70 yaşı tamam olan 60 ilin jurnalisti

 

ya məncə, lap başdan jurnalist olmaq istəyən şəxsə jurnalist demək olar

 

Bu fikirlə tamamilə razıyam. Daha doğrusu, onun müəllifi ilə. Müəllifi isə öyrəşdiyimiz kimi Hans, Cons deyil. Yeni nəsil təhsilli jurnalistlərin sevimli müəllimi olan Bakı Dövlət Universitetinin Beynəlxalq jurnalistika kafedrasının müdiri, dosent, əməkdar jurnalist Həmid Vəliyevdir. Bir çox jurnalistlər onu Səhiyyə Nazirliyinin mətbuat xidmətinin sabiq rəhbəri kimi də tanıyır.

Jurnalistika aləmində 60 ildir külüng çalıb bu insan, amma yaşı 70-dir. 60 ona görə deyirəm ki, o, vunderkid jurnalist olub. 10 yaşından uşaqlar üçün olan qəzetlərə poçtla məqalələr göndərib və poçtalyondan aldığı aylıq 40-50 manat pulla ailə başçısız qalmış anasının sınıq ürəyini az da olsa toxdada, qürurla doldura bilib. Maraqlı bir həyat yaşayıb Həmid müəllim. Yazını 70 yaşı ərəfəsində ondan müsahibə şəklində də ala bilərdim. Amma bu insanı yaxşı tanıdığım üçün ehtiyac duymadım. Söhbətlərimizdən doğan səmimiyyətin havasından istifadə etməyi qərara aldım.

Jurnalistika fakültəsində hansı tələbəni, müəllimi dindirsən ən mehriban, uşaqların "halına yanan", kursda saxlamaqda "əli olmayan" müəllimlərdən biri kimi, ilk növbədə, Həmid müəllimin adını çəkər. Amma indi çox az belə kafedra müdiri tapmaq olar. Özünü dartmayan, tələbə ilə özü arasında uçurum yaratmaqla natamamlıq kompleksi keçirməyən belə ziyalılarımızı təəssüf ki, barmaqla göstərmək olar. Həmid müəllimin bir fərqi də onun necə deyərlər, "yad eldə baş çıxarmasıdır". Belə ki, o, uzun illər "Sovet Gürcüstanı" qəzetində korrektorluqdan tutmuş ən məsul vəzifələrə qədər yüksələ bilib. Gürcüstanın əməkdar jurnalisti adını almaq sizə elə də asan iş gəlməsin. Özü demişkən, gördüyü işlər fikirləşdiklərinin heç 10 faizi də deyil. Jurnalist və ya istənilən sənətin sahibi olmaq əvvəlcə həvəslə başlayır. Həvəslə yaranan iş sonradan tam reallaşır və son qərar da bu zaman verilir. Davam etmək! O deyir: "Məncə lap başdan jurnalist olmaq istəyən şəxsə jurnalist demək olar. Belə şəxsə min cür maneələr yaratmaq istəsən də, nəticə verməyəcək. Hələ inistituta imtahan verənə kimi mənim çoxlu yazılarım var idi. Amma bunlar ayrı. Qarşıma məqsəd qoymuşdum ki, jurnalist olacağam. 1958-ci ildə orta məktəbi bitirib işimi jurnalistikaya verdim. İmtahan verdim və kəsilmədim. Lakin məni yüksək nəticəyə görə hüquq fakültəsinə keçirmək istədilər. Razı olmadım. İki ildən sonra yenidən imtahan verdim. Məndən imtahanı Mir Cəlal götürdü. Onun sualları və mehribanlığı hələ də gözümün önündədir. İmtahan verərək jurnalistikaya qəbul olundum. Yaxşı da oxudum. Şirməmməd müəllimdən "beş" almaq çətin iş idi. Amma mən "beş" ala bildim. Yəni ali məktəbdə bu cür oxudum". Universitet imtahanları zamanı yüksək bal toplamasına baxmayaraq, o, hüquq fakiültəsinə getmək istəmir, jurnalistikanı seçir. Bəlkə də indi çoxlarımıza fantastik görünər bu sözlər. Peşəni belə sevərlər. Sıravi müxbirdən əməkdar jurnalistliyə, müəllimlikdən kafedra müdirliyinə qədər yüksələn bir yol gərgin zəhmətin nəticəsidir.

