Zülm çəkən
aşıq
Aşıq Mirzə Bilalın
anım günü
İyun ayının
23-də Azərbaycan Aşıqlar Birliyinin təşəbbüsü, Mədəniyyət
və Turizm nazirliyinin dəstəyi və Şamaxı rayon icra hakimiyyətinin
təşkilatçılığı ilə Şamaxıda Aşıq Mirzə Bilalın anım günü keçirildi.
Xalq şairi Zəlimxan Yaqub, Musa Yaqub, folklorşünas alimlər Sədnik Paşa, Elxan Məmmədli, Bəhlul Abdulla, türkiyəli qonaq, folklorşünas alim Nizamettin Onk, aşıqlar Ədalət Dəlıdaglı, Ramin Qarayev, Avdı Musayev, jurnalist Musa Nəbioglu, şair Səməndər Məmmədli, Əflatun Kamandaroglu və başqalarından ibarət heyət tədbirdən bir gün öncə Şamaxıya yola düşdü.
Məclisi Azərbaycan Aşıqlar Birliyinin sədri, xalq şairi Zəlimxan Yaqub açıq elan edərək, ictimaiyyəti bu bayram münasibətilə təbrik etdi. Aşıq Mirzə Bilalın nəhəng portreti diqqətimi çəkdi. Mənə elə gəldi ki, ustadın özü də bu məclisdədir. Xəyallara daldım...
Ustad haqqında ilk dəfə atamdan eşitmişdim. Görkəmli alim Mürsəl Mürsəlovun tərtib etdiyi "İlk baharım gəl görüm" adlı kitabını isə 1982-ci ildə instituta qəbul üçün Bakıya gələndə mağazadan almışdım. Şeirləri ilə yaxından tanış idim. Sonralar filologiya elmləri doktoru Seyfəddin Qəniyevin "Şirvanlı Aşıq Mirzə Bilal" adlı kitabını və görkəmli alim Rafael Hüseynovun "525-ci qəzet"in 14 mart 2009-cu il nömrəsində "Aşıq qanı" məqaləsini oxumuşdum. İndi Aşıq Mirzə Bilal təsəvvür etdiyim kimi gözümün qabağında canlanırdı...
Aşıq Mirzə Bilal XIX əsrin sonu, XX əsrin əvvəllərində yaşayıb-yaratmış ustad aşıq idi. Əslində həmin dövr millətimizə çox ağrı-acılar yaşatsa da ədəbiyyatımıza, elmimizə, mədəniyyətimizə əvəzsiz dahilər vermişdi. Aşıq Mirzə Bilal da onlardan biri idi...
Elə bunları düşünürdüm ki, birdən aşıq Ədalət Dəlidağlının çaldığı "Yanıq kərəmi" havası məni xəyallardan ayırdı. Aşığın barmaqları pərdələrə toxunduqca, sanki tellərdən qığılcım sıçrayırdı. Bu dəfə yanan erməni qızının eşqinə düşən Kərəm yox, rus-erməni siyasətinin alovunda yanan Aşıq Mirzə Bilal idi...
Bilal Mustafa oğlu 1872-ci il mart ayının 12-də
Şamaxı qəzasının
qədim Qəşəd
kəndində dünyaya
göz açmışdı.
Atası Mustafa Mikayıl oğlu onun xüsusi istedada malik olduğunu uşaqlığından
hiss etdiyindən şeirlər əzbərlədərdi.
Lakin tale elə gətirdi ki, o, səkkiz
yaşında olarkən,
1880-ci ildə atasını
itirdi. Bilal ailənin böyük uşağı olduğundan
gah qoyun-quzu otarar, gah da
çöl işlərində
anasına kömək
edərdi. Ancaq heç zaman zümzüməsindən qalmazdı.
Maddi imkanları olmadığından məktəbə gedə bilməsə də, yazıb-oxumağı molla Xasıdan dərs alan tay-tuşu, uşaqlıq dostu Veyisdən öyrəndi.
Artıq Bilalın gözəl səsi, avazı el-obaya yayılmışdı, hətta Seyid bulağından su içəndən sonra ona vergi verildiyini də deyənlər tapıldı.
Bilalın fitri istedadına və gözəl yaddaşına heyran olan Molla Xası onu öz məktəbinə götürür. Məktəbi bitirdikdən sonra isə ona Seyid Əzim Şirvaninin məktəbində oxumağı məsləhət görür. Bilalın gələcəyinə ümidlə baxan Seyid Əzim isə ona bəri başdan xeyir-dua verir...
