Cəngavər ömrünün səhifələri...
Uzun illər Azərbaycanın
milli təhlükəsizlik orqanlarında ümummilli liderimiz
Heydər Əliyevlə birlikdə
çalışmış, ömrünün son günlərinədək
öz xalqına, haqq və ədalətə sədaqətlə
xidmət etmiş fədakar, say-seçmə vətən
oğullarından biri də Eldar Qasımov olmuşdur.
Həyatının mənasını haqsızlığa və şər qüvvələrə qarşı barışmaz mübarizədə görmüş bu cəsur, mərd, hər an həyatı ilə risq edən cəngavər insanın adı və xidmətləri işlədiyi orqanların fəaliyyətinin məxfiliyi və bir insan kimi özünün təvazökarlığı ilə əlaqədar bu günədək mətbuatda, kütləvi informasiya vasitələrində işıqlandırılmayıb.
Qasımov
Eldar Qasım oğlu 1939-cu il yanvarın 5-də Azərbaycana
görkəmli dövlət və ictimai-siyasi şəxsiyyətlər
bəxş etmiş Tovuz rayonunda anadan olmuşdur. Orta təhsilini Şəmkir şəhər
məktəbində başa vurduqdan sonra Bakı şəhərinə
gəlmiş, Azərbaycan Dövlət Universitetinin hüquq
fakültəsinə daxil olmuşdur. 1957-ci ildə ali məktəbi
əla qiymətlərlə bitirmiş yüksək intellektual
səviyyəsi, təbii zəkası, fiziki
hazırlığı olan bacarıqlı gənc E.Qasımov
Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsinə
işə götürülmüşdür. O dövrdə
1937-1953-cü illər SSRİ-də Stalin repressiyalarından ən
çox zərər çəkmiş Azərbaycanda on minlərlə
günahsız insanın güllələndiyi, həbs olunub
amansız işgəncələrə məruz
qaldığı, Sibirə və Orta Asiyaya sürgün
edildiyini əhali qorxu ilə xatırlayırdı.
İşçilərinin böyük əksəriyyətini
ermənilərin, yəhudilərin və digər qeyri azərbaycanlıların
təşkil etdiyi respublika DTK-sinin adı çəkiləndə
insanları təqib və təşviş hissi
bürüyürdü. Markaryanların, qriqoryanların,
vicdanını və milli mənsubiyyət hissini itirmiş
mundır sahiblərinin yuva saldıqları "KQB"
adı ilə tanınan bu bədnam təşkilat
imperiyanın cəza aparatı kimi 30-cu illərdə Mikayıl
Müşfiqi, Hüseyn Cavidi və milli
ziyalılarımızın böyük əksəriyyətini
əsassız ittihamlarla cəzalandırmış, respublikada
xof hissinin hökmranlıq etdiyi qeyri-sağlam mühit
yaratmışdı.
E.Qasımov bu təşkilatda
çalışdığı illərdə xalqını sevən, vətənpərvər və prinsipial bir insan kimi orada törədilən haqsızlıqlarla barışa bilmirdi.
Xalqımızın
görkəmli dövlət xadimi Heydər Əliyev 1967-ci ildə
Azərbaycan SSR DTK-nə sədr təyin edildikdən sonra
milli kadrların işə qəbul edilməsi, ədalətli
və sağlam iş mühitinin yaradılması sahəsində
ciddi tədbirlər görülsə də, Moskva tərəfindən
təyin edilən sədr müavinləri və onlara arxalanan
bəzi məmurlar köhnə qayda ilə işləməyə
adət etmişdilər. E.Qasımovun
xüsusi işlər üzrə komitənin baş müstəntiqi
kimi böhtan xarakterli anonim məktublara əsaslanaraq
günahsız insanların təqib edilməsi və cəzalandırılmasına
qarşı çıxması bəzi
azğınlaşmış mundir sahiblərinin hiddətinə
səbəb olurdu. Onlar E.Qasımovu ləkələyib vəzifəsindən
kənarlaşdırmaq məqsədilə hər cür vasitələrə
əl atırdılar.
