Bəxtiyar Sadıqovun yeni kitabı çıxdı
"Ömrün söz yadigarı" adlanan kitab dörd fəsildən ibarətdir: "Tarixi yaradanlar və yaşadanlar", "Ziyalı sözü, vətəndaş mövqeyi", "Qarabağa gedən yol", "Mətbuat və mənəvi dəyərlər".
Kitabda B.Sadıqovun müxtəlif illərdə "Azərbaycan" qəzetində çap olunmuş yazıları toplanıb. Topluya B.Sadıqovun 2007-ci ilin dekabrında "Media forum" saytına verdiyi müsahibəsi də daxil edilib.
"Ömrün söz yadigarı"na yazdığı ön sözdə müəllif
bildirir: "Dünya sözlə yaranıb, sözlə yaşayır,
sözlə idarə olunur. Söz ürəyin açarı,
düşüncənin gerçəkliyidir.
Elə ki sözün yerinə silahlar danışır, onda fəlakət başlayır. Bu, həm də sözün qüdrətinin
və sülh təbiətli olmasının
təsdiqidir.
İnsan dil açandan əbədi susanadək saysız-hesabsız söz işlədir. Onların gərəklisi, şirini də olur, xoşagəlməzi,
acısı da! Amma yadda qiymətlisi,
təəssüf ki, hərdən də yaralayanı qalır. Hansı yaxşıdır,
- yəqin belə bir mübahisə açmaq da mənasızdır. Bəs,
söz demək üçün insana nə lazımdır? Təbii ki, əvvəlcə söz söyləmək istedadı.
Sonra dediyinin eşidilməsi üçün
ağıllı mühakimə
yürütmək bacarığı
və bir də mənəvi haqq! Daha sonra
sözün deyilmə
tribunası. Ən nəhayət, söz deməyə cəsarət
və bəlkə də ondan vacibi
sayılan sözü
deyə bilmək məharəti! Bunlar olmasa, deyilən sözlər mənasız
yığına çevrilir.
Onu nə dinləyən olur, nə də oxuyan. İşdir, kimsə təsadüfən
və yaxud məcburən belə sözlə rastlaşırsa,
bir şey deməsə də, başını bulamaqla münasibətini ifadə
edir.
Az qala ən vacib şərti
unutmuşduq. Tutarlı
söz demək üçün həm də insana ömür gərəkdir.
Çətinlik, sınaqlarla
dolu, dostlar əhatəsində keçən
bir ömür...
Müdrik o kəsdir ki, dediyi söz eşidilib.
O kəslər
xoşbəxtdirlər ki,
dedikləri söz yadigara çevrilib.
Zamanın sınaqlarından
keçib gəlmək
isə sözün xoşbəxtliyidir".
"Ömrün söz yadigarı" kitabının redaktoru filologiya elmləri namizədi Afət Sadıqova, buraxılışa məsul jurnalist İxtiyar Hüseynlidir.
Bəxtiyar Yusif oğlu Sadıqov 1951-ci ildə Ağdam şəhərində
anadan olub. 1974-cü ildə
Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. 40
ilə yaxındır
mətbuatda çalışır.
"Abşeron" qəzetində
redaktor müavini,
"Kommunist" qəzetində
şöbə müdiri
vəzifəsində işləyib,
Qarabağ müharibəsi
dövründə - 1991-1993-cü illərdə "Həyat"
və "Azərbaycan"
qəzetlərinin Qarabağ
bölgəsi üzrə
xüsusi müxbiri olub.
Qarabağ müharibəsindən bəhs edən "Qeyrət və xəyanət", habelə "İnsan və zaman", "Həqiqət və yalan" kitablarından əlavə ictimai-siyasi mövzuda yazılmış 20-dən artıq kitabın həmmüəllifi və redaktoru olub.
2-ci və 3-cü çağırış Milli Məclisin deputatı və "Azərbaycan" qəzetinin baş redaktorudur. Mətbuat Şurası İdarə Heyətinin, Yazıçılar və Jurnalistlər birliklərinin, Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının üzvüdür. 2005-ci ildə prezidentin sərəncamı ilə "Əməkdar jurnalist" fəxri adına layiq görülüb.
Ədalət.- 2009.- 24 iyul.- S. 4.