"CİDDİ MƏTBUATIN ÇEVRƏSİ MÜƏYYƏNLƏŞƏCƏK"

 

Müşfiq Ələsgərlidən mətbuata diaqnoz - "Peşəkarları qoruya bilməmək ən böyük problemdi"

 

Bizim küçəmizdə bayram olan gün gəldi. Bu gün ölkə jurnalistləri peşə bayramlarını qeyd edirlər. 134 yaşlı milli mətbuatımızın problemləri həmişə olub. Yəqin ki, gələcəkdə olacaq. Cəmiyyətdəki problemləri həll etməyə çalışan mətbuat öz dərdi-səri ilə məşğul olmağa vaxt tapmır.  

Bayram günündə nöqsanlardan danışmaq yaxşı hal sayılmır. Amma söhbət mətbuatdan gedirsəg Həmişə nöqsanları aşkarlayan, problemləri həll etməyə çalışan medianın "mətbəxinə" nəzər salmağa çalışdıq. Özü Müşfiq Ələsgərlinin köməyi ilə. Niyə məhz Müşfiq Ələsgərli? Bu gün media ilə bağlı qurumlara, çoxsaylı təşkilatlara rəhbərlik edən şəxslərin əksəriyyətindən fərqli olaraq, həmsöhbətimiz karyerasına sıravi müxbirlikdən başlayıb. Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) sədri, Mətbuat Şurasının sədr müavini - sosial komissiyanın sədri, Azərbaycan Prezidenti yanında KİV-lərə Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasını üzvü olmasına baxmayaraq, bu gün köşə yazarı kimi imzası mətbuatda görünür.  

- Müşfiq bəy, JuHİ sədri kimi mətbuatın ən çətin sahələrindən birinin həlli ilə məşğul olursuz. Həmkarlarımızın həmkarlar təşkilatı ilə bağlı problemləri yetərincədig  

- Azərbaycanda 28 sahə həmkarlar ittifaqları var onlar Azərbaycan Həmkarlar İttifaqları Konfedrasiyasında birləşiblər. Həmin həmkarlar ittifaqları ilkin təşkilatlarını stimullaşdırır, bu sahədə çalışanların hüquqlarını qoruyur, onların verilən imtiyazlardan yararlanmasına çalışırlar. Jurnalistika yeganə sahədir ki, onun sahə həmkarlar ittifaqları yoxdu. Düzdü, JuHİ bu statusda təsis olunub, amma bizim təşkilatın yerlərdə strukturlaşma məsələlərində problemləri var.   

- JuHİ Azərbaycan Həmkarlar İttifaqları Konfedrasiyasına daxil deyil?   

- Xeyr. Konfedrasiyaya üzv olmadığımıza görə, bu həmkarlar təşkilatlarına verilən statusdan istifadə edə bilmirik.  

- Təşkilatınızın konfedrasiyaya qəbuluna nələr mane olur?   

- Sənin , mənim təmsil olunduğumuz jurnalistikada insanların bir qədər fəal təbəqəsi çalışır. JuHİ belə fəal insanların həmkarlar ittifaqı kimi yaranıb. Digər sahə həmkarlar ittifaqlarından fərqli olaraq jurnalistikada simvolik həmkarlar ittifaqı yaratmaq mümkün deyil. Konfedrasiyaya üzv olanda onun imtiyazlardan yararlandığın kimi, qarşıya qoyulan bəzi məhdudiyyətlərlə hesablaşmalısan. Amma jurnalistikada həmin məhdudiyyətləri tətbiq emək o qədər asan deyil. Konfedrasiyanın qoyduğu şərtlər JuHİ-nin o zamaki rəhbərliyinin maraqlarına uyğun gəlmirdi. JuHİ kimi belə deyək cəncəl qurumun qəbulu da konfedrasiya rəhbərliyini təmin etmirdi. Çünki o zamanki JuHİ rəhbərliyi təşkilatın işini daha çox QHT formasında qururdu, əsasən bəyanatlar verməklə məşğul idi. O dövr bir qədər fərqli idi. Müstəqillik qazandıqdan sonra yaranan azad mətbuatın özünün xeyli problemləri vardı. Mətbuata basqılar müşahidə olunurdu, qanunvericilik bazasının yaranmasına ehtiyac vardı. Mətbuatın ən aktual problemləri bunlar sayılırdı. Belə bir vaxtda həmkarlar ittifaqı kimi jurnalistlərin sosial-iqtisadi problemlərindən söz açanda, nəsə tələb edəndə hamıya qəribə gəlirdi. Görüşdüyümüz qəzet rəhbərləri bir ağızdan deyirdilər ki, imkan verin medianın qanunvericilik bazasını formalaşdıraq, senzuranın ləğvinə nail olaq, sonra jurnalistlərin sosial müdafiəsi ilə maraqlanarıq. Yuxarıda sadaladığım problemlərin çoxu 2000-ci ildən sonra həll olunmağa başladı. Mətbuat sahəsində qanunvericilik təkminləşdirildi, senzura ləğv olundu, Mətbuat Şurası yarandı s.   

- Amma jurnalistlərin sosial problemləri həll olunmamış qaldı...  