Həmid müəllim bu fikirlərini tez-tez vurğulamağı xoşlayır: "Çox şeylər var ki, adam cavanlıqda əhəmiyyət vermir. Sonradan isə artıq onun yerini doldurmaq mümkün olmur. Amma mən bu 70 yaşa qədər xeyli iş görmüşəm. Bunun loğvalıq kimi qəbul edilməsini istəməzdim. Bizim Fəridə Vəzirova adlı müəlliməmiz var idi. Məmməd Səid Ordubadinin araşdırmaçısı idi. Ordubadinin 60 illiyinin keçirilməsi haqqında danışarkən deyirdi ki, Ordubadi ona söz verilərkən bildirib: "Siz bu gün mənim 60 yaşımı yox, gərək 30 yaşımı qeyd edəsiniz. Çünki onun 30 ilini yatmışam". Eyni zamanda o deyir: "Əgər gəncliyimi mənə qaytarmış olsaydılar, onda bilərdim ondan necə istifadə etmək lazımdır".

Daim vəzifələrdə çalışmaq şirnikdirici görünə bilər. Amma vəzifədə olmağın ən pis üzü insanlardan uzaqlaşmaqla başlayır. Bu azar adamı hər şeydən kənarlaşdırır. Sevdiyin məşğuliyyətlərdən, istirahətdən, rahat yuxudan, hətta ailədən. Həmid müəllim də bu yolu keçib. Bu ləngimə onun elmi işlərinə də oz mənfi təsirini göstərib. Sürətlə keçən zaman və gərgin iş onu vaxtında müdafiə edib doktorluq almasına imkan verməyib.

Bəzən onunla kafedrada müzakirələr aparırıq. Bir az mübahisəli məsələ də olsa, etiraf etmək lazımdır ki, jurnalistika praktik elmdir, yəni bir ayağı təcrübədədir. Və jurnalistika bəlkə yeganə sahədir ki, burada insan hər gün öz qabiliyyətinə görə cəmiyyət, dövlət və xalq qarşısında hesabat verir. Burada auditoriya kütləvi şəklidə jurnalistin peşəkarlığı, məhsuldarlığı ilə yanaşı, onun insanlığı ilə də tanış ola blir. Qəzetlərdəki materialları müzakirə edərkən Həmid müəllimin ən əsəbiləşdiyi məqam korrektə zamanı buraxılmış mətn səhvləri olur. Tez-tez deyir ki: "Sovet dövrünün jurnalistikasında belə idi ki, jurnalist özündən asılı olmayaraq, böyük məsuliyyət hiss edirdi. Digər tərəfdən, jurnalist özünə qarşı tələbkar idi. Vay o gündən ki, səhv tapılaydı. O saat ya müxbir, ya da korrektor cəzalandırılırdı. Amma bu gün belə şeylərə rast gəlmək mümkün deyil. İndiki dövrdə üstün cəhət texnikanın mövcudluğudur. Məsələn, indi kompüteri olan adam nəşriyyata getmədən qəzet çıxara bilər".

Tale Həmid müəllimə özünü sırf müəllimliyə bağlamasına da imkan verdi. Həmişə gənc həmkarlarına nəsihət verir ki, müəllim kimi auditoriya girərkən mütləq yeni söz, indormasiya desinlər, yenilikləri tələbələri ilə sərbəst şəkildə müzakirə etsinlər. "Müəllim hər gün oxumalı, biliyini artırmalıdır. Bundan başqa, müəllimin şəxsiyyəti məsələsi də önəmlidir. Biri var tələbə qorxa-qorxa yaxınlaşsın, biri də var sevə-sevə". Yəqin ki, tələbələrinin sevimlisi olmaq istəməyən müəllim yoxdur. Amma heç nə yalnız arzu etməklə reallaşmır, həyata keçirməklə başlayır.

