar əsl alimlərdirlər, əsl elmdə məddahlıq
təqdir olunmur, məddahlıq Lısenkoçuluğa gətirib
çıxarır. Elə bizim özümüzün də
Lısenkolarımız azmı olub? Mən əvvəlki
yazılarımda da qeyd etmişəm ki, klassiklərə
çox böyük sayqı ilə yanaşıram, biz bu
günə və sabaha onların çiyni üstə
baxırıq. Lakin onların nəticələrinə
heç vaxt doqma kimi baxmamışam. Görünür, sualınızda
qaldırdığınız problem, yaradıcılıq
üslubu bu nöqtədən qaynaqlanır.
- Bu nəzəriyyələrin
əsas müddəaları harada çap olunub?
- Mən əsas elmi işlərimi
istinad indeksli jurnallarda dərc etdirirəm. Məsələn,
yeni dayanıqlıq nəzəriyyəsinə aid işlərim
dünyanın ən nüfuzlu jurnallarından olan "IEEE
Transaction on Systems, Man and Cybernetics"-də dərc olunub. Bir
çox nəticələr özək elmi istinadlı
jurnallar: "Fuzzy Sets and Systems", "Information
Sciences", "Neurocomputing", "Applied Soft Computing"
və s. jurnallarda dərc olunub. Bundan əlavə başqa bir
çox nəticələrimiz Aliev R.A., Aliev R.R. Soft Computing
and its Application. World Scientific, New Jersey, London, 2001, 444 p.; Aliev
R.A., Fazlollahi B., Aliev R.R. Soft Computing and its Application in Business
and Economics. Physica-Verlag. A Spriger-Verlag Company. 2004, 391 p.; Aliev
R.A., Fazlollahi B., Quirimov B., Aliev R.R. Recurrent Fuzzy Neural Networks
and Their Performance Analysis. In Xiaolin Hu (Eds.) "Recurrent Neural
Networks". IN-TECH, Austria, 2008 və b. kitablarda çap olunub.
- Nəşrlər
hamısı ingilis dilindədir.
- Özümüzü
aldatmayaq. Dünya elminin dili ingilis dilidir. Bəzi jurnalların
xahişi ilə son iki nəzəriyyəyə aid olan bəzi
nəticələrimizi rus dilində nəşr etdirmişik.
Mən ingilis dilində dərc olunan bir neçə məqaləmi
rus dilinə tərcümə etmişəm. Bunlar, Moskvada
"Neçotkie sistemı i myaqkie vıçisleniya"
jurnalında nəşr olunan "Analiz reşeniy v
neçotkoy ekonomike" məqaləsi və İsveçdə
"The Caucasus and Globalization" jurnalında nəşr olunan
"Decision analysis in Fuzzy Economics" (CA&CC Press nəşriyyatı)
məqalələridir.
- Eşitmişik ki, bir
neçə ay bundan öncə nüfuzlu beynəlxalq jurnala
redaktor seçilmisiniz.
- Mart ayında Yaponiyadan Fuji
Technology Press-dən bir məktub aldım. O məktubda
xahiş olunurdu ki, Yaponiyada ingilis dilində nəşr olunan
"Journal of Advanced Computational Intelligence and Intelligent
Informatics" jurnalına redaktor olmağıma razılıq
bildirim. Bu, əlbəttə, çox şərəf
duyduğum bir işdir. Onu qeyd edim ki, mən, Hollandiyada nəşr
olunan "Journal of Web-based Communities", İranın
"Iranian Journal of Fuzzy Systems", İtaliyada çap olunan
"International Journal of Advances in Fuzzy Mathematics", ABŞ-da
çap olunan beynalxalq "Intelligent Automation and Soft
Computing" jurnalların redaksiya heyətinin üzvüyəm.
Bu jurnallar istinad indeksli jurnallardır.
- ABŞ-dakı necə deyərlər,
doğma Corciya Dövlət universitetində ola bildinizmi?
- Əfsus ki, yox. Bu dəfəki
ABŞ səfərim sırf elmi bir səfər idi. Əsasən
də L.Zadə ilə birgə işlərimizlə əlaqədar
idi. Atlantadakı dostlarım, həmkarlarım gözlədilər.
Lakin bu dəfə görüşə bilmədik. Ümid
edirəm ki, yaxın vaxtlarda görüşüb birgə
işlərimizi müzakirə edəcəyik. Corciya
Universiteti həqiqətən mənim üçün
doğma elm və təhsil ocağıdır. Bu universitetlə
birgə yaratdığımız MBA və BBA Proqramları
Respublikamız üçün dəyərli kadrlar
hazırlayıb.
- Nəyin üzərində
işləyirsiniz?
