Bizim Xəzər

 

Dünyanın ən böyük gölündə hər şey var

 

Və sən demə, biz təmizlənmiş dəniz suyu da içə bilərmişik

 

Bax, bu da təzə xəbərdir deyəsən. Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Xəzər dənizinin suyunun əhali, sənaye və kənd təsərrüfatının ehtiyacları üçün təmizlənməsi üzrə pilot layihə hazırlayır.

İyulun 22-də Nazirlər Kabinetinin ölkə prezidentinin sədrliyi ilə keçirilən iclasında ekologiya və təbii ehtiyatlar naziri Hüseyn Bağırov bildirib ki, Xəzər dənizi sahilində yerləşən və su mənbəyi olmayan yaşayış məntəqələri şirinləşdirilmiş dəniz suyu ilə təmin olunacaq.

Nazirin sözlərinə görə, Xəzər dənizinin imkanlarından istifadə etmək "ölkəni gələcəkdə su qıtlığı ilə bağlı təhlükələrdən səmərəli surətdə mühafizə etmək imkanları verəcək. Bu gün Azərbaycanda istifadə edilən suyun 70%-i ölkəyə kənardan (çaylarla) gəlir.

Bağırov onu da bildirib ki, ölkə əhalisini təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, 12 rayonun 122 kəndində modul tipli sutəmizləyici qurğular quraşdırılıb, nəticədə 224 min nəfər əhalinin su təminatı yaxşılaşıb. Bu qurğulardan 36-sı 2009-cu ilin birinci yarısında istifadəyə verilib. Cari ildə ayrılmış 12 mln. manat vəsait hesabına hazırda 17 rayonun 63 kəndində modul tipli sutəmizləyici qurğuların quraşdırılması işləri gedir.

Beləliklə, əvvəllər gigiyenik cəhətdən normativlərə cavab verməyən su alan əhalinin sayı 500 min nəfər azalacaq.

Bütövlükdə Kür- Araz ovalığında və Naxçıvanda yaşayan 1 milyon adam Dünya Səhiyyə Təşkilatının standartlarına cavab verən içməli su ilə təmin ediləcək.

2009-cu il ərzində Abşeron yarımadasında "Xəzər dənizinin ekoloji mühitinin mühafizəsi sistemi"nin daha 6 stansiyası istifadəyə verilib. Bununla da Mərdəkan, Buzovna, Bilgəh, Nardaran, Pirşağı və Novxanıya qədər sahilboyu ərazilərdə modul tipli təmizləyici qurğular quraşdırılmış stansiyaların sayı 16-ya çatdırılıb.

Nəticədə Pirallahıdan Novxanıyadək 86 km. məsafədə dənizin suyu son 20-25 ildə ilk dəfədir ki, tamamilə təmiz qeydə alınıb.

Əslində Xəzər dənizi haqqında ən dəqiq bildiyimiz fakt onun neftlə zənginliyi və suyunun həddən artıq çirklənməsidir. Çirklənməyə səbəb kimi kanalizasiya sularının təmizlənmədən dənizə axıdılmasından tutmuş, dənizdə neftin çox olmasına qədər bir çox hallar göstərilir. Bu yazıda Xəzər haqda bildiklərimizi qısaca xatırlatmaqla yanaşı, bilmədiklərimizi də araşdırmağa çalışacağıq.

Xəzər dənizi qapalı su hövzəsi olmaqla bölgənin iqlim şəraitinin formalaşmasında mühüm rol oynayır, zəngin balıq və enerjidaşıyıcıları ehtiyatlarına malikdir, gəmiçilik üçün yüksək potensialı var. Sahəsi 400 min kv.m, uzunluğu 1050 km, sahil xətti 7000 m, orta dərinlik 180 m, su həcmi 80 000 kub.m.-dir. Dənizin illik su daxil olmasının 80 faizini Volqa çayı, 7 faizini isə Kür-Samur-Yılan daxilolması təşkil edir.

Müxtəlif qiymətləndirmələrə görə, Xəzər dənizində neft ehtiyatları 20 milyard tona çatır. Təqribən nərə balıqlarının 85 %-i, qara kürünün isə 95 %-i Xəzər dənizində istehsal olunur. Xəzər dənizində 10 milyona qədər quş qışlayır.

