ORDU HAMIMIZIN ÜMİD YERİDİR
Silahlı Qüvvələrə
qarşı qara piar kampaniyası dövlətə və xalqa qarşı cinayətdir
Azərbaycanda ordu
quruculuğuna 1991-ci ilin sonlarından başlansa da, 1993-cü
ilin ortalarına qədər hakimiyyətdə olan siyasi
qüvvələrin səriştəsizliyi, ölkədə
hökm sürən anarxiya, özbaşınalıq, hərc-mərclik
bu sahədə görülən işlərin fiaskoya
uğraması ilə başa çatdı. 1993-cü ildə
ulu öndər Heydər Əliyevin xalqın tələbi ilə
hakimiyyətə qayıdışından sonra ölkəmizin
gələcəyi ilə bağlı ümidsizliyə birdəfəlik
son qoyuldu. Heydər Əliyevin Azərbaycan Prezidenti seçilməsindən
sonra bütün sahələrdə irəliyə doğru
başlanan dönüş ordu quruculuğunda da hiss
olunmağa başladı. Ölkəyə Heydər Əliyev
kimi qətiyyətli bir liderin rəhbərliyi sonrakı illərdə
müdafiə qabiliyyətinin artırılmasına,
silahlı qüvvələrdə çoxşaxəli
islahatların aparılmasına imkan yaratdı. Yeni
formalaşdırılan ayrı-ayrı qoşun növlərinin
hərbi nizamnamələrin tələblərinə uyğun
idarə olunması, hərbi hissələrin təxribatçı
ünsürlərdən təmizlənməsi Azərbaycan
Ordusunu keyfiyyətcə yeniləşdirdi. Ordunun mərkəzləşdirilmiş
maddi-texniki təminatı əhəmiyyətli dərəcədə
yaxşılaşdırıldı, maliyyə-təsərrüfat
fəaliyyəti nizama salındı. Silahlı qüvvələrə
tələb olunan hərbi texnika, döyüş sursatı,
arxa xidmət əmlakı və digər maddi vasitələrin
istehsalı üçün sifarişlərin Azərbaycanın
sənaye müəssisələrində icrası bu sahənin
inkişafına da təkan verdi. Orduda şəxsi heyətin mənəvi-psixoloji
hazırlığına, döyüş ruhunun yüksəldilməsinə
diqqət artırıldı, hərbi vətənpərvərlik
işi gücləndirildi. İldən-ilə ordunun
döyüş hazırlığının yüksəldilməsi,
peşəkar hərbçilərin hazırlanması, hərbi
hissələrdə nizam-intizamın möhkəmləndirilməsi,
təlimin düzgün qurulması istiqamətində
aparılan işlər daha da gücləndi.
2003-cü ildən sonra isə
Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Azərbaycan
Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı
İlham Əliyevin başçılığı ilə
dövlət müstəqilliyimizin möhkəmləndirilməsi
istiqamətində görülən işlərin miqyası
daha da genişlənmiş, hüquqi dövlət, demokratik vətəndaş
cəmiyyəti quruculuğu prosesi yeni mərhələyə
qədəm qoymuş, ölkənin kompleks inkişaf
dinamikasında ciddi keyfiyyət dəyişiklikləri baş
vermişdir. Müqayisə üçün qeyd edək ki,
2003-cü ildə Azərbaycanda hərbi xərclərə 135
milyon dollar xərclənirdisə, 2007-ci ildə bu məbləğ
1 milyard ABŞ dollarına çatdırıldı. Hərbi
quruculuq sahəsində tamamilə yeni mərhələ
başlanmış, ordunun elmi əsasda qurulması, peşəkar
kadr potensialının formalaşdırılması,
nizam-intizamın gücləndirilməsi, maddi-texniki təchizatın
yaxşılaşdırılması baxımından vacib tədbirlər
həyata keçirilmişdir. NATO standartlarına uyğun ordu
quruculuğu siyasətinin son beş ildə uğurla davam
etdirilməsi nəticəsində Azərbaycan Silahlı
Qüvvələri inkişafının yeni keyfiyyət mərhələsinə
qədəm qoymuşdur. Təqdirəlayiq haldır ki, NATO ilə
əməkdaşlığa böyük önəm verən,
islahatlarda müasir standartları tətbiq edən Azərbaycanın
hərbi təhsil müəssisələri də Şimali
Atlantika Alyansının prioritetlərini əsas
götürür. Son illər Azərbaycan hərbçilərinin
beynəlxalq sülhməramlı əməliyyatlarda
iştirakı ilə bağlı ən yüksək səviyyədə
edilən razılıq və təşəkkürlər də
ordumuzun peşəkarlığından və
bacarığından xəbər verir. Ötən il iyunun
26-da "Azadlıq" meydanında keçirilmiş möhtəşəm
hərbi parad Azərbaycan Silahlı Qüvvələrinin istər
fiziki-mənəvi, psixoloji hazırlığı, istərsə
də maddi-texniki təchizatı baxımından yüksək
səviyyədə olduğunu bir daha təsdiqləmiş
oldu.
