"NİYAZİ MƏNİ LEYLİ OBRAZINDA GÖRÜRDÜ"

 

Əməkdar artisti Nuriyyə Hüseynova: "Opera və Balet Teatrının rəhbərliyi özünü görməməzliyə vurdu"

 

"Cavad xan" filmindən kadr

 

Bu yaxınlarda ekrana Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının istehsal etdiyi yeni bədii film çıxacaq. Azərbaycan tarixində şərəfl yer tutan Cavad xanın həyatından bəhs edən həmin ekran əsərinin yarıdıcıları tamaşaçılar üçün sürpriz hazırlayıblar. Cavad xanın ömür-gün yoldaşı Şükufə xanım roluna bilirsiz, kim çəkilib?

Muğam və xalq mahnılarımızı özünəməxsus tərzdə ifa edən əməkdar artist Nuriyyə Hüseynova Cavad xan filmində at çapacaq, həyat yoldaşının ən yaxın silahdaşına çevriləcək.

- Nuriyyə xanım, unikal səsi, səhnə yaraşığı olan sizin kimi xanım ifaçıları Leyli rolunda görməyə adət etmişik. Amma sorağınız opera teatrından yox, kinostudiyadan - Şükufə xanım rolundan gəldi...

- Orta məktəbin 5-ci sinifində oxuyanda respublika müsabiqəsində iştirak edirdim. Münsiflər heyətinin sədri mərhum Maestro Niyazi məni səhnədə görən kimi dedi ki, gələcəyəin Leylisini tapmışam. Bu gün səhnədə olan xanəndə xanımların əksəriyyəti o zaman artıq tanınırdı, amma onların heç birini Leyli roluna layiq bilmirdilər. İstər Bülbül adına orta ixtisas musiqi məktəbində, istərsə də keçmiş Konservatoriyada müəllimim olmuş xalq artisti Arif Babayev də həmişə mənə Leyli kimi baxıb. Konservatoriyanı bitirib sənət aləminə gələndən sonra Leyli roluna dəvət alacağımı gözləyirdim, lakin dəvət edən olmadı... iynə deyiləm ki, məni görən olmasın. Sənət aləmində, ictimaiyyət arasında yetərincə tanınıram, necə deyərlər görməyə səlahiyyəti çatanlar görüb, dəvət edə bilərdilər. Amma bunu gərək zamınında edəydilər. İndi səhnəni daha gənc leylilərə vermək zamanıdı. Bütün bunlara baxmayaraq, opera və balet teatrının rəhbərliyindən bu gün də narazıyam. Onlar özlərini görməməzdiyə vurdular. Opera səhnəsində Leyli obrazını oynamağa şərait yaratmadılar. Bu birbaşa onların işidi. Özüm gedib yalvarası deyildim ki... Məni yaxından tanıyanlar yaxşı bilirlər, kiminsə qapısını döymək, yalvarıb-yaxarmaq mənlik deyil. Heç zaman bunu özümə yaraşdırmamışam. İstedadım göz önündədi. Sadəcə, kimlərsə bunu görmək istəmir.

"Cavad xan" filminə çəkilməyimə gəlincə, bildiyiniz kimi ekran əsərini rejissor Rövşən Almuradlı Sabir Rüstəmxanlının ssenarisi əsasında çəkib. Cavad xan obrazını xalq artisti Nurəddin Mehdixanlı yaradıb. Məhz bu üç tanınmış yaradıcı insanın birgə rəyindən sonra mən Şükufə xanım roluna dəvət aldım.

- Niyə məhz kinoda heç bir təcrübəsi olmayan Nuriyyə Hüseynova?

- Azərbaycanda istedadlı aktirisa yetərincədi. Lakin Şükufə rolu ilə bağlı bayaq alarını çəkdiyim insanların baxışı tamam başqa idi. Bu barədə mənim nəsə deməyim bəlkə də təvazökarlıqdan kənar alına bilər. Yaradıcı heyət bu yola çəkmək istədikləri insanı çox axtarıblar. Tarixdən də bəllidir ki, Şükufə xanım ağıllı, mərd, ailəsinə bağlı, həyat yoldaşına arxa-dayaq duran əsl türk xanımı olub. Ona görə də bu gün həyatda sadaladığım xüsusiyyətləri özündə birləşdirən xanım axtarıblar. Nurəddin bəyin təklifindən sonra mənim namizədliyim üzərində qalıblar. Rövşən Almuradlı ilə ilk dəfə görüşəndən sonra dedi ki, biz axtardığımızı tapdıq. Ssenarini mənə verdi, oxudum və çox xoşuma gəldi.