Həmid müəllimin jurnalistikasının əsasını təqdiqat tutur. Müasir dillə desək, araşdırmaçılıq. Xüsusən də, Gürcüstan-Azərbaycan arasındakı tarixi məsələlər, toponimlər, folklor onun tədqiqat obyekti olub. Övladı olduğu Sadaxlı kəndindən danışan zaman bu adın mənasını açdığı üçün özünü xoşbəxt sayır. Həmişə deyir ki, "kəndin adının hardan gəlməsi mənim üçün çox maraqlı olub. Lüğətlərə baxarkən "sadaq" sözünü tapdım. Vladimir Dal deyən bir lüğət yazan var idi. Onun kitabında "sadaq" sözü yay-ox toplanan alət mənasında qeyd edilmişdi. "Sadaqlı" isə yay-ox daşıyan adama deyirlər. Bununla da belə anlaşıldı ki, kəndin tarixi XII əsrin əvvəllərinə gedib çıxır. Bu materialları qəzetlərdə çap etdirdim. Böyük maraq doğurdu".

Uzun müddət gürcü xalqının arasında yaşayan və onlara yaxından bələd olan insan kimi Həmid müəllim qeyd edir ki, "Gürcüstanla bağlı fikirlərdə bildirirlər ki, guya gürcülər azərbaycanlılara mane olurlar. Amma mən onların arasında 30 ildən artıq yaşayan və işləyən adam kimi deyə bilərəm ki, bu belə deyil. Əksinə şərait yaradırdılar. Əgər sübut etsən ki, tarixdə filan məsələ Azərbaycanın xeyirinə olub bununla razılaşacaqlar. Buna görə də yeri düşdükcə fikirləri bildirmək lazımdır".

Bir müəllim kimi tələbələrinə keçdiyi həyat yolunun təcrübəsindən doğan məsləhətləri də var Həmid müəllimin. "Gənclərə məsləhət görərdim ki, oxusunlar. Oxumaqda bəhsləşmənin tərəfdarıyam. 60-cı illərdə ki, biz təhsil alırdıq, tələbələrin əksəriyyəti oxuyurdu. Fikirləşirdik ki, filankəs niyə "beş" alsın mən yox. İndi də belə olmasını istərdim. Onda onlar çox şey qazanarlar, gələcəkdə də peşmançılıq çəkməzlər. Gənclikdə adam çox şeylərə fikir vermir, çox şeylərə girişmir. Yaxud elə şeylərə girişir ki, onların həyatda o qədər də böyük izi qalmır. Məsələn mən indiyə kimi doktorluğumu çoxdan müdafiə edərdim. Bəlkə də gənclikdə olan məsələlər bunlara mane oldu. Gəncliyin tənbəllikdən uzaq durmasını, boş-boş işlərlə məşğul olmasını istəməzdim. Hətta istirahətimizi belə arxivlərdə işləməkdə, nəyi isə fikirləşməkdə, kitab oxumaqda axtarmalıyıq. Onların fikirləşmək üçün vaxtları var. Hər dəqiqədən, saatdan səmərəli istifadə etmək lazımdır. Şəraitdən şikayət etmək mümkün deyil".

Doğrudan da, şəraitdən şikayət etmək mümkün deyil. Mən deyərdim, hətta, düzgün deyil. Çünki insan nəyisə qarşısına məqsəd qoyubsa, şəraitin boyu çox qısalır. Həyatda hər məqsədi reallışdırmağın isə yalnız bir yolu var! Iradə, mübarizlik ruhu və özünəinam. Belə bir söz var: "istəyən şərait axtarır, istəməyən bəhanə".

Bu məsələ ən gözəl nümunə bugünkü qəhrəmanımdır. 70 yaşınız mübarək, Həmid müəllim! İradəli, mübariz və özünəinan insanlara eşq olsun!

 

 

İradə İSAQ

irada-isaq@rambler.ru 

 

Ədalət.- 2009.- 18 iyul.- S. 22.