TAHİR PAŞA "SAVAŞ"I BAŞLADI VƏ BİTİRDİ

 

Sülhə can atan döyüşçünün 50 yaşına öz hədiyyəsi var

 

Dostlarımızın maraqlı həmsöhbət kimi tanıdığı Tahir Paşanın bir müddət nədən görünməməsinin səbəbi bəlli oldu. Oxşar hadisə ötən il baş vermişdi. Qısa sürə dost-tanış əhatəsindən kənar gəzən Tahir "Ərizə" adlı povest hekayələr kitabını ortaya qoymuşdu. Bu dəfə dostumuz yenə əlidolu gəlib. "Savaş" kitabını oxucuların ixtiyarına verib.   

"MBM" nəşriyyatında Vaqif İsaqoğlunun redaktorluğu ilə çap olunan yeni kitaba "Savaş" sənədli romanı, "Partiyaya qəbul" satirik romanı və "Moskva antennası" adlı povest daxildi.   

Filologiya elmləri doktoru, professor Şamil Vəliyev Tahir Paşanın yaradıcılıq uğurunu belə qiymətləndirir: "Tahir Paşanın yazıçı kimi uğurunu şərtləndirən amillərdən biri odur ki, onun qəhrəmanları yalnız ədəbiyyatın ab-havasında nəfəs almır, sənətin təcrübəsindən doğulmur. Burada zamanın sosial-siyasi gərginliyindən irəli gələn lirik-psixoloji durum müəllif "mən"nin iştirakı epizodik deyil, davamlıdır, sistemlidir. Həmin səbəbdən deyə bilərik ki, Tahir Paşa 1980-1990- illərin seçilən nasirlərindən biridir".   

Yazıçının "Savaş" kitabına daxil olan eyni adlı romanın adı haqqında çox da baş sındırmağa dəyməz. "Savaş" Qarabağ savaşı haqqındadı. Tahir Paşanı tanıyanlar bilir ki, o, Qarabağ uğrunda gedən döyüşlər barədə qəzetlərdən oxuyub, oradakı olayları ekrandan izləyib. Tahir Paşa döyüşçü kimi savaşın ən qaynar yerlərində olub. Lomonosov adına Moskva Dövlət Universitetinin jurnalistika fakultəsini bitirən Tahir 10 il Az.TV- çalışıb. Ermənistanın Azərbaycana qarşı təcavüzü başlayanda qələmi silahla dəyişərək könüllü olaraq müharibənin ən gərgin yerlərində Vətənin müdafiəsinə qalxıb.  

Tanınmış yazıçı M.F.Axundov, Rəsul Rza, İsi Məlikzadə "Qızıl kəlmə" mükafatları laureatı Məmməd Orucu da yəqin Tahir Paşanın həm döyüşçü, həm yazıçı kimi xüsusiyyətləri cəlb edib: "Biz müharibə haqqındakı bədii filmlərdə qeyri-adi səhnələrlə üzləşəndə fikirləşirik ki, bu yazıçının uydurmasıdı. "Savaş" romanında da inanılmaz səhnələr var, amma bu səhnələri müharibə odunu ayaqlaya-ayaqlaya keçən zabit təsvirə gətiribsə, hansı fantaziyadan söhbət gedə bilər?   

... Əslində o qəhrəmanlardan biri elə Tahir Paşa özüdür. O da şəhid ola bilərdi. Bəlkə Allahın bizlərə yazığı gəlib. O da şəhid olsaydı, bəs bu "Savaş"ı kim yazardı?"   

Bütün savaşçılar kimi Tahir Paşa sonu şərəfli qələbə ilə bitən sülh arzusundadı. Son illər mütəmadi olaraq beynəlxalq tədbirlərdə iştirak edir, keçmiş döyüşçü kimi münaqişənin həlli yollarını göstərir. Bu fəaliyyətinə görə, konfliktlərin həlli üzrə Beynəlxalq Sülh mükafatına layiq görülüb. Avropa Beynəlxalq İnsan Hüquqları Məktəbinin məzunu, həm insan huquqları üzrə beynəlxalq ekspertdi.   

Bir neçə gündən sonra döyüşçü yazıçı dostumuz Tahir Paşanın 50 yaşı tamam olacaq. Yubilyar özü bu əlamətdar hadisəni əlidolu qarşılayır. Çapdan çıxan yeni kitabı müəllifin özü üçün ən böyük hədiyyədi. Yubiley tədbirlərini başa vurandan sonra dostumuz yenə bir müddət gözdən-könüldən uzağa çəkiləcək. Axı növbəti romanı üzərində çalışır...

  

  

ETİBAR CƏBRAYILOĞLU

 

Ədalət.- 2009.- 23 iyul.- S. 4.