Nəzakət Teymurova:
"Çox yorulmuşam insanlardan"
Lent.az
xalq artisti Nəzakət Teymurovanın Azadlıq radiosunun əməkdaşı
İlqar Rəsula müsahibəsini qısa ixtisarla
yayımlayır.
-
İşləriniz necədir?
-
Şükür Allaha, pis deyil. Artıq mövsüm başa
çatır. İstirahətə gedirik. Payızda yeni enerji
ilə tamaşaçıların qarşısına
çıxacağıq. Bilirsiniz ki, mənim əsas iş
yerim Opera Teatrıdır. Ona görə də həmişə
çalışıram ki, daim ünsiyyətdə olduğum
tamaşaçıların qarşısına hər
baxımdan hazırlıqlı çıxım ki, onlar
işimdən zövq ala bilsinlər.
-
İstirahətə belə həvəslə getmək nədəndir
- çox işləyib yorulmaqdan, ya ona bir meyl var Sizdə?
-
Ümumiyyətlə, yay ayları gələndə mən elə
bil depressiyaya düşürəm. Çünki işlərim
az olur. Düzdü, mən operadan əlavə konservatoriyada və
kollecdə də işləyirəm. Amma mən daha çox
işimdən zövq alanda istirahət edirəm. Bekar qalanda elə
bil özümü heç kimə, heç nəyə
lazım olmayan insan kimi hiss edirəm. Ona görə də yay
aylarını o qədər də sevmirəm.
-
Qorxmursunuz nə vaxtsa lazımsız olmaqdan?
-
Qorxuram (Gülür). Gənc vaxtlarımda, məsələn,
50 yaşlı sənətkarlara baxıb
düşünürdüm ki, bu sənətdən nə istəyir
görəsən. Bəs deyilmi? Amma bu sahəyə gələndən
sonra gördüm ki, sən demə, xanəndə getdikcə
- yaş artdıqca kamilləşir. Onun dünyası dəyişir,
şeylərə adi insanlar kimi baxmır. Məsələn mən
20 yaşımda oxuduğum "Şahnaz"ı, "Mirzəhüseyn"i
indi hiss edib oxuyuram. Gənclikdə səs var, təravət
var. Amma kamilləşmə, sənəti dərk etmə 30
yaşdan sonra başlayır. Ona görə
düşünürəm ki, nə vaxtsa mən də sırf
müəllimliklə məşğul olacam.
-
Mahnınızla kimisə öldürdüyünüz olub,
oxuyub can alasınız?
-
(Gülür) ...Yox, amma diriltdiyim olub. 4-5 ildir
Naxçıvandan bir nəfər gəlir yanıma. Əli
qardaş. Hər dəfə gələndə də deyir ki,
elə bil mən səni ziyarət edirəm. Özünün
dediyinə görə, mənim səsim onu həyata
qaytarıb. Bəlkə də bu barədə
danışmağım yaxşı çıxmır. Amma
deyir səhhəti yaxşı deyilmiş, ayağı işləmirmiş.
Sonradan hiss edib ki, hissiyyatı ayağına qayıdıb.
Deyir ölmüşdüm, məni dünyaya,
övladlarıma sənin səsin qaytardı. Bütün
konsertlərimə gəlir. Deyir sən mənim bacımsan,
göydən enən mələksən mənimçün.
Allaha qurban olum, ömrü verən də odur, alan da. Mən
kiməm ki. Amma görünür, mənim səsimi çox
istəməsindən hansısa bir duyğu ona kömək
olub.
- Yox,
öldürmək də olur. Məsələn, Sizin
ifanızda "Qal sənə qurban" mahnısı hər
dəfə dinləyəndə məni öldürür. Və
bu ölmə prosesi mənimçün çox
maraqlıdır. Bəs Sizdən ötrü özünü
öldürən olubmu? Yəni canını fəda eləmək
istəyən. Hər halda olmamış olmaz.
