DÜNYANI DOLAŞAN "QORQUD ATA"
Müsahibimiz "Türkiyənin səsi" radiosu Azərbaycan Verilişləri Redaksiyasının rəhbəri, "Qorqud Ata" radiosunun səsini dünyaya yaymağı özünün müqəddəs işi bilən Seyfəddin Altaylıdır.
- Seyfəddin bəy, bizdə belə bir deyim var: yaxşı iş görəni üzünə tərifləməzlər, amma Azərbaycanın böyük şairi Bəxtiyar Vahabzadə deyirdi ki, adamı yaxşı işinə görə elə üzünə tərifləyərlər. Çünki tərifin məsuliyyəti tənqidin məsuliyyətindən qat-qat çox olur. Bizim bildiyimizə görə, xeyli vaxtdı siz ürəyinizdəki Azərbaycan sevgisini heç bir çətinliyə baxmadan bütün dünyaya yayırsınız.
- 1985-ci ildən
bu işdə çalışıram və
gördüyüm işdən həmişə mumnunluq
duymuşam. Başqa cür
ola da bilməz. Çünki biz Azərbaycanı da vətənimiz
bilirik.
- Biz sovet dönəmində yaşarkən içimizdə həmişə Türkiyə sevgisi gəzdirmişik. Sosialist rejimi çökdü. Müstəqillik əldə etdikdən sonra Türkiyə ilə tarixi əlaqələrimiz bərpa olundu. İndi ifnormasiya mübadiləsi, radio-televiziya yayımı ilə bağlı müştərək proyektlər gerçəkləşdirməkdəyik. Sizin də bu sahədə gördüyünüz işlər çoxdu.
- Son
dövrlər ərzində Azərbaycanla bağlı bir
çox layihələr həyata keçirilir. Və həmin işlər bu gün də
davam etdirilir. Amma onu da qeyd etmək istəyirəm ki, efirdə
ilk layihəni mən həyatda gerçəkləşdirdim.
2007-ci ildə burada türk dünyasının qurultayı
keçirilirdi. Həmin vaxt biz gəlib "Türkiyənin səsi"
radiosu olaraq, İctimai radio ilə ortaq proqramların
hazırlanması haqda protokol imzaladıq. Və bu gün deyə
bilərik ki, həmin vaxt imzalanmış o protokol uğurlu
olmuşdur.
- Bəs fəaliyyətə nə
vaxt başladınız?
- Protokol
imzalanandan bir qədər sonra, daha dəqiq desək, 2008-ci ildən
işə başladıq. Hər
ay həm İctimai radio ilə, həm də Azərbaycan
radiosu ilə birgə proqramlar yayımlamağa
başladıq. 2009-cu ilin əvvəlindən üzü bəri
Bakı vaxtı ilə saat 12-13 arasında hər gün
İctimai radio ilə "Qorqud Ata" adı ilə efirə
çıxırıq. İctimai və Azərbaycan
radioları ilə ayda bir dəfə xüsusi mövzularla
canlı efir vasitəsi ilə insanlarla təmasa giririk.
- Xüsusi mövzular deyərkən siz nələri nəzərdə tutursunuz?
- Əslində
mövzularımız genişdir. Burada Azərbaycanın və
Türkiyənin ortaq problemlərindən, ortaq dəyərlərindən,
hər iki dövlətin dünyaya baxışından və
s. haqda söhbətlər aparırıq. Bundan başqa, bu
verilişlərin mövzusuna uyğun Bakıdan, həm də
Ankaradan mütəxəssislər dəvət olunur,
onların şərhləri dinlənir. Məsələn,
üzümüzə gələn ay Mahmud Kaşqarinin
Divanı haqda İctimai radio ilə ortaq verilişimiz efirə
veriləcək. Bundan bir həftə sonra isə - ayın
26-da Azərbaycan ordusu günü ilə bağlı Azərbaycan
radiosunda bir gün əvvəl efirə
çıxacağıq.
- Seyfəddin bəy, sizin radionun Bakıda da ofisi yaradılıbmı?
- Xeyr. Bizim qərargahımız Ankaradadır.
- Maraqlıdır, siz Anadolu ləhcəsindən çox, Azərbaycan ləhcəsi ilə danışırsınız, hətta tanımayanlar sizin Türkiyədən gəldiyinizi təyin edə bilməzlər.
- Mən İqdırdanam...
