SƏHNƏMİZİN YENİ AŞIQ QƏRİBİ -
ELNUR ZEYNALOV
Daimi
tamaşaçılarını yeniliklərlə sevindirməyi
bacaran Azərbaycan Dövlət Akademik Opera və Balet
Teatrından daha bir təzə xəbər var. İki gün
öncə kollektivin gənc solisti Elnur Zeynalov
"Aşıq Qərib" operasında ilk dəfə
Aşıq Qərib rolunda səhnəyə
çıxdı.
Hacıbəyovların
"Aşıq Qərib"i
Şərq aləmində
məşhur olan dastanı oxumayan az adam var. ?zeyir Hacıbəyov
libretto yazarkən dastanda müəyyən dəyişikliklər
edib. Qardaşı Zülfüqar Hacıbəyov həmin
libretto əsasında "Aşıq Qərib" operası
bəstələyib. Bəstəkarın oğlu, məşhur
dirijor Niyazi operanı tamamlayıb.
Təbriz sakini Rəsula
yuxuda tiflisli xoca Sənanın qızı Şahsənəm
buta verir. Rəsul yuxuda gördüyü gözəlin
eşqi ilə Tiflisə gəlir. Aşıq Qərib təxəllüsü
ilə qapı-qapı gəzəndən sonra Şahsənəmi
tapır. Şahsənəmə aşiq olan Şahvələd
isə artıq qızın atasından razılıq alıb.
Qızının başqasına vurulduğunu öyrənən
ata Aşıq Qəribin elçilərinin
qarşısında şərt qoyur - Şahsənəmi istəyən
40 kisə qızıl gətirməlidi. Şahvələd
Güloğlana Aşıq Qəribi öldürməyi
tapşırır. Bu işi bacarmayan Güloğlan kələk
qurmalı olur. Şahsənəmə Qəribin
öldüyünü deyir, qızı inandırmaq
üçün əvvəlcədən
hazırladığı qanlı köynəyi göstərir.
Lakin...
Aşıq Qərib
yeddi ildən sonra - Şahvələdlə Şahsənəmin
toy günü qayıdır. Məhəbbət
dastanlarmızda ilk dəfə məhz "Aşıq Qərib"də
iki sevən gənc - Aşıq Qərib və Şahsənəm
bir-birinə qovuşur.
Səhnədə görünənlər
Aşıq Qəribin
yeni ifaçısı Elnur Zeynalov gənc olsa da, muğam və
opera həvəskarlarına yaxşı tanışdı. 1981-ci
ildə Ağdamda anadan olub. Asəf Zeynallı adına Musiqi
Kollecini bitirən Elnur "Space" telekanalının 2005-ci
ildə ilk dəfə təşkil etdiyi Muğam müsabiqəsində
uğurla iştirak edib. ?zeyir Hacıbəyov adına Bakı
Musiqi Akademiyasının tələbəsi olan gənc istedad
xalq artisti, professor Arif Babayevdən dərs alır. Elnur
Zeynalov iki ilə yaxındır ki, Akademik Opera və Balet
Teatrında solist kimi çalışır. Bu müddət ərzində
"Leyli və Məcnun"da Məcnunun atası,
"Aşıq Qərib"də Aşıq Səlim və
başqa rollarda səhnəyə çıxıb.
Aşıq Qərib
rolunda debütü uğurlu alınan Elnur Zeynalovu səhnədən
kənarda dinləyək: "Aşıq Qərib rolunda ustad
xanəndələrimiz səhnəyə çıxıblar.
Bu gün də həmin obrazı tanınmış sənətçilərimiz
ifa edirlər. Çox xoşbəxtəm ki, klassik
operamızda baş rolda oynamaq mənə nəsib oldu. Teatrımızın rəhbərliyi,
baş rejissorumuz Hafiz Quliyev, müəllimim Arif Babayev, Mənsum İbrahimov, tərəf müqabilim Gülyaz xanım Məmmədova sağ olsunlar ki, mənə inandılar, rolun maraqlı alınması üçün dəyərli
məsləhətlərini əsirgəmədilər. Mənə inanan, məsələhət
verən hər kəsə öz dərin təşəkkürümü
bildirirəm. Bu gözəl kollektivin yaxından köməyi ilə rolun öhdəsindən gələməyə
çalışdım. Dəyərli
tamaşaçıların alqışlarından da hiss etdim ki,
debütüm pis alınmadı. İnanıram
ki, bundan sonrakı rollarım da uğurlu olacaq. Bunun üçün
öz üzərimdə
çalışır, təcrübəli
solistlərin məsləhətlərinə
qulaq asıram. Ölkənin birinci xanımı Mehriban xanım Əliyevaya gənc muğam ifaçılarına yaratdığı
şəraitə görə
təşəkkürümü bildirirəm".
Tamaşada əməkdar
artistlər Gülyaz Məmmədova (Şahsənəm), Sahibə
Abbasova (Qəribin anası), Sabir Əliyev (Aşıq Vəli),
Bəhram Əliyev (Mahmud) çıxış edirdi. Tamaşaçılar
Nizami Bağırovun (Şahvələd), Elşad
Aydınoğlunun (Aşıq Səlim) və
başqlarının ifasını da maraqla
qarşıladılar.
Səhnədə görünməyənlər
Tamaşanın
uğurlu alınması üçün böyük bir
kollektiv əziyyət çəkir. Lakin tamaşaçılar
onların əksəriyyətini
səhnədə görmür.
Əməkdar incəsənət
xadimi Hafiz Quliyevin quruluş verdiyi "Aşıq Qərib"in quruluşçu rəssamı
əməkdar incəsənət
xadimi Əyyub Fətəliyevdi. Solo tarda əməkdar artisti Elxan Mansurov
ifa edirdi. Əməkdar incəsənət
xadimi Sevil Hacıyevanın tamaşanın
dirijoru kimi işi xüsusi qiymətləndirilməlidir.
ETİBAR
Ədalət.- 2009.- 19 iyun.- S. 4.