ƏDƏBİYYATSEVƏR BİR ZİYALI HAKİM - 1

 

 "Ömrü boyu özgələrinin sevinci ilə yaşayan və hamıya kömək etməyə çalışan bir insan axtarsanız o mənəm".  

Bəxtiyar Əkbərov. Tanınmış hüquqşünas, porofessor, hakim, vəkil.

    

   ***

 

Mənim bu ədəbiyyat vurğunu və gözəl hakim, həqiqi anlamda mehriban insan Bəxtiyar Əkbərovla tanışlığımın uzun bir tarixçəsi var. Bir neçə il öncə də mən bu insan haqqında kiçik bir yazı yazmışdım və indi həmin yazıdan çox qısa bir kəsiyi oxucuların diqqətinə çatdırmaq istərdim. Görüşümüz hardan və necə başlanıb?

 

   ***

 

Bir öncəki yazıdan: "...İnanmazsınız, bir neçə gündür tam bir nostalji, mazi içindəyəm. Səbəbi özümə aydındı. Amma gərək bunu mən açıqlamayaydım. Ancaq başqa cür də olmur. Hər şey təsadüfdən asılıdır deyirlər və bu da bir təsadüfdür. Bu sətirlərin yaşandığı 60-cı illərin əvvəlləridir. Mən Salyan rayonunun Xarabakənd adlı bir köyündə doğulan və böyüyən bir traktorçu balası Unversitetin Şərqşünaslıq fakültəsinə (!!!!!!!!!!!) imtahan verirəm və məşhur şair Zeynal Xəlilin, mən bilən həyat yoldaşı, bizdən imtahan götürür və mən son imtahan olaraq xarici dildən, ingilis dilindən imtahan verməliyəm. Bilgim: SIFIR. Mən bu fakültədə T?RK dilini seçmişəm və imtahandan çıxacaq halım yox. Və üstəlik də yüksək qiymət almalıyam. Uzaqdan uzağa tanıdığım Bəxtiyar Əkbərov adında bir insan məni o müəllimə tapşırır, mən üç alıram və unversitetə qəbul olunmuram.  

Təbii ki, o qiymət mənim üçün 10-15 kimi bir şeydir. Qəbul olunmuram və uzun illər o insanla da hərdənbir görüşürük, çox simpatiya ilə yanaşır adam mənə sonrakı illərdə də. Ta ki...  

... Bir neçə gün öncə Yazarlar Birliyinə işə gedəndə uzun... lap uzun illərin ayrılığından sonra Bəxtiyar müəllim (BƏXTİYAR ƏKBƏROV çox gözəl bir ailədən, qardaşlarının ikisini mən uzaqdan-uzağa tanıyırdım MAARİF ƏKBƏROV fələsəfə alimi, TOFİQ ƏKBƏROV - o da alim və BƏXTİYAR ƏKBƏROV  İSƏ hüquq işçisi, uzun illər o, sistemdə çalışmış və indi özünün dediyinə görə, SƏRBƏST HÜQUQ məsləhətxanası var) qarşıma çıxır. 2001-ci ildən sonra ikinci dəfədir görürəm və görüşürük. Əsl ağrı bundan sonra başlayır. Birinci dəfə görüşəndə bəlkə bunları mənə demişdi, xatırlamıram, amma bu dəfə Bəxtiyar müəllim üç-beş dəqiqə məndən vaxt istəyir və deyir: TOFİQ BƏY, SİZİN BİR YAZINIZ VAR. MƏN ONU 1999-CU İLDƏN CİBİMDƏ GƏZDİRİRƏM.  

Aman Allahım! Bu nə olan iş! Düşünürəm, bu bir şeirdir. Yox, qardaşım bu bir şeir deyil. Heç sevgi məktubu da deyil, heç hekayə də deyil. Bəxtiyar müəllim ciblərini axtarır və axtara-axtara yazının adını mənə deyir: "NƏ XOŞBƏXT İMİŞƏM BİR ZAMAN, ALLAH!"  

Yazı publisistik bir yazı. Ağrılı İstanbul günlərində yazılmış və inanın ki, məni heyrət götürür. Yenə də deyirəm: bu bir şeir deyil, bu bir povest deyil, poema deyil. Nə bilim daha nə deyil. Bəxtiyar müəllim sözün əsl mənasında uzun illərdən bəri cibində gəzdirdiyi, kəsik-kəsik olmuş "525-ci qəzet"in vərəqlərini mənə göstərir və mən deyirəm: bəlkə mən bu yazının fotokopyasını çıxarım sizə verim.   