-
Vallah, onu bilmirəm. Hər halda öldürmək yox. İstək
ola bilər. Mən həmişə kiminsə istəyinə
hörmətlə yanaşmışam. Çünki bu,
insanın özündən asılı məsələ
deyil. Bu, hisslə yaxınlaşan olanda mən yumşaq şəkildə
onu qiymətləndirib sakitcə yola verirəm gedir. O dərəcədə
mən ailəmi, uşağımı çox istəyirəm.
- Sənətkar
kimi uğurlu sənətkarsınız. Bunu böyük
ustadlar deyir. Amma bəs həyatın özü necə, bu dərəcədə
uğurlu oldumu Sizin üçün?
- Mən
özümü həmişə Allaha yaxın hiss eləmişəm.
Onun mənə nə qisməti var - istər pisi, istərsə
yaxşısı - hamısını qəbul edən bir
insanam. Tanrım mənə nə yazıbsa,
acılı-şirinli hamısını qəbul etmişəm
və edəcəm. Ona görə heç vaxt da
naşükür olmamışam. Gənc yaşlarımdan
qayğı hiss etmişəm. Asəf Zeynallı adına
Musiqi Kollecini bitirəndən opera səhnəsindəyəm. Əksər
ölkələrdə olmuşam.
Çalışmışam muğamlarımızı Azərbaycanımıza
layiq çatdırım tamaşaçılara.
- Daha
çox xalq artisti Mənsum İbrahimli ilə tərəf
müqabili olmusunuz Leyli Məcnunda?
- Əksər
tamaşalarımı Mənsum İbrahimli ilə
oynamışım. Opera səhnəsinə gələndən
(1996-cı ildən) indiyədək həm Azərbaycanda, həm
də xaricdə tamaşaları onunla oynamışam.
-
Fransadan, Amerikadan tutmuş Yaponiyayadək gedib
çıxmısınız. Bəs hara gedə bilməmisiniz?
-
Avstraliyaya getmək istərdim. Orada olmamışam.
-Amma
Ağdama gedə bilmirsiniz.
- Yox.
Burdan bura öz vətənimizə gedə bilmirik məlum səbəbdən.
Amma inanın ki, hər gün olmasa da, tez-tez gündüzlər
heç təsəvvürümə gətirə bilmədiyim
yerləri gecələr yuxumda görürəm. Hər dəfə
də belə yuxulardan sonra deyirəm ki, Ağdam alınanda mən
ora qayıdacam. Bəlkə də orada fəaliyyətimi davam
etdirdim. Lap burnumun ucu göynəyir ordan ötrü. Çox
darıxıram Ağdam üçün.
-Çatışmayan
bir şey var ümumiyyətlə?
- Həyat
o qədər qəlizdir ki, çatışan şeylər
olduğu kimi, çatışmayanları da olur. Bizimki də
adi bir insanın həyatı kimi çatışan və
çatışmayan şeylərlə doludur.
-
Çoxlu tədbirlərdə iştirak edirsiniz. Dövlət
tədbirləri də olur, el şənlikləri də.
Hansı Sizin üçün daha çox
darıxdırıcıdır?
-
Hansında daha çox gözləməli oluramsa, o da
darıxdırıcı olur mənimçün. Mən
ümumiyyətlə, gözləməyi sevmirəm. Ona
görə özüm də kimisə gözlətməyi
xoşlamıram. Tədbirlərin də əksəriyyətində
çox gözləməli olursan. Onda mənim fiziki durumuma
da, səsimə də təsir edir.
- Amma
adam var, istəyir ki, axıra qalıb konserti özü
yekunlaşdırsın.
-
(Gülür)... O da olur.
-
Konserti özünüzün bağlamağınız ürəyinizdən
keçmir?
-Yox. Əksinə
acığım gəlir belə şeylərdən. Bir də
görürsən hansısa dövlətdə Azərbaycanı
təmsil etməyə gedənlər sonuncu çıxış
etmək üstündə dava salırlar. Biri ağlayır, o
birisi barışdırmağa çalışır ki,
yaxşı, gəl oxug. Belə şeyləri mən sevmirəm.
