"Məni soruşan olsa..." kitabından

 

   AND

     

   Öləziyən çıraqlara and olsun!  

   Əl istəyən yaraqlara and olsun!  

   El istəyən soraqlara and olsun!  

   Çöl istəyən oraqlara and olsun!  

   Tel istəyən barmaqlara and olsun!  

   Dil istəyən varaqlara and olsun!

    

   Tüstüləyən ocaqlara and olsun!  

   Dost diləyən bucaqlara and olsun!  

   Məst eləyən qucaqlara and olsun!  

   Qəsd eləyən qaçaqlara and olsun!  

   Üstələyən qoçaqlara and olsun!  

   Dərs biləyən uşaqlara and olsun!

    

   O yellənən yaylıqlara and olsun!  

   O tellənən oylaqlara and olsun!  

   O şellənən yaylaqlara and olsun!  

   O sellənən çaylaqlara and olsun!  

   O dillənən bulaqlara and olsun!  

   O güllənən ayaqlara and olsun!

    

   Öpdüyümüz dodaqlara and olsun!  

   Öpdüyümüz yataqlara and olsun!  

   Öpdüyümüz qundaqlara and olsun!  

   Öpdüyümüz qonaqlara and olsun!  

   Öpdüyümüz bayraqlara and olsun!  

   Öpdüyümüz torpaqlara and olsun!

       

 

   JURNALİST ÖMRÜ

  

   Keçər yüz obanı,  

   Gəzər yüz elə,  

   Bir xeyir xəbərtək   

   o hər yerdədir.  

   Narahat qəlbinin döyüntüləri   

   Səslərə dönübdü -   

   Qəzetlərdədir.

    

   Sətirlər - keçdiyi yollar, cığırlar,

   Nöqtələr - alnından düşən təridir.  

   Qaranquş həmişə nəğmə oxuyar,  

   Qəzetlər onun nəğmələridir.

    

   Sığmaz dünyalara eşqi, həvəsi,  

   Nağıllar yaradan bir qələmi var.  

   Sussa,  

   Sükutunda tufan nərəsi,  

   Dinsə,  

   min sözü var,  

   min aləmi var.

    

   Ömrü çiçək-çiçək, duyğusu min-min,  

   Ömürlərdən ayrı düşdüyü varmı?  

   Çoban tütəyinin, fəhlə əlinin  

   Odunda isidər yazdıqlarını.

     

   Arzusu gül açar dağda, aranda,  

   Onsuz gözəlliyin gözü dolubdur.  

   İki sevən ürək ayrılanda da   

   Qələmi onlara körpü olubdur.

    

   Çəməndə lalədir, dağda şəlalə -   

   Bu yurda bağlayıb öz eşqini o.  

   Fəhlənin yanında olubsa fəhlə,  

   Danışıb alimlə alim kimi o!

    

   Bir ömür min ömrün çırağı olmuş,  

   Çiləmiş nurunu kəndə, şəhərə.  

   Bəlkə anadan dayaq doğulmuş  

   Ömür-gün yolunda büdrəyənlərə!  

  

   Yaşayır, yaradır min-min diləklə,  

   Deməyin yanğısı bircə anlıqdır.  

   Bu çətin günlərdə təmiz ürəklə   

   Duymaq da, yazmaq da qəhrəmanlıqdır!..  

 

 

  DOSTLARA REKVİYEM

     

   Allah amanında...  

   Yaxşı yol sizə,  

   Ey arxa çevirib gedən dostlarım!  

   Ötüb dil-dil  

   ötüb indi kiməsə  

   Ey təzə nəğmələr ötən dostlarım!

   

   Ey halal süfrənin nurunu danıb,  

   Harama hər şeyi satan əzizlər,  

   Qəhrəman olmamış  

   Qərəman sanıb,  

   Özünü heçliyə atan əzizlər.

     

   Məəttəl qalıram düşəndə yada -   

   Niyə böyüdükcə kiçildiniz siz?  

   Sağlıq dediyiniz büllür badədə  

   Kimin göz yaşını içirsiniz siz?!

     

   cür unutdunuz... yaşayıb ölmək -   

   Addan-sannan ötrü ölmək deyil ki?  

   Bir ... beş-üç qızın xoşuna gəlmək,  

   Beş-üç ağlı dazın xoşuna gəlmək,  

   Beş-üç kəmavazın xoşunə gəlmək,

  

   Lap min yaramazın xoşuna gəlmək -   

   Bir xalqın xoşuna gəlmək deyil ki!

    

   Hələ kefiniz kök,  

   Halınız xoşdur,  

   Hərəniz  

   bir ciyər parası kimi,  

   Haçan qayıtsanız,  

   yeriniz boşdur  

   sinəmdə bir güllə yarası kimi!..

     

 

   LAYLA ÇALA BİLMİR İNDİKİ QIZLAR

   

   Layla çala bilmir indiki qızlar,  

   El-oba sarıdan, ocaq sarıdan,  

   Tarixlər yarıdan soraq sarıdan  

   Əsli, nəcabəti, kökü sarıdan,  

   Dünyanın borcluluq yükü sarıdan  

   Ürəyi yalınlar,  

   eşqi dayazlar...

    

   Layla çala bilmir indiki qızlar,  

   Ötəri dəblərin "təkəri" olan,  

   Evində qürbətin nökəri olan,  

   Özgə cındırıyçün özündən gedən,  

   Vüqarı, həyası üzündən gedən,  

   Başın içini yox, çölünü güdən  

   Amalı qalınlar, ağrısı azlar,  

   Tamahı qılıncdan iti nasazlar!

  

   Mənəm ulduz-ulduz yaş olan göyə,  

   Mənəm yüz obada qoşulan neyə,  

   Elə durub, durub deyirəm niyə  

   Layla çala bilmir indiki qızlar?!

