Bayat

  

   ÇÖL YERİNDƏMİ?

 

   Yurdumda tikdiyim çoxdan dağılıb,  

   Çəmən yerindəmi, çöl yerindəmi?  

   Deməki qan axan yaram sağalıb,  

   Ağac yerindəmi, kol yerindəmi?

     

   Sıldırım qayalı dağlar gəzərdik,  

   Meyvəli meşələr, bağlar gəzərdik.  

   Bostana girərək tağlar gəzərdik.  

   Cığır yerindəmi, yol yerindəmi?

     

   Bir xəbər gətirən olmadı bizə,  

   Ceyranlar, cüyürlər çıxırmı düzə?  

   Kim baxır yamacda lalə, nərgizə?  

   Dərə yerindəmi, yal yerindəmi?

     

   Çıxara bilmirik daşı quyudan,  

   Doya da bilmədik şirin röyadan.  

   Hər səhər cəh-cəhlə bizi oyadan,  

   Bülbül yerindəmi, gül yerindəmi?

    

   Qurbanı olmuşuq bilmirəm nəyin?  

   Başımız qapazlı quluyuq bəyin.  

   Məmmədə gətirin qadın örpəyin,  

   Ocaq yerindəmi, kül yerindəmi?

 

     

   NƏYƏ GƏRƏK?

    

   Firavan həyatdan bol-bol danışan,  

   Yalanlar söyləyən dil, nəyə gərək?  

   Qışın sazağında titrəyəndə can,  

   Ocaqda köz yoxsa, kül nəyə gərək?  

     

   Özünü öyməklə günü keçirən,  

   Obadan-obaya evlər köçürən.  

   Yağıya vətənin suyun içirən,  

   Düşməni qovmayan əl, nəyə gərək?

  

   Yurdumun küləyi bəriyə əsmir,  

   Dərmanlar qəlbimin ağrısın kəsmir.  

   Qarabağ üstündə bayrağım əsmir,  

   Zəfəri çalmayan el, nəyə gərək?

     

   Bu günlər, sabahlar azdırdı izi,  

   Tarixə maymaq tək saldırdı bizi.  

   Get-gedə zamanın sərtləşir üzü,  

   Dərd-bəla gətirən il, nəyə gərək?

     

 

  Məmməd MƏRZİLİ

 

  Ədalət.- 2009.- 20 iyun.- S. 20.