Ordu sənin, ordu mənim, ordu ...heç kimin?

 

Bütün müsbəti ilə, mənfisi ilə, qüruru ilə, neqativləri ilə Azərbaycan ordusu bizim hamımızındır. İqtidarının da, müxalifətinin , bu yurdun vətəndaşı olub onu sevənin , sevməyənin . Özü heç qaçılmaz bir məqam da var ki, biz istəsək , istəməsək bu ordu bizimdir. Əksəriyyətimizin balalarının xidmət elədiyi üçün, gurultulu da səslənsə, bu vətənin, bu millətin məhv olmaması üçün, itirilmiş ərazilərinin qaytarılması sonra da müdafiəsi naminə, müəyyən bir qism adamın da gəlir mənbəyi kimi - bu ordu hamımızındır. Ordumu doldurub ordumuzdan danışmaq istəyirəm. 

Son vaxtlar ordumuzda bir neçə ciddi neqativlər baş verib bu hadisələr hamının marağında olduğu üçün geniş rezonans doğurub. Hansısa ağıllı deyib ki, orta təbəqəsi olmayan cəmiyyət bədbəxtdir. Mən bu sözü siyasi mənada ortaya da aid edirəm bu mənada cəmiyyətimizi heç xoşbəxt saya bilmirəm. Bizim siyasi mənada orta təbəqəmiz yox dərəcəsindədir. Böyük əksəriyyət özünü ya iqtidar tərəfində görür, ya da müxalifət. Əslində isə konkret olaraq iqtidarda olanlar dumanlı şəkildə xəyalplovla iqtidara gəlmək istəyən müxalifət var. Di gəl ki, orta təbəqədən olmalı, kim özünü haraya meylli görürsə, öz tərəfinin ancaq müsbətlərini görür, əks tərəfin ancaq mənfilərini. Ordumuz isə müəyyən bir qrup istisna olmaqla özünü həm o tərəf yönlü, həm bu tərəf yönlü sayanların övladlarından təşkil olunub. Elə bunun özü orduda müəyyən problemlər olmasına təbii şərait yaradır. 

Cəmiyyətin özünün ağıllısı var, dəlisi var, intizamlısı var, intizamsızı var, tərbiyəlisi, tərbiyəsizi var, qulduru var, alimi var, narkomanı var, qəhrəmanı var... Bir ailədə böyüyən uşaqların başqa-başqa xarakterləri, xasiyyətləri olur, orduda neqativlərin olmasına niyə təəccüblənirik ki? Hüquq mühafizə orqanları var, QHT-lər var, məktəblər, universitetlər var, nəhayət cəmiyyət var - hər gün narkomanlar, oğrular, quldurlar, cinayət hadisələri haqda çoxsaylı məlumatlar verilir, süjetlər göstərilir, ordudakılar həmin cəmiyyətin, kontingentin nümayəndələri deyil? Bütün hallarda, həm orduda müəyyən qanun pozuntularının, neqativlərin olması təbii qaçılmazdır. Di gəl ki, iki qütbün ruporları ancaq ancaq öz havalarını çalırlar. Biri ordunu ideal qayda-qanunlu, təminatlı, heç bir qüsursuz qurum sayır, o biri buranı kriminal yuvası, aclıq, səfalət, bespredel, "dedovşina", xəyanət çirkinlik mənbəyi. Hər iki tərəf ifrata varır heç biri "həqiqətin gözünə dik baxa bilmir". Daha doğrusu, baxmaq istəmir.

Mətbuatdan sizə tanış olan (ən azından tanış olmalı olan) ordu ilə bağlı iki tədbirə diqqət yetirək. Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyəsi ilə reallaşan lahiyə əsasında Təxris Olunmuş Hərbçi Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin təşəbbüsü ilə (bilirəm, çox uzun oldu) "Gənclərin hərbi vətənpərvərlik təcrübəsimndə kütləvi informasiya vasitələrinin rolunun artırılması" mövzusunda gənclərin "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı ilə görüşü keçirildi. Yuxarıdakı gurultulu adı olan Birliyin sədri Emin Həsənli son günlər bəzi mətbuat orqanlarında ordu ilə bağlı qərəzli yazıların yer aldığından təəssüfləndiyini bildirib. Doğrudan da, son günlər bir çox qəzetlərdə həm orduda baş verən cinayət və digər neqativlər, həm də əvvəllər cinayət törətmiş hərbçilərin məhkəmə prosesləri haqda yazıların sayı çoxalıb. Şəxsən mən bu haqda yazıların getməsi ilə bərabər, həm də belə neqativlərin baş verməsindən təəssüflənərdim və təəssüflənirəm. Elə buradaca qeyd etməyi lazım bilirəm ki, neqativlər əsasən müxalifət qəzetlərində işıqlandırıbsa, iqtidar mətbuatında həm buna cavab kimi, həm də ənənəvi olaraq orduda hər şeyin ideal olması ilə bağlı tərif yazıları gedib. Hər ikisində ifrata varıldığı göz qabağındadır.