Yox, deyir, yox! Bu ayrı bir şeydir, Tofiq müəllim! Bu ayrı bir daddır!  

Həqiqətən gözlərim yaşarır. Ona görə yox ki, Bəxtiyar müəllim mənim yazımı bu uzun illər ilk sevgi məktubu kimi cibində gəzdirib. Yox. Yazı mənim "QOBUSTAN"lı günlərim haqqındadır. Və mənim gözlərim ona görə yaşarır ki, artıq mən "QOBUSTAN" jurnalından (dərgisindən, toplusundan yox, məhz jurnalından) uzaqlaşdırılmışam(!!!!!!!). 8 ildən sonra yenidən işə başladığım "QOBUSTAN" jurnalından uzaqlaşdırılmışam. Bu mənim alın yazım. Kimsəni suçlamaq əxlaqımdan deyil. Amma bir çoxları bunu bilmir və yenə də mənə zəng edib: "yazı gətirim deyirlər". Yox, mən artıq orda yoxam".  

 

***

 

- İlk öncə ədəbiyyata marağınızın hardan yarandığı barədə soruşmaq istərdim. Təbii ki, artıq bir az ömür yaşamışıq və bəzi şeylərə açıq gözlə baxmaq imkanı olub. Hər bir hüquq amiri sizin kimi ədəbiyyat bağımlısı deyil?   

- Ədəbiyyata bu qədər meylli olmağım və ədəbiyyata bu qədər bağlılığım bizim ailəmizdən gələn bir bağlılıqdır. Mənim ana babam Mirzə Məmmədvəli Qəmərli hələ keçən əsrin əvvəllərində İrəvanda rus-tatar məktəbini açmış bir insandır. Oxumaq istəyən hər gəncə öz kömək əlini uzatmışdır. Və beləliklə, ədəbiyyatın və sənətin təbliğində böyük rol oynamışdır. Ata tərəfim də birbaşa ədəbiyyatla, sözlə bağlı adamlar olub və el ağsaqqalı kimi çox tanınıblar. Hamının böyük hörmətlə Süleyman müəllim deyə müraciət etdiyi atam hələ Sovet hakimiyyəti illərində at belində yeddi-səkkiz kənddə dərs demiş və azərbaycanlı gənclərin savadlanmasında çalışmışıdr. O, ilk azərbaycanlı olaraq Ermənistan Respublikasının Əməkdar müəllimi adını almışdır. Və daha sonralar 48-50 illərdə məlum deportasiyadan sonra köçəköç başlayanda bizim də ailəmiz bu köç nəticəsində artıq Azərbaycana yerləşmiş, rayon-rayon gəzərək sonunda gəlib Xanlar, indiki Göygöl rayonunda qərar tutmuşuq. Atam burada maarif işini davam etdirmiş, bir çox orden və medallarla təltif olunmuşdur. O, Əməkdar müəllim adına layiq görülmüş, Lenin Ordeni ilə təltif olunmuş, SSRİ-nin Maarif Əlaçısı olmuşdur. Dünya şöhrətli alim Azərbaycanın ilk riyaziyyytaçı, filosofu Maarif Əkbərov əslində insan gözəlliyinin canlı təbəssümü olan gözəlliyin ilhamlı təbliğatçısı, gözəl şair, yazıçı, tədqiqatçı alim-filosof Tofiq Əkbərov, toxuculuq sənayesi sahəsində Moskvada təhsil almış, bu sahədə elmlər namizədi olmuş Rafiq Əkbərov, həyatdan çox erkən köçmüş, qardaşım Vaqif bu nəslin xeyirxah insanlarıdır. Bütün bu insanlardan doğan hisslər, təbii, bizim ailəmizdə öz işini görmüşdür ki, bildiyiniz kimi mənim o biri qardaşlarım da gözəl təhsil almışdır, respublikamızın tanınmış alimləri kimi Azərbaycan ziyalıları arasında böyük hörmətə layiqdilər. Daha bir sözü də deyim, əslində ədəbiyyatı hamı sevməlidir, çünki ədəbiyyatı sevmək həyatı sevmək deməkdir, insanlığı sevmək deməkdir.  

- Özünüzün də hüquqa aid maraqlı və gərəkli kitablarınızın olduğunu bilirəm və bu kitablar hüquq aləmində də maraqla qarşılanıb. Belə demək olarsa hüquq ədəbiyyatına hansı maraqlı məqamları əlavə eləyə bilmisiniz və əsərləriniz həmkarlarınız tərəfindən necə qarşılanıb?