Gənc Bilal Şamaxıda Mahmud ağanın şeir-musiqi, S.Ə.Şirvaninin "Beytüs-səfa" və digər məclislərdə mütəmadi iştirak edirdi. Həmin dövrdə o, M.Ə.Sabir, A.Səhhət, M.Hadi, S.M.Qənizadə, Aşıq İbrahim, Aşıq Nurəddin, Əbdülxaliq Əfəndi və başqa ünlü ziyalılar, qələm adamları ilə ünsiyətdə olduğundan, bu onun dünya görüşünün formalaşmasına, eləcə də aşağıdakı beytindən də göründüyü kimi yaradıcılığına təsir etmişdir.
Bəylərin zülmündə qalan bir aşıq,
Olmasın bəs günü qara, neyləsin?
Ərəb və fars dilini mükəmməl bilən Bilal klassik poeziyaya da dərindən bələd oldu. Bu mühitə düşməsi onu Mirzə Bilal kimi tanıtdı və sevdirdi.
Aşıq Mirzə Bilal kamil sənətkar olsa da, özündən yaşlı sənətkarlarla əlaqəni yaşadar və onlarla tez-tez təmasda olarmış. Ağsuda yaşayıb-yaradan, yaşca özündən böyük olan, bir neçə dastanları ilə yanaşı "Aşıq Calal və Kəklik" dastanının müəllifi aşıq Calal ilə də sonacan əlaqəni kəsməyib, onun öyüdlərini dinləyərmiş.
Aşıq Mirzə Bilal Mirzə Məmmədhəsənin yanına
getdiyi vaxtlarda bazarlığını Sarıtorpaq
məhəlləsində Talıb
kişinin dükanından
edərmiş. Bir gün Talıb kişinin qızı Soltanxanımı görür,
ona vurulur. Nişanlanırlar, ilk görüşdən ilhama
gələn aşıq
sevgilisinin şərəfinə
"Sarıtorpaq şikəstəsi"ni bəstələyir.
Bunlardan başqa Aşıq Mirzə Bilal "Havar-koxa", "Güdayı", "Kart-kurt", "Bilal gözəlləməsi" havalarının da müəllifidir. Bir neçə köhnə saz havalarına isə aşıq Bilal nəfəsi verərək onları təkmilləşdirmişdir.
M.Ə.Rəsulzadəylə də
yaxından
1928-ci il may ayının 5-7-də Bakıda keçirilən Azərbaycan Aşıqlarının birinci qurultayında dəvət olunan 150 nəfərin içində Aşıq Mirzə Bilal da vardı. O, bu qurultayda "Qızıl Azərbaycan aşığı" fəxri adına layiq görüldü. Lakin az sonra bəstələri və şeirləri ilə yeni hökuməti alqışlayan aşıq, birdən-birə hökumət tərəfindən göz altına alındı. Onu 1933-cü ildə tutub Bakıya göndərdilər və həbs etdilər. Bəhanə isə Musavat zamanında onlara xidmət etməsi idi. Bu dəfə möcüzə nəticəsində buraxıldı. 1935-ci ildə bir çox sənət dostlarının təkidi və müraciətiylə məclislərə çıxdı. Məclislərdə daha dərdli, dövrdən gileyli mahnılarını oxudu.
Dəli könlüm, heç ahu-zar eyləmə,
Hər iş qaydasında keçib gedəcək.
Dünyanı dördəlli
qamarlayanlar,
Əcəl şərbətini içib gedəcək.
Elə həmin vaxtlar yenidən tuthatut başlandı. Onun yaxşı
tanıdığı onlarla
ziyalı dostları Şamaxıda əksinqilabi
təşkilatın üzvü
olmaqda suçlandırılaraq
həbs edildilər.
1937-ci il iyul ayının 15-də aşığın özünü
də apardılar. Evini axtardılar, mal-qarasını, atını, ustadlardan topladığı şeirləri,
dastanlardan ibarət arxivini, özünün yazdığı şeirləri,
cürə sazını,
bir sözlə, nəyi vardısa apardılar.
Həbsxanada uzunmüddətli
işgəncələrdən sonra saxta ittihamlara
məcburiyyət qarşısında
imza atan aşıq həmin il noyabrın 26-dan 27-nə
keçən gecə
erməni Q.B.Martirosovun
qərarı və Sumbatovun göstərişi
ilə 65 yaşında
güllələndi. Həmin gecə onunla birlikdə 50 nəfər güllələnmişdi...
Elbəyi CƏLALOĞLU
Ədalət.- 2009.- 18 iyul.- S. 13.