"SƏNƏTƏ ARXA QAPIDAN GƏLƏNLƏR
ÇOXDU"
Ağa Cəbrayıl Abasəliyev:
"İstedadı olmayanlar özlərini elə aparırlar
ki, elə bil onlara borcumuz var"
"Bir vaxtlar Muğam Teatrı ideyasına dodaqbüzənlər
indi tədbirlərimizə gəlmək üçün dəvətnamə
xahiş edirlər"
Dövlət Muğam Teatrının yaranmasından 20 ildən bir qədər çox vaxt keçir. Bu yaxınlarda yubileyini təntənəli şəkildə qeyd edən sənət məbədinin qurucuları çətinliklərdən keçərək teatrı günümüzə kimi yaşadıblar. Belə insanlardan biri də prezident mükafatçısı, Muğam Teatrının musiqi rəhbəri, Milli Konservatoriyanın dosenti, əməkdar artist, istedadlı kaman ustası Ağa Cəbrayıl Abasəliyevdi. Müsahibim həmin günləri belə xatırlayır:
- Muğam Teatrı çox mürəkkəb bir
zamanda, 1988-ci ildə Arif Qazıyevin təşəbbüsü
ilə yaradıldı. Mənim bu kollektivə gəlməyimin maraqlı bir
tarixçəsi var. Teatrın ilk bədii rəhbəri,
görkəmli bəstəkarımız Ramiz Mirişli indiki
Bakı Musiqi Akademiyasında mənə dərs deyirdi. Bir
gün Ramiz müəllim dedi ki, Muğam Teatrı
yaradılır, sənin də ora musiqi rəhbəri vəzifəsinə
gəlməyini istəyirik. Hörmətli müəllimimin məsləhətinə
qulaq asıb Arif Qazıyevin yanına gəldim. Arif müəllim
musiqini gözəl duyan, istedadlı bir insandı.
Yaradılacaq teatrla bağlı xeyli söhbətlərimiz
oldu. Tezliklə gərgin məşqlərə başladıq,
"Şur" dəstgahı hazırladıq.
İstedadlı xanəndə və musiqiçiləri, o
cümlədən Alim Qasımovu bu işə cəlb etdik.
Bayaq dediyim kimi çox mürəkkəb bir dövr idi.
İşimizə mane olan, Muğam Teatrının ideyasına
o qədər dodaqbüzənlər var idi ki... Lakin biz
düzgün yolda olduğumuzu bilirdik. Həm də çiyin
verdiyimiz işin məsuliyyətini dərk edirdik. Teatrın rəhbərliyindən tutmuş sıravi
müsiqiçisinə qədər hamı gecə-gündüz
çalışırdı. Nəhayət, proqram
hazırlandı. O zamankı Mədəniyyət naziri rəhmətlik
Zakir Bağırovun da iştirakı ilə möhtəşəm
tanıtım tədbiri keçirildi. Müğam
Teatrında ayaq üstə qalmağa belə boş yer yox idi.
İlk çıxışımız uğurlu alındı
və necə deyərlər, Muğam Teatrı həyata vəsiqə
qazandı. Həyat bizim doğru yolda olduğumuzu sübut
etdi. Bir vaxtlar işimizə mane olan, dodaqbüzən insanlar
indi teatrımızın tədbirlərinə gəlmək
üçün dəvətnamə xahiş edirlər. Bir
maraqlı məsələni də deyim, tanıtım tədbirimizin
lentləri bu gün ABŞ-da, Almaniyada saxlanılır. Təəssüf
ki, Azərbaycan Televiziyasından bir nəfər də olsun gəlib
həmin çıxışı lentə almadı ki, tarix
üçün saxlamaq mümkün olsun.
- İndi teatrınızın təşkil etdiyi tədbirlər telekanallarda, mətbuatda gen-bol işıqlandırılır...
- Son illər
Muğam Teatrına həm Heydər Əliyev Fondu, həm də
Mədəniyyət və Turizm Nazirliyi tərəfindən
diqqət var. Teatrımızın
20 illik yubileyi Heydər Əliyev sarayında təntənəli
şəkildə qeyd olundu. Biz də öz işimizlə bu
qayğıya layiq olmaq istəyirik. Bu gün
teatrımızın ansamblından başqa Azərbaycan bəstəkarlarının
mahnılarını ifa edən ikinci bir kollektiv yoxdu. Televiziya
kanallarını, konsert zallarını zəbt edən
bayağı, aşağı səviyyəli mahnıların
birini də Muğam Teatrında eşidə bilməzsiz.
Kollektivimiz var gücü ilə Azərbaycan musiqisinin
keşiyində durub. Son illər ədəbiyyatımıza,
musiqimizə böyük töhvələr vermiş Bəxtiyar
Vahabzadənin, Məmməd Arazın, Cahangir Cahangirovun, Tofiq
Quliyevin, Cabir Novruzun, Oqtay Kazıminin, Səid Rüstəmovun,
Nəbi Xəzrinin və başqalarının
yaradıcılıq gecələrini təşkil etmişik.
