YAŞINA İNANMADIĞIM DOSTUM

 

Surxay Əlibəylinin 60 yaşına

 

Mən həyatda yaşıma görə çox şeylər görmüşəm, çox insanlar tanımışam, necə deyərlər, yaxşını pisdən, əyrini düzdən ayırmaq imkanım olub. Bax elə bu yaşıma görə gördüyüm insanların içində tək-tək fərdlər, şəxsiyyətlər, adamlar, kişilər, qadınlar olub ki, onlar barəsində düşünəndə mütləq hansısa bir özəl cəhət, özəl xüsusiyyət yadıma düşür. Çünki bu adamlar məhz həmin o özəl keyfiyyətləri ilə, fərdilikləri ilə başqa tanıdıqlarından bir addım öndə olublar.    

İndi yazmaq istədiyim, amma ipin ucunu hardan çözməyə başlayacağımı bilmədiyim qeyri-adi bir insan haqqında yazımı xatirələrlə başlaya bilərəm. Bugünki real günlə , sabahkı xəyallarla da. Amma daha çox məni dünən çəkir özünə. Ola bilsin ki, dünəndə bizim hər ikimizə aid olan, amma bizi fələyin hökmü ilə tərk etmiş dostlarımız daha çoxdular. Yəqin elə bu səbəbdəndir ki, o çoxluq da bizi təkləyib, çəkib aparır özünə tərəf.   

Surxay Əlibəylini ilk dəfə Ağdamda rayon prokurorluğunun üç addımlığındakı yeməkxanada gördüm. Haqqında eşitmişdim. Ağdamlı dostlar onun barəsində müxtəlif sərgüzəştlər danışmışdılar mənə. atalar sözü ilə desək, mən bu igidin adını eşitmişdim, özünü isə mərhum, çox böyük dostum hüquqşünas Elman Ağayevin çay süfrəsində gördüm. Elman Ağayevlə görüşmək üçün Ağdama getmişdim. İş otağı bağlı idi. Dedilər ki, dostuyla çayxanada oturub. Qeyri-ixtiyari ağlıma gələn Surxay oldu. Düşündüm ki, mütləq Elman yenə öz könül dostuyla baş-başa verib. Belə oldu. Haqqındakı sərgüzəştlərdən tanıdığım Surxayla Ağdamda - çayxanada qarşılaşdıq. Elman müəllim bizi bir-birimizə təqdim etdi. Özü bər-bəzəksiz, həmişə danışdığı üslubda. Yəni yonulmamış bir şəkildə dedi ki, şair, Surxayı tanıyırsan? Sonra da Surxayın üzünə baxıb bu tuğlu balasını tanıyırsan?- dedi. Bax, beləcə oldu təqdimat. Məclisimiz çay ilə başladı, sonra da ki, məlum...  

Onda 1980-ci il idi. İndi 2009-cu ildi. Bax bu məsafə yolunu demək olar ki, saat, gün hesabıyla çox böyük hissəsini Surxayla bir yerdə olmuşuq. Özü olmayanda yazıları ilə, kitabları ilə, sərgüzəştləri ilə, hətta ismarıcları ilə məni darıxmağa qoymayıb. Ondakı o qeyri-adilik, məqamına uyğun jestlər etmək, aramızdakı yaş fərqini hiss etdirmədən şirin bir zarafatla ovqatı dəyişmək mənim üçün etiraf edim ki, çox böyük bir məktəbdi. Bir sənətkarlıqdı, bunu hər adam bacarmır. Şəxsən mən dilxor olanda, əhvalım pozulanda dostlar xatirinə, məclis xatirinə hansısa bir məqamdan istifadə edib özümü gücə salmaq, nəyinsə xoş olmasına şərait yaratmaq gücündə deyiləm. Amma Surxay dostlar üçün, illah da ki, qələmiylə, sözüylə tanınıb sayılanlar üçün ən ağır yükün altına da girməyə həmişə könüllü gedibdi. Elə bil ki, bu adam ancaq dostlar üçün, daha çox da Qarabağla, Ağdamla bağlı olan hər kəs üçün özünü oda-közə vurmaq naminə doğulub.  

Surxay Əlibəyli hələ Sovet dönəmində arayıb-tapdığı ziyalılar arasında yaydığı o vaxtın dili ilə desək, ən defisit kitabları hansı qiymətə olur-olsun almaqdan çəkinmirdi. bir Surxay Əlibəyli cibinin düşməni idi. Yalnız Ağdama qayıtmaq yolpulunu cibinin küncündə saxlayardı. Qalanını isə onu duyan, onun ətrafında olan hər kəsə, hərdən bir könlünün istədiklərinə xərclənməli idi. Əgər bel olmasaydı, onda Surxay Surxay olmazdı ki. Məhz səxavəti canıyananlığı, eyni zamanda ziyalılığı ilə Surxay hamının qəlbində özünə yer tapmışdı. Onun gəlişi bir toy-bayrama çevrilirdi. Elə indinin özündə müəyyən iqtisadi sıxıntıları olmasına baxmayaraq, cibinə düşmənlik edir. İmkanı daxilində kimlərəsə əl tutur. Ən vacibi isə Qarabağla bağlı yazılan hər şeyi bir münsif kimi süzgəcindən keçirir, əyər-əskiyini göstərməyə çalışır. Nöqsanını deməkdən çəkinmir.  

İndi Surxay gəlib 60 yaşına çatır. Hamı da bəlkə buna inanır, amma mən inanmıram. Çünki 80-ci ildə Ağdamda gördüyüm Surxay, orda etdiyi əməlləri, tutduğu yolu, yaşadığı həyatı bir balaca kosmetik gedişlər etdirməklə bu gün davam etdirir. O kosmetik gedişlər onun qayınata olmasından irəli gəlir. Yoxsa Surxay Əlibəylini kimdi 60 yaşında görüb qəbul edən? Hətta dostlardan biri sözarası dedi ki, 60-cı ildə mən uşaq bağçasına gedəndə Surxay elə bu yaşda, bu görkəmdə idi. İndi özünüz gördünüz ki, özünəməxsusluq özəl xarakterlər sahibi olmaq insanı necə olduğu kimi saxlayır sevdirir. Surxayı yeganə sıxan Ağdamda qoyub gəldiyi yerinin - rəhbəri olduğu Mədəniyyət İstirahət Parkının bütövlükdə Ağdamın həsrətidi. Yoxsa ona 60 yaşı sənədlə bəyan etmək, dostlarını bu 60 yaşın çevrəsinə yığmaq Surxay üçün hər gün olan işdi. Kaş ki bu yaş həmin o Mədəniyyət İstirahət Parkında qeyd ediləydi. Onda dediklərimə siz şahidi olardınız. İnınıram ki, bu bir gün belə olacaq.

 

  

Əbülfət MƏDƏTOĞLU

 

Ədalət.- 2009.- 10 iyun.- S. 4.