"ÖLMƏZLƏR"

 

(Şəhid polislərimizin xatirəsinə həsr olunmuş kitab)

 

Məhəmməd peyğəmbərin (s.ə.s.) belə bir kəlamı var: "Allaha imandan sonra ən fəzilətli ibadət vətəni qorumaqdır". Bu kəlamda "Vətən" anlayışının böyüklüyü, müqəddəsliyi və heç bir şeylə müqayisə edilmədiyi necə də gözəl və səlis şəkildə ifadə olunub...

Torpağın vətən olması üçün onu sevmək, qədrini bilmək, zərurət yaranarsa, onun yolunda ölmək gərəkdir. Necə ki, uca Tanrı dərgahına qovuşan şəhidlərimiz bu müqəddəs həqiqəti öz qanları ilə, əbədiyyətə qovuşmuş ölümləri ilə təsdiq etdilər. Və ölümü şərəfləndirərək ölməzlik deyilən əbədi bir məkan yaratdılar.

Bəli, vətəni qorumaq, mən deyərdim ki, şəhidlik zirvəsindən başlanır. Bu zirvəyə gedən yol isə müqəddəslikdən keçir, vətən istəyindən, vətən məhəbbətindən və bir də bu istəyi, bu məhəbbəti təsdiqləyən hünər və rəşadətdən, igidlikdən, qəhrəmanıqlan keçir.

...Tarixin müxtəlif dönəmlərinlə xalqımız məkrli, təcavüzkar düşmən hiyləgərliyinə, düşmən xəyanətinə tuş gəlib, ədalətsiz müharibələrə, münaqişələrə cəlb olunub. Torpaqlarımız düşmən təcavüzünə məruz qalıb.

Xalqımıza, dövlətçiliyimizə qarşı aparılan məkrli düşmən siyasəti və bu siyasətin qurbanı olmuş günahsız insanların faciəsi ötən əsrin qanlı olaylarında da özünü göstərdi. Əsrin əvvəllərində xalqımızın başına gətirilən müsibətlər, xain və nankor qonşularımızın - erməni millətçilərinin və onların havadarlarının təcavüzkar niyyəti 1980-ci illərin axırlarında da tüğyan etməyə başladı. Əsrlər boyu öz doğma ata-baba yurdlarında yaşayan soydaşlarımız öz tarixi torpaqlarından - sonralar isə haqsız olaraq Ermənistan adlandırılan ərazilərdən qovuldular. Ermənilərin və onların havadarlarının fitvası ilə, məkrli niyyəti ilə törədilmiş bədnam Qarabağ müharibəsi , dövlətçiliyimizin məhv edilməsinə yönəldilmiş qanlı 20 yanvar faciəsi və Xocalı qırğınları 20 mindən çox soydaşımızın həyatına son qoydu. Əsirlər, itkinlər, əlil və şikəstlər... həmin qanlı faciələrin ağır nəticələridir...

Vətənimizin azadlığı və istiqlaliyyəti, ərazi bütövlüyümüzün qorunması uğrunda, qəddar düşmən hücumlarının qarşısının alınmasında bütün həmvətənlərimiz kimi, Azərbaycan polisi də böyük hünər və fədakarlıq, qəhrəmanlıq göstərmişdir.

Münaqişələrin lap ilk günlərindən ictimai asayişin keşiyində ayıq-sayıq dayanan, sonralar isə könüllü olaraq cəbhə bölgələrinə gedən polis əməkdaşlarımız düşmən hücumları və təxribatalırnın qarşısını almaq üçün öz canlarını, qanlarını belə əsirgəməmişlər.

Hələ münaqişələrin yenicə başlandığı ilk vaxtlarda məhz polislərimiz ilk olaraq düşmənlə üz-üzə dayanmış, təcavüzün qarşısını almaq üçün sinələrini Vətən yolunda sipər etmişlər. Ona görə də Dağlıq Qarabağ müharibəsində və bu faciəli hadisələr ərəfəsində ilk şəhid olan soydaşlarımız arasında polislər əksəriyyət təşkil etmişlər. Ümumiyyətlə isə Qarabağ uğrunda gedən döyüşlərdə yüzlərlə polis əməkdaşı igidliklə həlak olmuş, döyüş meydanlarında itkin düşmüşlər.

Bütün bunlar barədə Respublika Xatirə Kitabı Redaksiyasının böyük redaktoru İlham Gözəlovun (İlham İsmayıloğlu) "Ölməzlər" kitabında ətraflı bəhs olunmuşdur. Respublika Xatirə Kitabı redaksiyasında nəşrə hazırlanan və müharibə veteranı İsrafil Əhmədovun redaktorluğu ilə "Azərbaycan" nəşriyyatında nəfis şəkildə çap olunmuş həmin kitabda 450 nəfərə yaxın şəhid polis əməkdaşı və onların döyüş yolu barədə ətraflı məlumat verilmişdir.

Şəhidlərin monumental xatirə kompleskinin əzəmətli şəkli ilə açılan kitabda ulu öndər, ümummilli liderimiz Heydər Əliyevin Şəhidlər haqqında dediyi bu sözlər kitaba xüsusi məzmun verir: "Vətənin müdafiəsi hər birimiz üçün ən ülvi, ən uca, ən müqəddəs işdir. Bu müqəddəs vəzifənin yerinə yetirilməsində şəhid olanlar cənnətə gedirlər. Onların qəhrəmanlığı xalqın xatirəsində daim yaşayacaqdır".

 

 

Tofiq ABDULLAYEV,

Respublika Xatirə Kitabı

Redaksiyasının redaktoru

 

Ədalət.- 2009.- 18 iyul.- S. 18.