- Qaldı sizin razılıq...

- Yaradıcı heyətin Cavad xanı, Şükufə xanımı ekrana gətirmək, təblig etmək niyyəti xoşuna gəldi. Çünki mən özüm də təbiətcə xalqına, vətəninə bağlı insanam. Həyat yoldaşımın münasibəti filmə çəkilməyə razılıq verməyimdə mühüm rol oynayır. Həyat yoldaşım milli kökə bağlı, heç kimin qız-gəlininə zərrə qədər də pis gözlə baxmayan, ailəsinin namusunu göz bəbəyi kimi qoruyan əsl bəydir. Mənim şəxsiyyətimə, sənətimə verdiyi yüksək dəyərə görə, həmişə onun qarşısında baş əyirəm. Yoldaşım dedi ki, təkcə ifa etdiyin mahnılar deyil, həm də Şükufə xanım rolu səni tarixdə yaşadacaq. Onun bu fikri mənə əlavə qol-qanad verdi, filmin çəkilişlərindəki çətinliklərə dözə bildim. Hər halda çalışdım ki, Şükufə xanımın ekrandakı obrazını uğurla yaradım. Film yaxın zamanlarda ekranlara çıxacaq, işimin əsl qiymətini də tamaşaçılar filmə baxandan sonra verəcəklər.

- Belə başa düşdüm ki, növbəti təklif gəlsə razılığınızı almaq o qədər də çətin olmayacaq...

- Əgər təklif olunan rol imicimə, ailəmin nüfuzuna ziyan gətirməyəcəksə, təbii ki, razılıq verə bilərəm. Ağıllı rejissor təbiətimə uyğun olmayan rolu mənə təklif etməz.

- Kino ilə bağlı çox sual verə bilərəm, amma xanəndəlik fəaliyyətinizin diqqətimdən yayınacağından qorxuram. Azərbaycan Dövlət Qədim Musiqi Alətləri Ansamblına gəlişiniz necə oldu?

- Musiqimizin yorulmaz təbliğatçısı Məcnun Kərimov bu ansamblı 1987-ci ildə yaradıb. 1995-ci ildə əməkdar artist Munis Şərifov məni Məcnun müəllimlə tanış etdi və bi iki şəxsin xeyir-duası ilə ansamblın solisti oldum. Tezliklə "Yar bizə qonaq gələcək" xalq mahnısını hazırladıq. Az TV ilə çıxış etdik, tədbirlərə dəvət aldıq, həm rəsmi dairələri, həm də sıravi tamaşaçıların diqqətini cəlb etdik. Həmin il Yusif Məmmədəliyevin 90 illik yubileyi tədbirində çıxış etmək üçün dəvət aldıq. Ulu Öndər Heydər Əliyev yubiley mərasimindəki çıxışımızı bəyəndi və onun tapşırığı ilə ansambla dövlət statusu verildi, Musiqi Mədəniyyəti Muzeyində normal fəaliyyətimiz üçün hər cür şərait yaradıldı. 1995-ci ilidən bu vaxta kimi, müxtəlif rəsmi tədbirlərdə çıxış etmişik, Avropa və şərq ölkələrində qədim musiqi mədəniyyətimizi layiqincə təmsil etməyə çalışmışıq. Sevinirəm ki, əvəzsiz mədəni sərvətimiz sayılan muğam və xalq mahnılarımızın yaxın, uzaq məmləkətlərdə təbliğ olunmasında mənim də əməyim var. Bu işimdən gerçəkdən qürur duyuram.

- Siz həm də pedaqoq kimi fəaliyyət göstərirsiz. Qürur duyduğunuz, necə deyərlər, üzünüzü ağ edən tələbələr varmı?