Adlarını çəkdiyim insanların birgə yaradıcılq
işlərini ilk dəfə ifa edən sənətkarlarımızın
çoxu bu gün həyatda yoxdu. Rəşid Behbudov,
Şövkət Ələkbərova, İslam Rzayev,
Gülağa Məmmədov, Anatollu Qəniyev kimi müğənniləri
əvəz edə bilən gənc nəsil lazımdı.
Muğam Teatrı bu işə də xüsusi önəm verir.
Mahnı janrında gözəl nümunələr
yaratmış klassik bəstəkarlarımızın əsərlərini
bərpa etmək, onları gənc ifaçılara öyrətmək
və yüksək səviyyədə tamaşaçıya
çatdırmaq yüksək zəhmət tələb edir.
Kollektivin musiqi rəhbəri kimi mən bu məsuliyyətli
işdən zövq alıram.
- Siz təkcə instrumental ifaçı kimi deyil, həm də pedaqoq kimi tanınırsız. Səhv etmirəmsə 10-a yaxın tələbəniz xalq artisti fəxri adına layiq görülüb...
- Pedaqoji işə həvəs mənim
qanımdadı. Çünki müəllim ailəsində
böyümüşəm. Rəhmətlik atam Ağasaleh Abasəliyev
tar müəllimi idi. Tələbələrinə evdə dərs
keçdiyinə görə, mən müəllimliyin necə
çətin və şərəfli peşə olduğunu hələ
uşaq yaşlarından hiss etməyə
başlamışam. Müəllimliyə meyl hələ o
vaxtlardan məndə var idi. Tanrının qismətindən
atamın yolu ilə getmək mənə nəsib oldu. Ali təhsilimi
bitirəndən sonra məni indiki Bakı Musiqi
Akademiyasında müəllim saxladılar, sonralar oranın
dosenti oldum. Tələbələrimin sayı-hesabı yoxdu,
onların arasında siz deyən kimi xalq və əməkdar
artistlər var. Rəhmətlik atam həm də Tibb
İşçilər Evinin "Səadət"
ansamblına rəhbərlik edirdi. Korifey sənətkarımız
Zeynəb Xanlarova, xalq artisti Flora Kərimova sənətdə
ilk addımlarını həmin ansamblda atıblar. Sonra mən
"Səadət"ə rəhbər təyin olunandan sonra
gənc müğənnilərə müsiqinin sirlərini
öyrətməyə başladım. Bu gün xalq artisti kimi
tanınan Zaur Rzayev, Azər Zeynalov, Mələkxanım Əyyubova,
Aygün Bayramova, Nəzakət Teymurova tələbələrim
olublar. Adını çəkdiyim və çəkmədiyim
tələbələrim də sizə deyə bilərlər,
onlara qarşı çox tələbkar olmuşam. Musiqi nəhəng
oxuyandı. Oradan damla-damla nəsə öyrənirik. ?yrəndiklərimizi öyrətməyə
borcluyuq. Ona görə bildiklərimi xəsislik etmədən
tələbələrimə öyrətmişəm. Biz tələbə
olanda bəzi müəllimlər paxıllıq edirdilər.
Deyirdilər ki, tələbə öyrənən kimi mənim
yerimi tutacaq. Məndə isə belə paxıllıq
heç vaxt olmayıb. Bu gün də dərs deyəndə,
məşq zamanı həmin tələbkarlığımı
saxlayıram. Təbiətcə elə insanam ki, istər evdə,
istər çalışdığım yerlərdə
işin keyfiyyətlə və peşəkarcasına
görülməsini tələb edirəm. Hər üç
övladıma qarşı da tələbim bu olub.
- Bəzən deyirlər ki, xanəndəni
müşayət etmək solo ifaçılıqdan çətindi.
Solo ifası "Qızıl fondda" saxlanılan Ağa Cəbrayıl
müəllim bu fikirlə razılaşırmı?
- Hər ikisinin də öz
çətinliyi var. Amma musiqiçi həm solo
ifanı, həm də xanəndəni səhnədə
müşayət etməyi eyni səviyyədə
bacarmalıdı. Bu baxımdan mərhum tarzən Əhsən
Dadaşovu idealım sayıram. Əhsən müəllim həm
gözəl solo ifa edirdi, həm xanəndəni müşayət
etməyi bacarırdı, həm ansambla rəhbərlik edirdi,
həm də müəllim kimi əvəzsiz idi. Ondan çox
şey öyrənmişəm. Bu gün mən də bu
dörd cəhəti eyni səviyyədə birləşdirməyə
çalışıram. Bir məsələni də
xatırladım ki, 1972-ci ildə tələbələrin
Almaniyada keçirilən beynəlxalq festivalında iştirak
edəndən sonra çalışmaq üçün məni
çox yerə dəvət etdilər. Konservatoriyanın II
kursunda oxuyarkən Opera və Balet Teatrında işə
götürdülər. Orada
çalışdığım zaman bizim korifey sənətkarları
müşayət etdim, onlarla Azərbaycanın hər tərəfini
qarış-qarış gəzdim. Nəyin asan, nəyin
çətin olduğunu onu deyənlərdən qat-qat
yaxşı bilirəm. Bu günlərdə
telekanallardan biri haqqımda veriliş
hazırlamışdı. Orada dünya şöhrətli bəstəkarımız
Arif Məlikov dedi ki, Ağa Cəbrayıl xanəndəni
müşayət edəndə tamaşaçı xanəndəyə
yox, Ağa Cəbrayılın ifasına əl çalır.
