ŞAHIN QAYITMASI

 

("Aldanmış Kəvakib" əsərinin motivləri əsasında)

 

Hadisələr vaqeə olur nəhri Xəzərin sahilindəki Bakı şəhərində. Sübh namazından iki saat sonra. Tarix: Hicri təqvimi 1412-ci il. Şuşa şəhərinin işğalı ərəfəsində.

 

III məclis

 

Əvvəlki məclislərdə təsvir etdiyimiz həminki xiyaban, həminki bina. Binanın girişi silahlı, silahsız adamlarla doludu. Silah gəzdirənlərin arasında hərbi geyimdə olanlar da var, mülkü libasda olanlar da var. qarışıqlıq, başdıbaşınalıq hökm sürməkdədi. Əsas hadisələrin baş verdiyi məkan şübhəsiz ki, binanın daxilindədi. Ona görə vaxt itirmədən keçək içəri...

... İşıqlı, geniş zal sükut içindədi. Üç rəngli bayrağın küncündən Leninin başının yarısı görünür. Zalda əyləşənlər yenə əvvəlki qayda ilə sağ sol cərgədə bərqərardılar. Baş Qazi əyləşib öz stulunda, sağında sağdış, solunda soldış. Şahın taxtı boşdu. Amma qazinin başında şah tacı var. Kəsəsi, başdan şahdı, ayaqdan qazi. Elmi dillə desək hibrid bir vəzifədi. Məhz bu səbəbdən məclis boyu ona Baş Qazi titulu ilə müraciət edəcəyik... Sol cərgədəkilərin sifətində çaşqınlıq, nigarançılıq, sağdakılarn duruşunda oturuşunda təyin olunası mümkün olmayan sirli bir əhval-ruhiyyə var. Baş Qazi xeyli müddətdir ki, qarşısındakı kağızları eşələyir, sağdışla, soldışla pıçıldaşır, nəyisə götür-qoy edir. Bir kimsə qabağa düşüb nəsə deməyə tələsmir...

... Nəhayət sağ cərgədən bir nəfər saqqallı şəxs qalxır, aram-aram yaxınlaşır 3-cü mikrofona. Dərhal pıçıltılar kəsilir, Baş Qazi eynəyini çıxarıb diqqətini cəmləyir. Xülasə, bütün nəzərlər cəmlənir həmin şəxsə. O isə uzun-uzadı sazını kökləyib, aldı görək deyir:

    

   Bahar gəldi, əsdi külək,  

   Yal-yamaclar açdı çiçək.  

   Qazi ağa, söylə görək,  

   Hansı diyara getmişdin?

    

   Suya saman qarışıbdı,  

   Çənə duman qarışıbdı.  

   Ölkə yaman qarışıbdı,  

   Hansı diyara getmişdin?

    

   Millət kimə etsin pənah,  

   Sən qazisən, yoxsa ki, şah?  

   olacaq bu gün, sabah,  

   Hansı diyara getmişdin?

     

   Bəy gizlətməz yarağını,  

   Açar sirin varağını...  

   Farsdan aldıq sorağını,  

   Hansı diyara getmişdin?

 

Bəy sözünü tamam edib keçdi yerinə. Sağ cərgədə bir canlanma əmələ gəldi. Baş Qazi təmkinlə arın-arxayın sazının köynəyini soyundurub girdi meydana. Mizrabı simə toxundurmuşdu ki, sağında balabançı, solunda dəfçi peyda oldu. Aldı görək Baş Qazi cəbhəçi bəyə hansı cavabı verdi:

    

   Sözümü deyim Səfərə,  

   Səfər desin Cəfərə.  

   Çıxdım uzaq bir səfərə,  

   Getdim Tehrana-Tehrana...

    

   Neylər yağış, qar aşığa,  

   Nöqsan nədi yaraşığa?  

   Çağırdılar barışığa,  

   Getdim Tehrana-Tehrana... 

  

   Bağçasında üzüm vardı,  

   Giləsində gözüm vardı.  

   Erməniyə sözüm vardı,  

   Getdim Tehrana-Tehrana... 

   Mən həm şaham, həm qazıyam,  

   Yurdun Kürü, Arazıyam...  

   Bu səfərdən çox razıyam,  

   Getdim Tehrana-Tehrana. 

 

Baş Qazi sözünü tamam edib sazı qoydu yerə, əliynən işarə etdi balabançıynan dəfçi mürrəxxəs oldular. Sonra əyilib mikrafona pıçıltı ilə dedi:   

- Mən bacardığımı etdim. Bilin agah olun ki, bu səfərdə mənə məlum oldu ki, biz hələ "peşkayıq"...  