- İndiki Bakı Musiqi Akademiyası Konservatoriya kimi fəaliyyət göstərəndə uzun illər bu ali təhsil ocağında muğam ifaçıları hazırlanmayıb. Orada daha çox klassik qərb rus musiqisi tədris olunurdu. Tar-kamança fakültələri gözdən pərdə asmaq üçün idi. Bülbül adına məktəbi, Asəf Zeynallı adına musiqi texnekumunu bitirən gənc ifaçılar ali təhsil almaq üçün bilmirdilər hara getsinlər. Mədəniyyətimizin böyük hamisi Heydər Əliyevin göstərişi ilə 1986-cı ildə o zamankı Konservatoriyada müğam fakültəsi açıldı. İlk olaraq Aybəniz Haşımova ilə mən həmin fakültəyə qəbul olunduq. İlk bir ili Arif Babayevin sinifində oxudum, sonrakı dörd ili isə müəllimim mərhum sənətkar İslam Rzayev oldu. Həmin illərdə ustadlarımızdan çox şey öyrəndim. Amma peşəkar müğənni kimi yetişməyimdə Bülbül adına məktəbin rolu çox olub. Bir məsələni vurğulayım ki, bizim dövrümüzdə Bülbül adına məktəbdə ancaq vəzifəli, imkanlı şəxslərin övladları təhsil ala bilirdi. Sevinirəm ki, yenidən doğma kollektivimə qayıtmışam. 1995-ci ildən burada müəllim kimi çalışıram. Bu illər ərzində istedadlı tələbələrim çox olub. Bu gün populyarlıq qazanan Elton Hüseynəliyev sənətə mənim xeyir-duamla gəlib. "A-trio" qrupundan tanınan Ramal tələbəm olub. Elə tələbələrim olub ki, laureat adı qazanıblar, qastrollara gediblər, lakin sonralar bu sənəti davam etdirməyiblər. İstedadı ilə seçilən tələbələrim bu gün var. onlara çox güvənirəm. İnanıram ki, onlar öz yerlərini tuta biləcəklər. Bu yaxınlarda Bülbul adına məktəbin müəllim tələbələri ilə birgə maraqlı layihə hazırladım. "Muğam dünyasına səyahət" adlı kompazisiyada muğamlarımızın hamısına yer ayırmışdıq. Məktəbimizin direktoru Nigar xanıma təşəkkür edirəm ki, bu layihəmin reallaşması üçün hər cür şərait yaratdı. Az TV həmin konserti lentə alıb, yəqin ki, bu günlərdə təqdim edəcək. Muğam həvəskarlarının işimizdən razı qalacaqlarına inanıram. Xanəndə kimi , pedaqoq kimi çoxlu işlərim var, sadəcə, səs-küy salmıram. Bu gün şou-biznesdə elələri var ki, öz adları ətrafında hay-küy yaradırlar. Mən bunu bacarmıram, belə işlər xasiyyətimə uyğun gəmir. Həm axı mən şou ilə deyil, ciddi musiqi ilə məşğulam. Bu ilin martında Heydər Əliyev Fondunun dəstəyi ilə Muğam Mərkəzində keçirilən Beynəlxalq Muğam Festivalında "Şüştər" muğamını ifa etdim. Digər müğamlardan fərqli olaraq "Şüştər" həcmcə kiçikdir, Lakin xanəndədən geniş diapozonlu səs tələb edir. Sevinirəm ki, ifam maraqla qarşılandı. Həmin nüfuzlu beynəlxalq sənət tədbirində iştirakımı görmək istəyən, məni dəstəkləyən insanlara minnətdarlığımı bildirirəm.

- Telefonla söhbətimizdə məlum oldu ki, səfərə hazırlaşırsız. İnşallah səfəriniz haradı?

- Uzaq ölkələrdən birinə dəvət almışam. Orada trio ilə əcnəbi tamaşaçılar qarşısında çıxış edəcəyəm. Qayıdandan sonra bu barədə ətraflı danışarıq.

- Övladlarınızın hər ikisi tələbədi, qızınız Çilənay, oğlunuz Türkel yaxın zamanlarda üzərinizə qaynana vəzifəsi də qoyacaqlar. Buna hazırsızmı?

- Özüm 18 yaşında ailə qurmuşam. Övladlarımla bir yerə gedəndə tanımayanlar bizi bacı-qardaş bilir. İllər sürətlə keçir, siz deyən kimi, bu gün-sabah oğlum Türkel üçün elçi getmək lazım gələcək, Çilənayın elçilərini qəbul etməli olacağam. Valideyn, ana olmaq, övlad tərbiyə etmək böyük məsuliyyətdi. Övladlarım bu məsuliyyəti yaxşı dərk edən bir ailədə böyüyüblər. İnanıram ki, onlar da valideyn kimi bu məsuliyyəti dərk edəcəklər. Ot kökü üstə bitməlidi. Övladlarımın ikisinə demişəm, hər adamı sevməz, hər adama sevgi xərcləməzlər. Qarşıdakı insan sevgiyə layiq olmalıdı.

Bizimlə qohum olmaq istəyən ailə də bilməlidir ki, kiminlə qohum olur. Biz adət-ənənəyə hörmət edən, müasirliklə ayaqlaşan ailəyik. Kim bizimlə yola gedə bilərsə, qapımız üzünə açıqdı.

    

 

Etibar CƏBRAYILOĞLU

 

Ədalət.- 2009.- 6 iyun.- S. 18.