- İndi ABŞ-da olarkən
təxminən hər gün prof. L.Zadə son bu iki nəzəriyyəyə
aid bir kitabın çap olunmasını israrla tövsiyə
etdi. Yaxın hədəf yaxın gələcəkdə
"Springer" nəşriyyatında çapa qəbul
edilmiş "Fuzzy Economics" kitabını təhvil verməkdir.
Bundan sonra "World Scientific" nəşriyyatı
üçün "Decision analysis with imprecise
probabilities" kitabı üzərində işləyəcəm.
Elmi istiqamətlərimiz də
davam edəcək. Tipik "benchmark" məsələlər
üstündə təklif etdiyimiz qərar qəbuletmə nəzəriyyəsinin
səmərəliliyini, üstünlüyünü isbat etmək
əsas araşdırmalarımızdan biri olacaq. 2-ci tip qeyri-səlis
məntiq əsasında ikiqat qeyri-müəyyənlik şəraitində
qərarların təhlili nəzəriyyəsinin işlənməsinə
başlayacağıq.
- Təşkil etdiyiniz
növbəti Beynəlxalq konfranslar harada və nə vaxt
keçiriləcək?
- Biz hər iki ildə 3 Beynəlxalq
Konfrans keçiririk. Cari il sentyabrın 2-də Şimali Kiprdə
"International Conference on Soft Computing and Computing with
Words", 2010-cu ilin sentyabr ayında Norveçdə
"International Conference on Applications of Fuzzy Systems and Soft
Computing", 2010-ci ilin oktyabrında isə Daşkənddə
"World Conference on Intelligent Systems for Industrial Automation"
konfransları keçiriləcək. Bu konfranslarda
uzunömürlüdürlər, öz ətraflarında
çoxlu sayda ölkələr və alimlər cəlb ediblər.
Ötən 15-20 il ərzində bu beynəlxalq konfranslarda
yeni-yeni nəzəriyyələrin, texnologiyaların
yaranmasının şahidi olmuşuq. Şükürlər
olsun ki, bütün bu beynəlxalq konfranslarda prof. L.Zadə fəxri
sədr kimi həmişə iştirak edib.
- Rafiq müəllim,
bütövlükdə Azərbaycanda elmin vəziyyəti barədə
fikriniz nədir?
- Əfsus ki, yumşaq desəm,
qənaətbəxş deyil. Əsas səbəb budur ki, bu
gün Azərbaycanda elmi nailiyyətlərə, yeniliklərə,
yeni texnologiyalara sosial sifariş yoxdur. Axı neft və qaz
satmaq üçün elə yüksək elmə ehtiyac
yoxdur. Ancaq postneft dövrünü düşünmək
lazımdır. O çox da uzaqda deyil. Bəs indiki xammala əsaslanan
iqtisadi modelimizi hansı iqtisadi model əvəzləməlidir?
Bax bunun üçün elm, özü də bütöv
ciddi elm lazımdır. Belə yeni iqtisadi modelə keçmək
üçün tədqiqat və inkişaf (Research &
Development) üçün ümumi daxili məhsuldan 0,2%
ayırmaq heç bir şey verməz. Bu faiz 10 dəfələrlə
artırılmalıdır. Ən başlıcası, şair
Qabil demişkən, bundan sonra ta gərək yerlər səhv
düşməsin, Elmlər Akademiyası, universitetlər elmdən
uzaq adamlarla çirklənməsin, əksinə, təmizlənsin.
Müsibət oluruq biz,
səhv düşəndə yerimiz.
Elmdə əxlaq norma
olmalıdır (tək elmdəmi?). Elmimizin inkişafına
Ali Attestasiya Komissiyasının (AAK) işinin
yaxşılaşdırılması da kömək edərdi.
Əvvəllər də mən yazmışam və demişəm
ki, elmdəki monopoliya iqtisadiyyatdakından betərdir. AAK-dakı
aylarla, illərlə süründürməçilik,
bürokratik əngəllər və müdafiə
şuralarındakı monopoliya ( hər bir ixtisasdan bir
neçə müdafiə şurası olmalıdır),
proteksiya (belə olmasaydı bu qədər deputat və nazirlər
"alim" olmazdı) elmin inkişafına dirənən
maneələrdir.
Elmimizin inkişafı
üçün bir məqama da toxunmaq istərdim. Postneft
dövrü üçün yaradılacaq iqtisadi modelin elmi təminatında
ağırlıq mərkəzi universitet elminə yönəlməlidir.
Axı dünya iqtisadiyyatı qloballaşır, dünya elmi də
qloballaşır. Dünya elmində ağırlıq mərkəzi
universitet elmi üzərindədir. Biz postsovet ölkələrin
elmi modelini izləməməliyik. İndi gecdir, onun vaxtı
artıq keçib.
Ədalət.-
2009.- 11 iyul.- S. 12.