"MƏNİM ÖMRÜM MİN BİR ÖMRÜN DAVAMIDIR"

 

Salyanda Xəlil Rza Ulutürkün anım mərasimi keçirilib

 

Biz tükləriz, vətənimiz,   

Başdan-başa yer kürəsi   

Bayrağımız al günəşdir  

Çadırımız göy qübbəsi

 

Xalq şairi, istiqlal mübarizəsinin öncüllərindən olan Xəlil Rza Ulutürkün xatirəsi doğulduğu Salyanda həmişə etiramla yad edilir. Həmyerliləri onun doğum və anım gününü böyük təntənə ilə keçirirlər.   

İyunun 22-də Salyan şəhərində şairin adını daşıyan küçədə anım günü keçirilib. Şairin Qarabağ uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olan oğlu Təbriz Xəlilbəylinin xatirəsinə ucaldılan xatirə kompleksinin önünə toplaşan ictimaiyyət nümayəndələri məşhur həmyerlilərinin xatirəsini yad ediblər. Şair Tofiq Kərim Xəlil Rza Ulutürkün poeziyada müasir Azərbaycan tarixindəki xidmətlərindən danışıb. Salyan rayon 7 saylı orta məktəbin müəllimi Nəbi İbrahimov rayon mədəniyyət evinin işçisi Lətif Zərbəliyev öz çıxışlarında bildirblər ki, Xəlil Rza Ulutürk həm böyük şair, həm əsl vətəndaş kimi şərəfli ömür yaşayıb. Həmişə Azərbayacanı azad müstəqil görmək istəyən şair Lefertovo zindanında da öz ideyalarından əl çəkməyib. Vətənə sevgisini təkcə sözdə deyil, əməlində sübut edib. Oğlu Təbrizi vətən uğrunda şəhid verən Xəlil Rza Ulutürkün həyatı gənclərimiz üçün örnək olmalıdır. Məktəbli Çiçək Əhədova şairin şeirlərindən əzbər söyləyib.  

Xəlil Rza Ulutürkün qardaşı Fərhad Xəlilbəyli öz çıxışında bildirib ki, Salyan Rayon İcra Hakimiyyətinin rəhbərliyi, ziyalılar, sadə insanlar şairin xatirəsini həmişə əziz tutur, onunla bağlı mərasimlər keçirirlər. Fərhad Xəlilbəyli şairin ailəsi adından mərasim iştirakçılarına təşəkkürünü bildirib.

    

 

Turan İsmayılzadə

 

Ədalət.- 2009.- 24 iyun.- S. 4.