Ordumuz - güvənc və qürur yerimiz

 

İyunun 26-da Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 91-ci ildönümü qeyd ediləcək. Ali Baş Komandanımız, möhtərəm prezidentimiz cənab İlham Əliyevin Azərbaycan ordusuna daim diqqət və qayğısı sayəsində Silahlı Qüvvələrimizin arsenalı ildən-ilə modernləşdirilməklə, canlı resursları peşəkarlığını artırmaqla və NATO standartlarına uyğunlaşdırılmaqla müasir ordu səviyyəsinə yüksəldilməsinə nail olunmuşdur. Ərazilərimizin bir hissəsinin ölkəmizə düşmən qüvvələr tərəfindən müvəqqəti də olsa işğalını nəzərə alsaq, ordu quruculuğunun dövlətçiliyimiz üçün hansı önəmi daşıdığının şahidi olarıq. İldönüm ərəfəsində istefada olan polkovnik, millət vəkili, Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü Aydın Həsənovla görüşüb məhz yuxarıda qeyd etdiyimiz inkişaf tendensiyasına münasibətini, ümumiyyətlə isə orduya çağırış, ordunun gündəlik həyatı və Silahlı Qüvvələrə perspektiv baxışlarını öyrənmək istədik.   

- Aydın müəllim, Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasından az qala bir əsrə yaxın zaman keçir. Bu bir aksiomdur ki, 2009-cu ildən 1918-ci ilə qədər olan zaman məsafəsində ordumuz heç vaxt indiki kimi qüdrətli, möhtəşəm olmayıb. Bunu keçmiş peşəkar hərbçi, tez-tez cəbhə bölgələrində olan bir millət vəkili kimi siz daha yaxşı bilirsiniz. Amma bununla belə bəzi "ekspert"lər, bəzi "yazar"lar ordu ətrafında nəyinsə səbəbincə neqativ yöndə manipulyasiya etməkdən çəkinmirlər. Siz isə əvəzində ictimai fikrə doğrunu çatdırmaq üçün nədənsə mətbuatda az-az görünürsünüz...  

- Sualınızın sonundan başlamaq istərdim. Xətrinizə dəyməsin, mənim mətbuatda az-az görünməyimin səbəbkarı elə bəzi yazarlardır. Təsəvvür edin, bəzi məsələlərlə, daha doğrusu ordu ilə, orduya çağırışla bağlı qəzetlərdən zəng edib münasibət öyrənmək istəyirlər, mən də keçmiş hərbçi, MM-in Təhlükəsizlik və Müdafiə komitəsinin üzvü kimi onların sorğusunu cavablandırıram. Sabah nə görsəm yaxşıdır: Mənim cavablarım, fikirlərim qalıb bir yanda, əvəzində mənim sözlərimin yerinə öz yozumlarını yazıblar. Bir sözlə, fikirlərim təhrif olunduğu üçün bəzi qəzetlərdən narazıyam və bu səbəbdən də curnalistlərlə müsahib olmağa o qədər də meyl göstərmirəm. İndi sizinlə də ona görə üzbəüzəm ki, mənə doğma olan ordumuzun yaradılmasının 91-ci ildönümüdür. O ki, qaldı ordumuzun qüdrətinə və paralellərə, deməliyəm ki, sualımızın birinci komponenti simvolik xarakter daşıyır. Yəni 1918-ci illə 2009-cu il arasındakı zaman məsafəsinin 70 ildən çoxu sovet dönəmi illərinə düşür ki, onda da Azərbaycan müstəqil dövlət olmayıb. Müstəqil olmayan dövlətin də müstəqil ordusu ola bilməzdi. Doğrusu budur ki, Azərbaycanda ordu quruculuğunun əsası 1918-də qoyulub. Əsl ordu quruculuğu isə ikinci müstəqillik dönəmindən başlayıb. Dahi öndərimiz Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra isə Azərbaycanda əsl nizami ordu quruculuğunun əsası qoyulub. Bu gün möhtərəm prezidentimiz İlham Əliyevin diqqət və qayğısı sayəsində Azərbaycan Silahlı Qüvvələri NATO standartlarına uyğunlaşdırılır. Ordumuzun büdcəsi ildən-ilə artırılır və əminliklə deyə bilərəm ki, bizim ordu regionun ən qüdrətli ordusudur. Siz də, qoy hamı da bilsin ki, əgər dövlət başçımız torpaqlarımızın işğaldan azad olunması üçün aparılan siyasi danışıqların tükəndiyini hiss edib Ali Baş Komandan kimi əmr versə, torpaqlarımızın bütövlüyünü məhz bugünkü ordumuz bərpa edəcək. Buna heç kimin şübhəsi olmasın. O ki, qaldı manipuliyasiyalara, ordumuzun qüdrətinə kölgə salanlara, belələri birdəfəlik bilməlidir ki, bu, keçməz. Çünki onlar bilməmiş deyil ki, ordu da bir cəmiyyətdir və istənilən cəmiyyət də nöqsandan xali deyil.  

