"Azercell"in prezidenti Ali
Ağan: "Azərbaycanın
inkişafı bir çox ölkələr
üçün nümunə
olacaq"
Ali Ağan "Telecoms World
"Avropa ilə
Asiyanın kəsişmə nöqtəsində yerləşən
Azərbaycan son illər iqtisadi inkişaf yolundadır. Əminəm
ki, Avrasiya regionunun dünya üçün önəmliliyinin
artdığı bir dövrdə Azərbaycanın göstərdiyi
inkişaf yolu bir çox ölkələr üçün
nümunə olacaq". "Azercell Telekom" MMC-nin prezidenti
Ali Ağan Moskvada keçirilən mötəbər beynəlxalq
konfransda çıxışı zamanı bu fikirləri
bildirib.
Fevralın 24-27-də Rusiya
paytaxtında baş tutan "Telecoms World Russia & CIS
2009" konfransında Azərbaycanı "Azercell"in rəhbəri
təmsil edib. Cənab Ağan konfransın Avrasiya regionuna həsr
olunmuş günündə əsas məruzəçi olaraq
"İnkişaf edən ölkələrin iqtisadi
artımında telekommunikasiya sektorunun rolu" mövzusunda məruzə
ilə çıxış edib.
Ali Ağan öz məruzəsində
toplantı iştirakçılarına yalnız
"Azercell"in fəaliyyəti barədə məlumat verməyib,
hazırda dinamik templə inkişaf edən Azərbaycanın
iqtisadiyyatından, bütün dünyanı bürüyən
iqtisadi böhran fonunda ölkənin inkişafının
dayanıqlılığından söz açıb. Azərbaycanda
telekommunikasiyanın hazırda prioritet sahələrdən biri
olduğunu bildirən Ali Ağan qeyd edib ki, indi İKT
sektorunun inkişafı ümumi iqtisadi inkişafı 3 dəfə
üstələyib: "Hətta proqnozlara görə, 2020-ci
ildə Azərbaycanda İKT sahəsindən əldə olunan
gəlirlər ölkənin neft sahəsindən əldə
edəcəyi gəlirlər səviyyəsinə
çatacaq".
"Azercell"in prezidenti
Avrasiyanın hər yerindən gələn qonaqlar
qarşısında qürurla elan edib ki, bir çox
inkişaf etmiş ölkələrin iqtisadi sektorunu
çökdürən maliyyə böhranına baxmayaraq, Azərbaycan
2008-ci ili 11 faizlik ÜDM artımı ilə başa vurub: "Ümumiyyətlə,
son illərdə Azərbaycanda ÜDM 3 dəfə artıb
ki, bunu tarixi rekord kimi qiymətləndirmək olar. Son vaxtlar
neft qiymətlərinin 3-4 dəfə azalmasına baxmayaraq,
ölkəmiz daha da inkişaf etdi və gücləndi". Cənab
Ağan konfrans iştirakçılarının diqqətinə
onu da çatdırıb ki, 2008-ci ildə Azərbaycan
Dünya Bankının "Doing Business" hesabatına əsasən
ən islahatçı ölkə kimi seçilib.
"Azercell" prezidenti onu da
vurğulayıb ki, Azərbaycanda inkişafın
davamlılığının əsas səbəbi prezident
İlham Əliyevin rəhbərliyi altında hökumətin
qeyri-neft sektorunun inkişafına verdiyi xüsusi önəmlə
əlaqədardır: "Artıq telekommunikasiya sahəsinin
inkişafı üzrə xüsusi dövlət proqramı da
qəbul olunub".
Ali Ağan Azərbaycanda iqtisadi
inkişafın bariz nümunəsi olan "Azercell"in fəaliyyəti
ilə bağlı bəzi rəqəmləri də konfransda
səsləndirib: "Artıq ölkənin milli brendinə
çevrilən "Azercell" fəaliyyət göstərdiyi
13 il ərzində 8 milyonluq Azərbaycanın iqtisadiyyatına
1 milyard dollara yaxın sərmayə yatırıb. Bizim ödədiyimiz
vergilərin ümumi həcmi isə 600 milyon dollardan artıq
təşkil edib. Qeyri-neft sektorunun ödədiyi vergilərin
10%-i isə bizim payımıza düşür".
Şirkət rəhbəri indiyədək
"Azercell"in fəaliyyəti nəticəsində Azərbaycanda
10 mindən artıq yeni iş yerinin açıldığını
bildirib.
"Məhz bizə xidmət etmək
üçün yaradılan 100-dən artıq şirkət
bütün ölkədə uğurla fəaliyyət göstərməkdədir.
Biz təkcə Azərbaycanda kiçik və orta
sahibkarlığın inkişafına deyil, həmçinin
bu müəssisələrdə çalışacaq peşəkar
kadrların inkişafına dəstək veririk", - deyə
cənab Ağan qeyd edib.
MDB dövlətləri və
Avrasiyanın telekommunikasiya liderlərinin
toplaşdığı konfransda Ali Ağanın məruzəsi
çox maraqla qarşılanıb. Şirkət prezidenti
qonaqların Azərbaycan iqtisadiyyatı və "Azercell"in
işi ilə bağlı səsləndirdiyi müxtəlif
sualları həvəslə cavablandırıb. Tədbir təşkilatçıları
Ali Ağana gələn il keçiriləcək konfransın əsas
məruzəçilərindən biri olmağı təklif
edib.
Qeyd edək ki, Avrasiyanın
telekommunikasiya aləmini özündə birləşdirən
forum - "Telecoms World Russia & CIS" konfransı artıq
üçüncü dəfədir keçirilib. Avrasiya
regionunun kommunikasiya sahəsində ən iri forum hesab olunan bu
tədbirdə MDB ölkələrinin aparıcı
operatorları, sərmayəçilər və servis-provayderləri
iştirak ediblər. Konfrans zamanı telekommunikasiya
sektorundakı problemlər, həmçinin, nailiyyətlərlə
bağlı müzakirələr təşkil olunub. Konfransın
üçüncü toplantısında müxtəlif təqdimatlar
keçirilib, İT sahəsindəki yeni məhsullar və
xidmətlər nümayiş olunub, yeni texnologiyalar barədə
məlumat verilib.
Şamxal
Ədalət.- 2009.- 3 mart.- S.6.