Ağac ana
Ayağa durdu. Alma ağacının dibindəki daşın tozunu aldığı şalvarını çırpdı.
Yenə köhnə adəti üzrə ağacı daşlamağa
başladı. Bu nə sirrdi onda, bilmədim. Yerə düşən tumturş, göy almaları nə özü yeyirdi, nə də kimisə yeməyə qoyurdu. Mən birinci dəfə
bu kəndə gələndə məni ən çox cəlb eləyən də elə bu olmuşdu. Üstünün-başının
cırığından ağ
dərisi görünən
Qara adlı bu uşaq ağacın
həndəvərindən ayrılmırdı.
Əslində o uşaq deyilmiş. Kənddə dostlaşdığım
1-2 nəfərdən eşitdim
ki,onun 20-dən çox yaşı var, ancaq boy-buxunu
kimi ağlı da həmyaşıdlarının
yarısında qalmışdı.
Hərdən mənə
elə gəlirdi ki, onun biraz
uzanmış dağınıq,
qara saçlarını
qırxsalar, bəxti ağaracaq, boy-buxunu uzanacaq, ağlı artacaqdı.
Onunla tanış olmaq istəyirdim. Yaxınlaşıb xoşlamadığım tumturş almalarından istədim. Vermədi. Bilirdim verməyəcək. Əgər yenə istəsəydim, almalarını daş kimi başıma çırpacaqdı və bəlkə də tüpürəcəkdi. Həmişə onu əsəbləşdirən balaca uşaqlara belə edirdi. Uşaqlar ondan alma almağın yolunu belə tapmışdılar.
Hər gün səhər yuxudan duran kimi bulaqdan su götürmək bəhanəsi ilə Qaragilin həyəti tərəfə gedirdim və hər gün də eyni mənzərə ilə qarşılaşırdım. Qara almaları qucağına yığıb əzizləyir və bir az keçməmiş almaları ağacın başına çırpırdı,tüpürürdü,sonra yenə qucaqlayırdı. Nə edirdisə etsin, bu ağacı sevməyə bilmirdi. Elə bil, bu ağac doğmuşdu Qaranı, ancaq onu dəli doğduğu üçün Qara narazı idi ondan. Nə bilim... bəlkə də elə həqiqətən Qaranın anasıydı bu ağac, Qara isə onun insan formasındakı alma balasıydı...
Hər gecə Qaranın yatağı ağacın
yaxınlığındakı taxtın üstündə
salınırdı. Gecələr Qara
yuxulu kipriklərini qaldırıb gözünü
açanda ağac anasını görürdü.
Ağac anası isə əsl ana nəvazişi ilə yarpaqlarını aram-aram yellədərək
Qaranın yayın istisindən tərləmiş
balaca bədənini sərinlədirdi. Qışda isə Qaranı zorla evə aparırlarmış. Gecə
hamı yatdıqdan sonda durub ağacın
yanına qaçırmış.
Ona görə də yazıq ailəsi Qaraya göz-qulaq olmaq üçün yarıyuxulu
yatırlarmış.
Günlər keçirdi. 1 aylıq yay istirahətim Qaranin ömründə-günündə gecələyirdi. Şəhərə qayıtmağıma 3-4 gün qalmışdı, ancaq hələ də Qara mənim ona yaxınlaşmağıma, onunla dost olmağıma icazə verməmişdi. Həmişə ona uzaqdan baxırdım. Şəhərə qayıtmalıydım, ancaq gözlərim gözüm baxan uzaqlıqdan ayrıla bilmirdi.
Bir gün səhər
yuxudan duranda dedilər ki, Qara bərk soyuqlayıb,yediyini qaytarır. Yayın qızmar vaxtında necə soyuqlamışdı, bilmədim.
Nə bilim...bəlkə də başqa şeydi...Yazığım gəlirdi
Qaraya, ancaq onun üçün heç nə edə bilmirdim.
Tanrıya etdiyim dualarımı Qaranın yanında qoyub şəhərə qayıtdım.
1-2 gün keçmişdi.
Kənddən Qaragilin
qonşusu mənə
zəng etdi. Qısaca hal-əhvaldan sonra " Qara öldü " dedi. Mən özümü itirmiş
halda:
-Necə yəni? Nə vaxt?
-Bu səhər, elə alma ağacının altında.
Bilirsən nə oldu?! Bütün kənd danışır ee. Qara öləndə
ağac bütün yarpaqlarını Qaranın
üstünə tökdü,
onun cansız bədənini gizlətdi.
-Yerimdəcə
donub qaldım. İlahi, bu ağac həqiqətən
Qaranın anasıymış.
Qucağında gizlətmişdı
Qaranı, Gizlətmişdi
ki, tapıb apara bilməsinlər yolun onu, yolun
o üzündəki məzarlığa...
Xəyalə Sevil
Ədalət.- 2009.- 6 iyun.- S. 20.