- Aydın müəllim, sirr deyilsə, təhrif olunmuş fikirləriniz hansılar idi? Bəlkə deyəsiniz və bəzi həmkarlarımın günahını mən yuyum?   

- Sirlik bir şey yoxdur. Bir neçə ay əvvəl qəzetlərin birindən zəng edib belə bir sual verdilər: "Müdafiə Nazirliyi tərəfindən orduya çağırışın hərbi komissarlıqlardan alınması və özlərinin təşkilat - səfərbərlik idarəsinə verilməsi barədə çoxlu söz-söhbət gəzir və Müdafiə Nazirliyinin yüksək rütbəli zabitlərindən, digər etibarlı mənbələrdən aldığımız məlumata görə, orduya çağırış zamanı hərbi komissarlıqlarda neqativ hallara yol verildiyinə və vətəndaşlardan gələn ərizə və şikayətlərin qarşısını almaq məqsədilə müdafiə naziri belə bir əmr verib, bu, doğrudanmı belədir? Bir də deyilənə görə hərbi komissarlıqlar ləğv ediləcək və hərbi çağırışı guya icra orqanları və bələdiyyələr həyata keçirəcək, bu, doğrudur?" Mən əvvəllər bu sistemdə məsul vəzifə daşıdığım və bəzi nüansları, daha doğrusu, prosesləri dəqiq bildiyim üçün cavab verdim ki, hərbi komissarlıqların bağlanmasından söhbət gedə bilməz. Dedim ki, hərbi çağırışı icra orqanları və bələdiyyələr istəsələr belə apara bilməzlər. Çünki bu çox uzun və ağır prosesdir. Təsəvvür edin: Bir gəncin orduya çağırış yaşı çatana kimi hərbi komissarlıqlar onun haqqında bütün məlumatları - ailə vəziyyətini, orduya yararlı olub-olmadığını, təhsil alıb-almadığını, güzəşt olunub-olunmayacağını nəzarətdə saxlayır. Deməyim odur ki, bu məsələlər çox uzun prosesdir və indiki halda bu prosesi yalnız illərdən bəri tənzimləyə bilən, oturuşmuş bir qurum - uzun illər çiyin-çiyinə birgə işlədiyim general Əliağa Hüseynovun rəhbərlik etdiyi hərbi komissarlıqlar yerinə yetirə bilər. Və qeyd edim ki, hərbi komissarlıqların öhdəsinə düşən işi belə uğurla, operativ şəkildə yerinə yetirməsində general Əliağa Hüseynovun xidməti danılmazdır. O məhz belə işlədiyinə görə dəfələrlə orden və medallarla təltif olunub.  

Bax, müxtəlif vaxtlarda mənə verilən suallara cavabım bunlardan ibarət olub. Şəxsi təcrübəmə əsaslanaraq bu qənaətə gəlmişəm ki, bu çoxmərhələli prosesi Təşkilat-Səfərbərlik idarəsi təkbaşına yerinə yetirməkdə problem və çətinliklərlə üzləşə bilər. Belə ki, əvvəllər orduya çağırış zamanı çağırışçılar rayon hərbi komissarlığında tibbi müayinədən keçdikdən sonra həm də Biləcəri toplanış məntəqəsində təkrarən nəzarət qaydasında müayinə edilirdilər ki, orduya bir nəfər də olsun xəstə gənc düşməsin. mən həm də bunu demişəm. Eyni zamanda demişəm ki, xəstə çağırışçı orduya aparılmasın, ailə vəziyyətinə və təhsilə görə möhlət hüququ olanlar qanunsuz olaraq orduya göndərilməsin və s.  

