Bayat

  

   DƏLİSİYƏM

     

   Ağlı, huşu əldən alan  

   Bir cüt gözün dəlisiyəm.  

   Gül-çiçəkli, qar boranlı  

   Çölün-düzün dəlisiyəm.

    

   Zamanını ölçüb-biçən,  

   Ömürlərdən ömürə köçən,  

   "Zirvələri" aşıb - keçən  

   "Yolun-izin" dəlisiyəm.

    

   Namiq, sözün çoxdur hələ,  

   Ömrü hədər verə yelə!  

   İşim yoxdur nadan ilə -   

   Mən ki sözün dəlisiyəm.

 

     

   TƏCNİS

     

   Əfsus!.. Daha sənsizliyə yetişdim -   

   Neçə illər bu yolları gəlhagəl.  

   Sandım ki, qüssədən, qəmdən ötüşdüm,  

   Bəxtimə qonaqmış, demə, "gəlhagəl"...

     

   Vəfalı görmədim bu Yer üzündə,  

   İsti baxışlarım dondu üzündə.  

   "Görüşək" - deməyə yoxdu üzün də

   Yalvarıb, demə ki: - yenə gəl ha, gəl. 

  

   Sevgi sevməz çalhaçalı, qapımı   

   İnanmıram, bü həminki qapımı?! -   

   Öz əlinlə bağlamısan qapımı  

   Açammazsan, innən belə gəl, ha gəl!..

 

     

   OLSA DA

    

   Cənnət çiçəyidir - solmaz,  

   Onda kin-küdurət olmaz.  

   Şair qəlbi gizli qalmaz  

   Lap açılmaz sirr olsa da.

     

   Yaxşılıq heç zaman itməz,  

   Yaxşı - darda atıb getməz.  

   Sözlü yerdə ot da bitməz  

   Daş-torpağı pir olsa da.

    

   Yaşamaq ki, var - acıdı!  

   Xoş tale-şahlıq tacıdı.  

   Namiq sözün möhtacıdı  

   İki dünya bir olsa da...

 

 

  NAMİQ ZAMAN

 

 Ədalət.- 2009.- 20 iyun.- S. 20.