Ordumuzun yüksəlişi
və uğurları hər zaman medianın da diqqətində
saxlanılır. Mətbuat bu gün Azərbaycan ordusunun
güclənməsini, qüdrətlənməsini tərənnüm
etməli, real olanları yazmalıdır. Mətbuatımız
eyni zamanda Ermənistan ordusunda baş verən
özbaşınalıqları cəmiyyətimizin diqqətinə
çatdırmalıdır. Çünki Azərbaycan Ordusu
gücləndiyi halda Ermənistan ordusu yerində sayır. Bu
ölkənin ordusunda fərarilik, hərbi nizamnamələrin
tələblərinin pozulması adi haldır. Unutmaq lazım
deyil ki, Azərbaycan Ordusunun uğurlarını tərənnüm
etmək hər bir azərbaycanlının vətəndaşlıq
borcudur. Amma təəssüf ki, bəzi mətbu orqanlar
yalnız ordumuzun uğurlarına kölgə salmaq niyyəti
güdürlər. Azərbaycan ordusu haqda həqiqətə
söykənməyən informasiyalar dərc edən və
sonra da bu informasiyaları heç bir məntiqə söykənməyən
şərhlərlə təhlil edən belə mətbu
orqanların əməllərini ancaq vətənə xəyanət,
düşmən dəyirmanına su tökmək kimi dəyərləndirmək
olar. Çünki Azərbaycan torpaqlarının azad
olunmasına və ərazi bütövlüyümüzün
bərpasına bəslənən bütün ümüdlər
məhz Silahlı Qüvvələrə yönəlib. Bu
gün Qarabağ münaqişəsinin həlli ilə
bağlı aparılan danışıqlarda dövlətimizin
də son istinad nöqtəsi məhz Azərbaycan ordusudur. Azərbaycan
Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin
dəfələrlə "sülh danışıqları
bir nəticə verməzsə, Azərbaycan öz
torpaqlarını güc yolu ilə azad etməyə qadirdir"
bəyanatını səsləndirməsi ordumuzun müdafiə
qüdrətinə söykənir. Belə bir şəraitdə
Azərbaycan Silahlı Qüvvələrinə və onun
şəxsi heyətinə qarşı "qara piar",
şər böhtan kompaniyası aparmaq ancaq dövlətçiliyimizə
və müstəqilliyimizə xəyanət sayıla bilər.
Bu günlər bəzi
mətbu orqanlarda və informasiya saytlarında Füzuli
rayonunun Böyük Bəhmənli kəndinin sakinlərinin
guya orduya əsgər verməkdən imtina etməsi haqda yalan
məlumatların yer alması isə bir sıra xarici və
daxili düşmənlərimizin sifarişinə bənzəyir.
Düşmənlə təmas xəttində, Azərbaycan
Respublikasının cənub sərhədində yerləşən
bir kənd haqqında belə bir yalanın yayılması
ancaq düşmən qüvvələrin maraqlarına xidmət
edə bilər. Öncədən onu bildirək ki, bu kənddə
olarkən kənd sakinləri bu məlumatdan qəzəbləndiklərini
və bunun heç bir həqiqətə söykənmədiyini
bildirdilər. Üç oğlunu şəhid vermiş, nəvəsini
isə bu günlərdə ordu sıralarına yola salmağa
hazırlaşan Əkbər kişi isə belə
söz-söhbətin ancaq ermənilərə sərf etdiyini,
damarında azərbaycanlı qanı axan kimsənin bu
günaha qol qoymasının
mümkünsüzlüyünü bildirdi.
Yayılan məlumata rəsmi
cavab da özünü çox gözlətmədi. Füzuli
rayonunun hərbi komissarı polkovnik-leytenant Namiq Əhmədov
rəsmi açıqlama ilə çıxış etdi ki,
qarşıdakı çağırışda Böyük Bəhmənli
kəndindən 40 nəfər ordu sıralarına yola
salınacaq. Onların 35-i artıq həkim komissiyasından
keçib və çağırış vərəqi
alıb. Qəzetlərdə və informasiya saytlarında
yayılan məlumatların yalan olduğu üzə
çıxır. Amma məsələ bu məlumatların təkzib
olunması ilə bitmir. Hər bir Azərbaycan vətəndaşının
Vətən torpaqlarının azadlığı uğrunda
müqəddəs savaşa hazır olduğu bir zamanda belə
yalanlarla düşmənə xidmət göstərənlərin
cinayəti cəzasız qalmamalıdır. Ən azından
ona görə ki, bu cinayətlər dövlətə və
xalqa xəyanətə söykənib.
İbrahim RÜSTƏMOV
Ədalət.- 2009.- 9 iyun.- S. 4.