Həmişə
haqqın tərəfində olmuş bu insana qarşı
şər qüvvələrin hiylələri, bədxah niyyətləri
baş tutmadı. Moskvada
SSRİ Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin
qəbulunda olub, yaranmış vəziyyəti ona izah etdikdən
sonra 1980-cı ildə E.Qasımov DTK-nın Özbəkistan
SSR-də xüsusi işlər üzrə müstəntiqi vəzifəsinə
təyin olunmuşdu. Daşkənd şəhərində
çalışdığı müddət ərzində
ona göstərilmiş yüksək etimadı şərəflə
doğrultmuş, Orta Asiya respublikalarında bir çox
ağır dövləti cinayətlərin
açılmasında fəal iştirak etmişdir. O illərdə
Qırğızıstan SSR Baş nazirinin müəmmalı
şəkildə qətlə yetirilməsi işinin
açılmasında E.Qasımovun xüsusi xidməti
olmuşdur.
1979-cu ilin
aprelində SSRİ dövləti beynəlxalq hüquq
normalarını pozaraq qonşu Əfqanıstanın daxili
işlərinə hərbi təcavüz yolu ilə müdaxilə
etdi. Ölkədə
Moskvadan idarə olunan və yerli əhali tərəfindən
dəstəklənməyən oyuncaq Babrak Karmal rejimi
yaradıldı. Bir sıra Qərb dövlətləri tərəfindən
silahlandırılan və maliyyələşdirilən tayfa
başçılarının və nüfuzlu dini rəhbərlərin
işğalçılara qarşı başladıqları
cihad müharibəsi bütün ölkəni
bürümüşdü. O dövrün ən müasir
silahları ilə silahlanmış və hərbi texnikası
ilə təchiz edilmiş sovet qoşunları din və vətən
uğrunda şəhid olmağı şərəf sayan
mücahidlərin, saysız-hesabsız qorxu bilməyən cəsur
kamikadze partizanların müqavimətini qırmaq məqsədilə
çox vaxt hətta günahsız dinc əhaliyə də qəddarcasına
divan tuturdular. Mücahidlərin gizləndikləri ehtimal edilən
dağ kəndlərini bombardımançı təyyarələr
yerlə yeksan edir, əsir alınmış mücahidlərə
və partizanlara köməklik etmələrində
şübhəli bilinən dinc sakinləri çox vaxt
günahları sübuta yetirilmədən elə yerindəcə
güllələyirdilər. Baş alıb gedən hərbi
cinayətlər guya Əfqanıstan hökumətinin
xahişi ilə bu ölkəyə qoşun yeritmiş
SSRİ-nin beynəlxalq imicini daha da sarsıdırdı. Belə
bir dövrdə hərbi cinayətlərin
açılmasına bilavasitə kömək etməsi məqsədilə
təhlükəsizlik orqanlarının təcrübəli
mütəxəssisi kimi Eldar Qasımov 1980-cı ilin
sonlarında DTK-nın xüsusi işlər üzrə
İstintaq şöbəsinin baş müstəntiqi kimi Əfqanıstanın
Qəndəhar şəhərinə ezam olunmuşdur. Polkovnik
Eldar Qasımov o illərin xatirələrini yada salaraq etiraf
edirdi ki, Qəndəharda işləmək əlçatmaz,
qarlı, buzlu dağ zirvələrində və qorxunc dağ
uçurumlarında kamikadze mücahidlərilə
döyüşməkdən daha təhlükəli idi. Sovet
ordusunun ağır hərbi cinayətlər törətmiş
yüksək vəzifəli zabitlərini hərbi əməliyyatların
davam etdiyi bir dövrdə cinayət məsuliyyətinə cəlb
edib cəzalandırmaq son dərəcə risqli və təhlükəli
iş idi və heç də həmişə uğurla nəticələnmirdi.