Akif Aşırlı bildirib ki, ordudan yazan jurnalistlərin daxilində vətənpərvərlik hissi olmalıdır (o birilərdə olmasa da olar?). Akif müəllim "nə şiş yansın, nə kabab" prinsipini əsas götürərək obyektiv olmağa çalışıb: "Düşmənlərin dəyirmanına su tökən məlumatları mətbuat, qəzet səhifələrinə çıxarmaqla özümüzün, millətimizin, dövlətimizin əleyhinə fikir formalaşdırmış oluruq. Ola bilsin ki, başqa sahələrdə olduğu kimi, orduda da müəyyən problemlər var. Bu problemlər hansı həddə qədər tənqidi jurnalistinkanıni hədəfi ola bilər, bu məsələ son dərəcə önəmli və peşəkar Azərbaycan jurnalistikasının (? - O.S.) qarşısında duran məsələdir". Əgər mən bilsəm ki, özümüzün, millətimizin, dövlətimizin lehinə təriflə, məddahlıqla, şişirtməklə, qafiyəpərdazlıqla... fikir formalaşdırmış oluram, vallah, hər gün tərifləməsəm ən nadürürst adam olaram. Bəlkə çap da edərlər, hətta mükafat-zad da verərlər, amma baş redaktorun dediyi "xalqın öz ordlusuna inanmağı" kimi, xalqın həmin təriflərə inanmağı da problem olaraq qalır axı. Ümumiyyətlə, "inanmaq" məsələsi bizim ən axsayan, ən ağrılı yerimizdi. İnam yoxdusa, qalanların hamısı boş şeydi...  

Azərbaycan ordusunun günü-gündən təkmilləşdiyi, peşəkarlığa doğru getdiyi, dövlətin böyük qayğısının olması, müasir silahlara sahibliyi... danılmaz faktlardır. Orduda çalışan zabitlərin əksəriyyətinin özlərinin də valideyin olmaları, əsgərlərə prinsipcə öz balaları kimi baxmaları da inkar olumazdır. Yəni pozitivlər kifayət qədərdi və kifayət qədər də yazlır. Özü də bir az şişirdilib, bir az bəzədilib yazılır. Amma bunu qeyd eləmirlər. Bir tənqid olan kimi isə başlayırlar tam əksini sübut eləməyə. Bax, belə olanda inam itir. Təriflə, dağ başına qoy, əgər əsgər atası rüşvət verirsə, evlərə döyüşdənkənar tabutlar gəlirsə, ən azından bu qədər hərbçi məhkəmələri keçirilirsə hansı ideallıqdan danışılır? Deməyin danışılmır, danışılır axı...  

Tədbir sahibi E.Həsənli xarici fondların qrantları hesabına fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının fəaliyyətindən narazılıq edərək bildirib ki, bu yardımlarla "dolanan" təşkilatlar Azərbaycan ordusunu gözdən salmağa çalışır. Deməli belə çıxır ki, daxili fondların qrantları hesabına "dolanan"lar ordumuzu gözə qaldırmağa çalışır? Bəs səmimilik, bəs inam?..  

Ordu ilə bağlı Azərbaycan Media Mərkəzində 30 QHT təmsilçisinin, ekspertlərin və juranlistlərin iştirak elədiyi başqa bir tədbir də keçirilib. Əvvəl aparıcı "Azərbaycan ordusunda baş verənlər təsadfdürmü" sualı ilə yığışanlara müraciət edib. Cəmi iki nəfər olanları "təsadüf" sayıb. Burada da iki qütb olub. Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu ordudakı son neqativ olayları tam təsadüfi, hərbi ekspert Azad İsazadə isə qətiyyən təsüdüfi olmayan adlandırıb. Hərbi ekspertlər Üzeyir Cəfərov, Yaşar Cəfərli, İldırım Məmmədov, Ələkbər Məmmədov (siz bilərsiniz, "hərbi ekspert" peşədir, tituldur, rütbədir, ya nədir və onu harada, kimlərə verirlər?) isə ordunu "yıxıb-sürüyüb"lər. Dərd orasıdır ki, ordunun əksinə danışanlar "xalqı balaları, minbir zəhmət, toyunu görmək"... kimi ifadələrlə özlərinə xal qazandığı, inam yaratdığı halda, iqtidar nümayəndələri, özü də çox yüksək vəzifəli nümayəndələri hamının gördüyünü, bildiyini, ortada olanı inkar etməklə özlərinə, orduya olan inamı itirirlər.  

Mən qəzet yazarı olmaqdla bərabər, həm də əsgər atasıyam. Prezidentin orduya çağırış və təxris haqda son fərmanı bir oğlumun, inşallah, əsgərlikdən gəlməsinə, o birinin isə ordu sıralarına getməsinə yol açır. Ümid edirəm ki, ikinci də birinci kimi xidmətindən, ordudan razı qalacaq, sağ-salamat qayıdacaq. Şəxsən mən inanmıram ki, orduda olan neqativlərə qarşı mübarizə aparlmır, çatışmazlıqlar aradan qaldırılmır. Amma onların açıqlanması, görülən təbdirlər haqda məlumat ya verilmir, ya da bəzədilir, tamam başqa rakursdan verilir. İctimai debatda Azad İsazadənin "dedovşina" ilə bağlı telefon görüntüləri ortaya çıxandan sonra onunla mübarizə kimi ancaq əsgərlərdən telefonların yığışdırılmasının faktla mübarizədə çox az olduğu fikri ilə razılaşmamaq olmur. Amma mən inanıram ki, mübarizə aparılır, tədbirlər görülür. Və iki ayağını bir başmağa dirəyib "Azərbaycan ordusunda "dedovşina" yoxdur" deməkdənsə, belə hallarla mübarizə üçün nələr edildiyi haqda danışsalar, inam da artar, qayğı da görünər. Fəxrə layiq ordu saxlamalıyıq ki, fəxri də ürəklə edək...

 

 

Oqtay Salamov

 

Ədalət.- 2009.- 13 iyun.- S. 8.