"TANRIMA ÜZ TUTMUŞAM"
"İsmayıl" nəşriyyat poliqrafiya müəssisəsinin yenicə çap etdiyi "Tanrıma üz tutmuşam" kitabı Mədət Əyyuboğlunun oxucularla yeni görüşüdür. Öncə müəllif barəsində. Mədət Əyyuboğlu
ilə tələbəlik illərimiz eyni dövrə, eyni
mühitə təsadüf edir. Demək olar ki, biz həmyaşıdıq.
Aramızda bir neçə ay fərqi var. Digər tərəfdən
bir-birimizin ilk yazılarını, elə bir-birimizə də
elə özümüz oxumuşuq. Birgə kirayənişin
yaşamışıq, universitet dəzlizlərini
dolaşmışıq, sevincimizi-kədərimizi
bölüşmühük. Bü mənada onun
yaradıcılıq laboratoriyası da, aurası da mənə
yaxşı bəllidi.
Bu günlərdə Mədət
Əyyuboğlunun mənə göndərdiyi hədiyyəsini
aldım. Bu "Tanrıma üz tutmuşam" kitabı idi.
Oxudum, tanış gələn şeirlər də var, yenilər
də. Hətta bir az təvazökarlıqdan uzaq olsa da mənə
ünvanladığı şeirlə də
qarşılaşdım bu kitabda. Bütün bunlar öz
yerində. Qayıdaq kitabın özünə. Mədətin
bu kitabı şeir xiridarı olan hər kəs
üçün müəyyən maraq yaratmaq gücündədi.
Çünki bu şeirlərdə zaman bir-birinə
qarışıb. O mənada qarışıb ki, həm
ötən əsrdən, həm içərisində
olduğumuz anın özündən belə keçən
fikirlər, ağrı-acılar, təhkiyələr, təşbehlər
harmoniya yaradıb. Fikirlə yüklü olan misralar bəzən
ağırlıq yaratsa da onun daşıdığı mahiyyət
o ağırlığı aradan qaldırır. Və baxıb
görürəm ki, şair dostum təkcə söz
oynatmayıb, həm də sözə nəfəs verib, onu
dipdiri, canlı ortaya gətirib qoyubdur. Və yazıb ki:
Gələcək
günlərə əbədi salam
Dünəndə yox idim, sabahda varam.
Sevdim, öz ağlımı elə itirdim
Onu illər boyu gərək axtaram.
Bəli, zənnimcə bu bənddəki fikirləri çözmək, şərh etmək gərək deyil. Çünki o duyğuları ancaq yaşayan və bir də yaşamaq istəyənlər həzm edə bilərlər. Və yaxud da Mədət yazır ki:
Həyatda heç nədən ümid almayan,
O ürək sızlayır hər saat, hər an
Mənim üçün doğulub mənə qalmayan
Bir sevgi yaşayır məndən xəbərsiz.
Çox səmimi və həm də adamı duyğulandıran, xəyalını çəkib çox-çox uzaqlara aparan bu misralarda hər kəs kimi mən də çox anları göz önündən gətirib keçirdim. Nələr olmuşdu, nələr olub, onu ancaq məhz həmin misraların yaratdığı duyğulara köklənmiş insanlar bilərlər. Zənnimcə şairin də uğuru oxucusunu duyğulandırıb onu sarı simdə kökləməkdir.
Başqa bir şeirində Mədət Əyyuboğlu yazır ki:
Ürək səni yada salmış
Eşqindən xoş səda qalmış.
Bircə
dəfə dadılmamış
Bu şirinlik nağıl oldu
Gəlin etiraf edək ki, bizim nağıl dünyamız bəzən reallıqdan daha şirin olur. Çünki o
dünyanı özümüz qururuq, o dünyanın
açarı-kilidi özümüzdə olur və biz də
sirrini canımızda gəzdirdiyimiz, yaddaşımızda
yaşatdığımız ən əziz, eləcə də
ən ağrılı-acılı duyğuları
nağıla çeviririk. Ona görə ki, biz onda həm
təsəlli, həm də özümüzü
tapırıq.
Düşünürəm ki, Mədət Əyyuboğlunun bu kitabı onun yaradıcılığının ən uğurlu bir toplumudur. Və kitabdakı
şeirlər, poemalar hər biri ayrı-ayrılıqda öz
oxucusunun yolunu gözləyir. Özü də bu təkcə
bir tələbə yoldaşının dilə gətirdiyi
istək yox, bütövlükdə az-çox sözdən,
poeziyadan başı çıxan həm də bir həmkar
fikridir.
Əbülfət Mədətoğlu
Ədalət.- 2009.- 6 iyun.- S. 17.