    

   Köhnə köhnə oldu vaxtdan bəri,  

   Bilsinlər yerini qışın-yazın qoy.  

   Köçəri olsa da, qız taleləri  

   Köçəri quşlara oxşamasın qoy!

    

   Hardasan, hardasan, ay ev yiyəsi, 

   Mən oğul səsiyəm.  

   Eşit ay ana:  

   Qızın ev olmamış,  

   evləri gəzir,  

   Daş atır qaranquş yuvalarına.  

   Məəttəl qalmışam  

   o meydan qıza.  

   Barından-bəxtindən gül üzür hələ;  

   Gündə bir görüşdən qayıdan qıza  

   Anası-dayəsi çay süzür hələ!

    

   Qəlbi çıraq qızlar  

   gözüm-canımsa.  

   Onlar beşdi,  

   ondu,  

   min olan deyil;  

   Ana - qulluqçusa,  

   qızlar -xanımsa,  

   Xalqımın sabahı minalandı, bil!

    

   Deyərlər yağ içib dünyadan keçib,  

   Fikrində layla, beşik olmaz.  

   Hazırın naziri  

   hazır ər seçib,  

   Gedər, uşaq doğar,  

   ev-eşik olmaz...  

   Səsləyin, analar qalxsın məzardan,  

   Toy tutsun bügünkü qismətlərinə,  

   Layla öyrətməyib onlar o zaman, 

   İndi kim utansın   

   kimin yerinə?!  

 

   Layla çala bilmir indiki qızlar...  

   Onların şöləsiz gələcəyini,  

   Laylasız, nəvəsiz gələcəyini,  

   Meyvəsiz, bəhrəsiz gələcəyini,  

   Xəznəsiz, dəfnəsiz, gələcəyini,  

   Daraqsız, cəhrəsiz gələcəyini, 

 

   Kilimsiz, gəvəsiz gələcəyini,  

   İnəksiz, dəvəsiz gələcəyini   

   Ağısız, nəğməsiz gələcəyini,  

   Çırağı haləsiz gələcəyini,  

   Demirəm ta nəsiz gələcəyini -    

   Duyub düşündükcə, ürəyim sızlar...

     

   Qoy gülsün gülənlər saca, ərsinə,  

   Ocaqlar yaxası yaz olsun gərək;  

   Qızlar, əziz qızlar  

   Ana dərsinə,  

   Ana məktəbinə yazılsın gərək!..

  

  

   VİDADİNİN XATİRƏSİNƏ

    

   Xəzan vurğunuydu,  

   Hissi dənizdi...  

   Xəzana qoşulan bir yarpaq oldu.  

   Qəlbi, düşüncəsi oddan təmizdi - 

   Kim deyər qaralıb o torpaq oldu?

    

   Hamının qəlbində o boy göstərib,  

   Hamının yerinə yaşayardı o,  

   Dünyadan hamıya gülüşlər dərib,  

   Hamının dərdini daşıyardı o.

 

  Önündə susardı tənqidçilər ,

   Axı, söz mülkünün Tanrı günüydü!  

   Yazı duyğusunda,  

   xeyirdə, şərdə  

   bizim hamımızdan o üstünüydü.

    

   Dünya işlərindən yaxşı halıydı,  

   Bilirdi gül nədi,   

   nədi yağan qar;  

   Göyüzlü gülüşü min mənalıydı -   

   O sirr ayda olar, günəşdə olar!

    

   Ölüm qara yeri bir yol da böldü.  

   Bir at oynatdı qəmin sağ-solu.  

   Vidadi ölmədi - ruhumuz öldü,  

   Bir yetim qaldı yazı stolu...

    

   ***

  

   Ömür bir aləmdir, qayğı min aləm.  

   Qayğıdan don biçək düzə, dağa da.  

   Di gəl, başqaları küsməz deyirəm,  

   Bir az gün ağlasaq özümüzə .

    

   Bir az gün ağlasaq - dünya dağılmaz,  

   Eldə yetim qalan işıqlara da.  

   Sübhəcən gözlərə qanlar sağılmaz,  

   Bir az gün ağlasaq aşıqlara da.

    

   Bir az gün ağlasaq varaqlara da,  

   Şam kimi əriyən qələmə biz;  

   Gecəyə göz olan çıraqlara da,  

   Söz adlı bu yazıq aləmə biz...

     

   Bir az gün ağlasaq ötən çağlara,  

   Bir az gün ağlasaq qeyrətimizə -   

   Bu düşmən deyilən qalar ağlara,  

   Yad əli ömründə qalxmazdı bizə.

    

   Bir az gün ağlayaq - diz çökürəm mən,  

   Qoruyaq millətin körpələrini;  

   Onları göz üstə saxlasın vətən -   

   Bu gündən sabaha  körpülərini...

   

  

   SƏNSİZ SOYUQ DƏYİR GECƏLƏRİMƏ

   

   Daha hər çağırışı dinliyəmmirəm,  

   Ağzım yaman yerdə dirənib dağa.  

   Sənsiz ürəyimə söz deyəmmirəm,  

   Başlayır özünü yumruqlamağa.  

   

   Karvan səsidimi yenə yüksələn -   

   varaq önündə bir səhra kimi.  

   Sənsiz bir dəvəyəm, ərəbi ölən -   

   Qalmışam səhrada müqəvva kimi.

   

   Durum necə girim, necə, yerimə?  

   Olan-qalanı da qəm ayaqlayır.  

   Sənsiz soyuq dəyir gecələrimə.  

   Bulud yatağında ay sayaqlayır...

 

 

   Səyavuş Sərxanlı 

 

   Ədalət.- 2009.- 25 iyul.- S. 20.