Amma qəzetlər nə yazıb? Dediyimi qoyub demədiyimdən yapışıblar. Guya mən demişəm ki, orduya çağırışın Müdafiə Nazirliyi, onun təşkilat-səfərbərlik idarəsi tərəfindən aparılması çağırış zamanı olan neqativ halların aradan qaldırılmasına və şəffaflığın yaranmasına səbəb olacaq. Demədiyim sözləri mənim adıma yazmaq məndə təəssüf hissi yaratdı. Odur ki, inciməyin, sizdən də xahiş edirəm ki, söhbətimizi olduğu kimi qələmə alasınız.  

- Problem yoxdur Aydın müəllim, fikirləriniz oxuculara olduğu kimi çatdırılacaq. Amma yeri gəlmişkən bilmək istərdim, bu ilin aprel çağırışı zamanı, yəni çağırışçıların bölgüsü MN-in Təşkilat-Səfərbərlik idarəsinə həvalə ediləndən sonra Əliağa Hüseynovun çağırış Komissiyasının sədri vəzifəsindən uzaqlaşdırılmasının səbəbi nə idi? Bu haqda nə deyə bilərsiniz?  

- Etik qaydaları nəzərə alsaq, deyə bilərəm ki, bu sualı Əliağa müəllimin özünə ünvanlasanız daha yerinə düşərdi. Amma... Bir halda ki, onunla uzun müddət birgə işləməyimi, Milli Məclisin ordu ilə bilavasitə bağlı komissiyasında çalışmağımı və sözügedən sahəyə az-çox bələdliyimi dəstəvuz edib bəzi məsələlərə aydınlıq gətirmək istəyirsiniz, onda mən deyim, siz də yazın. Yazın ki, mövcud qanuna əsasən Respublikanın Hərbi Komissarı həm də Çağırış Komissiyasının sədri olmalıdır. Və bu qanun indi də qüvvədədir. Əliağa müəllimi Çağırış Komissiyasının sədri vəzifəsindən də heç kim uzaqlaşdırmayıb. Sadəcə olaraq səhhətindəki problemlərlə əlaqədar, daha dəqiqi, cərrahi müdaxiləyə məruz qaldığından o öz yerinə, yəni Çağırış Komissiyasının sədri vəzifəsinə daxili əmrlə müvəqqəti olaraq öz müavinini təyin etmişdi. Qarşıdakı çağırışlar zamanı isə yenə də qanunvericiliyə əsasən Əliağa Hüseynov Respublikanın Hərbi Komissarı kimi Çağırış Komissiyasının sədri olmalıdır. Vur-tut bu qədər. İndi siz deyin, heç nədən bu mövzu ətrafında söz-söhbət yaratmağa, spekulyasiya etməyə dəyərmi? Nə isə... Bütün bunlar qanqaraldıcı olsa da ötəri hallardır.  

- Deyəsən əsas mövzudan uzaqlaşdıq axı?  

Hə, bu əlamətdar gün - Silahlı Qüvvələrin yaradılmasının 91-ci ildönümü münasibətilə Azərbaycan Milli Ordusunda xidmət keçən bütün hərbçilərimizi təbrik edir və onlara səslənmək istəyirəm: Kimin nə deməsindən asılı olmayaraq bilin ki, bu xalq sizə güvənir, inanır ki, siz Ali Baş Komandanımızın himayəsindəsiniz və zamanı gələndə üçrəngli bayrağımızı düşmən cəngində sinəsi cadar-cadar olmuş torpaqlarımıza sancacaqsınız. Qoy bir də bilsinlər ki, kişilik məktəbinin müdavimi olan hərbi mundirlilərlə bu xalq qürur duyur.

     

 

Əbülfət MƏDƏTOĞLU

 

 Ədalət.- 2009.- 20 iyun.- S. 19.