- Aydındır. Son dövrlər televiziya həm radionu, həm də qəzetləri sıxışdırmaqdadır. Amma mənim yadıma gəlir ki, 15-20 il əvvəl insanlar radioya daha çox qulaq asardılar. Sizcə, radionun televiziya qarşısında geriyə addım qoymasının səbəbi radio verilişlərinin zəifləməsi ilə bağlıdır, yoxsa bunun ayrı nədənləri var?
- Sizin dediyiniz o fikrin davamı olaraq söyləmək istəyirəm ki, həqiqətən də bir müddət əvvəl insanlar radio verilişlərə daha çox maraq göstərərdilər. Məncə, radio proqramları teleproqramlardan daha güclüdür. Televiziyada mövzu ilə bağlı görüntülər kamera vasitəsi ilə çəkilib tamaşaçıya göstərilir. Yəni, orada sözlə heç bir təsvirə, şərhə ehtiyac qalmır. Amma radiodakı verilişdə söz vasitəsi ilə elə təsvirlər verilməlidir ki, dinləyicilərdə tam təsəvvür yaransın. Bir də insanların radioya qulaq asmaq imkanları televiziyanı izləmək imkanlarından qat-qat üstündür. Amma təəssüf ki, son dövrlər həqiqətən də bir sıra hallarda radiolar üzərlərinə düşən işin öhdəsindən lazımi səviyyədə gələ, lazım olan məlumatı dinləyiciyə çatdıra bilmirlər. Bu gün televiziya radionu sıxışdırırsa bu məhz müəlliflərin günahıdır. Bir də mənə elə gəlir ki, televiziya verilişləri millətin mənəvi-əxlaqi dəyərlərini korlaya bilir, amma radionun belə "imkanları" yoxdur.
- Bu işə
başlamamışdan öncə sizin Azərbaycan radiosu,
efiri ilə tanışlığınız olmuşdumu?
Axı, sovet dövrundə ciddi qadağalar var idi...
- Bəli, var idi. Amma efirin özəlliklərindən biri də odur ki, o belə qadağaları aşa bilir. Onu deyim ki, mən uşaqlıqdan Azərbaycan radiosunun səsi ilə böyümüşəm. Çünki o vaxtlar əksər verilişlərə mütəmadi olaraq qulaq asırdım. Hətta onların vaxtını da əzbər bilirdim. Əminə Yusifqızının oxuduğu şerlər, günorta üstü muğam saatındakı eşitdiyim Azərbaycan muğamlarının səsi, sədası bu gün də qulaqlarımdadır.
- "Qorqud Ata" radiosunun
perspektivi yəqin ki, sizin dediklərinizlə məhdudlaşmayacaq.
- Təbii. "Qorqud Ata" radiosu İctimai radio ilə verilişlərini yayımlayır. Düşünürəm ki, bizim bir saatlıq efir vaxtımız gələcəkdə artırılacaq. Qeyd edim ki, bu istiqamətdə bəzi işləri artıq görmüşük. İctimai radionun rəhbərliyi ilə razılığa gəlmişik ki, sentyabrdan həmin bir saatlıq efiri iki-üç saatadək artıraq. Əsas məqsədim "Qorqud Ata"nın bütün türk dünyasının ortaq radiosuna çevrilməsidir. Bu gün Azərbaycan türkcəsi ilə efirə çıxırıqsa, sabah Türkmənistanı da, Özbəkistanı da, Qazaxıstanı da bu proqrama qoşmağı düşünürük. Buna nail olsaq demək türk dünyasının mənəvi-əxlaqi dəyərlərinin biri-birinə ötürülməsinə, insanların daha sıx yaxınlaşmasına münbit şərait yarada biləcəyik. Efir vaxtımız artandan sonra heç şübhəsiz ki, verilişlərin çeşidi də artacaq. Qəribədir, biz KİV vasitəsi ilə dünyanın hər yerindən olan xəbərləri öyrənə bilirik, amma türk dünyasında nələrin baş verdiyindən xəbərsiz qalırıq. Ona görə də mən bu qənaətdəyəm ki, "Qorqud Ata" radiosu türk dünyasını birləşdirən bir radioya çevrilməlidir. İnşallah, bunu həyata keçirə biləcəyik. Bu gün səhih informasiyaya malik olmayanda müxtəlif cür problemlər də yaşana bilir. Elə bir müddət bundan öncə Avropanın erməni hiyləsi ilə dövriyyəyə buraxdığı yalan bir xəbər iki qardaş ölkənin ovqatının gərilməsinə səbəb olmuşdu. Türkiyənin ən yüksək çinli rəhbərləri Azərbaycanın torpaq bütünlüyünün bərpa olmayacağı təqdirdə Ermənistanla Türkiyə sərhədlərinin açılmayacağını dilə gətirmiş olsalar da, məkrli xəbər hər iki ölkədə psixoloji gərginliklər yaşatdı. Şükürlər olsun ki, uca millətimiz bu təxribata vaxtında cavab verdi. Mənə elə gəlir ki, hər iki ölkə arasında informasiya mübadiləsi daha yüksək səviyyədə qurulsaydı, "Qorqud Ata" radiosu daha uzun müddətli efir vaxtına malik olsaydı, yəqin ki, bu lazımsız olaylar baş verməyəcəkdi.
