"Qarabağ bizim şərəf məsələmizdi"

 

Yadigar Zəkəriyyə: "Rusiyanın Türkiyəyə qarşı düşmənçiliyinin dərin kökləri var"

 

"Norveç-Azərbaycan Dostluq Cəmiyyəti"nin sədri Yadigar Zəkəriyyə bir neçə gündür ki, vətənə qayıdıb. 10 ilə yaxın müddətdə Azərbaycandan kənarda yaşayan soydaşımızın ürəyi doludu. Onunla söhbətdə bunu hiss etməmək mümkün deyildi.

Tale onu uzaq soyuq Norveçə aparana qədər uzun mürəkkəb bir ömür yolu keçib. Orta təhsilini Bakıda və Şəkidə alıb. Azərbaycan Dövlət Tibb Universitetini bitirib. Orduda xidmət etdikdən sonra Rusiyada Hərbi Siyasi Universitetin məzunu olub. Bununla da kifayətlənməyən soydaşımız Moskvada ali hüquq təhsilinə yiyələnib. Üç diplomlu mütəxəssis Azərbaycana qayıtdıqdan sonra işə düzəlmək üçün xeyli gözləyib. Nəhayət onun bilik bacarığından istifadə etməyi qərara alıblar. Yasamal rayon İcraiyyə Komitəsində, Təchizat Komitəsində müxtəlif vəzifələrdə çalışıb. Milli ordumuz yarananda Yadigar Zəkəriyyə həm biliyi, həm maliyyə dəstəyi ilə bu prosesə kömək edib. Müdafiə Nazirliyinə dəvət olunduqdan sonra müxtəlif məsul vəzifələrdə çalışıb, Arxa Cəbhə üzrə Kadrlar İdarəsinin rəisi olub, polkovnik rütbəsinə qədər yüksəlib. 1995-ci ildə tutduğu vəzifədən istefa verərək Rusiyaya köçüb. 1999-cu ilin yanvarından tale onu uzaq Norveçə aparıb.

- Norveçdə döyməyə gümanınız gələn qapı vardı?

- Heç kimi tanımırdım, sadəcə Norveçi seçməyə məcbur oldum. Bir müddət sonra ailəm Osloya köçdü. Vətəndən uzaqda yaşasam da, Azərbaycandakı prosesləri izləyirdim. Haqq işimizə dəstək olmaq, ölkəmizi xaricdə tanıtdırmaq və bu işə kiçikolsa töhfə vermək üçün diaspor fəaliyyətinə başladım. 2002-ci ildə bir qrup soydaşımızın iştirakı ilə "Norveç-Azərbaycan Dostluq Cəmiyyəti"ni yaratdım. Elə o vaxtdan bu təşkilata rəhbərlik edirəm.

- Rəhbərlik etdiyiniz cəmiyyətin Diasporla İş üzrə Dövlət Komitəsi ilə əlaqələri varmı?

- Təbii ki, var. Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilən tədbirlərdə iştirak edirik. Avropa Azərbaycanlıları Konqresinin yaranmasında birgə əməkdaşlığımız olub. Yeri gəlmişkən, mən həmin konqresin vitse-prezidentiyəm. Azərbaycan-Türkiyə Diasporları Forumuna mən dəvət almışdım. Forumda qurumun əlaqələndirmə şurasının üzvü seçildim. Heç bir görməyib yalnız Diasporla İş üzrə Dövlət Komitəsindən nəsə ummağın tərəfdarı deyiləm. Mənim fikrimcə, diasporların fəaliyyətində qeyri-hökumət təşkilatlarının gücündən daha çox istifadə etməliyik. Norveçdə əslən Güney Azərbaycandan olan xeyli soydaşımız yaşayır. Dövlət Komitəsinin xətti ilə onları diaspor işinə cəlb etməkdə müəyyən problemlər yaranır. Onların çoxu heç Azərbaycan sözünü işlətmək istəmir. Dövlət Komitəsi hansısa bir addım atanda da bu, İranın daxili işlərinə qarışmaq kimi başa düşülür. Ona görə belə hesab edirəm ki, qeyri-hökumət təşkilatlarını bu işə daha çox cəlb etməliyik. Mən bilən qədər Ermənistanda diaspora ilə məşğul olan ayrıca dövlət qurumu yoxdu. Amma onların diaspora təşkilatları dünyanın hər yerində öz adlarından söz etdirə biliblər.

- Norveçdə ?

- Norveçdə o qədər fəal deyillər. Ümumiyyətlə, Skandinaviya ölkələrində erməni diasporası zəifdi. ABŞ-da, Fransada, Belçikada olduğu kimi açıq fəaliyyət göstərə bilmirlər. Amma erməni ermənidi də. İki erməni başqa bir ölkədə yaşayanda orada aləmi qarışdırmağa çalışırlar. Bayaq dediyim kimi, Osloda Norveçin başqa şəhərində onlar bir qədər kölgədə qalıblar.

- Oradakı azərbaycanlılar ələ düşən bu fürsətdən yararlana bilirlərmi?