Getmisən ora, çalış vətənini layiqincə təmsil
eləyəsən. Özü də əksəriyyəti Azərbaycanda
qəbul olunmayanlardır.
-Haranın
dinləyiciləri, tamaşaçıları daha
yaxşıdır?
- Azərbaycanda
elə adi, sıravi dinləyicilər, tamaşaçılar
var ki, onlar muğamı, onun keçidlərini bir çox sənətkarlardan
yaxşı bilirlər. Amma dinləyici kimi, mən həmişə
demişəm ki, Fransa xalqı muğamlarımıza çox
böyük qiymət verir.
- Nəyi
bacarmaq istəyərdiniz?
- Mənim
ürəyimdə çox şeylər var. Elə şeylər
var ki, həyatda onu mən edə bilmərəm və arzu kimi
ürəyimdə ölə bilər. Adam var ki, nəyəsə
çatmaq üçün müxtəlif yollara əl
atır. Amma mən belə deyiləm. Allaha qurban olum. Olarsa
olsun. Amma həyata keçmirsə, deməli rəva bilmir.
-Məişət
işlərindən nə bacarırsınız?
-Çox
şey. Ailəmiz böyük olub. 10 uşaq olmuşuq.
Bacılarım edib hər şeyi. Amma hər şey əlimdən
gəlir. Mənim evimdə özgəsinin gördüyü
iş ürəyimə yatmır. Təmizliyi də
özüm edirəm ki, arxayın olum. Adamlar var ki,
üst-başları çox təmiz olur, amma evlərinə
baxmırlar, təmiz saxlamırlar. Anlaya bilmirəm o cür
adamları.
- Nə
xoşunuza gəlmir adamlarda?
-
İnsanlarda o qədər şeylər xoşuma gəlmir ki.
Qeyri-səmimi insanları heç sevmirəm. İnsan gərək
səmimi olsun. Ola bilər ki, mən beləsini
tanımayıb yanında olam bir müddət. Amma iç
üzünə bələd olandan sonra heç nə demədən
sakitcə uzaqlaşıram ondan. Sonra izah da eləmirəm səbəbini.
Deyirəm bəlkə özü başa düşər.
İnsan gərək pislikləri daxilinə yaxın
buraxmasın. Mən ziyarətdə olmuşam və həmişə
də Allaha üz tutub demişəm ki, pislikləri,
paxıllıqları məndən uzaq elə. Daxilimə
sevgidən başqa heç nə rəva bilmə. Hər dəfə
gecə yatanda da belə deyirəm.
-
Çox aldadıblar Sizi?
-
(Gülür) ...Ümumiyyətlə həyat qəribədir.
İnsan gərək ətrafındakı insanları
içinə çox buraxmasın.
-Çox
əziyyət çəkirsiniz belə qırılmalar olanda?
-
Bilmirəm mənfi, ya müsbət cəhətimdir, amma mən
çox insanlarla ünsiyyət saxlaya bilmirəm. Həyatda
içimdəkiləri deyə biləcək bir rəfiqəm
var - Məlahət xanım. Birdən 2-3 ay danışmaq
imkanımız da olmur. Amma birdən görürsən ki, təb
gəlir, yalnız onu axtarırsan dərdləşmək
üçün.
- Birdən
o Məlahət xanım da (keçsin günahımdan)
başqa cür çıxdı. Onda nə baş verər?
-Onda
day bilmirəm nə olar.
-Xasiyyətinizdə
nə narahat edir Sizi?
-
İnsanların arasında özümü çox narahat hiss
edirəm. Mənfi auralar boğur məni.
- Bu
belə olmasa yaxşı olardı, yoxsa...
- Yox,
elə belə olsa yaxşıdır. Sonra sadəliyim məni
çox yorur. Birinə səliqəli formada, yumşaq cavab
verirəm, insanlığımı göstərirəm,
qarşımdakı başqa cür anlayır.
-Belə
çıxmırmı ki, Siz daha çox tənhalığa
meylli adamsınız?
