Azərbaycanda xüsusi iqtisadi zonalar yaradılır

Hökumət qeyri-neft sektorunun inkişafı üçün önəmli addım atdı

Dövlət başçısı İlham Əliyev "Xüsusi İqtisadi Zonalar haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqda fərman verib. Fərmanda Nazirlər Kabinetinə 3 ay müddətində qüvvədə olan qanunvericilik aktlarının "Xüsusi iqtisadi zonalar haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlaması, müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etməsi və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməsi tapşırılır. Bundan başqa fərmanla NK-nin İqtisadi İnkişaf Nazirliyi ilə birlikdə prioritet istiqamətlərə uyğun olaraq xüsusi iqtisadi zonaların yaradılması və yerləşəcək ərazilərinə dair təkliflərini hazırlayıb dövlət başçısına təqdim etməsi, öz səlahiyyətləri daxilində "Xüsusi iqtisadi zonalar haqqında" Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etməsi tapşırılıb.

Mütəxəssislər bu fikirdədir ki, xüsusi iqtisadi zonaların (XİZ) yaradılması ölkənin davamlı tarazlı inkişafının sürətləndirilməsinə xidmət edən mühüm amillərdən biridir.

Son illər ölkə iqtisadiyyatı keyfiyyətcə yeni, daha sürətli inkişaf mərhələsinə qədəm qoyub. Qeyd edək ki, dövlət başçısı 2007-ci il 6 mart tarixində imzaladığı "Azərbaycan Respublikasında xüsusi iqtisadi zonaların yaradılması haqqında" fərman verib.

Xüsusi iqtisadi zonaların yaradılması haqqında fərmanın məhz hazırkı dövrə təsadüf etməsi ölkəmizin iqtisadiyyatının yeni keyfiyyət mərhələsinə qədəm qoyması ilə şərtlənir. Ölkənin maliyyə imkanları genişlənir, qanunvericilik bazası təkmilləşir, investisiya imkanları üçün əlverişli şərait yaranır. Azərbaycanın yerləşdiyi coğrafi mövqe burada azad xüsusi iqtisadi zonaların yaradılması üçün geniş imkanlar açır. Xatırladaq ki, XİZ-lərdə əlverişli vergi rejimi yaradılır ki, adamları bu sahədə işləməkdə maraqlı olurlar.

Nüfuzlu beynəlxalq təşkilatlar, tədqiqat mərkəzləri, ekspertlər yaxın illərdə Azərbaycanın bütün göstəricilərə görə inkişaf etmiş ölkəyə çevriləcəyini bəyan edirlər. Azərbaycan ÜDM-in artımına görə dünyada lider dövlətdir. Buna əsas səbəb kimi iri layihələrin gerçəkləşdirilməsi, neft qaz hasilatında artım, həmçinin qeyri-neft sektorunda iqtisadiyyatın inkişaf etməsidir.

Rəqabət qabiliyyətli ölkələrin beynəlxalq reytinq göstəricilərinə görə Azərbaycan yaxşı yerdə qərarlaşıb. Bu göstəricilərə görə, MDB məkanında ölkəmiz birinci yerdə gedir. Qeyri-neft sektorunun inkişaf etdirilməsi və Dünya Təsərrüfat sisteminə daha səmərəli inteqrasiyası üçün xüsusi iqtisadi zonaların yaradılmasının hazırkı mərhələdə böyük əhəmiyyəti olacabı da şübhəsizdir. Qeyd edək ki, "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda ölkədə xüsusi iqtisadi zonaların yaradılması, investisiya fəaliyyətinin genişləndirilməsi kimi qanun layihələrinin hazırlanması nəzərdə tutulub.

Xüsusi iqtisadi zonaların təşkili istehsalın səmərəliliyinin, ölkənin istehsal gücünün və ixrac potensialının yüksəldilməsi, ixrac məhsullarının həcminin artırılması və strukturunun yaxşılaşdırılması, idxal məhsullarını əvəz edə biləcək əmtəələrin istehsalının genişləndirilməsi, maliyyə və xidmət bazarlarının inkişafı, investisiyaların respublikaya yönəldilməsi, yeni texnologiyaların tətbiqi, yeni iş yerlərinin açılması, dövlət büdcəsinin gəlirlərinin artırılması məqsədi güdür. Digər tərəfdən, xüsusi iqtisadi zonalar ölkələrin bir-birinə daha sürətlə inteqrasiya olunmasında mühüm əhəmiyyət kəsb edir.

Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında iqtisadi zonaların yaradılması ilə bağlı İqtisadi İnkişaf Nazirliyinin qarşısında mühüm vəzifələr qoyulub. Xüsusi iqtisadi zonaların yaradılması üçün yalnız hüquqi bazanın - müvafiq qanun ya fərmanın mövcud olması hələ yetərli deyil. Bunun üçün həm konkret şərait iqtisadi imkanlar olmalıdır, həm də dünya standartlarına cavab verən infrastrukturlar formalaşdırılmalıdır. Əks təqdirdə, xüsusi iqtisadi zonaların səmərəli şəkildə fəaliyyətindən söhbət belə gedə bilməz. Odur ki, dövlət başçısı sözügedən fərmanda regionlarda xüsusi iqtisadi zonaların normal səmərəli fəaliyyəti üçün hər cür lazımi şəraitin yaradılması xüsusi olaraq qeyd olunur. Azərbaycanda xüsusi iqtisadi zonaların yaradılması və səmərəli fəaliyyətlərinin təmin edilməsi üçün, ilk növbədə, bu sahədə ciddi uğurlar əldə etmiş dünya dövlətlərinin müsbət təcrübəsi nəzərə alınmalıdır. Aparılan elmi araşdırmaların nəticələrinə əsasən demək olar ki, xüsusi iqtisadi zonaların yaradılması ideyası heç bütün ölkələrdə uğurla nəticələnməyib. Ötən əsrin 90-cı illərində Yaxın Şərq ölkələrində, eləcə də Ukraynanın Krım portunda, Donetsk digər bölgələrində yaradılmış xüsusi iqtisadi zonalar gözlənilən səmərəni verməyib. Çünki Ükrayna höküməti həmin vaxt xüsusi iqtisadi zonaların yaradılması ilə əlaqədar səmərəli proqram layihələrə malik olmamışdı. Belə zonaların yaradılması üçün konkret olaraq iqtisadi elmi cəhətdən əsaslandırılmış proqramlar hazırlanmalıdır. Konkret layihələrin həyata keçirilmədiyi xüsusi iqtisadi zonaların iqtisadi əhəmiyyətindən danışmaq mümkün deyil. Odur ki, xüsusi iqtisadi zonalar üçün xüsusi strateji proqram layihələr hazırlanmalıdır. Hazırkı mərhələdə respublikamız üçün ən vacib məsələlərdən biri sənaye potensialının inkişaf etdirilməsidir. Azərbaycan yalnız bu yolla iqtisadiyyatın davamlı və tarazlı şəkildə inkişafına, o cümlədən xüsusi iqtisadi zonaların uğurlu nəticələr verməsinə nail ola bilər. Müasir dövrdə milli iqtisadiyyatın təşəkkülü və inkişafı prosesində qarşıya çıxan problemlərin uğurlu həlli əhəmiyyətli dərəcədə xarici-iqtisadi əlaqələrin mümkün vasitələrlə genişləndirilməsi və inkişafı hesabına ölkənin dünya təsərrüfat sisteminə səmərəli inteqrasiyasından asılıdır. Bu, onunla izah olunur ki, dünya təsərrüfat sisteminə fəal surətdə qoşulmaqla dövlətlər bir tərəfdən ölkələrinin müvafiq ehtiyatları olmadıqları halda belə cəmiyyətin tələbatını daha dolğun ödəmək, iqtisadiyyatın səmərəli strukturunu formalaşdırmaq kimi mühüm problemləri həll etmək, digər tərəfdən isə özlərinin beynəlxalq əmək bölgüsündə malik olduqları üstünlükləri reallaşdırmaq imkanı əldə etmiş olurlar. İqtisadi inkişaf səviyyəsinə görə təbii ehtiyatları baxımından özündən dəfələrlə artıq dərəcədə zəngin olan dövlətləri geridə buraxan ölkələrin uğurlarının başlıca səbəbi onların dünya təsərrüfat sisteminə səmərəli şəkildə inteqrasiya olunmasıdır. Bu baxımdan zəngin potensiala əlverişli coğrafi şəraitə malik olan Azərbaycanın qeyri-neft sektorunun ixrac qabiliyyətli inkişafı olduqca zəruridir.

Təbii ki, ölkəmizdə belə zonaların yaradılması bir sıra iqtisadi sosial problemlərin həllinə, eyni zamanda iqtisadi inkişaf sürətinə yardımçı ola bilər. Çünki xüsusi zonanın yaradılması həmin əraziyə xarici investisiya axınını sürətləndirir və bu da təbii ki, müxtəlif təyinatlı yeni sənaye müəssisələrinin yaradılmasına gətirib çıxaracaq. Bu isə, özlüyündə yeni yerlərinin yaradılması və məşğulluq probleminin həlli deməkdir.

Bundan başqa XİZ-in yaradılması bölgələrin social-iqtisadi inkişafına təkan verəcək. Belə zonaların yaradılmasının bir üstünlüyü də, idxala deyil, ixraca yönələn iqtisadiyyatın formalaşmasıdır. Bunun nəticəsində xarici ticarətdə müsbət saldonun daha da artmasına stimul yaranır.

Qeyd edək ki, hökumət ilk növbədə informasiya kommunikasiya texnologiyaları üzrə xüsusi iqtisadi zonalar yaradılması üzərində çalışır. Bu barədə məlumat verən Rabitə və İnformasiya Texnoloqiyaları Nazirliyinin İnformasiya Cəmiyyətinin İnkişafı şöbəsinin rəisi Rüfət Gülməmmədovun mətbuata verdiyi açıqlamasına görə, xüsusi iqtisadi zonaların yaradılması informasiya kommunikasiya texnoloqiyaları sahəsində kiçik orta sahibkarlıqla məşğul olanlar üçün münbit şəraitin yaradılması ilə nəticələnər. Beləliklə bu sahibkarlar öz işlərini genişləndirərək, böyük vergi ödəyicisinə çevrilə bilər. Bundan başqa, xarici İKT şirkətləri investisiya qoyuluşunu artıra bilər. 

İKT sahəsində xüsusi iqtisadi zonaların yaradılması dünyanın məşhur informasiya texnologiyaları şirkətlərinin ölkəmizə sərmayə yatırmağa stimullaşdıra bilər. Bu da yerli işçilərin informasiya texnologiyası sahəsində xarici təcrübənin öyrənilməsi baxımından faydalı ola bilər.

 

 

Elmidar

 

Ədalət.- 2009.- 13 iyun.- S. 5.