Ekspert rəylərinə əsaslansaq, dənizin ekoloji problemlərini 3 qrupa bölmək olar. Ilk yerdə çaylar vasitəsilə kimyəvi çirklənmə gəlir. Qeyd edək ki, Xəzər dənizinə 130-a qədər çay ildə 300 kub km su daşıyır. Təkcə Volqa çayına ildə 12 milyard kub m çirkab su axıdılır. Beləliklə, Volqa vasitəsilə Rusiyanın böyük sənaye regionunun bütün ekoloji bəlaları Xəzərə gətirilir. Xəzərə daşınan zərərli maddələrin 95 %-i Volqanın payına düşür. Buraya 145 min ton neft, 1353 ton fenol, 1620 ton sink və digər maddələr daxildir.

Kür və Araz çayları isə Cənubi Qafqazın bütün axıntılarını Xəzərə gətirir, baxmayaraq ki, Azərbaycan əhalisinin 70 %-i bu suyu içmək üçün istifadə edir. Terek 240 mln kub m, Kür isə 522 mln kub m çirkab suyu Xəzərə gətirir.

Ekoloji problemlər sırasında ikinci yerdə Xəzər dənizində suyun səviyyəsinin qalxmasını göstərmək olar.

1977-1998-ci illər ərzində Xəzər dənizində suyun səviyyəsi 2,5 m qalxıb. Azərbaycanın cənub rayonlarında 17 kənd və 50 min hektar sahə su səviyyəsinin qalxmasından zərər çəkib, bir sıra kəndlərin əhalisi "ekoloji qaçqın" vəziyyətinə düşüb. Bu katastrofdan dəyən iqtisadi ziyan 4 mlrd ABŞ dollarından çoxdur.

Üçüncü yerdə isə dəniz-neft sənayesi gəlir - 1949-cu ildən başlayaraq Xəzər dənizində "Neft daşları" və "28 aprel" platformalarında neft çıxarılması və daşınması işləri görülür. Bu vaxtlar ərzində Qazaxıstan sahillərindən də tankerlərlə Bakı zavodlarına emal üçün kükürdlü neft daşınıb. Neftin çıxarılma və daşınma proseslərində dənizə tökülməsi nəticəsində dənizin neftlə çirklənmə səviyyəsi bəzi sahələrdə yol verilən normanı 20 dəfəyə qədər ötür. Xəzər dənizinin neftlə və neft məhsulları ilə ən çox çirklənməyə məruz qalan hissələri Bakı buxtası, Abşeron arxipelaqı, Adalar, Türkmənbaşı, Çeleken, Manqışlaq, Tenqiz və neft sənayesinin digər inkişaf edən əraziləridir. Ekspertlər bildirirlər ki, Xəzər dənizində neft sənayesinin güclü inkişafı ilə əlaqədar olaraq, onun daha da çirklənəcəyini gözləmək olar.

Təbii şəraitin unikallığı və rəngarəngliyi bir çox nadir fauna və flora növlərinin Xəzər dənizində bugünədək qalmasını təmin edib. Dənizin Azərbaycan akvatoriyasında 171 növ fitoplankton (yosun), 40 növ zooplankton, 258 növ fitdentos, 91 növ makrozoondentos və 14 fəsiləyə aid 80 növ və yarımnöv balıq məskunlaşıb. Balıq növlərinin miqdarına görə karpkimilər üstünlük təşkil edir - 42 növ, xulkimilər - 31, siyənəkkimilər - 17, qızıl balıqkimilər - 2, nərəkimilər - 5 növdən ibarətdir. Xəzər ixtiofaunasının 4 cins, 31 növ və 45 yarımnövü endemikdir. Endemik növlərin əksəriyyəti orta Xəzərdə qeydə alınıb.

Təqribən 40 balıq növü və yarımnövü ov əhəmiyyəti daşıyır. Ümumi ixtiokütlənin əsas hissələrini kilkələr təşkil edir (80%), qalan hissə siyənəyin, kefalın, aterinanın, gümüşcənin və xul balığın payına düşür. Balıq növləri içərisində yox olmaq təhlükəsi altında olub, "Qırmızı kitab"a salınanlar da var. Xəzər ilanbalığı, alabalıq, Cənubi-Xəzər porusu (ağgözbalığı), çexon, dəniz sufu kökü kəsilmək üzrə olanlardır. Son illərdə nərə balıqlarının bütün növlərinin (ağbalıq, kələmo-qayabalığı, nərə uzunburun balığın), Xəzər qızılbalığın, ağ qızılbalığın, xramulanın, şamayı balığının, şibrit və qarasolun sayı kəskin surətdə azalaraq, yox olmaq təhlükəsi altına düşüb. Xəzərin su faunasında yeganə məməli heyvan Xəzər suitidir. O, mövcud suitilərin ən kiçiyidir. Xəzər suitinin populyasiyasının ölçüləri XX əsrin əvvəlinə 1,5 milyon fərddən 80-ci illərin sonuna 360-400 min fərdədək azalıb. 1993-cü ildə Xəzər suitisi "Qırmızı kitab"a daxil edilib.