Günahsız insanları tapança ilə atəş
açıb öldürməyə adət etmiş sərxoş
hərbi canilər hər an məni də qətlə yetirə
bilərdilər. Mənə qarşı sui-qəsd cəhdləri
dəfələrlə baş vermişdi. SSRİ Müdafiə
Nazirliyi Baş Hərbi Kəşfiyyat İdarəsinin və
SSRİ DTK-sının cinayət törətmiş əməkdaşlarını
və onlara yaxın olan zabitləri nəinki cinayət məsuliyyətinə
cəlb etmək mümkün olmurdu, əksinə bəzən
onlar şərləyib vicdanlı prokurorluq işçilərinin
cəzalandırılmasına nail ola bilirdilər. Eldar
Qasımov söyləyirdi ki, o illər mənim gözlərim
önündə baş vermiş bir hadisə heç xatirimdən
silinmir və hər dəfə yadıma düşəndə
təəssüf və qəzəb hissləri qəlbimi
sıxır. Həbs olunmuş mücahid dustağı Qəndəhardan
Kabul şəhərinə aparırdıq. Hərbi helikopter
sıldırımlı dağların üzərindən
uçurdu. Helikopterdə qolları arxadan kəndirlə
bağlanmış ucaboy, yaraşıqlı, məğrur
mücahid dustaqdan və məndən savayı sovet ordusunun bir
neçə yarı sərxoş vəziyyətdə olan
zabitləri də əyləşmişdilər. Onlar
mücahidə təhqiramiz söyüşlər
söyür, yumuruq və təpik vurur, helikopterdən yerə
atacaqları ilə hədələyirdilər.
Üz-gözü qana bulaşmış, ağrılara mərdliklə
dözən mücahid tərcüməçiyə dedi ki,
öz xalqının azadlığı, dini, əqidəsi və
vətəni uğrunda vuruşub, şəhid olmaqdan qorxmur.
Haqq bizim tərəfimizdədir. İşğalçılar
məğlub olacaq və Tanrının cəzasını
çəkəcəklər. Belə bir cavabdan qəzəblənən
zabitlər onu yenidən təpikləyib döydülər, mənim
ciddi xəbərdarlığıma və müqavimət
göstərməyimə baxmayaraq bir neçə kilometr
yüksəklikdə helikopterin qapısını açaraq
yaralı mücahidi müdhiş bir uçuruma atdılar.
Mən Qəndəhara
qayıdan kimi bu hadisə ilə əlaqədar cinayət
işi qaldırılmasına nail oldum. Cinayətkarlar layiqli cəzalarını
aldılar. Həmişə olduğu kimi bu məsələdə
də mənim geri çəkilməməyim, barışmaz
və prinsipial mövqe tutmağım hərbi prokurorluqda bir
çox qərəzli və şovunist əhval-ruhiyyəli əməkdaşların
narazılığına səbəb oldu, məni müsəlman
həmrəyliyində ittiham edənlər də
tapıldı. Müharibə alovlarının sönmək
bilmədiyi Əfqanıstanda xidmət etdiyim dövrdə bu
kimi hadisələrlə, demək olar ki, hər gün
qarşılaşırdım və həmişə də
haqsızlığa qarşı mübarizə yolunda əlimdən
gələni edirdim. Eldar Qasımov söyləyirdi ki, uzun illər
ötməsinə baxmayaraq uca Əfqanıstan dağları
kimi vüqarlı, əyilməz, ölüm anında namərd
düşməndən imdad diləməyən, əqidəsi
və vətəni yolunda şəhid olmağı şərəf
sayan o gənc mücahidi unuda bilmirəm. Zaman bu şəhid
mücahidin haqlı olduğunu sübut etdi. Tarix boyu yadelli
işğalçılara qarşı mərdliklə
mübarizə aparmış məğrur əfqan xalqı
böyük itkilər versə də sovet hərb maşininin
qarşısında da boyun əymədi. Əfqanıstandakı
hərbi-siyasi avantürası dövründə yüz minlərlə
günahsız müsəlmanın qanını
tökmüş, doğma yurd-yuvalarını
dağıdıb xaraba qoymuş SSRİ imperiyası isə
1991-ci ildə zamanın hökmü ilə süqut etdi.
1985-ci ildə hələ də müharibə alovlarının tüğyan etdiyi Əfqanıstandan, özünün etiraf etdiyi kimi beş il ərzində hər an ölümlə üzləşdiyi qürbət ölkədən vətəninə - Bakıya qayıtdıqdan sonra o, yenidən Azərbaycan DTK-da çalışırdı.