Bu sənətimə verilən böyük bir qiymətdi.
- İndi musiqiçini disk və
albomlarının çoxluğuna görə qiymətləndirirlər.
İnstrumental ifaçı kimi neçə albomunuz var?
- 54 yaşlı Ağa Cəbrayılın
bir dənə də albomu yoxdu. Sizə maraqlı hadisə
danışım. Konsertlərimizin birində fransalı
musiqişünas iştirak edirdi. Tələbəm Elşən
Mansurov konsertdən sonra məni qonaqla tanış etdi. Əcnəbi
musiqişünas məndən albom istədi. Dedim ki, yoxumdu,
inanmadı. Elə bildi xəsislik edirəm. Məsələnin
nə yerdə olduğunu öyrənəndən sonra dedi ki,
bu necə ola bilər, tələbənizin diski Fransada
hazırlanıb, amma sizin bircə albomunuz da yoxdu.
- Tamaşaçıların maraqla qarşıladığı "Xalq Ulduzu" layihəsinin münsiflər heyətində təmsil olunursuz. Yarışmaya qatılan gənc ifaçıların sonrakı taleyi ilə maraqlanırsızmı?
- Əvvəla layihənin rəhbəri Yaşar Məmmədova təşəkkür edirəm ki, "Xalq Ulduzu-1"də bu işi mənə həvalə etdi. Müxtəlif səbəblərdən həmin yarışmanın münsiflər heyətində təmsil olunmadım. "Xalq Ulduzu-3"də yenə dəvət aldım. Münsif kimi "yaxşı" və "pis" demək asandı. Lakin 16-17 yaşlı gənclərin hər həftə canlı efirə hazırlama, onlara yeni mahnı öyrətmək böyük məsuliyyət tələb edir. Tamaşaçıların rəyindən belə aydın olur ki, zəhmətimiz hədər getməyib. Bu vaxta kimi "Xalq Ulduzu" layihəsində iştirak edən gənclərin bəzilərini artıq Muğam Teatrında işə götürmüşük. Həmin layihədən tanınan Vüsal, Vəli və İsmayıl artıq bizim teatrın işçiləridi. Şəhlanı və Nicatı da tez-tez təşkil etdiyimiz tədbirlərə çağırıram. Nəzərim həmişə belə gənclərin üzərindədi. İstəmirəm ki, "Xalq Ulduzu" layihəsində böyük məktəb keçən gənclər diqqətdən kənarda qalsın. Belə istedadları qorumalıyıq. Onsuz da bu gün sənətə arxa qapıdan gələnlər çoxdu. İstedadı olan da, olmayan da oxuyur. Yerindən duran mahnı yazır. Ona görə belə mahnılar heç bir həftə də yaşamır. Yadda qalan musiqi, gözəl mətn, ürəyə yatan ifa olmayandan sonra nə qədər bəzək vurursan vur, həmin mahnı yaşamaq hüququ qazanmayacaq. Əvvəllər özfəaliyyət dərnəkləri vardı. Burada özünü göstərən xalq yaradıcılığı deyilən bölməyə dəvət alırdı. Burada fərqlənəndən sonra səni peşəkar səhnəyə buraxırdılar. İndi yuxudan tezdən duran deyir ki, mən peşəkar sənətkaram, özünə müxtəlif titullar verməkdən belə utanmır. Mən bəzən bu barədə danışanda bəziləri inciyir. ?zləri bilirlər, axı mənim belələrinə irad tutmağa tam haqqım var. 16 il musiqi təhsili almışam. Hələ də deyirəm ki, heç nə bilmirəm. Amma musiqidən heç bir anlayışı olmayan, zəhmət çəkmədən sənətə gəlmək istəyən özünə necə yüksək qiymət verə bilər? İstedadı olmayanalar özlərini elə aparırlar ki, elə bil bunlara borcumuz var. Mənim həmişə bir devizim olub - sənətdə kim zəhmət çəkibsə, qazandıqları ana südü kimi ona halaldı!
Etibar CƏBRAYILOĞLU
Ədalət.- 2009.- 20 iyun.- S. 23.