- Hüquq elminə aid mənim bir çox kitablarım var ki, onlardan bir çoxu rus dilində də çap olunmuşdur. Bu kitablarımdan bir neçəsi də mükafatlara layiq görülmüşdür. Hüquq ədəbiyyatı seriyasından sayca doqquz kitabımdan biri "HEYDƏR ƏLİYEV MİLLİ KONSTİTUSİYANIN YARADICISI VƏ BANİSİDİR" dörd ildə - rus, ingilis, türk, Azərbaycan dillərində çap olunmuş və ulu öndərimiz Heydər Əliyevə həsr olunmuş və Yeni Azərbaycan Partiyasının qurultayında bu kitabı çox bəyənmiş və dəyərləndirmişdi. Dövlət səviyyəsində həmin kitabın təqdimatı olmuşdu. İngilis dilində olan kitabları özü şəxsən əcnəbi qonaqlara hədiyyə eləyirdi. Bir şeyi deyim ki, respublikamızın prezidenti İlham Əliyev haqqında bir məqaləm ilin ən yaxşı məqaləsi adına layiq görülmüşdür. Və fəxr edirəm ki, cənab İlham Əliyevin seçki qərargahının üzvüyəm. Hüquq sahəsində olan yazılarımla "Azərbaycanın yeni konstitusiyası necə olmalıdır" müsabiqəsində də iştirak etmişəm və mənim bir neçə təklifim yüksək qiymətləndirilmişdir. Məsələn, Konstitusiyanın layihəsində Azərbaycanın hüquqi dövlət məsələsi yer almamışdı. Mən təklif elədim, işçi qrupu da bunu qəbul etdi. Və bunlardan başqa indi də fəaliyyətdə olan İqtisadi məhkəmələr məsələsi də mənim tərəfimdən təklif olunmuş və fəaliyyətə başlamışdır. "Azərbaycanda konstitusiya məhkəməsi necə olmalıdır" kimi elmi məqaləm də maraqla qarşılanmış və təkliflərim qəbul edilmişdi. Bütün bunlar da mənim beynəlxalq forumlarda çıxışlarımın əsasında yaranan fikirlərdən başlamışdır.  

- Böyük bir ziyalı ailəsinin övladı olaraq heç zaman qürurlanmadınız və mən Sizi tanıyandan mütəvazi, təvazökar bir həyat yaşayaraq böyük iddialar ardınca getmədiniz. Təbii ki, burada ailə tərbiyəsinin də böyük təsiri var. Bir az da keçmişlərə getsək Ermənistandan gələn bir nəsil olaraq hansı meyarlar sizin üçün əsas olub?  

- Bir az irəlidə anlatdığım kimi biz ata-baba yurdundan didərgin düşmüş bir ailə idik və bu didərginlik birdən başımızın üstünü almışdı. Gəldilər və dedilər ki, yığışın gedirsiniz. Soruşduq hara? Niyə? Sualımız cavabsız qaldı. Böyük bir köç başladı. Təbii ki, bütün bu əziyyətlər içində biz heç zaman Allahdan və valideynlərimizdən başqa bir pənahımızın olmadığını da bilirdik. Ona görə də istər ata-anamız, istərsə də oturub-durduğumuz insanlar həmişə bizə xeyirxahlıq dünyasını anladır və Allaha, inama sığınmağı tövsiyə edirdilər. Buna görə də istər qardaşlarım, istərsə də bacılarım öz millətimizin adına layiq vətəndaş olmağa çalışdıq. Buna nail də olduq.

 

(Davam edəcək)

 

ZƏRURİ NOT: Sovetlər zamanı "Komsomolskaya pravda" qəzetinin çox gözəl bir yazarı vardı - İnna Rudenko. Bir dəfə o, Rusiyanın məşhur bir sovxoz direktorundan unudulmaz bir oçerk yazmışdı. Oçerkin sonunda bir not vardı. Təxminən beləydi: Mən bu yazını sovxoz direktoru filankəsin mənə verdiyi bahalı bir ruçka ilə yazmışam.  

Lətifə bizdən iraq, əski dostum və gözəl vəkil Bəxtiyar Əkbərov haqqında bu yazı heç bir maddi təşəkkür olmadan kompüterdə yazılmış və özü tərəfindən təsdiqlənmişdir.

    

 

Tofiq Abdin

 

Ədalət.- 2009.- 20 iyun.- S. 15.