1988-ci ildən başlayaraq Dağlıq Qarabağda erməni şovunistlərinin separatçılıq hərəkatına qarşı mübarizənin ön cəbhəsində olan E.Qasımov 1990-cı ildə Respublika Prokurorluğunun İstintaq şöbəsinin prokuroru kimi Xankəndinə ezam olunmuş, burada separatçı ekstrimistlərə qarşı cinayət işləri açmış, istintaq işlərinə rəhbərlik etmişdir. E.Qasımov xatırlayıb söyləyirdi ki, Dağlıq Qarabağdakı işi, Əfqanıstandakı işindən o qədər də asan deyildi. Burada fəaliyyətimizə müxtəlif səviyyələrdə təzyiqlər göstərilirdi.
Bir dəfə
hətta vilayət prokurorluğunun bir neçə vəzifəli
məmuru açıq-aşkar mənə xəbərdarlıq
etdilər ki, çıxın gedin Bakıya, bizim erməni
hüquqşünas mütəxxəssislərimiz kifayət qədərdir,
sizin təhlükəsizliyinizə heç kəs təminat
verə bilməz. E.Qasımov
Bakıya qayıdıb həmin məmurların
hamısını işdən kənarlaşdırır. Xankəndinə
gəlib hüquq mühafizə orqanları işçilərinin
müşavirəsini keçirir. Çıxış edərək
qətiyyətlə bildirib ki, Dağlıq Qarabağ Azərbaycanın
qanuni ərazisidir. Beş il Əfqanıstan müharibəsində
ölümlə əlbəyaxa olmuşam, məni
ölümlə qorxuzmaq olmaz. Manuçarovların quldur dəstəsini
məsuliyyətə cəlb edib, xalqlar arasında düşmənçilik
salan separatist terrorçuları zərərsizləşdirmək,
burada qanunçuluğu bərpa etmək yolundan məni
heç nə çəkindirə bilməz.
Dağlıq Qarabağda separatizm problemi Moskvadan, ölkənin siyasi rəhbərliyi tərəfindən dəstəkləndiyindən separatçı-terrorçulara qarşı E.Qasımovun gərgin və fədakar zəhməti heç bir səmərə vermirdi.
İstehfaya
çıxandan sonra da E.Qasımov özünün
bütün qüvvə, təcrübə və
bacarığı ilə xalqımıza xidmət etmişdir.
Respublikamızın Xarici
İqtisadi Əlaqələr, Ticarət və İqtisadi
İnkişaf nazirliklərində məsul vəzifələrdə
çalışmışdır. 1997-ci ildə Azərbaycan
Respublikasının Ticarət naziri vəzifəsini icra
etmiş, xarici ölkələrlə ticarət və iqtisadi əməkdaşlığın
inkişaf etdirilməsi sahəsində dövlət əhəmiyyətli
tədbirlər həyata keçirmişdir.
Xeyirxah, saf
əqidəli, nikbin insan olan E.Qasımovun qəlbində
böyük arzuları var idi. İşğal altında olan vətən
torpaqlarımızın azad olunacağı günü səbirsizliklə
gözləyirdi. Ömür vəfa etmədi. 2008-ci il iyulun
21-də cəngavər ömrü yaşamış bu insan əbədiyyətə
qovuşdu...
Xalqımızın görkəmli yazıçısı Mircəlal Paşayevin qızı Ədibə xanımın ömür-gün yoldaşı idi Eldar müəllim. Oğlu Rasim və qızı Leyla atalarının şərəfli adını uca tutur, layiqli övladlar kimi onun yolunu davam etdirirlər.
Onun keçdiyi şərəfli həyat yolundakı fədakar əməyi və xidmətləri dövlət tərəfindən qiymətli mükafatlar, orden və medallarla layiqincə qiymətləndirilmişdir.
Eldar müəllim xeyirxah əməlləri ilə həyatda işıqlı, xoş xatirələr qoyub getmişdir...
Vaqif Əsədov
Azərbaycan Tarix və Mədəniyyət
Abidələrini Mühafizə Cəmiyyətinin sədr
müavini
Ədalət.- 2009.- 18
iyul.- S. 19.