"Qədim Yunanıstanın mifləri əfsanələri" Azərbaycan dilində

 

Bakı Slavyan Universitetinin (BSU) təcrübəli müəllim, tələbə heyəti də boş durmayıb. Universitetin rektoru Kamal Abdullanın rəhbərliyi altında növbəti uğurlu addımlarını atıblar. Dünən "Tərcümə problemləri" elmi-tədqiqat laboratoriyasının uzun müddət üzərində səylə işlədiyi N.A.Kunun "Qədim Yunanıstanın mifləri və əfsanələri" kitabının ilk dəfə olaraq Azərbaycan dilində təqdimetmə mərasimi keçirilib. Xatırladaq ki, yeni nəşr "filoloqun kitabxanası - 100" layihəsi çərçivəsində həyata keçirilib və yalnız BSU-nun tələbə, magistrantları tərəfindən tərcümə edilərək görkəmli mütəxəssislərin redaktəsindən sonra çap olunub.   

1914-cü ildə ilk dəfə olaraq nəşr edilən kitab demək olar ki, dünyanın bütün dillərinə tərcümə olunub və böyük şöhrət qazanıb. Antik tarix və ədəbiyyat mütəxassisi olan müəllifin kitabı bizi antik dünyanın mədəniyyəti ilə tanış edən ən populyar, anlaşıqlı nəşrlərdən hesab olunur.   

Kamal Abdulla, yazıçı, professor:  

- Bu gün Azərbaycan filoloji məkanında böyük, əlamətdar bir hadisə baş verib. İyirminci əsrin əvvəllərindən, nəşr olunduğu vaxtdan bu yana bütün filoloji, humanitar sahələrdə dərin iz buraxmış bir əsərin Azərbaycan dilində ilk dəfə nəşr olunması doğrudan da sıravi hadisə sayıla bilməz. A.Kunun "Qədim Yunanıstanın mifləri və əfsanələri" kitabı dünyanın əksər dillərinə tərcümə olunmuş, adi oxuculardan tutmuş, peşəkar ədəbiyyatşünaslara və mədəniyyətşünaslara qədər hər kəsin maraqla, dönə-dönə müraciət etdiyi bir əsərə çevrilmişdir. Hamımız bilirik ki, müasir dünya ədəbiyyatının, digər sənət növlərinin inkişaf tarixi qədim yunan mifləri ilə üzvi surətdə bağlıdır. Bu mifləri mənimsəmədən, onları idrak etmədən dünya ədəbiyyatının ən maraqlı nümunələrinin lazımi səviyyədə qavranılması və təhlili ilə bağlı mülahizələrdən danışmaq düzgün olmazdı. Qeyd etdiyim kimi, bu əsər dünyanın bir çox dillərinə tərcümə edilib, o cümlədən də postsovet ölkələrinin hamısında nəşr olunub. Bu mənada bizim nəşr bir qədər gecikmiş sayıla bilər. Universitetimizin professor-müəllim heyəti, tələbələrimiz və magistrantlarımız, bütün aidiyyatı əməkdaşlarımız bu kitabın ərsəyə gəlməsində böyük əmək sərf etmişlər. Onların hər birinə öz təşəkkürümü bildirmək istərdim. Mən çox xoşbəxtəm ki, belə bir kitab məhz Bakı Slavyan Universitetində işıq üzü görmüşdür. Sözün açığı, kitab nəzərdə tutduğumuzdan bir qədər gec nəşr olundu. Bunun da öz səbəbləri var. Bildiyimiz kimi, yunan miflərinin tərcüməsinin müəyyən bir ənənəsi formalaşıb, ancaq müasir standartları nəzərə alaraq, özəlliklə də xüsusi isimlərin Azərbaycan dilində səslənməsi və digər məsələlərlə bağlı böyük iş aparmalı olduq.   

Afaq Məsud, yazıçı:  

- Hazırda Azərbaycanda çoxlu kitablar tərcümə və nəşr edilir. Mən A.Kunun "Qədim Yunanıstanın mifləri və əfsanələri" əsərinini tərcüməsini və çapını müasir oxucularımız üçün çox lazımlı, dəyərli bir addım kimi qiymətləndirirəm və öz növbəmdə kitabın ərsəyə gəlməsində əməyi keçmiş hər kəsə minnətdarlığımı bildirirəm. Rəhmətlik Natiq Səfərovla mən həmişə arzulamışıq ki, kaş Tərcümə Mərkəzində elə bir imkan olaydı, bütün yunan miflərini və əsatirlərini dilimizə çevirə biləydik. Bu mənada Bakı Slavyan Universitetində görülən işlər hər cür təqdirə layiqdir.   

Cavad Heyət, professor:  

Bu kitab əbədiyyən qalan kitablardandır. Bu, o kitablardandır ki, onların yaşı olmaz. Necə ki, türkologiya ilə məşğul olmaq istəyən hər kəs mütləq Mahmud Kaşğarlının "Divani-Lüğəti türk" əsərini oxumalıdır, eləcə mifologiyanı tədqiq edən hər bir alim A.Kunun "Qədim Yunanıstanın mifləri əfsanələri" kitabı ilə tanış olmalıdır. Bu kitabın əhəmiyyəti o qədər böyükdür. Bugünkü hakim dünyanın mədəniyyətinin əsasını yunan mifləri təşkil edir. Bu mifləri öyrənmək tədqiq etmək çox vacibdir. Başda möhtərəm dostum, professor Kamal Abdulla olmaqla onun bütün həmkarlarına belə bir uğura imza atdıqları üçün öz təbrikimi təşəkkürlərimi bildirirəm. Bu işi Türkiyədə çoxdan başlamışlar. Bütün dünya klassikləri dünya mədəniyyətinin ədəbiyyatının nadir inciləri türkcəyə tərcümə olunur. Bu, türk kültürünün dünya səviyyəsində qavranılmasına şərait yaradır.

    

 

ŞAMXAL

 

Ədalət.- 2009.- 11 iyun.- S. 4.