ONUN ÇİÇƏKLƏRİNİN ƏTRİ
BİZİM EVDƏN ƏSKİK OLMUR
Gözümü açandan,
ağlım kəsəndən
evimizin, ailəmizin ən əziz qonaqları həmişə
qələm əhli, sənət adamları olub. Maraqlı söhbətlərin, mənalı
baxışların, gülüşlərin,
səmimi münasibətlərin,
qızğın yaradıcılıq
mübahisələrinin, müzakirələrinin
canlı şahidi olmuşam. Bəlkə buna görə uşaqlıqdan sənətə
marağım, mənəvi
ehtiyacım yaranıb.
Əhatəsində olduğum
insanların sevgisindən,
düşdüyüm o
nurlu ortamın təsirindən erkən çağlarımdan, indi
dəbdə olan ifadəni işlətsəm,
ustad dərsləri almışam. İnsan yaşlaşdıqca xatirələri
çoxalır. Uşaqlıqda,
gənclikdə hər
kəs həmişə
irəliyə üz tutsa da, yaş
ötdükcə daha
çox keçmişi
yad etməyə meylli olur. Amma,
hafizə ən dəyərli, əhəmiyyətli
məqamları hifz edir. 60 ilin pəncərəsindən
öz dünyama boylananda nə görürəmsə, nələri
və kimləri xatırlayıramsa, bundan sonra məni yaşadan da yalnız onlar olacaq...
1957-ci ilin dekabr ayında
"Azərbaycan" jurnalının
12-ci nömrəsində şair
Adil Babayevin "Eloğlumun poeması"
adlı əsəri dərc olunmuşdu. Poema bir rəssamın taleyindən
bəhs edirdi. Zahirən çirkin görkəmə malik bu insan böyük
istedad sahibi idi. Tanrı elə bil ki,
onun üçün nəzərdə tutduğu
gözəllik payını
da surətinə deyil, sənətinə çiləmişdi. Bu gənc sevdalı könlünün qapılarını
ilk dəfə Dilrubanın üzünə
taybatay açsa da, seçimində yanıldığını tez
başa düşür.
Şüur-düşüncəsi
yalnız maddi meyarlarla işləyən
bu qızı onun məhəbbətinin dəyəri yox, əsərlərinin qiyməti
maraqlandırır. Əlyara
nadir rəssamlıq qabiliyyəti ilə yanaşı, Məcnunun aşiqlik istedadından da bir pay
düşmüşdü. Bir gün bu
ona əyan olanda mehri-məhəbbətinin
ünvanı büsbütün
dəyişir. Böyük
məhəbbət bir
yastığa baş qoymaq üçün deyil, yaratmaq, yaşatmaq, sevdiyini vəsf etmək üçün sənətkara
lazımdır. Şairin
qəhrəmanı vurğundur.
Bu sevgi bütövdür, bölünməz,
qısqanclıq hissindən
uzaqdır, hər kəslə səxavətlə
paylaşılandır. Əlyar
hər zaman solmaz, sönməz məhəbbətinin yanındadır,
qoynundadır, qucağındadır.
Əlyar artıq yalnız onun vətəninin heyranıdır,
Azərbaycanın məcnunudur!
Əlyar bu dünyada Tanrıya daxilən üsyan edib məmləkəti qarış-qarış dolaşır, öz rənglər dünyasını
yaradır, hər daşa, ağaca, gülə, çiçəyə
ayrıca nəfəs
verir, əbədi ömür bağışlayır.
Adil Babayev bu
poemanı rəssam dostu Səttar Bəhlulzadəyə ithaf
etmişdi. O, Səttarı tanıyıb,
dərk edib Əlyarı obrazını
yaratmışdı. Səttar
o vaxtdan sonra xeyli yaşayıb,
öz dünyasında
hələ çox gözəlliklər yaradacaqdı.
Mən atamla onun dostluğunun təməlinin ötən
əsrin əllinci illərinə təsadüf
etdiyini xüsusi vurğulamaq istəyirəm.
O zaman hələ Adil Babayevin üzərindən
"xalq düşməninin
oğlu" adı götürülməmişdi. Belə məqamda çoxları ehtiyat edib, hər ehtimala qarşı "düşmən" ailəsindən
uzaq dolaşardı. Əlavə başağrısı
kimə lazımdır
ki? Lakin Səttar kölgəsindən
qorxan oğul deyildi. O, özündən
16 yaş cavan şairə dost münasibətini kimsədən
gizlətmirdi. Vaxtaşırı
evlərinə gedib-gələrdi, onu emalatxanasına, Əmircan
kəndindəki evinə
dəvət edərdi.
Repressiya qurbanı olan atasına 1956-cı ildə tam bəraət veriləndə Adili öz ocağında ilk təbrik edənlərdən biri də məhz Səttar Bəhlulzadə olmuşdu. Evə əliboş gəlməmişdi.
Bir çiçək
dəstəsi ilə dostunun anası Xeyransa xanımı təbrik etmişdi. Səttarın gülləri
hələ də solmayıb, əvvəlki tək ətirlidir, təravətlidir. Onlar bir bəyaz çərçivədə indi
mənim mənzilimdə
ən qiymətli xatirə tək divardan asılıb.