- Tənhalıq
deyəndə ki, ola bilsin, müəyyən bir saatda ətrafımdakı
insanlardan kiminləsə görüşüb söhbət edə
bilərəm. Amma əsas öz uşağım, ailəmlə
bir yerdə olmağa üstünlük verirəm. Yayda da
öz bağımıza çəkilirəm. Çox
yorulmuşam insanlardan.
-Tez
deyilmi?
- Hərdən
düşünürəm ki, elə bil artıq mən bu
dünyaya gəlib və getmişəm. Belə hisslər olur
məndə. İnsanlar çox yordu məni bu sənət aləmində.
Yoruldum.
- Bəlkə
Siz öz mühitinizi tapmamısınız?
- O da
ola bilər. Nə bilim.
- Elə
bir cəmiyyət ola bilərmi ki, Sizi cəlb etsin, can
atasınız ora?
-Onu hələ
tapmamışam.
-Bəlkə
pis axtarırsınız?
-Nə
bilim.
-Bəlkə
heç axtarmırsınız?
-
Heç axtarmıram da (Gülür).
-
Rübabə Muradovanın səsinə oxşadırlar Sizin səsinizi.
Oxşayır, ya yox?
- Hərdən
deyirlər sənətkarlar. Rübabə xanım
muğamlarımızı dəsgah formasında mükəmməl
oxumağına və yanıqlı səsinə görə həqiqətən
də seçilib. Ümumiyyətlə, daxilində hansısa
bir hiss, duyğu səni yandırmasa, biganə oxuyarsan. Gərək
yanasan ki, yandıra biləsən.
-
Uşaq vaxtı daha çox nə ilə
oynayırdınız?
- Ailəmizdə
uşaq çox olduğu üçün çox vaxtı
oyuncaqlarımız olmurdu. Gəlincikləri özümüz
ağacdan düzəldirdik. Oynadırdıq onları,
yatırdırdıq. Daşdan evcik düzəldirdik. Hər
bir uşaq kimi.
-
Darıxırsınız, bir gün bəlkə yenə
ağacdan gəlincik düzəldib yoxlayasınız?
-
(Gülür)... Yox. Uşaqlıq artıq çoxdan
keçib. Bu, gözəl hisslərlə yaşanılan bir
dövrdür. Heç nə başa düşmürsən.
Gələcəkdə həyatında nələr
olacağını bilmirsən. Amma sonra əzablar
başlayır.
- Amma
məncə, elə bu əzabların içində də
insan yenə uşaqdır. Məsələn Siz də
böyük bir uşaqsınız. Hə?
- Nə
bilim...
- Nə
mane olur, bir otağa çəkilib, qapını içəridən
bağlayıb yerdə oturaraq ağacdan gəlincik düzəldib
oynamağa? Yoxlamaq olar?
- Yox.
Mən evdə balaca olsam da, xasiyyətcə yaşımdan
böyük olmuşam. Yəni o şeylər mənimçün
elə bil qurtarıb. Gündəlik problemlər məni elə
bil müdrikləşdirib. Bilmirəm.
- Mən
bir dəfə taksiyə əyləşdim. Sürücü
tələsdiyimi görüb dedi ki, "bacıoğlu,
ürəyin hara istəyir de, aparım səni". Dedim
doğrudan, dedi "bu, nə sözdür". "Onda
sür mənim uşaqlıq illərimə", - dedim. "Mən
həyətimizdəki tut ağacının altında qumla
oynayaram, sən də bir samovar çayı içərsən
qayıdarıq. Sözsüz ki, o bunu edə bilmədi. Bax,
birdən Sizin qarşınıza hara istəsəniz
maşını ora sürə biləcək adam
çıxdı, hara deyərdiniz sürsün?
- Real
olmayan şeyi mən necə deyə bilərəm.
-
İndi o mən idim, ağlım elə kəsdi. Siz real
olanı deyin.
- Yox,
heç yerə, yenə ailəmin, uşağımın
yanına.
Rəsul
İlqar
Ədalət.-
2009.- 15 iyul.- S. 4.