Bayat 

  

   GƏLƏ BİLMİRƏM

    

   Gözümün yaşını qurutmaq üçün,  

   Bir anlıq dərdimi unutmaq üçün,  

   Kövrək ürəyimi ovutmaq üçün,  

   Mən sənin yanına gələ bilmirəm.

    

   Bu ağrı ürəkdə nədir, bilmirəm,  

   Daha dözəmmirəm, daha ölürəm.   

   Sənsiz ağlayıram, sənsiz gülürəm,  

   Mən sənin yanına gələ bilmirəm.

     

   Heç kim can dərdimi yarıya bölməz,  

   Sənsiz xoşbəxtlik yaxına gəlməz.  

   Bu sevgi qəlbimdə ölməyib, ölməz,  

   Mən sənin yanına gələ bilmirəm.

    

   Hələ üstümə küləklər əsir,  

   İllər ötüb-keçir, ömür tələsir.  

   Saçımın ağlığı yolumu kəsir,  

   Mən sənin yanına gələ bilmirəm. 

  

   Vahid öz canından bezsə gülüm,  

   Bu qəm dəryasında üzsə gülüm,  

   Canımı həsrətin üzsə gülüm,   

   Mən sənin yanına gələ bilmirəm.

 

    

   GETDİ

    

   Başımın üstünü buludlar aldı,  

   Bir anın içində dünyam qaraldı.  

   İnanın sözlərim dilimdə qaldı,  

   O gözəl yolundan qalmadı, getdi.

     

   Qoydu ürəyimi o yana-yana,  

   Daha yalvarmaqdan yığıldım cana.

   Bənövşə dərmişdim dağlardan ona,  

   Gülləri əlimdən almadı, getdi.

     

   Bu dünya başıma inan ki, dardı,  

   Ruhumu canımdan çəkib apardı,  

   Şirin təbəssümü məlhəm olardı,  

   Dərdimin dərmanı olmadı, getdi.  

    

   Bu dünya başıma inan ki, dardı,  

   Ruhumu canımdan çəkib apardı,  

   Şirin təbəssümü məlhəm olardı,  

   Dərdimin dərmanı olmadı, getdi.

     

   Mən həsrət qalmışam o qara gözə,

   Ürək ayrılığa inanma dözə.  

   Məni eşitmədi, baxmadı sözə,  

   Vahidə bir nəzər salmadı, getdi.

 

    

   BAXMIR

    

   Dünya özü boyda sehirdi, sirdi,  

   İnsanı qocaldan qəmdi, fikirdi.  

   Qoca da, cavan da gözündə birdi,  

   Fələk amansızdır, bil, yaşa baxmır.

    

   Hər şeyin qədrini bil qaydasında,  

   Ağla qaydasında, gül qaydasında,  

   Hamı bərabərdir haqq dünyasında,  

   Mərmərdən yonulmuş baş daşa, baxmır. 

  

   Xəyalım könlümü çəkib aparır,  

   İnan can evimi söküb, aparır.  

   Ürəkdə qəflətən tufan qoparır,  

   Məhəbbət gələndə çal başa, baxmır. 

  

   Vahidi düşünüb, yar, anıb,  

   Bülbül köç edib, gülü sar anıb.  

   Elə bil ürəyi daşdan yaranıb,  

   Gözümdən tökülən bu yaşa, baxmır.

 

     

   NƏVƏLƏR

   

   Ruh oxşayır şən səsi,  

   şirindir kəlməsi.  

   Bir günəşdi hərəsi,  

   İşıq saçar, nur ələr.  

   Nəvələr.

    

   Yaddan çıxmaz bircə an,  

   Olubdur canımda can.  

   Könlümüzü hər zaman,  

   İnanın sevinclə bələr   

   Nəvələr.

     

   Mələksiniz özünüz,  

   Çiçəksiniz özünüz.  

   Baldan şirin sözünüz,  

   Ürəyə xoş gələr   

   Nəvələr.  

  

   Şərə qələbə çalar,  

   Zirvələrə ucalar.  

   Şöhrət tapar, ad alar,  

   Aya, Günə yüksələr

   Nəvələr.

  

   Bu dünyaya gələndə,  

   Dərdimizi böləndə,  

   İnanın siz güləndə,  

   Sizinlə dünya gülər.  

   Nəvələr.

  

   Ömrümüzün davamı,  

   Hər ürəyin inamı.  

   Qırılmaz eşqin camı,  

   Bizi əvəz eləyirlər  

   Nəvələr.

  

 

  Vahid ƏLİOĞLU

 

  Ədalət.- 2009.- 20 iyun.- S. 20.