Xəzər və sahilyanı zonanın müxtəlif biotiplərində 302 quş növü qeydə alınıb; onlardan 37-si su, 109-u suətrafı və 156-sı quru quşlarıdır.

1991-ci ilə qədər yalnız İran və SSRİ Xəzərin qonşuları sayılırdılar. Ancaq Sovet İttifaqının dağılmasının ardınca, Azərbaycan, Türkmənistan və Qazaxıstan respublikaları da xəzəryanı ölkələrin sırasına qoşuldular. Hazırda Xəzər sahillərinin 14 faizi İran, 16 faizi Rusiya, 20 faizi Türkmənistan, 21 faizi Azərbaycan, 29 faizi Qazaxıstan tərəfindədir. Beynəlxalq hüquq normalarına görə, hər hansı bir dövlət bölünüb başqa dövlət, ya dövlətlər onun varisi olarsa, birinci dövlətin hüququ və öhdəlikləri öz qüvvəsində qalır. Deməli, SSRİ-nin dağılıb onun bir neçə ölkəyə çevrilməsinə rəğmən onun başqa ölkələr qarşısında bütün öhdəlikləri etibarlı sayılır. Başqa tərəfdən, Vyana konvensiyasının 12-ci maddəsi və beynəlxalq hüquq normalarına əsasən, dövlətlər arasında müqavilələr dəyişməyənə qədər keçmiş razılıqlar öz etibarını qoruyur. Məhz bu səbəbdən 1921 və 1940-ci il müqavilələri qüvvədədir. Çünki indiyə qədər 5 xəzəryanı ölkə arasında heç bir müqavilə imzalanmayıb.

  Dəniz sahilində yerləşən istənilən ölkənin güclü olması üçün ən mühüm şərtlərdən biri də onun güclü hərbi-dəniz qüvvələrinin (HDQ) olmasıdır. HDQ-si olmayan sahil ölkəsi sadəcə "sahil dövləti", yetərli səviyyədə hərbi-dəniz qüvvələrinə malik ölkəsə "dəniz dövləti" adlanır. Fərq anlaşılandır. Azərbaycan Xəzərin sahilindəki dövlətlər arasında ən kiçik ölkədir. Coğrafiyamızın mövcud olduğu bölgədə, xüsusilə də Xəzər regionundakı indiki durumu və bundan sonrakı illər ərzində hadisələrin hipotetik inkişaf xəttini nəzərə alsaq, Azərbaycan sadəcə olaraq hərbi-dəniz qüvvələrini maksimal dərəcədə inkişaf etdirməlidir. Hətta buna məcburdur. Əks təqdirdə, nə dəniz sərhədlərimiz, nə Xəzərdəki neft-qaz yataqları və bioloji ehtiyatlarımız, nə də şəhərlərimiz təhlükəsiz sayıla bilər.

Bəs ümumiyyətlə xəzəryanı ölkələrin Xəzərdə hansı hərbi obyektləri, hərbi fəaliyyətləri var? Ekspertlər bildirirlər ki, Kuşkadakı 357-ci və Kızıl-Arvaddakı 84-cü elitar motoatıcı diviziyaları nəzərə almasaq, Türkmənbaşı və Aşqabaddakı diviziyalar normal hərbi vahid sayıla bilməz. Türkmənistanın hərbi-dəniz qüvvələri (sahil xidmətləriylə birgə) təxminən 2 min nəfərdir. HDQ-nin əsas bazası (600 dənizçi, 12 katero və bir tral gəmisi) Türkmənbaşı limanında, çay donanmasının bazası isə Amudərya sahilindəki Kəlifdədir. Türkmənistan ordusunda sovetlər birliyindən qalmış 300 təyyarə (o cümlədən 24 "MiQ-29", 46 "Su-25", 172 "MiQ-23"), 621 "T-72" tankı, 1500 PDM və ZTR var. Rəsmən "neytral status"a malik olduğunu bəyan etmiş Türkmənistanın bunca böyük cəbbəxanası qarşısında statusu neytral olmayan Azərbaycanın gözləməsi sadəlövhlük olardı.