Bu tarixi açıqlamanı müdrikcəsinə bəyan edib Baş Qazi keçdi yerinə. sol cərgədəkilərin nizamsız alqışlarından sonra yenə ağır bir sükut çökdü zala...  

... Gözlənilmədən arxa qapı açıldı. Bir şəxs yüyürə-yüyürə gəldi Baş Qazinin yanına, əyilib ağzını söykədi onun qulağına. Nəsə deyib dərhal yox oldu. Baş Qazi bir xeyli boyun-boğazını ovxalayıb, qarşısındakı stəkanı götürüb çəkdi başına bir az toxtayıb qalxdı ayağa. Hiss olunurdu ki, nəsə, çox mühüm hadisə baş verib. Baş Qazi sazını köksünə sıxıb, gəzişməsiz-filansız, balabançını dəfçini gözləmədən aldı görək dedi:

    

   Ay hazarat, sizdən budu diləyim,  

   Bilən varmı qoşunbaşı hardadı?  

   Gözə dəymir, yaman gündə gərəyim,  

   Bilən varmı qoşunbaşı hardadı?

    

   Mərd yıxıldı, namərdlərə döyüldü,  

   Astar üzə, üz astara geyildi.  

   Xəbər gəldi, şax gərdənim əyildi,  

   Bilən varmı, qoşunbaşı hardadı?

    

   Qəvvas olub dəryalarda üzmüşəm,  

   Qarabağı qarış-qarış gəzmişəm.  

   Şuşa gedib, şirin candan bezmişəm,  

   Bilən varmı, qoşunbaşı hardadı?

    

   Mən Qaziyəm, qazilərin qazısı,  

   Sevinməsin taleyimin yazısı.  

   Qurd deyilmiş ac bəylərin tazısı,  

   Bilən varmı qoşunbaşı hardadı?

 

Söz tamama yetən kimi zal döndü Yasamal bazarına. Sağdakılar sola, soldakılar sağa cumdular. Söyüşmə, təpikləşmə, yumruqlaşma qarışdı bir-birinə... Bu an sağdakı qapı şaqqıltı ilə açıldı. Buxara papaqlı, hərbi geyimli qoşunbaşı daxil oldu zala. Sağdakılar sağa, soldakılar sola çəkildi. Baş Qazi yeridi qoşunbaşının qabağına soruşdu:  

- olub? xəbər var?  

Qoşunbaşı tələsmədən damağındakı siqareti yerə atıb sazını basdı köksünə, aldı görək Baş Qaziyə nəyi çatdırdı:

    

   Bir gün boş da dolasıydı,  

   Olmalılar olasıydı.  

   Namus, qeyrət qalasıydı,  

   Şuşa çıxdı əlimizdən.

    

   Kim çıxartdı səni taxta,  

   Əmrlərin yalan, saxta.  

   Mən eşitdim Yevlaxda,  

   Şuşa çıxdı əlimizdən.

     

   Dağıtdım, sökdüm qoşunu,  

   Çöllərə tökdüm qoşunu.  

   Bakıya çəkdim qoşunu,  

   Şuşa çıxdı əlimizdən.

     

  

   Qazi ağa, döy dizinə,  

   Zülmət çöksün gündüzünə.  

   Satdım dəyər-dəyməzinə,  

   Şuşa çıxdı əlimizdən.

 

Qoşunbaşı sözünü tamam edib, saz qoltuğunda girdi sağ cərgədəkilərin arasına. Baş Qazi sağa baxdı haray yox, sola baxdı haray yox. sazını köksünə sıxıb aldı görək dedi:

     

   Qanad saldın lələk-lələk,  

   Gözlərini tutsun çörək.  

   Meydanlarda mərd igidtək,  

   Durmadın-durmadın niyə?

    

   Yaman aldatdılar məni,  

   Qoşunbaşı qoydum səni.  

   Tapdalayıb ermənini,  

   Qırmadın-qırmadın niyə?

   

   Bəy gərəkdi bəy dillənə,  

   Kürəyinə el əllənə.  

   Bir gülləni boş kəllənə,  

   Vurmadın-vurmadın niyə?

 

Söz tamama yetər-yetməz təzədən aləm qarışdı məəssəb itdi. İçəridəkilərin başı o qədər qarışmışdı ki, sol qapının taybatay açıldığını bir kimsə görmədi. Qabaqda mayallaq vuran təlxək bir az arxada aşıq, balabançı, dəf çalan onların arxasınca şah vəzir-vəkil, müxtəsər böyük bir dəstə daxil oldular zala. Təlxək iki mayallağa çatdı mikrofona var səsi ilə bağırdı:  

- Şah qayıtdı! Şah qayıtdı!  

 

 

III məclisin sonu

  

 

Vahid ƏLİFOĞLU

 

Ədalət.- 2009.- 25 iyul.- S. 21.