- Yeni fəaliyyətə başlamış TRT-Avazı da bu yöndə atılmış uğurlu addımlardan biri hesab etmək olar. Amma çox yaxşı olar ki, bu proqramda verilişlərin çeşidi artırılsın, türk dünyasının mənəvi-ideoloji xətti daha da ön plana çıxarılsın.
- Bu veriliş fəaliyyətə başlamamışdan əvvəl TRT rəhbərliyinə yazmışdım ki, türk dünyasının ortaq televiziyası yaradılırsa, onun yayınını Türkiyədə qurmaq lazım deyil. Həmin vaxt İctimai televiziyanın rəhbəri İsmayıl Ömərov da bildirmişdi ki, binanı təmir etmişik, gəlsinlər türk dünyasının ortaq televiziyasını burada qursunlar, kirayə haqqı da istəmirik. Amma nəyə görəsə bunun üçün Türkiyə seçildi. Mən də belə hesab edirəm ki, əgər türk dünyasının ortaq televiziyasından söhbət gedirsə, hər şeyi ya Türkiyəyə, ya Azərbaycana, ya da qeyri-türk dövlətinə daşımaq lazım deyil. Yadımızdadı, bir vaxtlar ruslar da hər bir şeyi aparıb Moskvaya yığmışdı. Bu yolu gedəcəyiksə bizim onlardan nə fərqimiz olacaq ki? Bütün bunlar qardaşlar arasında bölüşdürülməlidir. Hətta bütün türk ləhcələri qorunub saxlanmalıdır. Bütün bu məsələlərdə kimlərisə kiçik, kimlərisə böyük qardaş yerinə qoymamalıyıq. Bu, ziyanlı ideyadı.
- Avropa ayrı-ayrı millətlərdən ibarət olsa da, bu gün onlar bir dövlət halına gəliblər. İqtisadiyyatlarını, mədəniyyətlərini... birgə inkişaf etdirirlər. Təcrübə də göstərir ki, bu çox uğurlu bir formadır.
- Bəli. İkinci dünya müharibəsində bir-birini qıran, şəhərlərini dağıdan, milyonlarla insanı məhv edən Avropa dövlətləri həqiqətən də indi bir ailə şəklindədirlər. Amma dinləri, dilləri, adət-ənənələri, soy kökləri eyni olan türk xalqları bu təcrübədən istifadə edə bilmirlər. Nəyə görə biz də türk dünyasının federasiyasını yaratmayaq? Türk dünyasının mədəni birliyini qurmayaq? Nə üçün qazax Azərbaycana, azərbaycanlı Özbəkistana, özbəkistanlı Türkiyəyə... sərbəst şəkildə gəlib-getməsin, iş qurmasın? Düşünürəm ki, mətbuat və informasiya sahəsində bizim bir-birimizə inteqrasiyamız dərinləşərsə, sadaladığımız və sadalamadığımız səbəblər aradan qalxacaqdır. Unutmamalıyıq ki, tarixən biz eyni yolu keçmişik, bir-birimizin dərdinə hayan olmuşuq. Atatürk vaxtilə demişdi, Azərbaycanın kədəri bizim kədərimiz, sevinci bizim sevincimizdi. Azərbaycanın böyük oğlu Heydər Əliyev isə qardaşlığımızı belə ifadə etmişdi - biz bir millət, iki dövlətik. İndi bizim borcumuz bu böyük şəxsiyyətlərin bizə qoyub getdiklərini, verdikləri nəsihətləri qoruyub saxlamaq, daha da inkişaf etdirməkdir.
Babək YUSİFOĞLU
Ədalət.- 2009.- 6 iyun.- S. 13.