- Yararlanmağa çalışırıq. Lakin hər yerdə olduğu kimi, Norveçdə də azərbaycanlıları bir yerə toplamaq çətindi. Bu gün OslodaNorveçin müxtəlif şəhərlərində 150-yə yaxın azərbaycanlı ailəsi yaşayır. Güneydən köçənlərin sayı isə təxminən 5 minə yaxındı. Onları bir araya gətirmək o qədər asan deyil. Hər halda onları Azərbaycan, Azərbaycançılıq naminə birləşdirməyə çalışırıq. Çünki hamımızın əsas məqsədi vətənimizi daha da qüdrətli, inkişaf etmiş ərazi bütövlüyü təmin olunmuş görməkdi.

- Son günlər Qarabağla bağlı danışıqlar daha da intensivləşib, "Madrid prinsipləri" mətbuatda açıqlanıb. Yaxın vaxtlarda Ermənistan ordusunun beş rayonumuzdan çıxacağı deyilir. Diaspor təşkilatının rəhbəri, bir qürbətçi uzun illər Müdafiə Nazirliyində çalışan insan kimi son olaylara münasibətinizi bilmək maraqlı olardı...

- Dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq, bizim bir vətənimiz var. Hər bir azərbaycanlı məmləkətini bütöv görmək istəyir. Azərbaycanı Qarabağsız necə təsəvvür etmək olar? Qarabağ təkcə Azərbaycanda deyil, dünyanın müxtəlif yerlərinə səpələnmiş milyonlarla azərbaycanlının şərəf məsələsi, namus işidi. Vətəndən çox uzaqda yaşasam da, təbii ki, işğal olunmuş ərazilərimizin azad edilməsi ilə baglı aparılan danışıqları izləyirəm. Təbii ki, zaman gələcək, Qarabağ problemi həll olunacaq. Lakin bu prosesi elə həll etməliyik ki, nəticə Azərbaycan dövlətinə, xalqına şərəf gətirsin. Elə bilirəm ki, dövlət də, sıravi insanlar da bunu arzulayır. Bu gün dünyanın güc mərkəzləri, böyük dövlətlər problemin həllində öz maraqlarını güdür, Bakıya açıq-aydın təzyiq göstərirlər. Bir azərbaycanlı kimi şəxsən təklifim elədi ki, əgər bu gün şərəfli sülh sazişinə nail ola bilmiriksə, qoy problemin həlli başqa vaxta saxlanılsın. 100 il sonra həll olunsun, amma sonda bizə şərəf gətirən sülh sazişi olsun. İndi deyirlər ki, beş rayon qaytarılacaq. Bəs Şuşa, Laçın? Şuşasız, Laçınsız Azərbaycanın ərazi bütövlüyündən söhbət gedə bilərmi? Ona görə deyirəm ki, bunu təmin edə bilmiriksə, qoy münaqişənin həlli dondurulmuş vəziyyətdə qalsın. Əgər bu gün Azərbaycana təklif olunan sazişlə razılaşsaq, gələcəkdə heç vaxt Ermənistanı danışıqlar masasına dəvət edə bilməyəcəyik. Amerika bütün dünya anlayır ki, erməniləri Rusiya müdafiə edir. Qafqazlar Rusiyanın təsir dairəsindədi. Rusiya heç vaxt Azərbaycanı və Türkiyəni qüdrətli görmək istəmir. Kremlin Türkiyəyə qarşı düşmənçiliyinin dərin kökləri var. Rusiya imperiyasını türklər yaradıb, ən böyük sərkərdələri türk kökənli olublar. Tarixdəki bu məsələlər Rusiyanın başında duran insanları həmişə qıcıqlandırır. Ərazi bütövlüyümüzlə bağlı məsələyə qayıdaraq demək istəyirəm ki, bu gün daxildə və xaricdə yaşayan hər bir azərbaycanlı bu məsələdə vahid mövqe nümayiş etdirməlidi. Azərbaycanın kürəyinə bıçaq vurmaq istəyən xain qüvvələr özləri məğlub duruma düşməlidi.

- Uzun illərdi yad məmləkətdə yaşayırsız. Övladlarınız da qurbətçi kimi böyüdü. Onlar təhsil alanda, işlə təminatda problemlə üzləşdilər yəqin...

- İlk vaxtlar, təbii ki, bəzi problemlər yaşandı. Amma indi hər şey arxada qalıb. Övladlarımın üçü də ali təhsil alıb. Böyük qızım keçmiş MDB ölkələri üzrə ekspert kimi Norveç Xarici İşlər Nazirliyi ilə əməkdaşlıq edir. Oğlum politologiya sahəsində təhsil alıb. Bu yaxınlarda elmi işləri ilə bağlı ABŞ-a gedəcək. Kiçik qızım isə həkimdi. Hər üçü Avropa təhsili görən insanlardı, lakin milli adət-ənənələrimizə sayğı duyurlar. Yəqin ki, ailə quranda da bu məsələyə diqqətlə yanaşacaqlar. Oğlum işi ilə bağlı tez-tez Azərbaycana gəlir. Yəqin bir gözaltısı var...

 

 

Cəbrayıloğlu Etibar

 

Ədalət.- 2009.- 15 iyul.- S. 3.