- Məsələ ondadı ki, həmin dövrdə JuHİ-nin özündə problem yaranmışdı. Çünki qurumun rəhbərliyi mətbuata qarşı basqılara, müxtəlif məhkəmə proseslərinə o qədər aludə olmuşdu ki, qurum nəzəri baxımdan başqa təşkilata çevrilmişdi. JuHİ-yə müxalifət qurumu kimi baxırdılar. Qurumun sırf öz mahiyyəti üzrə fəaliyyət göstərməsi üçün şərait yarananda köhnə rəhbərlik yeni tələblərə uyğunlaşa bilmədi Azər Həsrət sədr postundan istefa verdi. Qurumun yeni seçilmiş rəhbəri kimi mən təbii ki, təşkilatın yeni dövr üçün fəaliyyət proqramını, staregiyasını hazırlamağa çalışdım. Münasibətlərin yenidən qurulması, JuHİ-nin üzərindən müxalifət damğasının götürülməsi üçün xeyli əmək sərf etmək lazım gəldi. Çox şükürlər ki, biz bu prosesi keçə bildik. Təşkilatın bütün üzvlərinin köməyi ilə bu işləri bacardıq. Etiraf edək ki, KİV rəhbərlərində "Qara həmrəylik" mövcud idi. Onlar jurnalistlərin sosial hüquqlarının qorunmasında maraqlı deyildilər. JuHİ-nin iki-üç il ərzində apardığı mübarizənin sonunda biz buna nail olduq. Jurnalistlərin sosial problemləri ictimailəşdi. Bu gün mənim JuHİ sədri kimi Mətbuat Şurasının rəhbərliyinə Azərbaycan Prezidenti Yanında KİV-lərə Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasına seçilməyim məhz bu fəallığın nəticəsidi. Jurnalistlərin problemlərinə cəmiyyətin, rəsmi qurumların diqqəti artıb artıq dövlət başçısı səviyyəsində məsələyə reaksiya verilib. Bu sahədə yaranan problemlərdən çıxış yolları axtarılır. Azərbaycan Həmkarlar İttifaqları Konfedrasiyası rəhbərliyi ilə JuHİ arasında əməkdaşlıqla bağlı artıq ilkin razılaşma əldə olunub. Texniki məsələlər həll edildikdən sonra, jurnalistlər Həmkarlar İttifaqındakı güzəştlərdən istifadə edə biləcəklər.   

- İndi jurnalistləri daha çox bir məsələ düşündürür. Azərbaycan Prezidenti Yanında KİV-lərə Dövlət Dəstəyi Fondunun ayırdığı vəsaitlər necə paylanacaq?  

- Əvvəla ölkə başçısına minnətdarlığımı bildirirəm ki, mətbuatın inkişafı ilə bağlı elə bil qurumun yaranması barədə sərəncam imzaladı. Bu qurumun sözün əsl mənasında mühüm işlər görəcəyinə inanıram. Vəsaitlərin ayrılmasına gəlincə, ilkin mərhələdə redaksiyaların maddi-texniki bazası gücləndiriləcək. Növbəti mərhələdə əməkdaşların fərdi şəkildə mükafatlandırılması, sosial problemlərinin həlli gündəmə gələcək. Hesab edirəm ki, yaxın bir il ərzində bu qurumun müsbət işlərini görə biləcəyik.  

- Bütün KİV-lər bundan bəhrələnə biləcəkmi?

- Azərbaycanda demokratik qanunvericilik aktları qəbul olunduğundan bu gün KİV təsis etmək mexanizmi yetərincə sadələşdirilib. Bundan yararlanan insanlar qəzet, jurnal qeydiyyatdan keçirəndə heç bir problemlə üzləşmirlər. Amma hamı deyir ki, bu gün qeydiyyatdan keçən KİV-lərin çoxu öz təyinatı üzrə fəaliyyət göstərmir. Yaxın illərdə ciddi mətbuatın çevrəsi müəyyənləşəcək. Həmin KİV-lər Fondun qayğısını hiss edəcəklər.

- Tutaq ki, gələcəkdə jurnalistlərin sosial problemlərini həll edə bildik. Bəs peşəkarlıq məsələləri necə həll olunacaq?

- Mən belə hesab edirəm ki, bu gün mətbuatın ən böyük problemi peşəkarları qoruya bilməməsidi. Peşəkar jurnalistlər imkan düşən kimi bu sahədən ayrılıb başqa işlə məşğul olurlar.

- Milli Mətbuat Günün Azərbaycan Prezidenti Yanında KİV-lərə Dövlət Dəstəyi Fondunun jurnalistlər üçün surpriz hazırlandığı deyilir. Bu surpriz nədən ibarət olacaq?

- Surprizin nədən ibarət olması bu gün açıqlanacaq. Yeri gəlmişkən "Ədalət" qəzetinin əməkdaşları da daxil olmaqla bütün jurnalistləri Milli Mətbuat Günü münasibəti ilə ürəkdən təbrik edib, onlara işlərində şəxsi həyatlarında uğurlar arzulayıram.

    

 

Etibar Cəbrayıloğlu

 

Ədalət.- 2009.- 22 iyul.- S. 4.