***
Bir dəfə atam yenə dostları ilə bərabər evə gəldi. Qapı açılanda birini o dəqiqə tanıdım. O, bizim həyətdə yaşayırdı. Üstü açılıb-bağlanan böyük maşını vardı. Özü də iki rənglə boyanmışdı. Həyətin bütün uşaqları kimi mən də o maşının yanından əlimi sürtmədən keçməzdim. Onun sahibini məhəllə uşaqları "Cəlal əmi", deyə çağırardı. Bizim "Cəlal əmi" məşhur heykəltəraş Cəlal Qaryağdı idi. İkinci qonağı ilk dəfə görürdüm. Atam dedi ki, bu Həsən əmidir (rəssam Həsən Haqverdiyev - E.B.) Üçüncü ucaboy, arıq, qarayanız kişinin qəribə gözləri, baxışları, çiyninə tökülən dağınıq saçları mənə tanış idi. Onun nağıl personajına oxşar surətini bir dəfə görən bir daha unutmazdı. Amma, dörd yaşlı balaca bacım qorxusundan yan otağa qaçıb ağlamağa başladı. Cəlal əmi zarafata salıb dedi ki, ay Səttar, deyəsən uşağı qorxutmusan. Bu sözlərdən hamı gülüşdü.
Qonaqlar evə biqəfil gəlməmişdi.
Nənəmlə anam
əl-ələ verib qabaqcadan hər cür hazırlıq görmüşdü.
Gözəl süfrə
açılmışdı. Ənbərbu düyüsündən
bişən pilovun ətri aləmi bürümüşdü. Böyüklər
qonaq otağında oturub xeyli yeyib-içdilər, sağlıq
dedilər. Həmin günlərdə Səttar
Bəhlulzadəyə "Əməkdar
incəsənət xadimi"
fəxri adı verilmişdi. Dost süfrəsində rəssamın
ünvanına təbriklər,
xoş arzular bu münasibətlə səslənirdi.
***
1960-cı il
dekabr ayının
15-də mənim on yaşım
tamam olurdu. Körpəlikdən atasız
böyüyən atam
üçün bu çox əlamətdar hadisə idi. Həmin gün Səttar Bəhlulzadə də bizə gəlmişdi. Məni qucaqlayıb üzümdən
öpdü. Bir rəsm albomu, bir dəst rəngli
qələm və sulu boya komplekti
hədiyyə etdi mənə. Dedi ki, şəkil çəkməyi öyrən.
Öz əsərlərindən
birini də mənə hədiyyə etdi:
Böyüyəndə, öz evin olanda, bu
rəsmi çərçivəyə
salıb divardan asarsan. Hər dəfə baxanda məni də yad edərsən. Sonra ahəngini bir qədər dəyişərək məndən
soruşdu:
- Heç
bilirsən ki, bugün daha kimin ad günüdür
?
- Dedim ki, xeyir, bilmirəm.
O, uzun, nə nazik barmaqlarını daraq eləyib saçımı tumarlayaraq
sözünə davam
etdi:
- Biz səninlə
bir gündə dünyaya gəlmişik, oğlum. Amma, aramızda bir balaca il fərqi
var.
Tez soruşdum
ki, nə qədər?
- Elə
də çox deyil, cəmi 41 yaş. Allah qoysa, o yaşa çatanda, bunun çoxmu, azmı olduğunu özün görəcəksən.
Nə yazıq
ki, mən o yaşa çatanda, Səttar Bəhlulzadə dünyasını dəyişmişdi.
***
O zaman Cənub-Sovet
meydanında (indiki Nəriman Nərimanov -
E.B.) yerləşən 5 nömrəli
binada 3 otaqlı mənzilimiz bizə həddən ziyadə geniş görünürdü.
Gözəl də axarbaxarı vardı. Bir axşam yenə evimiz qonaqqaralı idi. Atamın uşaqlıq dostlarından şair İslam Səfərli və filosof Adil Nəcəfov, yaxın qonşumuz və ailə dostumuz Gülağa Məmmədov, poeziyamızda
öz yeri və ağırlığı
olan ağır təbiətli şair, gözəl qəzəllər
müəllifi Mir Mehdi
Seyidzadə, bir də Səttar Bəhlulzadə bizə yığışmışdılar. Yeməklər süfrədən
qaxıb çay dəsgahı düzələnə
kimi Səttar müəllim eyvandan şəhərin mənzərəsini
diqqətlə seyr edirdi. Bir xeyli
səssiz-səmirsiz şəhərə
tərəf gözünü
zilləmişdi. İslam
Səfərli soruşdu
ki, ay Səttar, orda nə görmüsən,
axı? Mən üzbəüz binada yaşayıram. De, biz də
baxaq. Səttar dedi ki, bu
mənzərəni çox
bəyəndim. Adil, etiraz etməsə, Gülnar xanımın çayını içə-içə,
bax elə bu nöqtədən şəhəri, dənizi
çəkmək istərdim.
Atam dedi ki, biz sənə minnətdar olarıq. Sənin sayəndə bizim eyvan da
tarixə düşər.
Səttar da cavabında: eyvanı deyə bilmərəm, dedi amma səni
Səməd Vurğun
məndən öncə
tarixə salıb.
"Şair nə incədir rübabın sənin!" misrası ilə. Bunun özü sözlərdən
yaranan rəngkarlıq
əsəridir. Rəssam
istəyir onu kətana köçürə.
Səttar Bəhlulzadənin
İnşaatçılar prospektində
rəssamlar üçün
tikilən binasının
sonuncu mərtəbəsindəki
emalatxanasında atamla
dəfələrlə olmuşam.
Onun yarımçıq
irili-xırdalı işlərinə,
natamam əsərlərinə,
fırçalarına, molbertinə
eskizlərinə diqqətlə
baxmışam. Səttar
sənətinin böyüklüyünü
ağlımla dərk
etmədiyim vaxtlarda da, Səttar ürəyinin hərarətinin,
mehribanlığının, sadəliyinin və səxavətinin nə demək olduğunu gözlərimlə görmüşəm,
fəhmimlə hiss etmişəm.
Bütün bunların
gerçək mənasını
tam olaraq qiymətləndirməkdə
hələ də acizəm.
Etibar Babayev
Ədalət.- 2009.- 25 iyul.- S. 4.