QƏLƏBƏ ASANLIQLA QAZANILMADI

 

Ən çox medalı Azərbaycan güləşçiləri əldə etdilər

 

İyulun 17-dən 19-na kimi Bakı İdman Sarayında Heydər Əliyevin xatirəsinə həsr edilmiş "Qızıl Qran- Pri" mükafatı uğrunda Beynəlxalq güləş yarışı keçirilib. Öncədən onu deyək ki, həmin möhtəbər yarışda Dünya Güləş Federasiyasının prezidenti iştirak edib. Bu isə o deməkdir ki, Azərbaycanın beynəlxalq aləmdə nüfuzu daha da artıb.

Elə bunun nəticəsidir ki, artıq bir neçə dəfə Bakıda beynəlxalq səviyyəli güləş yarışları keçirilib. Özü bu yarışlarda dünyanın ən güclü idmançıları iştirak ediblər. Təbii ki, xalça üzərində həmişə güclü idmançılar qalib gəlirlər. Bu dəfə belə oldu. Xalça üzərində ən güclü idmançılar belə qələbə uğrunda əzmlə mübarizə aparsalar da bəzən büdrəyərək məğlubiyyətə düçar oldular. Amma bu o demək deyildir ki, xalça üzərinə çıxan idmançılar ümidsiz idilər.

Azərbaycanın yunan-roma üzrə güləşçiləri eləcə güləşin sərbəst növü üzrə idmançıları bu möhtəbər yarışda da əvvəlki görüşlərdə olduğu kimi, qələbə uğrunda inamla mübarizə aparırdılar. Təsadüfi deyil ki, Bakıda keçirilən bu beynəlxalq yarışda Azərbaycan idmançıları onlarla ölkəni təmsil etdiyi yarışda daha yüksək yer uğrunda əzmlə mübarizə apardılar bu yüksək yerə layiq oldular. Onu da qeyd etmək istəyirik ki, Heydər Əliyevin xatirəsinə həsr olunmuş bu idman yarışında birinci yeri tutan idmançıya 10 min dollar, ikinci yeri tutan idmançıya 5 min dollar, üçüncü yeri tutan idmançıya isə 2 min dollar mükafat təsis edilmişdi. Yarışın qalibləri bu mükafatın sahibi oldular. Fərəhləndirici haldır ki, yunan-roma güləşi üzrə Fərid Mansurov qızıl medala layiq görülən ilk idmançılar arasında idi. Fərid son vaxtlar zədə alması ilə əlaqədar olaraq, yaxşı nəticə göstərməsə , budəfəki uğuru ilə yeni qələbələrin başlanğıcını qoydu. Digər güləşçimiz Qurban Qurbanov da mükafata layiq yerlərdən birini tutdu. Ümumiyyətlə, bu möhtəbər yarışda Azərbaycan güləşçiləri 20 medal qazandı. Bu medallardan 5 qızıl, 5 gümüş, qalanları isə bürünc medallar idi.

İdmançılarımızın uğurlarına sevinməmək mümkün deyildi. Ən azından ona görə ki, Amerika kimi böyük dövlətin idmançılarından daha çox medalı bizimkilər qazanmışdı. Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Elçin Cəfərov dedi ki, Dünya kubokunu ölkəmizə gətirəndən sonra güləşçilərimizin qələbəyə inamı daha da artıb. Xalça üzərinə çıxan hər bir güləşçi ilk andan fikirləşir ki, o qələbə uğrunda mübarizə aparmalıdır. Qələbə uğrunda mübarizə aparanda isə istər-istəməz hər bir idmançı öz məqsədinə çətinliklə olsa çata bilir. Beynəlxalq turnir başlamamışdan bir həftə öncə güləşçilərimizin məşqlərinə özüm nəzarət edirdim. Bəzən görürdüm ki, hansısa idmançı bir hərəkəti yerinə yetirəndən sonra ikinci tapşırğı yetirməkdə tənbəllik eləyir, amma dönə-dönə onları məcbur edirdi ki, tapşırıqları dəqiq yerinə yetirsinlər. Təbii ki, gərgin məşqlər öz müsbət bəhrəsini verdi. Azərbaycan güləşçiləri bu möhtəbər beynəlxalq yarışda ən yüksək nəticə əldə etdilər. Bu işdə Azərbaycan Güləş Federasiyasının prezidenti Fazil Məmmədovun əməyini xüsusi ilə qeyd etmək lazımdır. Çünki tək Bakıda deyil, ölkəmizin bütün regionlarında güləş federasiyasının prezidentinin rəhbərliyi ilə idmançılarımız üçün çox gözəl şərait yaradılıb. Elə bu şərait güləşçilərimizin daha yaxşı nəticələr əldə etməsinə imkan yaradır.

Güləşçilərimizi Danimarkada keçiriləcək Dünya Çempionatında çox çətin, ancaq şərəfli bir yarış gözləyir. İnanmaq istərdik ki, Azərbaycan güləşçiləri Dünya Çempionatında da yaxşı nəticələr əldə edəcək, vətənə qızıl, gümüş bürünc medalla dönəcəklər.

  

 

Faiq QİSMƏTOĞLU

 

Ədalət.- 2009.- 21 iyul.- S.4.