"BAKI" FUTBOL HƏVƏSKARLARINA SEVİNC BƏXŞ ELƏDİ

 

Qələbənin qazanılmasında stadiona toplaşan 30 mindən çox azarkeşin alqışları böyük rol oynadı

 

 "Bakı" klubu dünən Tofiq Bəhramov adına Respublika Stadionunda Litvanın "Ekranas" komandası ilə təkrar görüşdü. Əvvəlki hesabın 2:2 nəticə ilə başa çatması "Bakı"ya böyük üstünlük yaradırdı. Yəni doğma meydançada 0:0 hesabı da komandamızı növbəti mərhələyə çıxarırdı.

Amma buna baxmayaraq, oyun başlayan kimi hiss olundu ki, "Bakı" klubu stadiona qələbə əzmi ilə çıxıb. 1-ci hissədə bir neçə qol vəziyyətləri yaransa da, hücumçularımız bundan istifadə eləyə bilmədilər. Oyunun 2-ci hissəsində isə ardıcıl kəskin hücumlar bir-birini əvəz elədi. "Bakı" klubu futbolçularının dəqiq ötürmələri, zərbə mövqelərinə tez-tez çıxması rəqib komandasının qapısı qarşısında gərgin vəziyyət yaratması tezliklə qolun gələcəyindən xəbər verirdi. Çox keçmədi ki, komandanın yeni transferi Flipe Feliks "Ekranas"ı məyus elədi. Bu qoldan sonra futbolçularımız daha da fəallaşdılar. Bir tərəfdən stadiona toplaşmış 30 mindən çox tamaşaçının alqışları futbolçularımıza böyük ruh yuksəkliyi gətirirdi. Elə bu alqışların sədası altında Amiran Muçuri artıq ikinci topu rəqib komandasının qapısından çox ustalıqla keçirməyə nail oldu. Hesab 2:0-a çatdı. Adətən Azərbaycan komandaları top vurandan sonra bir qədər arxayınlaşırlar. Ancaq "Bakı" klubunun futbolçuları rəqib kolmandasının qapısı ağzında bir-birindən gözəl qol vəziyyətləri yaratdılar. Belə gözəl qol vəziyyətlərinin birindən yenidən Feliks ustalıqla istifadə edib hesabı 3:0 çatdırdı. Oyunun başa çatmasına bir neçə dəqiqə qalmışdı. Həmin anlrada rəqib futbolçular qapımızdan bir top keçirdilər. Amma buna baxmayaraq, komandamız ruhdan düşmədi. Yenə onlar rəqib komandasının qapısından topu vurmağa nail oldular. Aleksandr Soliç 91-ci dəqiqədə hesabı 4:1-ə çatdırdı. Oyuna əlavə edilmiş son dəqiqələrdə rəqib komandası qapımızdan daha bir top keçirdi. Ancaq artıq hər şey çox gec idi. Hesab 4:2 olsa da, "Bakı" klubu möhtəşəm qələbə qazanmışdı komanda bu qələbəsi ilə növbəti turda iştirak eləmək hüququ əldə etmişdi.

"Bakı" klubunun futbolçularından Amiran Muçuri, Bəxtiyar Sultanov, Flipe Feliks, Peres, Mahmud Qurbanov, Batista, Aleksandr Soliç oyunda çox texnikalı futbol nümayiş etdirirdilər. Bir-birinə topu dəqiq ötürən futbolçularımız sağ, sol cinahlarda eləcə orta xəttdə çox yaxşı oynayaraq oyunun 2-ci hissəsində rəqib komandasını çaş-baş saldılar. Təbii ki, taktikalı futbol istər-istəməz rəqib komandasını çıxılmaz vəziyyətə salır bu zaman isə həmin taktikanı quran klub öz qələbəsini qazanır. "Bakı" klubunun hücum xəttində oynayan futbolçulara çox yaxşı təsir bağışladılar. Ancaq müdafiə xəttində bir balaca boşluqlar var idi. Elə bu boşluqdan da istifadə edən rəqib komandası qapımızdan 2 top keçirdi. Birinci qolun keçməsində qapıçıdan çox müdafiəçilərimizin səhvi oldu. Qapıçımız vurulan zərbəni qaytarsa da, həmin top müdafiəçimizə dəyib rəqib komandasının futbolçusunun ayağına düşdü. O da bu andan məharətlə yararlandı.

Ümumiyyətlə, çempionlar liqasındakı "Bakı" klubu çox texnikalı taktikalı oyun nümayiş etdirir. Təbii ki, stadiona toplaşan 30 mindən çox tamaşaçı bu gözəl futboldan çox zövq aldı. Çünki sözün açığı futbol azarkeşləri bu cür gözəl oyunları uzun müddət seyr eləməyiblər. Komandanın baş məşqçisi oyundan sonra keçirdiyi mətbuat konfransında jurnalistlərə bildirdi ki, biz bu görüşə çox ciddi hazırlaşmışdıq. Amma qələbənin qazanılmasında 30 mindən çox azarkeş dəstəyinin olması bizdə çox böyük ruh yüksəkliyi yaratdı. Bəlkə stadiona o qədər tamaşaçı gəlməsəydi, biz bu qələbəni qazana bilməzdik. Buna görə bir daha stadiona gələn tamaşaçılara öz minnətdarlığımızı bildiririk. Növbəti turda hansı komanda ilə görüşməyimizdən asılı olmayaraq, ona qarşı da layiqli müqavimət göstərib qələbə qazanacaq futbol azarkeşlərini sevindirəcəyik.

Komandanın texniki direktoru Yaşar Seyidov dedi ki, biz bir daha stadiona gələn on minlərlə tamaşaçıya öz minnətdarlığımızı bildiririk. Çünki tamaşaçı dəstəyindən böyük dəstək yoxdur. Elə həmin tamaşaçılardan onu da arzulayırıq ki, onlar "Qarabağ" klubunun rəqib komandası ilə görüşünə gəlsin bizə dəstək verdiyi kimi "Qarabağ"ın futbolçularını da ruhlandırsınlar.

  

  

FAİQ QİSMƏTOĞLU

 

Ədalət.- 2009.- 23 iyul.- S. 4.