Qazaxıstan Rusiya və Türkiyədən aldığı gəmilərlə hərbi-dəniz donanmasını möhkəmlədir. Astana hələ 1990-cı illərdə HDQ-ni gücləndirmək istəmiş, lakin planları puç olmuşdu. Bu dövlətin Birləşmiş Ərəb Əmirliklərindən satın aldığı hərbi katerlər elə dənizə ilk çıxışında batmış, dəniz sahillərində hərbi limanların inşası ilə bağlı layihələr də alınmamışdı. Lakin sonradan NATO-nun Qazaxıstanı "Şimali Atlantika Alyansının Cənubi Avropa Donanmasının məsuliyyət zonası"na daxil etməsi Astanaya hərbi-dəniz qüvvələrini sürətlə inkişaf etdirməyə imkan verdi. Qazaxıstanın HDQ kadrları Türkiyə, Yunanıstan, İtaliya və İspaniyada təhsil alıb hazırlıq keçmə imkanları qazandılar.

Rusiyanın Xəzərdəki hərbi mövcudluğuna gəldikdə isə dənizdə ən böyük hərbi qruplaşma şimal qonşumuza məxsus olduğundan, hər il ən azı iki dəfə hərbi-dəniz manevrləri və ya təlimləri keçirir. Azərbaycanın Xəzərdəki neft buruqlarından birinin yanında aşkarlanan, suyun altından qəflətən üzə çıxıb çox böyük sürətlə uzaqlaşan üzən obyektin də az qala naməlum uçan obyekt kimi qəbul edilməsi sadəlövhlükdür. Müşahidəçilər bildirirlər ki, o, UNO yox, Rusiyanın aşağı dərinlikli kiçik sualtı gəmisidi. Rusiya hələlik Azərbaycanla normal münasibətlərdədir. Lakin bu, heç də rahat oturmağa əsas vermir. Əslində Moskva Xəzər hərbi-dəniz donanmasındakı kəşfiyyat qruplaşmasının gəmisini neft buruğumuzun yanına göndərməklə Bakıya aşkar xəbərdarlıq edir ki, Xəzərdə kimin kim olduğunu unutmayaq.

Bakı-Tiflis-Ceyhan və Bakı-Tiflis-Ərzurum layihəsi, İranla hərbi qarşıdurmanın mümkünlüyü və Rusiya ilə regionda çox sərt geosiyasi rəqabətdən dolayı ABŞ Xəzərə diqqəti bir neçə ildir ki, artırıb. Pentaqonun "Xəzərin mühafizəsi" ("Caspian Guard") proqramı məhz bu məqsədlərə və Azərbaycanın da dəniz sərhədləriylə radioelektron lokasiya müdafiəsinin gücləndirilməsinə yönəlib.

2005-2010-cu illəri əhatə edən sözügedən proqram çərçivəsində Azərbaycan ərazisində 4 radiolokasiya stansiyası, 3 mayak, 7 dəniz-müşahidə stansiyası və digər obyektlərin istifadəyə verilməsi, həmçinin Hərbi-Dəniz Qüvvələri və Sərhəd Qoşunlarının təchizatının NATO standartları səviyyəsinə çatdırılmasını nəzərdə tutur.

Ekspertlər isə Azərbaycanın özünün Xəzərdə hərbi mövcudluğunu möhkəmləndirməsinin tərəfdarıdırlar. Söhbətləşdiyimiz mütəxəssislər birmənalı olaraq bildirirlər ki, Azərbaycan Xaçmaz-Dəvəçi və Lənkəran-Astara zonalarında da orta dəniz bazalarına malik olmalıdır. Dəniz akvatoriyasının qorunması, həmçinin, HDQ-nin yetərli döyüş hazırlığının təminatı üçün Bayılda və ya başqa yerdə hərbi-dəniz gəmi tərsanəsinin varlığı da qaçılmaz şərtdir.

  

  

Səbuhi

 

Ədalət.- 2009.- 25 iyul.- S. 9.